Category: Dünya

  • Parisdə iğtişaşlar başladı

    Parisdə keçirilən etiraz aksiyası zamanı iğtişaşlar başlayıb.

    RİA “Novosti” agentliyinin məlumatına görə, bir qrup maskalı şəxs bankın və “Mcdonald`s” restoranının vitrinlərini sındırıb.

    Etirazçılar həmçinin bankomatı yandırıblar, valyuta dəyişmə məntəqəsini dağıdıblar.

    Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyaya ilk dəfə “sarı jiletlər” qoşulub. Aksiya iştirakçıları minimal əmək haqqının 20 faiz artırılması, qadın və kişilər üçün bərabər əmək haqqı, vergi islahatlarının aparılması və digər tələblər irəli sürüblər.

  • Feysbuk BUNU DA ETDİ: Göndərilən mesajları silmək…

    Feysbuk sosial şəbəkəsi fevralın 5-dən”Messenger”də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Facebook Messenger”in məlumatında bildirilir.

    “Bu gündən etibarən “Messenger”də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq”, – deyə məlumatda qeyd olunub.

    Bunun üçün ekranda mesajın üzərinə basmaq və “hamı üçün silmək”, yaxud “özün üçün silmək” variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

    Yeni funksiya “iOS” və “Android” əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.

  • İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist SAĞDIR

    İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

    Median.Az xəbər verir ki, bu barədə The Guardian qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

    Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

    The Sunday Times qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü.

  • Karl Marksın məzarı təhqir olundu – FOTO

    Londonda Karl Marksın məzarı naməlum şəxslər tərəfindən təhqir olunub.

    CNN-in məlumatına görə, qəbiristanlıq əməkdaşları məzara sanki çəkiclə hücum edildiyini bildiriblər.

    Onlar tezliklə məzardakı monumenti qaydaya salmağa çalışdıqlarını, lakin bunun mümkün olmadığını deyiblər.

    Qeyd ediblər ki, monument zədələnib.

  • Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər

    Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.

    TASS-ın məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

    O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

    “Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, – deyə diplomat vurğulayıb.

  • Rusiyada erməni saytları bağlanır

    Rusiyada bir sıra erməni saytları bloklanıb.

    Ermənistan mətbuatının yaydığı məlumatına görə, informasiyanı Ermənistan XİN təsdiqləyib.

    “Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, Ermənistanın Moskvadakı səfirliyi hazırda bu problemin həlli ilə məşğul olur”, – deyə Erməni XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

    “Biz bu problemdən xəbərdarıq. Ermənistanın Rusiyadakı səfirliyi problemin həlli üçün Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik olaraq təmas qurur”, – deyə Naqdalyan qeyd edib.

    Rəsminin sözlərinə görə, problem qismən həllini tapıb.

    Bundan əvvəl Ermənistan KİV-də Rusiya ərazisində rəsmi olaraq bir neçə erməni saytının (qərarın səbəbi haqqında) bildiriş göndərilmədən rəsmi olaraq bağlandığı haqqında xəbər yayılmışdı.

  • İnvestorlar təlaş içində: Venesuelada neft böhranı yaşanır

    Venesuelada neft sənayesi uçurumun astanasındadır.

    Bu barədə WSJ qəzeti məlumat yayıb.

    “ABŞ sanksiyaları ona gətirib çıxarıb ki, Maduro hökuməti nefti xarici bazara çıxara bilmir. Hasil olunduqdan sonra neft daxili anbarlara yığılır”, – deyə WSJ yazır.

    “ABŞ-ın Venesuelanın PDVSA dövlət şirkətinə qarşı sanksiya tətbiq etməsindən sonra Venesuela neftinin ixracatı kəskin şəkildə azalıb. Ağ Evin addımları ölkənin neft sənayesini uçuruma aparır. Yaranmış vəziyyətin dünya bazarlarına əvvəl düşünüldüyündən də böyük təsir göstərəcəyi gözlənilir”, – deyə məqalədə qeyd olunur.

    “Bu, əsl fəlakətdir. Neftin nəql olunması üçün heç bir imkan yoxdur”, – yerli neftçilər ittifaqının lideri Luis Ernandes qəzetə verdiyi açıqlamada bildirib.

