Category: Cəmiyyət

  • Qızının dəfnində “TikTok”da canlı yayım açan ata övladının birini “pay verib”? – Video (Yenilənib)

    Sosial şəbəkədə Kamil Cəbrayılovun övladlarından birini “pay verməsi” ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.

    Həmin iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib.

    Polis aidiyyəti dövlət qurumları ilə birgə K.Cəbrayılovla profilaktik söhbətlər aparıb və sosial şəbəkə seqmentində bu məzmunda həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin səbəb olacağı nəticələr ona izah edilib.

     * * * * *

    Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atasının bir övladını pay verməsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, səsləndirilən iddialarla bağlı məsələ nəzarətə götürülüb və araşdırma predmetidir.

    Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır:

    “Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”.

    * * * * *

    Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narazılıq yaradıb.

    Median.Az xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında bildirilib.

    Diqqətçəkən məqamlardan biri də bu videogörüntülərin onun ikinci həyat yoldaşı tərəfindən lentə alınmasıdır.

    21 yaşlı xanımla ailə qurması iddiasına isə o, belə cavab verib:

    “İkincini də ala bilərəm, üçüncünü də, dördüncünü də, ondan kimə nə?”

    İddialara görə, ailədə ümumilikdə 12 uşaq olub. Onlardan üçü əvvəllər, daha biri isə sonuncu hadisədə zəhərlənmədən sonra həyatını itirib. Digər uşaqların necə öldüyünü soruşanda isə valideyn qeyri-dəqiq və ziddiyyətli cavablar verib.

    “Onlar elə bil ki, səkkiz ay, altı ayında yarımçıq dünyaya gəlmişdilər. Altı ayında dünyaya gələn asmadan ölüb. Yeddi ayında da ananın bətnində uşaq tələf olub. Beş gündən sonra, altı gündən sonra sancıları başlayıb aparmışıq, görüblər ki, hə, ananın bətnində uşaq ölüb. Bir dənəsi də doğuşa yaxın ölmüşdü. O da asma, hava çatışmazlığından”.

    Daha öncəki müsahibələrdə bəzən səkkiz, bəzən də doqquz övladının olduğunu bildirən Kamil Cəbrayılov bir uşağını pay verdiyini deyir. “Kimə vermisiniz?” sualına belə cavab verib:

    “Onu deyə bilmirəm. Kiməsə uşağı olmayana vermişik. Bizimlə qalmır. Burada bizdə rəsmi səkkiz uşaqdır”.

    Uşaqların anası olduğu bildirilən Afət Cəbrayılova ilə də əlaqə saxlanılıb. Afət Cəbrayılovanın açıqlamalarında ailədaxili münasibətlər, maddi çətinliklər və baş verənlərlə bağlı qeyri-müəyyən məqamlar diqqət çəkib. Onun danışığından hiss olunub ki, evdə həm sosial, həm də psixoloji baxımdan gərgin bir mühit mövcuddur.

  • Yararsız tikinti məktəbin inşasına mane olur – Video

    Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.

    Tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real Tv-yə açıqlamasında bildirib ki, mövcud ərazi tam şəkildə şirkətə məxsusdur:

    “Bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur. Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”.

    O. Mamedov deyir ki, şirkətin ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif olunub: “Təəəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil.

    Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buna görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur. Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər.

    Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman burada ağacların olması nəzərə alınacaq. Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaqdır”.

  • İntensiv yağışlar zamanı zərər görənlərə sığorta üzrə nə qədər PUL ÖDƏNİLƏCƏK?

    Aprelin 4-6-sı ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.

    Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı son məlumatlara görə, 4-6 aprel tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı beş qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 417-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 75-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 103-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 25-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

    Məlumatlara görə, qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat həcmində müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

    Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

    Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.

    Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71%-i Bakıda, 29%-i isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.

  • Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

    Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.

    Bu barədə BDU məlumat yayıb.

    Bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir.

    Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bu günədək həmin statusu qoruyub.

  • Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

    Bu barədə Teatrın Mətbuatın xidmətinin məlumatda qeyd olunub.

    Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev daimi yaşayış yeri Almaniyadır.

    “Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur”, – məlumatda qeyd olunub.

    Qeyd edilib ki, Xalq artisti Yalçın Adıgözəlov Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib: “Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

    Teatrdan bildirilib ki, solist Atəş Qarayevə münasibətdə müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib: “O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib. Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb”.

