Category: Dünya

  • Moskvada həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü

    Moskvada həmyaşıdları tərəfindən yaşadığı evin blokunda yandırılan məktəbli ölüb.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə xidmətindəki mənbə məlumat verib.

    “15 yaşlı 10-cu sinif şagirdi həkimlərin bütün cəhdlərinə baxmayaraq, ölüb. O, bədəninin 90 faiz hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilmişdi”, – mənbə bildirib.

    Hadisədə şübhəli bilinən yeniyetmələr həbs edilib.

    Xatırladaq ki, hadisə yanvarın 25-də baş verib. Yeniyetmələr məktəblinin üzərinə benzin tökərək, onu yandırıblar.

  • ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi

    ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

    Median.Az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton keçirdiyi brifinqdə deyib.

    Qeyd edilib ki, bu ölkənin PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar Nikolas Maduronun Venesuelanın aktivlərindən istifadəsinin qarşısını almaq üçün qəbul olunub.

    Boltonun sözlərinə görə, PDVSA-nın 7 milyard dollarlıq aktivləri dondurulur.

    ABŞ Maliyyə Nazirliyi isə bəyan edib ki, Maduro yeni seçkiləri keçirməyə razılıq versə, PDVSA şirkətinə qarşı sanksiyalar ləğv olunacaq.

  • “Eurovision-2019” mahnı müsabiqəsinin aparıcısı bu model olacaq

    Bu ilin mayında İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli və şoumen Erez Tal olacaq.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, The Times of Israel qəzetinin yaydığı məlumata görə, onların namizədliyi Avropa Yayım İttifaqından keçib və təsdiqlənib. “Pul vəsaitlərinin yuyulmasına və vergilərdən yayınmaya görə mümkün ittiham irəli sürülməsinə baxmayaraq, supermodel müsabiqəni aparacaq”, – qəzet belə yazır. Rafaeli və Tal mahnı müsabiqəsinin əsas aparıcıları olacaqlar.

    Üç il əvvəl Bar Rafaeli ona dünyanın aparıcı dizaynerləri tərəfindən hədiyyə olunmuş geyim və aksessuar əşyalarını müvafiq vergi ödəmədən sistematik satdığına görə bir neçə dəfə İsrail vergi idarəsində dindirilmişdi. Bundan başqa, Rafaeli 2015-ci ildə vergidən 260 min dollar yayındırmaqda şübhəli bilinərək saxlanılmış və 200 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxılmışdı.

    Top-model ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

  • “Oradan donuz qarayarası gəlir” – Bu ölkə Almaniya ilə sərhəddə divar tikməyə başladı

    Yanvarın 28-də Danimarka Afrika mənşəli donuz qarayarası virusunun Krallıqda yayılmasının qarşısını almaq məqsədilə Almaniya ilə sərhəd boyu divar tikməyə başlayıb.

    Median.az Axar.az-a istinadən xəbər verir ki, 70 kilometrlik divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabanların kütləvi ovlanması infeksiya zəncirini qıracaq və Danimarkada Afrika mənşəli donuz qarayarası virusunun yayılması riskini azaldacaq.

    Afrika mənşəli donuz qarayarası virusu insan üçün təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfatına səbəb olur. Yerli jurnalistlər xatırladırlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə minlərlə qaban və donuz məhv edilib. Almaniyada heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti xəstəlikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.

    Danimarka Avropada donuz ətinin əsas ixracatçılarından biridir. Hər il bu ölkənin 5 min fermasında 28 milyon donuz yetişdirilir. 2016-cı ilin statistik məlumatına görə, donuz əti Danimarka ixracatının 5 faizini (ildə 4 milyard avro) təşkil edir.

  • Şirkət ayaqqabının altında “Allah” sözü yazdı, aləm bir-birinə dəydi – FOTO

    “Nike” şirkətinin “Air Max” modeli müsəlmanların qəzəbinə tuş gəlib. Ayaqqabı firmasının onların dini hisslərini təhqir etdiyini düşünürlər.

    Median.az xaricimedia.com-a istinadən xəbər verir ki, qalmaqal ictimai fəal Sayka Norinin açıqlamasından sonra yaranıb. O, idman ayaqqabısında “Allah” yazıldığını iddia edib və aləm bir-birinə dəyib. Norin şirkətin bunu bilərəkdən etdiyini deyir. Onun sözlərinə görə, “Allah” ifadəsi çox aydın oxunur və ayaqqabının altında yazılması birbaşa təhqir etmək məramından xəbər verir.

