Category: Cəmiyyət

  • Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?

    Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.

    Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə iddia edirlər ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.

    Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.

    Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.

    Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.

    Lakin Azərbaycan Dövlət Turizm Agentliyi kütləvi ixtisarlarla bağlı xəbəri təkzib edib: “Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”.

  • Tbilisidə Heydər Əliyev Mərkəzi tikilir

    Tbilisidə Heydər Əliyev adına mədəniyyət mərkəzi tikiləcək.

    Median.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, mərkəz İsfahanlı küçəsində yerləşəcək. Tikintini Azərbaycan tərəfi maliyyələşdirəcək, Gürcüstan hökuməti isə torpağı satın alacaq.

    Mərkəzdə konsert zalı, ictimai məkan, uşaq teatrı və mədəni tədbirlər üçün zallar yerləşəcək. Layihə Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün vacib hesab olunur.

  • Kökündən qopan ağac hərəkətə mane oldu – Video

    Mingəçevirdə çinar ağacı gözlənilmədən kökündən qoparaq nəqliyyat yolu üzərinə düşüb.

    “Unikal”ın məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində, FHN-nin xüsusi riskli xilasetmə xidmətinin yerləşdiyi qurumun önündə baş verib. Ağacın qəfil aşması yolda nəqliyyatın hərəkətinə müvəqqəti problem yaradıb. Hadisə yerinə problemin aradan qaldırılması üçün aidiyyati təsərrüfat qurumu çağırılıb.

  • Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı – Vido

    Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər sakinlərin narazılığına səbəb olub.

    Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, bu qərar təxminən 350 şagirdin təhsilində ciddi çətinliklər yarada bilər.

    “Digər məktəbin yolu da təhlükəlidir. İstəmirəm ki, övladlarım həmin məktəbə getsinlər”, – sakinlərdən biri deyib.

    “Bu kəndin 5 min nəfər əhalisi var. Bir məktəb bu qədər şagirdi qəbul edə bilməz. Maarif şöbəsinə müraciət etdik. Bildirdilər ki, məktəbin fəaliyyətinə 2024-cü ildə xitam verilib. Kənddə yalnız bir məktəb qalacaq. Əgər bina köhnədirsə, yenisini tiksinlər. Başa düşmürəm, bunu niyə ləğv edirlər?”, – digər sakin qeyd edib.

  • AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək

    Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.

    Bu barədə AzTV-dən məlumat verilib.

    “QSC daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək”, – məlumatda qeyd olunub.

    Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.

  • 6 saylı cəzaçəkmə müəssisəsində yanğın olub: İki nazirlik birgə məlumat yaydı

    Bu gün saat 17:10-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

    Bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

    Qeyd edilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

    Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

  • Şabranda evi sel apardı – Video

    Son günlər yağan aramsız yağışlar leysan və daşqınlara səbəb olub.

    Selin ziyan vurduğu ərazilərdən biri də Şabran rayonudur. Belə ki, Surra kəndində güclü sel yaşayış evlərindən birini dağıdıb.

    Həmin anın görüntülərini təqdim edirik:

  • Tovuzda 3000 abonentin qazı olmayacaq

    Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

    Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindən Tovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması, yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat 09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.

    Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində, ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

  • Küləklə bağlı xəbərdarlıq edildi

    Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.