    Məlumatda o da qeyd edilib ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutub: “Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb. Bu ödənişlər artıq gerçəkləşdirilib”.

    Məlumatda o da vurğulanıb ki, mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir: “Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir.

    Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.

    Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir”.

  • Aprelin 16-25-də Lirid meteor yağışı olacaq

    Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, xalq arasında “ulduz axını” kimi tanınan bu hadisə Yer kürəsinin kosmosda hərəkəti zamanı kometadan qalan toz hissəciklərinin atmosferə daxil olub yanması nəticəsində yaranır.

    Vurğulanıb ki, Lirid meteor yağışının maksimum aktivliyi 21-22 aprel gecəsinə təsadüf edəcək. Bu zaman saatda orta hesabla 10-20 meteor müşahidə etmək mümkün olacaq, bəzi hallarda isə bu göstərici daha yüksək ola bilər. Meteorlar Yer atmosferinə çox yüksək sürətlə – təxminən 49 km/saniyə ilə daxil olur ki, bu da onların qısa müddətdə parlaq izlər buraxması ilə nəticələnir.

    Lirid meteor yağışının əsas mənbəyi C/1861 G1 (Tetçer) adlı kometadır. Bu kometa 1861-ci ildə ABŞ-li astronom A.E.Tetçer tərəfindən kəşf edilib və Günəş ətrafında çox uzun – təxminən 415 illik orbitə malikdir. Kometa Günəşə yaxınlaşdıqca öz arxasında toz və kiçik kosmik hissəciklərdən ibarət iz buraxır. Yer hər il bu izdən keçərkən həmin hissəciklər atmosferə daxil olaraq yanır və Lirid meteor yağışını yaradır. Bu kometa çox nadir halda görünür və növbəti dəfə yalnız təxminən 2276-cı ildə müşahidə ediləcək.

    2026-cı ildə bu hadisə Bakı və ətraf bölgələrdə də müşahidə oluna biləcək. Bakı coğrafi baxımdan Şimal yarımkürəsində yerləşdiyi üçün Lirid meteor yağışı burada kifayət qədər yaxşı görünür. Ən yaxşı müşahidə vaxtı gecə yarısından sonra, xüsusilə saat 00:00-dan 05:00-a qədər olan interval hesab olunur. Bu saatlarda meteorların radiantının yerləşdiyi Lir bürcü üfüqdən yuxarı qalxır və müşahidə üçün əlverişli olur. Bununla belə, meteorları görmək üçün konkret bir nöqtəyə baxmaq vacib deyil, əksinə, səmanın geniş sahəsini izləmək daha effektivdir. Şəhər işıqları müşahidəni çətinləşdirdiyi üçün Abşeron yarımadasında daha qaranlıq ərazilərə çıxmaq tövsiyə olunur.

    2026-cı ildə Ayın işıqlanma səviyyəsinin nisbətən zəif olması da müşahidə üçün əlverişli şərait yaradır və bu, meteorların daha aydın görünməsinə imkan verir.

  • 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb

    Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb.

    Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

    Bildirilir ki, həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.

    “Qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

    Eyni zamanda bu müddətdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır”, – qurumdan bildirilib.

  • Bunların satışı qadağandır! – AQTA-dan sahibkarlara xəbərdarlıq

    Son illər idman qidaları və bioloji aktiv qida məhsullarına (BAQM) olan marağın əhəmiyyətli dərəcədə artması bu sahədə fəaliyyət göstərən sahibkarların məsuliyyətini daha da artırır.

    Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edərək bildirir ki, bu məhsulların istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar:

    – Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən və qida təhlükəsizliyi tələblərinə cavab verən idman qidaları və BAQM-lar mütləq Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır;
    – BAQM-ların emalı və dövriyyəsinə yalnız Agentlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir;
    – Qeydiyyata alınmayan məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır.

    Qeyd edək ki, sahibkarlar satışa çıxardıqları məhsulları mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədlərlə təmin etməli, etiketlənmə qaydalarına ciddi riayət etməli və istehlakçıların yanlış məlumatlandırılmasının qarşısını almalıdırlar.

    Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.

  • Bəzi ərazilərə LEYSAN, QAR yağacaq – XƏBƏRDARLIQ

    Aprelin 9-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

  • Bu yolda sürət həddi endirildi

    Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə NİİM məlumat yayıb.

    Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.