    Norin artıq petisiya da yaradıb. Bu petisiyada həmin ayaqqabıların dünya bazarına çıxarılmasına etiraz olunur. İndiyə qədər petisiyaya təxminən 6 min adam qoşulub. Norin rəqəmin yüzminləri keçəcəyinə inanır.


    “Nike” ilk dəfə deyil belə qalmaqallarla üzləşir. Keçən il başqa bir məhsula görə şirkəti boykot etmişdilər. Onda “Nike” London kriminal mədəniyyətini təbliğ etməkdə ittiham olunmuşdu.

  • Bekhem ailəsinin 31,5 milyonluq malikanəsi – FOTO

    Devid və Viktoriya Bekhem cütlüyü sosial mediada etdikləri paylaşımlarla Londondakı 31,5 milyon sterlinq dəyəri olan evlərini nümayiş etdirirlər.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, Londonun ən nüfuzlu bölgələrindən biri olan “Holland Park”da yerləşən evdə 6 yataq otağı var.

    Cütlük 19-cu əsrdə inşa edilən evi 2013-cü ildə alsa da, oraya 2016-cı ildə köçüb.

    Viktoriya Bekhem evin 7-ci yataq otağını qarderob otağına çevirib.

    Evin dekorasiyasında daha çox diqqət çəkənlər əntiq vazlar və güzgülərdir.

    Üç mərtəbəli evdə Bekhemın dörd övladının da özünə aid otağı, idman zalı, iş və şərab otağı var.

  • Oğlan qaçırmaq istədiyi qızı iki dəfə əlindən saldı – VİDEO

    Vladiqafqazda qızın qaçırılması zamanı tragikomik hadisə baş verib.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, oğlan ticarət mərkəzinin qarşısında başına kisə keçirdiyi qızı qucağına alır və qaçırmağa çalışır.

    Bu zaman o, pilləkənlərdən büdrəyir və yıxılır. Daha sonra yenidən ayağa qalxan oğlan qızı qucağına götürmək istəsə də, yenidən yıxılır.

    Sonda oğlan qızı avtomobilə əyləşdirə bilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Kanadada çovğun səbəbindən 50 avtomobil toqquşdu

    Kanadanın Kvebek vilayətində yolda zəncirvari qəza baş verib.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, qəzada 50 nəqliyyat vasitəsi iştirak edib.

    İlkin məlumata əsasən, qəzanın səbəbi pis hava şəraiti və güclü çovğun olub.

    Bildirilir ki, hadisə Monrealın yaxınlığında baş verib. Zəncirvari qəza nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri hospitala yerləşdirilib. Zərərçəkmişlər haqqında hələlik dəqiq məlumat yoxdur.

  • Koreya sərhədində 500 kilometrlik “canlı zəncir” qurulacaq

    Aprelin 27-də Koreya yarımadasının demilitarizasiya zonasında 500 kilometrə qədər uzanan insan zənciri təşkil olunacaq. Bu kütləvi aksiyada məqsəd KXDR-lə Cənubi Koreya arasında sülhü təbliğ etməkdir.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Demilitarizasiya zonasında “canlı zəncir” hərəkatının baş qərargahı aksiyaya 500 minə yaxın insanı cəlb etmək niyyətindədir. Hər bir iştirakçı 10 min von (təxminən 10 dollar) ödəməli olacaq”, – deyə aksiya təşkilatçısının bəyanatında deyilir.

    Aksiya Yaponiya əsarətinə qarşı üsyanın 100-ci ildönümünə təsadüf edəcək. Təşkilatçılar artıq polis və təhlükəsizlik xidmətinin razılığını alıb. Plana görə, canlı zəncir İnçxon şəhərində başlayacaq və şərq sahilində yerləşən Koson rayonuna qədər uzanacaq.

  • Tretyakov qalereyasından oğurlanmış rəsm tapıldı

    Rusiya DİN və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə keçirdikləri əməliyyatda Tretyakov qalereyasından Arxip Kuincinin “Ay-Petri. Krım” adlı rəsmini oğurlamaqda şübhəli bilinən şəxsi həbs edib.

    Bu barədə Rusiya DİN nümayəndəsi İrina Volk açıqlama verib.

    Moskva vilayətinin Zareçye qəsəbəsində saxlanılmış şübhəli 31 yaşlı kişidir.

    Onun sözlərinə görə, tablonu Odinsovsk rayonunda tikilməkdə olan binanın ərazisində gizlədib. Həmin yerə gedən polis əməkdaşları rəsm əsərini aşkarlayaraq götürüb. Cinayətkar rəsm əsərini oğurlamaqda maddi məqsədlər güddüyünü bildirib.