Category: Dünya

  • Rusiyada ağır qəza: 19 yaralı – VİDEO

    Rusiyada ağır yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər xəsarət alıb.

    Ren.TV-nin məlumatına görə, hadisə Sterlitamak şəhərində baş verib.

    Sərnişin mikroavtobusu yüksək gərginlikli elektrik xətt dirəyinə çırpılıb.

    Xəsarət alan 19 nəfərdən üçü uşaqdır. Onların durumu barədə məlumat verilmir.

  • Böyük zəlzələnin tarixi açıqlandı – Dünya üçün qorxunc nəticələr

    Dünyada hər gün zəif və güclü yüzlərlə zəlzələ olur.

    Median.Az xəbər verir ki, özünü yeni nəsil zəlzələ proqnozu verən kimi təqdim edən Frank Hoogerbeets yeni zəlzələlərlə bağlı proqnozunu açıqlayıb.

    Onun sözlərinə görə, fevral ayında planetlərin sıralanması müşahidə ediləcək və bunun Dünya üçün qorxunc nəticələri olacaq.

    F.Hoogerbeetsə görə, Mars, Neptun və Uran ilə sıralanacaq. Bu da qalaktikada dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, xüsusən fevralın son iki həftəsində böyük zəlzələ olaraq adlandırılan şiddətli yer hərəkətlənməsinin olacağını irəli sürür.

    Təxminlərindən son dərəcə əmin olduğunu deyən Hoogeerberts rəsmilərin təcili qabaqlayıcı tədbirlər görməsi ilə bağlı xəbərdarlıq edir. O, son üç ildə ciddi müşahidələr apardığını və fikirlərini Günəş Sisteminin Geometrik İndeksinə əsaslandığını deyib.

    ABŞ-ın Geologiya Araşdırmalar Mərkəzində çalışan Con Bellini zəlzələnin nə zaman olacağını təxmin etmənin mümkün olmadığını deyib.

  • İstanbulda bina uçqununda ölənlərin sayı 14 oldu

    İstanbulda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14 nəfər olub.

    Median.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib:

    “Xilasetmə işləri davam etdirilir. 14 vətəndaşımızı itirmişik. 14 nəfəri isə uçqun altından çıxarmışıq. 8 nəfər itkindir. Yağış xilasetmə işlərinə mane olmur. Dağıntılar altında qalanları sağ-salamat çıxarmağa çalışırıq”.

  • Yerə asteroid yaxınlaşır: toqquşma riski var

    2018XB4 asteroidinin planetimizlə toqquşma riski artıb.

    “RİA Novosti”nin məlumatına görə, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

    Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirir.

    Yer planetinə təhlükə səviyyəsi baxımından 2018XB4 asteroidi beşinci kosmik obyekt sayılır.

    Bundan əvvəl Peterburq Dövlət Universitetinin alimləri “Apofis” asteroidinin 2068-ci ildə Yerlə toqquşa biləcəyi ehtimalını irəli sürmüşdü. Bundan əvvəl isə həmin obyektin 2029-cu ilin aprel ayında Yerə təhlükəli məsafəyə qədər yaxınlaşacağı (38 min kilometr) proqnozlaşdırılır.

  • Avstraliyalı deputatlar şifrələrini dəyişməyə məcbur edilir

    Avstraliya parlamentinin bütün deputatları qanunverici orqanın kompüter şəbəkəsinə edilən irimiqyaslı kiberhücumdan sonra şifrələrini dəyişməyə məcbur qalıb.

    Bu barədə “ABC News” məlumat yayıb.

    Hələlik parlamentin daxili şəbəkəsindən hər hansı informasiya və ya elektron sənədlərin oğurlanıb-oğurlanmadığı müəyyən edilməyib.

    “ Hələlik kiberhücumlar parlament, elektoral (səsvermə) və ya siyasi proseslərin gedişinə təsir etmək cəhdinin olduğuna dair heç bir sübut yoxdur”, – deyə parlamentin hər iki palatasının birgə bəyanatlarında deyilir.

    Haker müdaxiləsi kibercinayətkarların sistemə müdaxiləsinin ilkin mərhələlərində aşkarlanıb. Əsas şübhələrin çinli hakerlərə yönəldiyi bildirilir.

    Avstraliya baş naziri Skott Morrison hökumət idarələri və qurumlarının haker hücumuna məruz qalmadığını açıqlayıb.

  • “Müsyo Jordan” öldü

    1976-cı ildə çəkilmiş “Dərviş Parisi partladır” filmində əsas rollardan biri olan “Müsyo Jordan”ın ifaçısı Sergey Yurski vəfat edib.

    Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

    Bildirilib ki, aktyor ötən ilin dekabrında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

    Sergey Yurski 1935-ci ildə Leninqradda doğulub. O, Leninqrad Universitetinin hüquq fakültəsini bitirib.

