Category: Cəmiyyət

  • Biləcəri dəmiryol stansiyasında piyada keçidi təhlükə yaradır – Sərnişinlərdən ŞİKAYƏT – VİDEO

    Bakının Biləcəri dəmir yolu stansiyasında qatarlara minmək və düşmək istəyən sərnişinlər məcburən yerüstü piyada keçidindən istifadə edirlər. Lakin keçidin vəziyyəti ürəkaçan deyil, əksinə, olduqca təhlükəlidir. Buradan enərkən ən kiçik diqqətsizlik belə insan həyatı üçün ciddi risk yarada bilər.

    “Betonlar dağılıb, yalnız dəmirlər qalıb. Mənim gözlərim zəif görür, düşərkən az qala yıxılırdım”, – sakinlərdən biri Baku TV-yə bildirib.

    “Bunu sovet hökuməti tikib. Təxminən 1975-ci ildən belə vəziyyətdədir”, – başqa bir sakin qeyd edib.

    Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Biləcəri stansiyasında yerüstü piyada keçidinin yenilənməsi məqsədilə layihələndirmə işləri artıq aparılıb. Müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

  • Elektron Təhlükəsizlik Xidməti: “Dövlət qurumları adından kütləvi fişinq hücumları həyata keçirilib”

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində aparılmış monitorinqlər və daxil olmuş insident bildirişləri əsasında “AzStateNet” şəbəkəsinə daxil olan müxtəlif dövlət qurumlarına aid elektron poçt ünvanlarını hədəf alan fişinq xarakterli kütləvi e-poçt kampaniyası müəyyən edilib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.

    Məlumata əsasən, hücum ssenarisi vətəndaşlarda qorxu və təciliyyət hissi yaratmağa yönəlmiş sosial mühəndislik üsullarına əsaslanaraq, saxta bildirişlər və əlavə sənədlər vasitəsilə qurbanları müəyyən tələbləri yerinə yetirməyə sövq etmək məqsədi daşıyır.

    Araşdırma zamanı müəyyən edilib ki, hücum ssenarisinin ilkin mərhələsində legitim təsir bağışlayan e-poçt ünvanından “Cinayət istintaqının zəruriliyi barədə bildiriş” başlıqlı məktub göndərilib, sonrakı mərhələdə isə qurbanla yazışma davam etdirilərək guya hüquqi məsuliyyət və maliyyə öhdəliyi yaradan tələblər irəli sürülüb. Təhlillər nəticəsində qeyd olunan kampaniyanın zərərli keçid və ya fayllardan daha çox psixoloji təzyiq, manipulyasiya və etibardan sui-istifadə elementləri üzərində qurulduğu müəyyən olunub.

    Sözügedən insident üzrə detallı araşdırma mərkəzin Zərərvericilərin Tədqiqatı Laboratoriyası tərəfindən aparılıb.

    “Bir daha vətəndaşlara tövsiyə olunur ki, bu tip hallarla qarşılaşdıqda təşvişə düşməsinlər, göndərilən elektron məktubların mənbəyini diqqətlə yoxlasınlar və şübhəli məzmunlu bildirişlərə dərhal cavab verməsinlər. Rəsmi qurumların adından göndərilən, hüquqi məsuliyyət, cərimə və ya təcili hərəkət tələbi yaradan mesajlara qarşı xüsusilə ehtiyatlı yanaşmaq, belə hallarda aidiyyəti qurumlarla birbaşa əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək vacibdir. Eyni zamanda, şübhəli elektron məktublar və əlavələr aşkar edildiyi halda onların informasiya təhlükəsizliyi üzrə məsul şəxslərə və aidiyyəti qurumlara bildirilməsi kibertəhlükələrin qarşısının vaxtında alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə ETX-nin məlumatında qeyd olunub.

  • Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib – Sakinlər təşviş içində – Video

    Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.

    Sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə – məktəbli uşaqlara və qadınlara hücum edib. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.

    Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır”, – sakinlərdən biri deyib.

    “Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı”, – başqa bir sakin qeyd edib.

    Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

  • “Makler evləri” almaq istəyənlərin NƏZƏRİNƏ: Müştəriləri hansı risklər gözləyir?

