Category: Dünya

  • Protez ayaqlı və əlil arabasında gəlinciklər satılacaq

    Məşhur “Barbi” gəlincikləri seriyasına yeni modellər əlavə olunacaq.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu modellər protez ayaqlı və əlil arabasında olacaq.

    “Barbi” gəlinciklərinin istehsalçısı “Mattel” şirkəti bəyan edib ki, bu gəlinciklər uşaqlara əlillik və fiziki qüsurun gözəlliklə ziddiyyət təşkil etmədiyini aşılayacaq.

    Yeni gəlinciklər bu ilin iyun ayında satışa çıxarılacaq.

  • Rusiyada hava limanında iki təyyarə toqquşdu

    Vnukovo aeroportunda iki təyyarə yedəyə alma zamanı toqquşub.

    “Azur Air” aviaşirkətinin Boeing-767 layneri “Rusiya” təyyarəsinin göyərtəsinə çırpılıb. İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.

    İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.

  • Cəlalabadda güclü partlayış: yaralananlar var

    Əfqanıstanda güclü partlayış baş verib.

    Ren.TV-nin “Ariana” telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xeyli sayda insan yaralanıb.

    Ölənlərin olduğu da istisna edilmir.

    Bildirilir ki, partlayış Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verib.

  • Putin tatamiyə çıxacaq

    Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

    “Lenta.ru”nun məlumatına görə, bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

    “O, (Putin – red.) uzun müddətdir ki, onlarla məşq etmir”, – deyə D.Peskov bildirib.

    Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində “cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.

    Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.

  • Gürcüstanda azərbaycanlı mer istefa verdi

    Gürcüstanın Marneuli şəhərinin “Gürcüstan arzusu” hakim partiyasından olan əslən azərbaycanlı meri Temur Abazov istefa verib.

    “Kafkazskiy uzel” saytının məlumatına görə, 10 iyun 2018-ci ildə iki yeniyetmənin qətlinə etiraz olaraq Tbilisidə keçirilən kütləvi etiraz aksiyasında nümayişçilərdən biri T.Abazovun həyat yoldaşını təhqir etmişdi.

    Buna biganə qalmayan mer digər şübhəlilərlə birlikdə həmin şəxsə bədən xəsarətləri yetirib və onu təhqir edib. İnsidentdən sonra T.Abazov aksiya iştirakçısını alçaltma ittihamı ilə polis tərəfindən saxlanılmışdı.

    “Məhkəmə prosesləri, yəqin ki, bir neçə ay davam edəcək. Mən məhkəmə işində təqsirləndirilən şəxs ola-ola mer postunu tutmaq istəmirəm”, – deyə Abazov bildirib.

    T.Abazovun vəkilləri fevralın 13-də Marneulinin sakrebulosuna (nümayəndəlik orqanı – red.) onun istefa ərizəsini təqdim edib.

    T.Abazov ərizəyə yaxın günlərdə baxılacağına və hakimin işlə bağlı obyektiv qərar çıxaracağına ümid etdiyini bildirib.

    Xatırladaq ki, 2018-ci ilin dekabr ayında T.Abazov 10 min lari (6,5 min manat -red) girov müqabilində şərti azad edilib. Məhkəmədə təqsirli olduğu sübuta yetirilsə, onu beş ildən 10 ilə qədər həbs cəzası gözləyir.

    Marneulidə növbədənkənar mer seçkiləri may ayında keçiriləcək.

  • Rusiyada diplomatın meyiti nazirliyin tualetindən tapıldı

    Rusiyada Xarici İşlər Nazirliyinin binasında kişi meyiti tapılıb.

    Bu barədə REN TV məlumat yayıb.

    İlkin məlumat əsasən, binanın 19-cu mərtəbəsinin tualetində aşkarlanan meyit nazirliyin 68 yaşlı əməkdaşına məxsusdur.

    Rusiya XİN diplomatın ölümünü təsdiqləyib. Həmin şəxsin Krivov Oleq Nikolayeviç olduğu bildirilir.

    Hadisənin təfərrüatı barədə məlumat verilmir.

  • Los-Ancelesdə təbii xəzdən geyim istehsalı və satışı qadağan olunacaq

    2021-ci ildən başlayaraq Kaliforniyanın Los-Anceles şəhərində təbii xəzdən bütün növ paltar və aksessuar istehsal etmək və satmaq qadağan olunacaq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib. Beləliklə, Los-Anceles ABŞ-ın heyvan xəzlərinin moda sənayesində istifadəsindən imtina edəcək ən iri şəhəri olacaq.

    “Mən heyvanların mənasız yerə öldürülməsinin qarşısını almaq yolunda şəhərimizin atdığı addıma görə qürur hissi keçirirəm” – deyə şəhər şurasının üzvü Bob Blamenfild bildirib.

    2014-cü ildə dünya üzrə xəz məmulatlarının pərakəndə satış bazarı 35,8 milyard dollar təşkil edib. Bununla yanaşı, bir sıra iri istehsalçılar yalnız təbii xəz və dəridən paltar, yaxud ayaqqabı istehsalı sahəsində ixtisaslaşıb. Bəzi məşhur dizaynerlər artıq öz kolleksiyalarında təbii xəzdən istifadə etməyəcəklərini elan ediblər. Onların arasında “Versace”, “Gucci”, “Michael Kors”, “Ralph Lauren”, “Tommy Hilfiger” və digər brendlər var. “Coach” kompaniyası isə 2019-cu ilin payız kolleksiyasından başlayaraq məhsul istehsalında yalnız süni xəzdən istifadə olunacağını bildirib.

  • İranda daşqın və qar çovğun: 2 ölü, 5 yaralı

    İranda baş verən daşqın və qar çovğunu nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb.

    Median.Az-ın modern.az-a istinadən verdiyi məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

    M.Səliminin sözlərinə görə, 22 vilayətdə – Yəzd, Hörmüzqan, Mərkəzi, Mazandaran, Lorestan, Gülüstan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Sistan və Bəluçestan, Simnan, Xuzistan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam və İsfahan vilayətləri daşqın və qar çovğunu ilə üzləşib.

    193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.

  • Afrikada indiyədək nəsli kəsildiyi hesab olunan qara bəbirə rast gəlinib

    Afrikada yüz il sonra ilk dəfə qara bəbirə rast gəlinib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Keniyanın Laikipia bölgəsində alimlər tərəfindən quraşdırılan kameralara düşən bu nadir heyvanın nəslinin kəsildiyi hesab edilirdi. Əsasən Cənub-Şərqi Asiyada yaşamış bu heyvanlara son dəfə 1909-cu ildə Efiopiyada rast gəlinmişdi.

  • İranda TERROR: ölənlərin sayı 41-ə çatdı, 40 yaralı (YENİLƏNDİ)

    İranın cənub-şərqində baş verən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

    Bu barədə “Fars News” agentliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.