Category: Dünya

  • İranda avtobus partladıldı – 20 hərbçi öldü, 20-si yaralandı

    İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı terror törədilib.

    Median.Az İran KİV-nə istinadən xəbər verir ki, terrorçuların törətdiyi partlayış nəticəsində korpusun azı 20 hərbçisi həlak olub, 20-si yaralanıb.

    Hücum İİKK-nin avtobusuna edilib.

    Hazırda heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

  • Gürcüstanda sığorta şirkəti fermerdən canavarın yediyi inəyin sümüklərini istədi

    Gürcüstanda sığorta şirkəti fermerdən canavarın parçaladığı inəyin sümüklərini istəyib.

    “Georgia Online” portalının məlumatına görə, inək sığortalandığı üçün sahibi baş vermiş hadisə ilə əlaqədar “Aldaqi” sığorta şirkətindən kompensasiya istəyib.

    Şirkət nümayəndəsi isə inəyin sümüklərinin 70 faizinin təqdim olunacağı halda pulun ödəniləcəyini bildirib.

    Əlacsız qalan fermer iki gün ərzində meşədə inəyin sümüklərini axtarıb. Tapdığı sümükləri şirkətə təqdim etsə də, pulu ödəyəcək bank müqavilə müddətinin bitdiyini əsas gətirərək vəsaiti ödəməkdən imtina edib.

  • Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir

    ABŞ Dövlət Departamenti Ermənistanın Suriyadakı missiyasını dəstəkləmir.

    Aysor.am xəbər verir ki, bu fikirlər ABŞ-ın Ermənistandakı səfirliyinin şərhində yer alıb.

    Dövlət Departamenti üçüncü ölkələrin Suriyada humanitar vəziyyətə yardım etmə istəklərini anlayışla qarşılayır.

    “Eyni zamanda, biz Suriya Silahlı Qüvvələri ilə istər humanitar, istərsə də hərbi sahədə əməkdaşlığı dəstəkləmirik. Bununla yanaşı, Ermənistan və Rusiyanın bu missiyanı həyata keçirmək üçün əməkdaşlığıq etməsinə dəstək vermirik”, – məlumatda bildirilib.

    Dövlət Departamentindən bildirilib ki, Rusiya tərəfinin Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlığı “humanitar fəlakətə” gətirib çıxarıb, Rusiya isə “Əsəd rejiminin vəhşiliklərini dəstəkləməyə davam edir”.

    “Sputnik Ermənistan”ın məlumatına görə, dünən Ermənistan müdafiə naziri David Tonoyan maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, erməni hərbçilər Suriyadakı hərbi əməliyyatlarda iştirak edə bilər.

    “Əgər hərbi əməliyyatlarda iştirak lazım gəlsə, Ermənistan qanunauyğun olaraq, bunu edəcək”, – Tonoyan deyib.

  • Dağıstanda azərbaycanlının qanunsuz biznesi aşkarlandı – VİDEO

    Dağıstan Respublikasının Qızılyar şəhərində quş əti məhsullarının qanunsuz anbarı aşkar edilib.

    Bununla bağlı Rgvktv.ru portalı məlumat yayıb.

    İstehlakçı hüquqlarının qorunması üzrə Federal Xidmətin əməkdaşları baxış zamanı anbardan min kiloqramdan çox yararsız quş əti aşkar ediblər.

    Araşdırmalar zamanı məlum olub ki, anbarın sahibi Azərbaycan vətəndaşıdır və o, Dağıstanda qanunsuz biznes fəaliyyəti ilə məşğul olur.

    Hazırda məhsulun mənşəyi ilə bağlı araşdırmalar aparılır. Qanunsuz fəaliyyətlə məşğul olan Azərbaycan vətəndaşı ilə bağlı cinayət işinin açılacağı bildirilib.

  • “Qazprom Ermənistan” 1500-ə yaxın əməkdaşını işdən qovacaq

    “Qazprom Ermənistan” şirkəti yaxın vaxtlarda kütləvi ixtisara başlayacaq.

    Bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.