    Son illər daşınmaz əmlak bazarındakı bahalaşma nisəbətən ucuz təklif edilən “makler evləri”nə marağı artırıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, “makler evləri”nin ucuzluğu alıcıları cəlb etsə də, bu tikililərdə ciddi problemlər var. Bunu tikinti sahəsi üzrə ekspertlər deyirlər.

    Ekspert Elnur Azadov bildirir ki, çıxarışı olmayan ərazilərdə tikilən bu evlər tikinti normaları nəzərə alınmadan, necə gəldi inşa edilir. Nəticədə bir neçə ildən sonra divarlarda çatlar yaranır, təmir qüsurları ortaya çıxır və əlavə xərclər qaçılmaz olur. Ucuz və keyfiyyətsiz materiallarla inşa edilən evlərin bir-birinə çox yaxın tikilməsi həyətlərdə toplanan suların axıdılmasını da çətinləşdirir və fövqəladə hallarda müdaxiləni məhdudlaşdırır.

    Elnur Azadov deyir ki, belə evlərin cəlbedici olması, eyni ərazidə qaydalara uyğun tikililərdən dəfələrlə ucuz qiymətə təklif edilməsinə görədir.

    Mütəxəssislər bildirirlər ki, ucuz qiymətə görə belə evlərə üstünlük vermək sonradan daha böyük maliyyə itkisinə səbəb ola bilər. Gələcəkdə belə tikililər hansısa səbəbdən sökülərsə, qanunla burda ev sahibinə kompensasiyanın verilməsi də nəzərdə tutulmayıb.

  • Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu

    Rusiyanın Sankt-Peterburq şəhərində “Nikolskiye ryadı” ASC-nin yeni sahibi azərbaycanlı milyarder Əsabil Qasımovla (“Karat Holding” aqrar şirkətinin sahibi) əlaqəli qurumlar olub. Alıcılar arasında Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımovun sahibi olduğu “Ekspo” MMC (40%) daxildir.

    Bu barədə “RBC Peterburq” “Nikolskiye ryadı”nın 2025-ci il üçün maliyyə hesabatına istinadən yazır.

    Daha əvvəl cəmiyyətin səhmdarı Kiprdə qeydiyyatdan keçmiş şirkət olub. Obyekt Andrey Yakuninin “Venture Investment and Yield Management” fondunun aktivlər portfelinə daxil idi. Son alıcının adı uzun müddət ictimaiyyətdən gizli saxlanılıb.

    Nəşrin rəyini soruşduğu daşınmaz əmlak bazarı ekspertlərinin qiymətləndirmələrinə görə, “Nikolskiye ryadı”nın alışı üzrə əməliyyatın dəyəri üç milyard (64.9 milyon manat) ilə 3.5 milyard rubl (75.7 milyon manat) arasında dəyişir. Analitiklər vurğulayırlar ki, bu əməliyyat Sankt-Peterburqun hotel bazarında 2025-ci il ərzində ən əhəmiyyətli və iri əməliyyatlardan biri olub.

    Qeyd edək ki, “Nikolskiye ryadı” kompleksi Sankt-Peterburqun Sadovaya küçəsində yerləşir. Obyektin sahəsi 27 900 kv.m təşkil edir.

  • Türkiyədə məşhurlara qarşı əməliyyat: Mert Demir də daxil olmaqla 14 nəfər barəsində qərar verildi

    Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.

    Bu barədəMedian.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, “Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi” cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb. Eyni zamanda axtarış və müsadirə əməliyyatları həyata keçirilib.

    Əməliyyat nəticəsində 14 şübhəlidən 11-i nəzarətə alınıb, 2 şübhəlinin tutulması üçün işlər davam edir. Bir şübhəlinin isə ölkə xaricində olduğu müəyyənləşib. Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, cəmiyyətin sağlamlığına qarşı törədilmiş cinayətlərlə mübarizə üzrə istintaq çox ciddi şəkildə və qətiyyətlə davam etdirilir.

    Beləliklə, əməliyyatda aşağıdakı məşhurlar saxlanılıblar:

    1. Hafsanur Sancaktutan

    2. Emir Can İğrek

    3. Somer Sivrioğlu

    4. Serra Pirinç

    5. Ogün Alibaş

    6. Utku Ünsal

    7. Sinem Özenç Ünsal

    8. Elif Büşra Pekin

    9. Ahsen Eroğlu

    10. Burak Deniz

    11. Mert Demir

    12. Emre (FEL) Öztürk

    13. Ender Eroğlu

    14. Enes Güler.
    //oxu.az

  • İçərişəhərdə qala divarlarının bir hissəsi AŞINDI

    Bu gün səhər saat 5 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

    Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

    Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

    Bildirilir ki, tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.