    Sergey Yurski Azərbaycan tamaşaçısının yadında “Şir evdən getdi” filmində ovçu, ekskursiya bələdçisi, qarovulçu, “Qorxma, mən səninləyəm”də pristav, “Görüş yerini dəyişdirmək olmaz”da Qruzdev, “Əlibaba və qırx quldur”da Qasım obrazları ilə qalıb.

  • Azərbaycanlı prezidentliyə namizədin Britaniyada bank hesabı aşkarlandı

    Ukraynada prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin əslən azərbaycanlı keçmiş başçısı üç il ərzində Böyük Britaniyadakı bank hesabında 300 min dollar pul gizlədib.

    Bu barədə “Strana.ua” məlumat yayıb.

    “Hesab Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə qurumunda açılıb, son üç il ərzində təqsirləndirilən şəxsə məxsus olub”, – deyə korrupsiya ilə mübarizə prokurorluğunun prokuroru Andrey Perov bildirib.

    Hazırda Böyük Britaniyada həmin hesabla bağlı məhkəmə prosesi davam edir və yerli hüquq-mühafizə orqanları hesabdakı aktivləri dondurmaq qərarına gəlib.

    Prokurorun sözlərinə görə, Nəsirov bundan xəbər tutub və Ukrayna prezidentliyinə namizədin təqdim etməli olduğu bəyannamədə Britaniya hesabında 300 min dollar pulun olduğunu göstərib.

    İttiham tərəfi hesabda olan 300 min dollara həbs qoyulmasına dair vəsatət qaldırıb. Öz növbəsində Nəsirovun vəkilləri qarşı tərəfin vəsatətinin təmin olunmaması üçün məhkəməyə müraciət edib.

    “Vəsatətə hazırlaşmağa vaxtımız olmayıb”, – deyə Nəsirovun vəkili Aleksandr Lısak bu müraciəti əsaslandırmağa çalışıb.

    Hakim məsələyə baxılmasını fevralın 14-nə kimi təxirə salıb.

    “Mən hesabı bəyannamədə göstərməmişəm. Çünki orada dollarlar yoxdur, başqa aktivlərdir. Hansı aktivlərin olduğunu sonra biləcəksiniz”, – deyə prezidentliyə namizəd Nəsirov bildirib.

    Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın mərkəzi seçki komissiyası Nəsirovun 31 mart 2019-cu ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyata alıb.

  • Avropada qrip epidemiyası: ölənlərin sayı artır

    Yunanıstanda “donuz qripi” epidemiyası ilin əvvəlindən bəri 39 nəfərin həyatına son qoyub.

    “Euronews” telekanalının məlumatına görə, informasiyanı Yunanıstanın Xəstəliklərə nəzarət və profilaktika Milli Mərkəzi ictimailəşdirib.

    Təkcə ötən həftə H1N1 virusu 20 nəfərin ölümünə səbəb olub. Bu xəstəliklə bağlı 200 nəfər xəstəxanaya yerləşdirilib. Onların bir çoxu reanimasiya şöbəsində ölümlə çarpışır.

    İnfeksion xəstəliklər üzrə mütəxəssis Sotiris Siordas qeyd edib ki, ölkədə qrip xəstəliyinə yoluxma riski bütün yaş kateqoriyalarında durmadan artır. Xəstəxanalarda bu virusa yoluxmuş körpələr və qocalar da var.

    Letal sonluq (ölüm), adətən, peyvənd olunmamış insanlarda qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun məlumatına görə, qrip viruslarına yoluxma hallarının çoxalması Avropanın 26 ölkəsində qeydə alınıb.

    Fransada noyabr ayından bəri qriplə əlaqədar fəsadlaşmadan mindən çox insan həyatını itirib.

    Dünya üzrə ən böyük qrip epidemiyası Yaponiyada qeydə alınıb. Bu ölkədə son aylar ərzində 2,2 milyon nəfər qripə tutulub.

  • İstanbulda bina çökdü: ölənlərin sayı 10-a çatdı

    İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

    Bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

    Bildirilir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

    Ərazidə xilasetmə işləri davam etdirilir.

  • Fransada qrip epidemiyası: mindən çox ölü

    Fransanın bütün bölgələrində yayılan qrip epidemiyası ötən ilin oktyabr ayından bu vaxtadək 1100-dən çox adamın həyatına son qoyub.

    “The Local” nəşrinin məlumatına görə, qriplə əlaqədar 12 min nəfər həkimə müraciət edib.

    Fransa milli səhiyyə orqanının hesabatında deyilir ki, onlardan 1800 nəfər xəstəxanaya yerləşdirilib.

    Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin 43 faizi 75 yaşdan yuxarı olan şəxslər, 15 faizi isə 5 yaşınadək uşaqlardır.