    Nəşrin yaydığı məlumata görə, şirkət 1200-1500 əməkdaşını bu günlərdə işdən çıxaracaq. “Jamanak” yazır ki, bu cür hallar digər şirkətlərdə də müşahidə edilir, çünki Yerevanın yeni hökuməti şirkətlərdən əməkdaşlarını qeydiyyata almasını və vergi ödəməsini tələb edir. Onlar isə çıxış yolunu işçiləri ixtisara salmaqda görürlər.

  • Azərbaycanlılarla afrikalılar arasında kütləvi dava – Yaralılar var

    Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (afrikalılar) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, kütləvi davaya şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

    Yer üstündə yaranan anlaşılmazlıq və kamerunlunun təhqiri mübahisəyə daha sonra isə əlbəyaxa davaya çevrilib.

    Təxminən, 10 nəfərə yaxın kamerunlunun və 5 nəfər azərbaycanlının arasında baş verən davada Cəbiyev Ruslan və Kərimov Tahir adlı azərbaycanlı baş və qol nahiyələrindən xəsarət alıblar. Hər iki tərəf polis tərəfindən saxlanılaraq cərimələniblər.

  • Əynindəki köynək uşağı ölümdən xilas etdi – VİDEO

    Tailandda binanın damından yıxılan dörd yaşlı qız möcüzəvi şəkildə sağ qalıb. Əynindəki köynək binanın üzərindəki relyefli yazılara ilişdiyindən azyaşlı yerə çırpılmayıb.

    Videogörüntü “Coconuts” informasiya portalında yayımlanıb.

    İnsident fevralın 10-da baş verib. Myanmadan olan uşaq Kançaburi şəhər xəstəxanasında yatan atasına baş çəkməyə gedib. Nəzarətsiz qalan uşaq oynamaq üçün yeddi mərtəbəli binanın damına qalxıb. Gözünə dəyən kərtənkələni tutmaq istəyərkən damın kənarından aşıb. Qızı ölümdən məhz binanın relyefli yazısına ilişən köynəyi xilas edib.

    Qışqırıq səslərinə gələn xəstəxana əməkdaşları qızın əlindən tutaraq onu yuxarı qaldırıb. Hadisə nəticəsində azyaşlının heç bir xəsarət almadığı bildirilir.

  • Dünyada buzlaqların həcmi hesab edildiyindən daha kiçikdir

    Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur. İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.

    İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.

    Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər.

  • Rusiya şəhərlərini dronlar zəbt edəcək

    Rusiyada poçt xidməti bağlamaları ünvanlara dronlar vasitəsi ilə çatdıracaq.

    Ren.TV-nin məlumatına görə, yaxın beş ildə ölkəni poçt dronlarının “əsl hücumu” gözləyir.

    Hazırda dronların bağlamaları ünvana çatdırmasının mümkün variantları sınaqdan keçirilir.

    Hələlik dronlar çəkisi 10 kiloqramadək olan bağlamaları daşıya bilir. Gələcəkdə texnologiyanın təkmilləşdiriləcəyi gözlənilir.

  • Filippinin adı dəyişdirilə bilər

    Filippin prezidenti Rodriqo Duterte ölkənin adını dəyişdirmək niyyətindədir.

    Bu barədə “Manila Bulletin” nəşri məlumat yayıb.

    Prezident Rodriqo Duterte Maqindanao vilayətində çıxışı zamanı İspaniyanın Filippin mədəniyyətinə təsirini qınayıb:

    “Bizim ölkəmizin adını səyahətini İspaniya kralı Filippin maliyyələşdirdiyi Magellan fikirləşib. Biz nə vaxtsa bunu düzəldəcəyik”.

    Duterte Filippinin sabiq prezidenti Ferdinand Markosun ölkəni adının “Maharlika Respublikası”na dəyişdirilməsi ideyasını dəstəkləyib.

    “Markos düz deyirdi ki, “maharlika” malay sözüdür”, – Duterte deyib.

    Qeyd edək ki, müasir filippin dilində “maharlika” termini “kral nəcibliyi” mənasını daşıyır.