Category: Dünya

  • Rusiyada 12-ci mərtəbədən yıxılan kişini ölümdən artıq çəki xilas etdi

    Rusiyada yaşayış binasının 12-ci mərtəbəsindən yerə düşən 36 yaşlı kişi sağ qalıb.

    “Moskovskiy komsomolets”in məlumatına görə, hadisə Zelenoqrad şəhərində baş verib.

    Bildirilir ki, kişinin sağ qalmasına onun artıq çəkisi (140 kiloqram) kömək edib. Məhz artıq çəki zərbəni ammortizasiya edib. Üstəlik o, ağacın üstünə düşüb.

    Hazırda həmin şəxs xəstəxananın reanimasiya şöbəsindədir. Onun onurğası sınıb.

  • Dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib

    Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib.

    DSX-dən verilən məlumata görə, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqa­mətində hərəkət edən bir nə­fər naməlum şəxs müşahidə olunub.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq, İran istiqa­mətində geriyə doğru qaçıb.

    “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib.

    Sərhəd nümayəndəliyi xətti ilə İranın sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

    Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə bir ədəd gecə görmə cihazı aşkar olunub.

    Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

  • İranda zəlzələ olub

    İranın cənubunda zəlzələ olub.

    İRNA-nın məlumatına görə, yeraltı təkanlar 5,2 bal təşkil edib.

    Zəlzələ nəticəsində Xormozqan əyalətində üç nəfər xəsarət alıb.

    Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

    Yeraltı təkanlar nəticəsində 15 yaşayış evi zərər görüb.

  • “Facebook” reklamdan nə qədər qazanıb?

    Amerikanın sosial şəbəkəsi -“Facebook” 2018-ci ilin 4-cü rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

    Median.Az facemark.az-a istinadən bildirir ki, hesabata görə, şirkətin reklamdan gəlirləri ötən il 55 milyard dolları keçib. 2017-ci ildə isə bu rəqəm 39,9 milyard dollar olub. 2018-ci ilin 4-cü rübündə isə göstəricilər 16,6 milyard dollara çatıb. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 30%-lik böyümə deməkdir.

    Reklam gəlirlərinin böyük hissəsi mobildən gəlib. 2018-ci ilin 4-cü rübündə mobildən gələn gəlirlər reklamdan gələn gəlirlərin ümümi payında 93% təşkil edib. 2017-ci ilin analoji dövründə mobildən gələn gəlirlərin payı daha az 89% olub. Bu o deməkdir ki, gəlirlərin əsas drayveri yenə də mobil olaraq qalır.

    Sosial şəbəkənin xalis mənfəəti illik 39% artaraq 22,2 milyard dollara yüksəlib. 4-cü rüb ilə bağlı göstəricilər isə 6,9 milyard dollar olub. 2017-ci ilin analoji dövründə isə adıçəkilən göstərici 4,3 milyard dollar qeydə alınmışdı. Aktiv istifadəçilərin illik artımı 9% olub və 1,5 milyard nəfərə yüksəlib. Hesabatda qeyd olunub ki, bütün aktiv kompaniyalarda “Facebook”, “Instagram”, “WhatsApp” və yaxud “Messenger”də ümumi istifadəçi bazası 2,7 milyard nəfərdir.

  • Rusiyalı terrorçu Türkiyədə həbs olundu

    “İnterpol”un axtardığı şəxs Türkiyədə həbs olunub.

    Median.Az xəbər verir ki, Kayseridə işləyən, adı açıqlanmayan şübhəli Rusiyada silahlı terror təşkilatına üzv olma, qanunsuz silah saxlama iddiası ilə axtarışa verilmişdi.

  • İstanbulda bina uçqununda ölənlərin sayı 18-ə çatdı – Yenilənib

    İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

    Median.Az
    Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib:

    “Xilasetmə işləri davam etdirilir. 14 vətəndaşımızı itirmişik. 14 nəfəri isə uçqun altından çıxarmışıq. 8 nəfər itkindir. Yağış xilasetmə işlərinə mane olmur. Dağıntılar altında qalanları sağ-salamat çıxarmağa çalışırıq”.

    ***

    “Anadolu” agentliyinin məlumatına görə, daha 2 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Onlar Şevval Yıldız və 1,5 yaşlı Eylül Dərvişoğludur.

    Dağıntıların olduğu ərazinin yanındakı digər binanın sürüşdüyü bildirilib. Bu səbəbdən axtarış-xilasetmə işləri müvəqqəti olaraq dayandırılıb. Həmçinin, ərazinin boşaldılması üçün anons verilib.

