Category: Cəmiyyət

  • Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

    Sabah Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

    Məlumata əsasən, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

  • Cəzaçəkmə müəssisəsindəki yanğında məhbuslar zəhərlənib? (AÇIQLAMA)

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində baş vermiş yanğın zamanı bir neçə məhbus zəhərləndiyi bildirilib.

    Tiraj.az-a daxil olan məlumatda iddia edilir ki, zəhərlənmiş məhbuslar tibb məntəqəsinə yerləşdirilib.

    Ədliyyə Nazirliyindən isə sayta bildirilib ki, baş vermiş yanğın hadisəsi ilə bağlı məhkumlar arasında hər hansı zəhərlənmə halı qeydə alınmayıb: “Eləcə də hadisə nəticəsində xəsarət alan yoxdur”.

    Xatırladaq ki, aprelin 7-də 6 saylı cəzaçəkmə müəssisəsində yanğın hadisəsi baş verib. Bu haqda Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Məlumatda deyilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

  • Gürcüstanda yanacaq bahalaşdı

    Gürcüstanın brend yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yanacağın qiyməti yenidən artıb.

    Son 4 gündə qiymət artımı 5–15 tetri arasında dəyişib. Nəticədə, cari il martın 9-dan bu günə qədər yanacağın qiyməti 35–90 tetri artıb.

    Hazırda bəzi yanacaqdoldurma məntəqələrində “Super” markalı benzin 3,99 lariyə (46 tetri artım), “Premium” markalı benzin 3,59 lariyə (52 tetri artım), “Euro Regular” isə 3,45 lariyə (48 tetri artım) satılır.

    Ən çox bahalaşma dizel yanacağında qeydə alınıb. Belə ki, “Euro Diesel” markalı dizel yanacağı 3,97 lariyə (90 tetri artım), “Effektive Diesel” isə 3,69 lariyə (85 tetri artım) alıcılara təklif olunur.

    Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların gecikməsi qlobal neft bazarına təsir edir.

  • Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir

    Azərbaycanda fərdi məlumatların və məxfiliyin mühafizəsi sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlanır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, internet xidməti təminatçılarına şamil ediləcək məlumat təhlükəsizliyi sahəsində qanuni tələblərin möhkəmləndirilməsi nəzərdə tutulur.

    Bu istiqamətdə vasitəçi şirkətlərin öhdəlikləri, məlumatların toplanması prosesinə tətbiq olunan məhdudiyyətlər, kompensasiya mexanizmləri, həmçinin digər hüquqi tələblər üzrə müvafiq normativ aktların işlənib hazırlanması planlaşdırılır.

    Bununla yanaşı, məlumatların məxfiliyinin pozulması zamanı baş verən insidentlərin internet provayderləri tərəfindən aidiyyəti səlahiyyətli qurumlara məlumat verilməsi mexanizminin daha da dəqiqləşdirilməsi gözlənilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş layihələrin hazırlanması da nəzərdə tutulub.

    Qeyd olunan tədbirlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin dekabr ayınadək icra olunması planlaşdırılır.

  • Qalib Qasımov vəzifəsindən ayrılıb

    Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov vəzifəsindən ayrılıb.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, o, öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

    Qeyd edilib ki, Qalib Qasımov bundan sonra da Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək.

  • Marneulidə azərbaycanlı merin çörəyin qiymətinə görə adam döyən qardaşına ittiham irəli sürüldü

    Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.

    Median.Az bu barədə Gürcüstan Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir.

    *Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ

    “Daxili İşlər Nazirliyində davam edən istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində təsərrüfat fəaliyyəti ilə bağlı münaqişə zəminində ittiham olunan şəxs öz əlaltıları ilə birlikdə zərərçəkmişə dəyənəklərlə bədən xəsarətləri yetirib.

    Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb ki, bu da üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

    Prokurorluq qanunla müəyyən edilmiş müddətdə ittiham olunan şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün məhkəməyə vəsatət verəcək.

    Daxili İşlər Nazirliyində cinayətdə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir”, – deyə prokurorluğun məlumatında bildirilir.

  • Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi

    IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

    IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində “Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.

    Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.

    Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.

    IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırır.

  • 124 yaşlı bina hər an uça bilər (VİDEO)

    Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir

    Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır.

    Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərdə isə binada vəziyyət daha da təhlükəli olur.

    Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar binanın mövcud vəziyyətindən xəbərdar olsalar da hələ ki heç bir addım atılmır.

    Təhlükəli vəziyyəti nəzərə alaraq ailələrin bir qismi məcburi olaraq binadan köçüb, qalanlar isə hər anı həyəcan içində keçirir.

    Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən yaşayış məntəqəsi qəzalı binalar siyahısındadır. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Müvafiq qərarından sonra sakinlər ərazidən köçürüləcəklər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Sübutlar nə vaxt və necə təqdim olunmalıdır? – Ali Məhkəmə açıqladı

    Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir. Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur.

    Sübutların yalnız mövcud olması ilə kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər.

    Sübutlar nə vaxt təqdim olunmalıdır?

    Mülki prosessual qanunvericiliyə əsasən sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

    Hansı hallarda sonradan sübut təqdim etmək olar?

    Qanun müəyyən istisnalara yol verir.

    1. Sübuta ehtiyac sonradan yaranarsa – Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

    2. Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki, şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

    Apellyasiya mərhələsində yeni sübut təqdim etmək olarmı?

    Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər: məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

    Hansı sübutlar ümumiyyətlə qəbul edilmir?

    Hətta vaxtında təqdim olunsa belə, sübutlar aşağıdakı tələblərə cavab verməlidir. Əks halda, məhkəmə həmin sübutları qəbul etməyəcək.

    ⦁ işə aid olmalıdır (mübahisə ilə əlaqəli olmalıdır);
    ⦁ qanuni yolla əldə olunmalıdır.

    Tövsiyələr:

    ⦁ Bütün sübutları mümkün qədər məhkəməyədək mərhələdə toplamaq;
    ⦁ Sübutları birinci instansiya məhkəməsində hazırlıq mərhələsində təqdim etmək;
    ⦁ Sübutlar gec təqdim olunduqda, bunun səbəbini əsaslandırmaq;
    ⦁ Zərurət olduqda hüquqi yardım almaq.

  • 52 mindən çox şagird buraxılış imtahanı verəcək

    Həftəsonu 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    Bildirilib ki, imtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

    Qeyd edək ki, DİM aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

    İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.