Category: Dünya

  • Sinqapur sahillərində iki gəmi toqquşdu – VİDEO

    Sinqapur sahillərində Malayziyaya məxsus “Polaris” gəmisi ilə Yunanıstana məxsus “Pireas” gəmisi toqquşub.

    “Straits Times” qəzetinin verdiyi məlumata görə, insident yerli vaxtla 14:28-də Tuas yaxınlığında baş verib.

    Qəza yerli hökumətdə narahatlıq yaradıb. Çünki hər iki gəmi limana icazəsiz daxil olub.

    Faktla bağlı araşdırmalara başlanılıb. Xəsarət alanlarla bağlı məlumat verilmir.

  • Ərdoğan tələbə qızın xahişini yerə salmadı – VİDEO

    Türkiyənin Sivas şəhərində keçirilən mitinqlərə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra yanına gələn tələbə qızı qəbul edib.

    Bu barədə Sabah.com saytı məlumat yayıb.

    Dövlət başçısı ilə tələbə arasında səmimi söhbət baş tutub.

    Tələbə Ərdoğana öz telefonunu uzadaraq, valideynləri ilə danışmasını xahiş edib.

    Türkiyə prezidenti tələbənin xahişini yerə salmayıb, gənc qızın atası və nənəsi ilə danışıb.

    Xəstə olduğu üçün mitinqə qoşula bilmədiyini söyləyən nənə Ərdoğana xeyir-dualarını çatdırıb.

    Ərdoğan söhbət zamanı tələbə qızın atasına “Maşallah, nə şirin qızın var” deyə zarafat edib.

  • İstirahət alınmadı: Kurşeveldə təyyarə qar qalağına çırpıldı – VİDEO

    Fransanda içində sərnişinlər olan kiçik mühərrikli təyyarə Kurşevel dağ-xizək kurortunun aeroportuna sərt eniş edib.

    Qəzanın görüntüsü “Life.ru” saytında dərc olunub.

    Təyyarəni endirən pilot kiçik uçuş-eniş zolağında məsafəni düz götürməyib və əyləcdən vaxtında istifadə etmədiyindən hava nəqliyyat vasitəsi çəpəri dağıdaraq qarşıdakı qar qalağına çırpılıb.

    Hadisə şahidinin sözlərinə görə, qəza vaxtı təyyarənin göyərtəsində altı nəfər olub və bir gənc sərnişin ağır xəsarət alıb.

  • Ukraynada efirdə Nəsirovun üstünə su tökdülər – VİDEO

    Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb.

    “Gordon” nəşrinin yazdığına görə, hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib.

    Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

    Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb.

  • Nazarbayev Xəzərin hüquqi statusu ilə bağlı sənədi imzaladı

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

    “Tengrinews.kz” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının rəsmi saytında məlumat dərc olunub.

    Nazarbayev MDB-yə üzv dövlətlərini terrorizmə və ektrimizmin digər zorakı təzahürlərinə qarşı mübarizə aparan orqanların maddi-texniki təchizatı üzrə əməkdaşlıq haqqında sazişini və Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə düzəlişin edilməsi haqqında protokolu təsdiq edib.

    Xatırladaq ki, avqustun 12-də (2018) Aktau şəhərində Beşinci Xəzər Sammiti keçirilib. Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstan liderlərinin qatıldığı zirvə toplantısında Xəzərin statusu haqqında Konvensiya bağlanıb.

  • Yeni Zelandiya və Avstraliya təbii fəlakətlərə qərq olub – VİDEO

    Fevralın 5-dən etibarən Yeni Zelandiyanın Cənub adasında gücü meşə yanğını tüğyan edir.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Vəziyyət qismən nəzarətə götürülsə də, bütün yanğın ocaqlarını söndürmək mümkün olmayıb. Alovun iki min hektara yaxın sahəni əhatə etdiyi bildirilir. Yüzdən çox ailə təxliyyə olunub. Bir neçə binanın tamamilə yandığı xəbər verilir.

    Alovla mübarizəyə 12 yanğınsöndürmə komandası, 10 helikopter və iki yanğınsöndürmə aviasiyası cəlb olunub.

    Bu arada, Avstraliyanın şimal-şərq sahillərində güclü daşqınlar müşahidə olunur. Taunsvil şəhərində bir həftə ərzində bir illik yağıntı norması düşüb. Azı iki nəfər daşqın qurbanı olub. Çıxılmaz vəziyyətdə qalan insanların təxliyyə olunması üçün fəlakət bölgəsinə hərbçilər göndərilib.

    İnsanların müstəqil şəkildə təxliyyə olunmasına icazə verilməyib, belə ki, daşqın sularında zəhərli su ilanları və timsahların üzdüyü bildirilir. Sığorta şirkətləri daşqın fəsadlarının 45 milyon Avstraliya dollarına yaxın ziyan vurduğunu hesablayıb.

  • Yataqxanada yanğın: 10 braziliyalı futbolçu öldü – FOTO

    Braziliyanın “Flamenqo” futbol klubunun gənc futbolçuların hazırlığı mərkəzinə aid yataqxanada yanğın baş verib.

    BBC-nin yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər həyatını itirib, üç nəfər yaralanıb.

    Yanğının yeniyetmə futbolçuların yatdığı vaxt meydana gəldiyi bildirilir. Hadisənin səbəbi araşdırılır.

    Qeyd edək ki, “Flamenqo” Latın Amerikasının ən nüfuzlu futbol klublarından sayılır.

  • Rusiyanın çempion boksçusu qətlə yetirildi

    Rusiyanın peşəkar boksçusu Aleksandr Kostromin ötən gecə Belqorod şəhərində yerləşən evi yaxınlığında qətlə yetirilib.

    Bu barədə TASS Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, “Lada Priora” markalı avtomobillə hərəkət etdiyi iddia olunan qatil idmançını arxadan güllələyib.

    Aleksandr Kostrominin fevralın 9-da 30 yaşı tamam olacaqdı. O, 80 kq çəki kateqoriyasında çıxış edib. Rusiya çempionatının qalibi olub. Son illər Kostromin Belqorodun gecə klublarından birində, peşəkar boksçuların iştirakı ilə keçirilən qaydasız döyüşlərdə çıxış edib.

  • “Donuz qripi” Gürcüstanda can almağa davam edir

    Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

    Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

    Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür.

  • Bundan sonra Venesiyaya giriş pullu olacaq

    2020-ci ildə Venesiyaya getmək istəyənlər qabaqcadan “rezerv girişi” etdirməlidirlər.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şəhər meri Luici Brunyaro deyib. Onun sözlərinə görə, qabaqcadan səyahətlərini qeydiyyata aldırmayanlara şəhərə giriş qadağan edilməsə də, “daha çətin olacaq”.

    Mayın 1-dən etibarən şəhərdə bir gündən artıq qonaq olmaq istəyənlər bunun üçün 3 avro ödəməlidir. Bu məbləğ gələn il yanvarın 1-dən isə ilin fəslindən asılı olaraq 6-10 avro arasında dəyişəcək.

    Bu qərarın səbəbi isə turist axınını idarə etməkdir.

    Şəhərə rezervsiz girmək istəyənləri 450 avro cərimə gözləyir.

    Otellərdə bir gecəlik nömrə bronlayanlar bu ödənişlərdən azaddırlar. Onlar mehmanxanalarda yalnız standart turist vergisi ödəyəcəklər.

    “Qonaq vergisi”ni artıq bir neçə otel işlədən müsbət qarşılayıb.