    ***

    Bu saata olan məlumata görə, uçqunlar altından daha iki nəfərin cəsədi çıxarılıb. Bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

  • Meksikada boru kəmərində partlayış – 170 uşaq valideynsiz qaldı

    Meksikanın İdalqo ştatında boru kəmərində qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində baş verən partlayış 170 uşağı valideynsiz qoyub.

    Median.Az-ın məlumatına görə, bu barədə İdalqo ştatında federal hökumətin inkişaf proqramlarının nümayəndəsi Abraam Mendosa bildirib.

    A.Mendosa deyib: “Təxmini məlumatlara görə, hazırda 170 yetkinlik yaşına çatmayan valideynini itirmiş uşaq var. Biz məlumat toplamağa davam edirik”.

    Onun sözlərinə görə, uşaqların bəziləri partlayış nəticəsində hər iki valideynini, bəziləri bir valideynini, bəziləri isə yeganə valideynini itirib.

    Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində boru kəmərində partlayış baş verib. Partlayış nəticəsində 128 nəfər həlak olub.//Trend

  • Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər – Pakistanı lərzəyə gətirən qətl – FOTO – VİDEO

    Pakistanın Lahor şəhərində dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı ev qulluqçusu ev sahibi olan xanım tərəfindən qətlə yetirilib. Qətlin səbəbi odur ki, qulluqçu qız ev sahibinin qızının yeməyindən bir qaşıq götürüb, yeyib. Bundan xəbər tutan ev sahibəsi qulluqçuya hücum edib. Əlinə keçən dəmir çubuqla qulluqçunun başına çoxsaylı zərbələr endirib. Bir də görüb ki, qulluqçu ölüb…

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, meyiti yaxınlıqdakı kanalizasiya sularının axıdıldığı gölməçəyə atıblar. Bir müddət sonra qulluqçunun cəsədi aşkar edilib.

    Hazırda Pakistanda ən çox müzakirə olunan məsələ bu bədbəxt qızın qatilinin cəzalandırılması ilə bağlıdır. Xüsusi ilə sosial şəbəkə istifadəçiləri aktivdir. Onların sayəsində bu hadisəyə beynəlxalq səviyyədə maraq yaranıb. Düşünün ki, Pakistanın baş naziri İmran Xan bu məsələ ilə bağlı ” Twitter” atıb.


    İstintaq müəyyən edib ki, Uzma adlı qulluqçu 8 ay əvvəl işə başlayıb. Mütəmadi şəkildə ev sahibəsi tərəfindən döyülüb, təhqirlərə məruz qalıb. İstintaq Uzmanın bədəninin digər yerlərində də köhnədən qalma yara və kəsik yerləri aşkar edib.

    Son dərəcə qəddar olan ev sahibəsi çalışdığı müddətdə qulluqçu qızın öz ailəsi ilə görüşməsinə, hətta onlarla telefonla danışmasına belə icazə verməyib.

    O da maraqlıdır ki, Uzmanı öldürən qadın sonra polisə gedib və öz qulluqçusunu oğurluqda suçlayıb. Uzmanın valideynlərini polis idarəsinə çağırtdırıb və onları yamanlayıb.

    İstintaq zamanı evdən hamını şoka salan video-görüntülər üzə çıxıb. Həmin çəkilişlərdə döyülərək ölümün bir addımına gətirilmiş Uzma aydın görünür. Pakistanda insan və qadın haqları uğrunda mübarizə aparan qruplar həmin videonun araşdırılmasını tələb edir. Video harada, nə zaman çəkilib? Bu sualların cavabı istintaq üçün də önəmlidir.

    Pakistan xalqını narahat edən əsas məslə odur ki, Uzmanın zülm və zoraklıqla öldürülməsi kimi hadisələr bu ölkədə tez-tez olur. Hətta 11-12 yaşlı uşaqlar da kimlərinsə evində qulluqçu qismində işləyir və oxşar münasibətlə qarşılaşır. Qəddarlıqla öldürülən uşaq-qulluqçular da az deyil.

    Hazırda ev sahibəsi bu qətlin ört-basdır edilməsi üçün ona kömək etmiş iki qadınla birlikdə həbs olunub. Pakistan xalqı ölkədə həddi-buluğa çatmamış uşaqların bu kimi işlərə cəlb olunmasına etiraz edir.

  • Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi

    Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.

    Median.Az-ın məlumatına görə, şair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.

    F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

    “Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib./Trend/

  • Azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb tikiləcək

    Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq.

    Median.Az report-a istinadən bildirir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib.

    Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

    Tsopi kənd məktəbi illərdir qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Təhsil ocağının Azərbaycan və erməni bölməsində, ümumilikdə, 75 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur.