Category: Dünya

  • Rusiyada gənc ana yeni doğulmuş körpəsini tanışına hədiyyə edib

    Rusiyanın Xabarovsk şəhərinin məhkəməsi yeni doğulmuş körpə qızını tanışına hədiyyə edən qadına üç il şərti cəza verib.

    Median.Az REN TV-yə istinadən xəbər verir ki, sentyabrın 14-də 23 yaşlı qadın xəstəxanaların birində qız uşağı dünyaya gətirib.

    Dörd gün sonra o, öz uşağı kimi tərbiyə etmək üçün körpəni 26 yaşlı tanışına verib. Xabarovsk vilayətinin istintaq komitəsinin məlumatına görə, bundan sonra qadın uşağı “surroqat ana” vasitəsilə dünyaya gətirməsi kimi qeydiyyata almağa çalışıb.

    Gənc ananın sözlərinə görə, o, uşağı dünyaya gətirməyi planlaşdırmayıb və pula ehtiyacı olub. Körpəni ixtisaslaşmış analar evinə göndəriblər, qadın isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (insan alqı-satqısı) üzrə cinayət işinə cəlb edilib.

    Ana uşaqdan imtina etməsi haqqında ərizə yazıb və hazırda onun valideynlik hüququndan mərhum edilməsi məsələsi müzakirə olunur.

  • Sərxoş qırğız marketə atla daxil oldu – VİDEO

    Qırğız Respublikasının Çuy rayonunun Tokmak şəhərində bir kişi supermarketə at belində daxil olub.

    Median.Az REN TV-yə istinadən xəbər verir ki, maraqlı hadisənin görüntüsü sosial şəbəkənin Qırğız Respublikası seqmentində yayılıb.

    Kadrlarda həmin şəxsin at belində pilləkənləri qalxdığını və mağazaya girdiyini görmək olur. Bunu görən supermarketin müştəriləri bir müddət sonra həmin şəxsi bayıra çıxarıb. Videoçarxın müəllifinin sözlərinə görə, atlı içkili olub.

    “Sputnik – Qırğızıstan” at belində super-marketə daxil olan kişinin 39 yaşlı Tokmak şəhər sakini olduğunu öyrənib. O, etdiyi hərəkətə görə peşman olsa da, bu, onu 5.5 min som (133 manata yaxın) cərimədən azad etməyib.

  • BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabata görə, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində, həmçinin Rusiyada insan alverinin genişləndiyi qeyd olunub. Yüz minlərlə insan, xüsusən qadın və uşaqlar insan qaçaqmalçılarının qurbanı olublar. Bu cinayətkarların qurbanlarının 70 faizi isə qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçılarının qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan qadınlardır. İnsan qaçaqmalçılarının qurbanına çevrilən kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar.

    Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət – “orqan alveri” də genişlənib. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil olub. Böyrək və qara ciyər köçürülməsi əməliyyatlarının 10 faizi bu cinayətlərin qurbanlarının daxili orqanları hesabına həyata keçirilib.

    Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda insan alverinə qarşı mübarizə məsələləri də yer alıb. Vurğulanıb ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair Protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirsələr də, bu problem bəşəriyyət üçün ən ağrılı məsələ olaraq qalır.

  • Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir

    Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcək.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə “eMarketer” araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq. ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529 trilyon dollar təşkil edəcək.

    Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin populyarlaşması ilə əlaqələndirirlər. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə pərakəndə satışın beşdəbirini elektron ticarət təşkil edir. Təkcə ötən il noyabrın 11-də “Şoppinq festivalı”nda “Alibaba” şirkəti elektron ticarət platformalarından 31,46 milyard dollarlıq pərakəndə satış həyata keçirilib. “eMarketer” araşdırma şirkətinin proqnozlarına görə, bu il dünya üzrə bütün elektron pərakəndə satışın 55,8 faizini Çin təmin edəcək. Bu rəqəm 2022-ci ildə 63 faizə çatacaq.

  • Fransada yaşlı kişi küçədə insanları güllələdi

    Fransada naməlum şəxs küçədə insanlara atəş açıb.

    Median.az RBC agentliyinə istinadən xəbər verir ki, hadisə Korsika adasında baş verib.

    Hadisə nəticəsində beş nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

    Atəş açan 70 yaşlı kişi yaşadığı evdə barrikada qurub. Polis onunla danışıqlar aparır.

  • Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 126 məmur işdən qovulub

    Səudiyyə Ərəbistanının Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən qovub.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, bu idarənin Ər-Riyad, Ciddə və daha 13 şəhərdəki bölmələrindən olan məmurlar işdən qovulub.

    Xatırladaq ki, son illərdə Səudiyyə Ərəbistanında korrupsiyanın kökünü kəsmək və maliyyə vəsaitlərinin dövlət xəzinəsinə qaytarılması məqsədilə Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə genişmiqyaslı antikorrupsiya kampaniyası həyata keçirilir.

  • Erməni məktəblərində Türkiyə bayrağı asıldı

    ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb.

    Median.az bildirir ki, bu barədə oxu.az Los Angeles telekanalına istinadən məlumat yayıb.

    Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb.

    Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb.

    Los-Anceles polisi araşdırma aparır.

  • Almaniya prezidenti və rəsmilər Efiopiyanı tərk edə bilmir

    Almaniya hökumətinin təyyarəsində nasazlıq aşkarlanıb.

    Median.az oxu.az-a istinadən xəbər verir ki, bu üzdən ölkə prezidenti Frank-Valter Ştaynmayer və 55 nəfərdən ibarət nümayəndə heyəti Efiopiyanı tərk edə bilmir.

    Bildirilir ki, Airbus A340 təyyarəsinin sıxılmış hava ötürülməsi sistemində nasazlıq tapılıb. Mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar.

    Deutsche Welle qeyd edir ki, bu, ilk belə hal deyil. 2014-cü ildə Ştaynmayer Almaniya xarici işlər naziri olarkən, təyyarədə aşkarlanan nasazlıq ucbatından Efiopiyanı tərk edə bilməyib.

  • Odessada 35 yaşlı azərbaycanlı həbs edildi

    Ukraynanın Odessa avtovağzalında 35 yaşlı azərbaycanlı avtobus gözləyən şəxsi qarət edib.

    Median.az portalı xəbər verir ki, o, 48 yaşlı Dnepropetrovsk sakininə yaxınlaşaraq, onu döyüb və yol çantasını götürərək hadisə yerindən uzaqlaşıb.

    Aparılan istintaq tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Ona qarşı qarət ittihamı ilə cinayət işi başlanılıb. (virtualaz.org)

  • Ərəbistanda kəskin hava 12 nəfəri öldürdü

    Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər həlak olub.

    Median.az-ın məlumatına görə, 7 nəfər, o cümlədən bir əcnəbi vətəndaş Mədinə şəhərində şiddətli yağıntılar nəticəsində yaranmış daşqınların qurbanı olub.

    Bundan başqa, həmin şəhərdə iki azyaşlı uşaq suvarma kanalında boğulub.

    Şiddətli yağıntılarla əlaqədar bölgədəki məktəblərdə dərslər də dayandırılıb./Trend/