Category: Cəmiyyət

  • Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib

    Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin mart ayı ərzində 75 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

  • Dövlət agentliyinə yeni departament müdiri təyin edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Cəlil Əhmədov Agentliyin Daxili nəzarət və audit departamentinə müdir təyin olunub.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Babək prospekti, mərkəz istiqamətində;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

  • Bəzi rayonlara yağış və qar yağır – FAKTİKİ HAVA

    Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00 olan məlumatında qeyd edilib.

    Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dək güclənir.

    Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

  • Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb

    2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub.

    Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

  • Bazarda sahədən 3-4 dəfə baha satılan göyərti – Fermer nədən şikayət edir?

    “Göyərtinin sahədə bir dəstəsinin topdansatış qiyməti 10 qəpiyə başa gəlir”.

    Bunu Qaynarinfo-ya fermer Anar Abbasov deyib.

    Onun sözlərinə görə, işbazlar sahədən 10 qəpiyə aldıqları göyərti dəstəsindən 3-4 dəfə artıq pul qazanırlar:

    “Bizim dəstələrimiz böyükdür. İşbazlar bu dəstələri aparıb 3-4 yerə bölür və kiçik dəstələr edərək satır. Nəticədə bizdən 4 dəfə artıq pul qazanırlar. Zəhmət, əziyyət isə bizə qalır”.

    Fermer əlavə edib ki, təkcə göyərti deyil, bütün tərəvəzlərin topdansatış qiyməti sahədə çox ucuzdur:

    “Məsələn, kələmin sahədə topdansatış qiyməti 16 qəpikdir. İşbazlar kələmi bizdən alıb topdansatış bazarlarında 36 qəpiyə verirər. Bizim dərdimiz də budur ”.

    Fermer bildirib ki, kəndlinin Bakıda birbaşa məhsulunun satılmasına şərait yaradılmalıdır:

    “Bizə bazarda yer verirlər, amma elə yer verirlər ki, ora alıcı gəlmir. Əgər bizə “Meyvəli” bazarında yer verilsə, imkan yaradılsa məhsulumuzu gətirib Bakıda satarıq. Məsələn, kələmin bir kiloqramını 35 qəpiyə deyil, 20 qəpiyə verərdik. Göyərtini dı elə 10 qəpiyə Bakıda sataram. Onu kim almaz ki?”

  • Övladının dəfnində “TikTok”da canlı yayım açan atanın iki uşağı əlindən alındı – FOTO

    Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.

    Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib.

    Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır:

    “Dövlət komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir”.

    Şöbə müdiri deyib ki, hüquq-mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb, araşdırmalar aparılır:

    “Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İctimaiyyət də bu barədə məlumatlandırılacaq. Eyni zamanda, uşaqların sağlamlığı və sosial təminatı ilə bağlı bütün zəruri tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilir. Bu prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən komissiya və digər aidiyyəti qurumlar cəlb olunub”, – E.Səfərov vurğulayıb.

    Dövlət müəssisəsinə yerləşdirilən uşaqlar Sumqayıt Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsində müalicə olunurdular.

    Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

    Zəhərlənən uşaqlar Sumqayıt Tibb Mərkəzi və Bakıdakı Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

    Aprelin 3-də 2 yaşlı qız ölüb. Hazırda iki uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

    Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabildir.

    Ailənin ümumilikdə 9 övladı olub.

    Xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov körpə övladının dəfni zamanı “TikTok”da canlı yayım açıb, cənazəni qucağına alaraq videolar çəkib və bunları sosial şəbəkələrdə yayıb. Onun bu hərəkətləri cəmiyyətin qınağına səbəb olub.

  • Azərbaycan əlillik arayışı ilə bağlı YENİ QAYDA

    Əlillik arayışının verilmə qaydası dəyişir.

    Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya ediləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyuna qədər bu inteqrasiyanı təmin etməlidir.

    ƏƏSMN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) xidmətin mövcud iş axınının təqdim edilməsini, myGov platformasında istifadəyə verilməsini, həmçinin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılmasını təmin edəcək.

  • Astarada marketdə normativ tələblər pozulub

    Astara şəhəri, İ.Kaverin küçəsində fəaliyyət göstərən, Nurid Həsən oğlu Həsənova məxsus “Olimp” marketdə yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

    Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində “Organic Brand”, “Naturel”, “Bakinets”, “Wheat Water” əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb.

    Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, araşdırmalar davam etdirilir.

  • Tovuzda bir ailə üç uşağından imtina etdi (Yenilənib)

    Tovuz rayonunda valideynləri tərəfindən imtina edilən uşaqların mövcud vəziyyəti qiymətləndirilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

    “Uşaqların mövcud vəziyyəti qiymətləndirilib.

    Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.

    Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.

    * * * * *

    Tovuz rayonunda valideynlər üç övladından imtina ediblər.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.

    Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).

    Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.