  • Məşhur xəstəxana borca düşdü

    “Badam Medical” cüzi miqdarda borca düşüb.

    Median.Az bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.

    Məlumata görə, “Badam Medical”ın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2101.88 manat borcu yaranıb.

    Qeyd edək ki, “Badam Medical”ın qanuni təmsilçisi Fuad Məmmədovdur.

  • “Google” top-meneceri CV-də 3 kritik səhvi açıqladı: Onlar dərhal imtinaya səbəb olur

    “Google”un işə qəbul üzrə vitse-prezidenti Brayan Onq bildirib ki, CV-də ən böyük problem format deyil, namizədin düşüncə tərzidir. 

    Qaynarinfo xəbər verir ki, “Forbes”a müsahibəsində işəgötürənlərin dərhal mənfi qiymətləndirdiyi üç əsas “qırmızı bayrağ”ı açıqlayıb.

    1. Həmişə haqlı olmağa çalışma və məhdud düşüncə
    Peşəkar özünəinam müsbət keyfiyyət sayılsa da, köhnə yanaşmalara bağlı qalmaq və daim haqlı olmağa çalışmaq ciddi mənfi siqnaldır. Bu, geribildirimə qapalı olmaq, təkəbbür və aşağı emosional intellekt kimi qiymətləndirilir.

    CV-də bu, belə görünür:
    * karyera inkişafının olmaması (məsələn, yüksəlişin olmaması)
    * son illərdə yeni bilik və sertifikatların əldə edilməməsi
    Əgər son 3 ildə özünüzü inkişaf etdirməmisinizsə, bu, texnologiya və innovasiyaya yönəlmiş şirkətlər üçün ciddi mənfi göstəricidir.

    2. Aşağı uyğunlaşma qabiliyyəti
    Onqun sözlərinə görə, qeyri-müəyyən şəraitdə işləmək bacarığı ən vacib keyfiyyətlərdən biridir. Müasir iş mühiti daim dəyişir və işəgötürənlər çevik insanlara üstünlük verir.

    CV-də bu problem belə üzə çıxır:
    * dəyişikliklərə necə uyğunlaşdığınızı göstərən nümunələrin olmaması
    * yalnız vəzifə siyahısı təqdim edilməsi, real nəticə və təsirin göstərilməməsi
    Yəni, sadəcə nə etdiyinizi deyil, çətin şəraitdə nəyi necə dəyişdirdiyinizi və hansı nəticə əldə etdiyinizi göstərmək vacibdir.

    3. Təşəbbüs göstərmək əvəzinə göstəriş gözləmək
    Bu, liderlik çatışmazlığı kimi qəbul olunur. İşəgötürənlər yalnız tapşırıqları yerinə yetirən deyil, məsuliyyət götürən və təşəbbüs göstərən əməkdaşlar axtarır.

    CV-də bu səhv adətən belə görünür:
    * “kömək etdim”, “dəstək oldum” kimi passiv ifadələrdən istifadə
    * şəxsi təsirin və məsuliyyətin vurğulanmaması
    Əvəzində, “rəhbərlik etdim”, “təşkil etdim”, “həyata keçirdim” kimi ifadələr istifadə olunmalıdır. Bu sözlər nəticəyə görə məsuliyyət daşıdığınızı göstərir.
    Brayan Onq vurğulayıb ki, bu üç amil işəgötürənlərin namizədləri ilkin mərhələdə dəyərləndirərkən ən çox diqqət yetirdiyi məqamlardır.

  • Azyaşlının maşın sürməyi təhlükə yaratdı – VİDEO

    Paytaxtın Binəqədi rayonunda azyaşlının avtomobil idarə etməsi ilə bağlı kadrlar yayılıb.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə görüntülər göndərilib.

    Görüntüləri göndərən şəxs qeyd edib ki, demək olar, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər. Onlar da yolda təhlükəli vəziyyət yaradırlar.

    Şikayətçilər bu barədə tədbir görülməsini xahiş edirlər.