Category: Dünya

  • İstanbulda hərbi helikopter yaşayış yerinə düşdü – 4 əsgər öldü +Fotolar+Yenilənib

    İstanbulda hərbi helikopter qəzaya uğrayıb.

    Median.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, helikopter yaşayış kompleksinin ərazisinə düşüb.

    Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və yanğınsöndürən cəlb olunub.

    Ölü və yaralılarla bağlı hələlik məlumat yoxdur.

  • Leninin Mavzoleyi bağlanır

    Vladimir Leninin Qırmızı meydandakı Mavzoleyi iki aylıq bağlanacaq.

    Median.Az “TASS”a istinadən xəbər verir ki, buna səbəb profilaktika işlərinin aparılmasıdır.

    Bildirilib ki, bu müddət ərzində Leninin nəşinin saxlanılma şəraiti yenidən təmin ediləcək. Mavzoley 18 fevral-16 aprel tarixlərində bağlı olacaq.

  • İstanbulda hərbi helikopter qəzaya uğradı

    İstanbulda helikopter qəzaya uğrayıb.

    “Hurriyet”in məlumatına görə, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur.

    Bildirilir ki, helikopterin düşdüyü əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.

    Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

  • Təyyarə qəzasında ölən futbolçunun ÖLÜM SƏBƏBİ BİLİNDİ

    Təyyarə qəzasından sonra dünyasını dəyişən İngiltərənin “Kardiff Siti” klubunun futbolçusu Emiliano Salanın ölüm səbəbi müəyyənləşib.

    Median.Az xəbər verir ki, argentinalı oyunçu baş və bədən xəsarətləri nəticəsində ölüb.

    Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

    Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun cəsədi aşkarlanıb.

  • İsveçrədə müsəlman qadınlarla bağlı şok qərar

    İsveçrədə rəsmi qurumlarda işləyən müsəlman qadınların hicab taxması yasaqlanır.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İsveçrənin Cenevrə Kantonunda müsəlmanların və bir neçə partiyanın etiraz etdiyi müvafiq qanun qəbul edilib.

    Cenevrə Kantonu uzun müddət müzakirə olunan, dövlət və dinlər arasında münasibətləri çərçivəyə salacaq qanunu ötən ay qəbul edib.

    Dəyişikliyə qarşı çıxan müxalifət partiyaları və vətəndaş cəmiyyəti qurumları qanunu referenduma çıxarmaq məqsədilə tələb edilən 5 min 227 imzaya qarşı 8 min imza toplayaraq qanunla bağlı referenduma nail olub.

    Cenevrə Kantonunda dünən keçirilən referendumun rəsmi olmayan nəticələrinə görə əhalinin 55 faizi qanunu dəstəkləyib.

  • 22 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqləndi – Qonşu ölkədə həyəcan təbili

    Gürcüstanda builki qrip mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.

    Median.Az Report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.

    O deyib ki, ölkədə qripə yoluxma halları azalır: “Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib”.

    A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: “Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir”.

  • İran: ABŞ bizə hücum etsə, Tel Əvivi yerlə yeksan edəcəyik

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi büro sədri və komandiri Yadulla Cavani ABŞ və İsrailə hədələr yağdırıb.

    Median.Az xəbər verir ki, hərbi rəhbər İran İslam İnqilabının 40 illiyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib:
    “ABŞ-ın müdafiə və hərbi gücünə baxmayaraq İrana qarşı addım atmağa cəsarəti yoxdur. Əgər ABŞ bizə hücum etsə, Tel Əvivi yerlə yeksan edəcəyik”.

    İran prezident Həsən Ruhani isə Tehrandakı Azadi Meydanında təşkil edilən mərasimdə ölkəsinin zireh deşən raket və müdafiə təchizatı üçün heç bir ölkədən icazə almayacağını açıqlayıb.

  • Venesuela: Neft oyunları

    Düz bir ay əvvəl Venesuelada ikili hakimiyyət bərqərar oldu. Müxalifət “Blitzkriq” həyata keçirə bilməsə də, beynəlxalq tanınma və bəzi yüksəkçinli hərbi zabitlərin dəstəyi fonunda onlar üçün vəziyyət o qədər də ümidsiz görünmür.