    Venesuela nefti daxili neft anbarlarına doldurulur və xarici bazara, demək olar ki, çıxarılmır. Ölkədə yaşanan siyasi-iqtisadi böhran fonunda Maduro hökuməti hər vəchlə ABŞ-dan müstəqil olaraq xam neft tədarük sxemi qurmağa çalışır.

    ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən, neft gəlirlərinin müxalifət lideri Xuan Qauidonun sərəncamına yönləndirilməsi Maduronun neft ödənişlərini qəbul etməsinə əngəl yaradır.

    Digər tərəfdən, istehsalatdakı durğunluğa ixtisaslı-peşəkar işçilərin gündən-günə azalması təsir göstərir. Ölkədə baş alan hiperinflyasiya və maaşların gecikməsi fonunda neftçilər kütləvi şəkildə ölkəni tərk edib.

    Bundan başqa, kükürd miqdarı çox olan ağır Venesuela neftinin emala yararlı etməkdən ötrü ona daha yüngül neft əlavə etmək lazım gəlir. Bu isə hazırda kifayət qədər problemli məsələdir. Rusiyanın “Lukoyl”, İspaniyanın “Repsol SA”, ABŞ-ın “Chevron Corp” şirkətləri ilə əlaqəli neft məhsullarını daşıyan tankerlər ötən həftə saxlanılaraq geri göndərilib. Nəşrin məlumatına görə, buna səbəb ödənişlə bağlı ortaya çıxan problemlər olub.

    “Reuters”in məlumatına görə, Meksika körfəzində əsl “tanker donanması” formalaşıb. Hər birində 7 milyon barel Venesuela nefti olan tankerlər hələ ABŞ sanksiyaları qüvvəyə minməzdən əvvəl alınsa da, sahibləri yeni alıcı tapmaqda çətinlik çəkir.

  • Kanadada dəmiryolu qəzası: ölənlər var

    Kanadanın Britaniya Kolumbiyası bölgəsində ağır dəmiryolu qəzası baş verib.

    Bu barədə “Reuters” ölkənin Nəqliyyat Təhlükəsizliyi Şurasına (TSB) istinadən məlumat yayıb.

    Relsdən çıxan yük qatarının “Canadian Pacific Railway Ltd” şirkətinə məxsus olduğu deyilir. Yerli vaxtla 02:10-da baş vermiş qəza nəticəsində 60-a yaxın taxıl daşıyan vaqon aşıb. Qatarın üç işçisinin öldüyü bildirilir.

    TSB qəzanın səbəbini araşdırır.

  • Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır?

    Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır.

    Bu barədə “Kommersant” nəşri Rusiya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

    Bildirilir ki, gömrük nəzarəti məntəqələrinin Gürcüstanla Rusiya arasında ticarət və yüklərin tranziti haqqında imzalanan saziş çərçivəsində açılacağı gözlənilir.

    “Əslində, saziş üzrə öhdəliklər Gürcüstanı Abxaziya və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanımağa məcbur edir. Sazişin əsas məğzi 2008-ci ildən sonra Gürcüstanın yeni gömrük sərhədlərinin cızılmasıdır”, – deyə Rusiya hökumətindəki mənbə bildirib.

    Qeyd edək ki, sözügedən saziş sərhəddə gömrük məntəqələrinin avtomatik açılmasını deyil, yalnız yük axınının monitorinqi üzrə öhdəlikləri nəzərdə tutur. Monitorinqlə İsveçrənin Societe Generale de Surveillance (SGS) məşğul olmalıdır.

  • Türkiyədə azərbaycanlının cəsədi tapılıb – FOTO

    Antalyada 34 yaşlı azərbaycanlı Saleh Abdullayevin yaşadığı evin hamam otağında cəsədi aşkar edilib.

    “Habertürk” xəbər verir ki, onun cəsədi dostunun anası tərəfindən tapılıb.

    Məlumatlara görə, qadın dərhal polisə məlumat verib.

    S.Abdullayevin turizm sektorunda işlədiyi bildirilib. Onu sonuncu dəfə bu gün səhər saatlarında itini gəzdirdikdən sonra evə gələndə görüblər.

    Faktla bağlı araşdırmalara başlanılıb. S.Abdullayevin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.