    Ölkənin “müvəqqəti prezidenti” Xuan Quaydo hadisələrin inkişafını sürətləndirməyə can atmır və yəqin ki, Maduro rejimini tamamilə taqətdən saldıqdan sonra devirəcək. Ancaq Venesuelada baş verən hadisələr və ABŞ-ın neft sanksiyaları Karakasın neft sənayesini çökdürə bilər.

    Meksika körfəzində artıq hər birində yeddi milyon barel Venesuela nefti olan tankerlərdən ibarət böyük “donanma” formalaşıb.

    Bu yanacağın böyük hissəsi ABŞ sanksiyaları qüvvəyə minməzdən əvvəl alınıb, “qara qızılın” sahibləri özlərinə yeni alıcı axtarır. Venesuela hökuməti indi daxili neft anbarlarını doldurur və “qara qızılı”, demək olar ki, ixrac etmir. Hiperinflyasiya və yığılan (ödənilməmiş) maaşlar fonunda peşəkar mütəxəssislər kütləvi şəkildə iş yerlərini tərk edir. Rusiya ən iri neft şirkəti olan “Rosneft”in xətti ilə Venesuelaya yardım etməyə çalışır.

    Hələlik dünya iqtisadi bazarı Venesuelada baş verənlərə enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə reaksiya göstərib. Aşağı templə də olsa, iki həftə ərzində neftin qiyməti qalxaraq, 62 dollar (bir bareli) səviyyəsinə çatıb.

    Rusiyalı politoloq, siyasi elmlər namizədi Kamran Həsənov “Rosneft”in aktivləri və yatırımları genişləndirməsinin Venesuelanı bu girdabdan çıxaracağını düşünmür.

    “Venesuela başdan-ayağa borc içindədir, iqtisadi artım əvəzinə, köhnə borclarını bağlamaqla məşğuldur. Kreditorlar arasında “Rosneft”dən savayı, başqa iri neft şirkətləri də yer alır. Rəsmi Karakas “Konoko” və “Eksson” kimi amerikalı neft nəhəngləri ilə arbitraj çəkişməsi aparır. Bütün bunlar qiymətlərə necə təsir göstərir? Müsbət. Dünyanın neftlə ən zəngin ölkəsi faktiki olaraq satışları dayandıran zaman, təklifin defisiti meydana gəlir”, – deyə mütəxəssis Oxu.Az-a açıqlamasında qeyd edib.

    Habelə Həsənov neftin sürətli şəkildə bahalaşacağını hesab etmir, belə ki, dünya bazarları “qara qızılla” az qala aşıb-daşır.

    “Güclü qiymət artımına nə Venesuela, nə də oxşar problemlərdən əziyyət çəkən Liviya təsir göstərə bilməz. Taktiki baxımdan situasiyaya ABŞ-la münasibətlərin (potensial olaraq) daha da kəskinləşməsi təsir göstərəcək. Sanksiyalar və hərbi müdaxilə ilə bağlı təhdidlər bir-iki dollarlıq bahalaşmaya səbəb olacaq, ancaq bu da çox sürməyəcək.

    Yalnız əsl hərbi əməliyyatın başlaması neft bazarında təlatümə səbəb ola bilər. Ancaq belə olan halda əlavə 5-10 dollarlıq bahalaşmadan söz açmaq olar. Strateji planda, rejim dəyişməyənə və dövlət çevrilişi təhdidi aradan götürülməyənə qədər Venesuelada baş verənlər neft qiymətini stimullaşdırmağa davam edəcək”, – deyə Kamran Həsənov bildirib.

    Onun sözlərinə görə, OPEC Venesuelaya dəstək göstərməyəcək, ancaq hər halda neft qiymətlərini sabitləşdirməyə cəhd edəcək. Hazırda neft ixracatçılarının çoxuna nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağı qiymət sərf edir.

    “İranın öhdəsindən gəlmək üçün Körfəz ölkələrinin ABŞ-a ehtiyacı var, ona görə də istər-istəməz Birləşmiş Ştatların təsiri altındadırlar. Ola bilsin, onlar da dövlət çevrilişi cəhdi üçün əldən-ayaqdan getmir, bununla belə, heç kim Maduroya dəstək olmağa risk etməyəcək.

    OPEC+ formatında Rusiya və İran istisna sayılır. Ancaq onlar da öz dəstəklərini ikitərəfli kanallarla gerçəkləşdirirlər”, – deyə rusiyalı politoloq vurğulayıb.

    Qeyd edək ki, OPEC+ formatı 2016-cı ildə tələb-təklif arasında tarazlığın pozulması ilə əlaqədar neftin kəskin ucuzlaşmasından sonra vəziyyəti nizama salmaq məqsədilə yaradılıb.

    Sövdələşmələrə əsasən, OPEC-ə üzv olan 15 ölkə, OPEC üzvü olmayan digər 11 iri neft istehsalatçısı (ölkə nəzərdə tutulur – red.) ilə birlikdə gündəlik hasilat həcmini 3.2-3.3 milyon barelə qədər azaltmağı razılaşdırıb. Format özünü doğruldub desək, yanılmarıq: növbəti illərdə “qara qızıl”ın qiyməti əhəmiyyətli dərəcədə qalxıb və neft bazarlarında nisbi sabitlik əldə olunub.

    Onu da qeyd edək ki, OPEC+ formatının növbəti toplantısı yayda Bakıda keçiriləcək. Toplantıda başlıca olaraq neftin 60-70 dollar civarında uzunmüddətli sabitləşdirilməsi yollarının müzakirə olunacağı gözlənilir.

  • Ruhani: İran raketlərindən vaz keçməyəcək

    İran raket texnologiyalarından vaz keçməyəcək.

    “Anadolu” xəbər agentliyinin məlumatına görə, bu barədə İran prezidenti Həsən Ruhani bəyanat səsləndirib.

    Ruhaninin sözlərinə görə, Tehran bu məsələni beynəlxalq müzakirəyə çıxarmaq fikrində deyil.

    “İran bundan sonra da ordunu “yer-hava”, “yer-yer”, “dəniz-dəniz” tipli raketlərlə təmin etməyə davam edəcək”, – deyə Ruhani vurğulayıb.

    Prezident qeyd edib ki, əvvəllər İran müdafiə sənayesi ölkənin silah və hərbi texnika tələbatının 5 faizini ödəyirdisə, bu gün bu göstərici 85 faizə çatıb.

    Prezident haşiyəyə çıxaraq, ölkədə İslam inqilabının 40-cı ildönümü ilə bağlı tədbirlərin ABŞ, İsrail və Tehranın siyasətinə düşmən olan digər region ölkələrinin təzyiqləri fonunda keçirildiyini vurğulayıb.

  • Rusiyalı sərxoş deputat restoranda dava saldı – VİDEO

    Rusiyanın Həştərxan şəhərində şəhər dumasının üzvü Vladimir Suxaryov sərxoş vəziyyətdə restoranda dava salıb.

    Hadisənin görüntülərini REN TV yayıb.

    Kadrlardan aydın olur ki, içkili vəziyyətdə olan deputat restoranın qonaqlarına sataşır. İaşə obyektinin mühafizəçiləri ondan restoranı tərk etməsini xahiş edir. Bundan hiddətlənən deputat kim olduğunu car çəkməyə başlayır və xidməti vəsiqəsini göstərir.

    Personal yaranmış vəziyyətlə əlaqədar çevik polis alayını çağırmalı olub.

    “Xalqın xidmətçisi” asayiş keşikçilərinə də müqavimət göstərməkdən çəkinməyib. Deputat onu kənardan mobil telefon kamerası ilə çəkdiklərini ağlına belə gətirməyib. Yəqin ki, qalmaqaldan sonra deputat özünə şəhər dumasından kənarda, başqa iş axtarmalı olacaq.