Category: Dünya

  • Beynəlxalq axtarışda olan azərbaycanlının arvadı iki övladını öldürdü – VİDEO

    Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı Yelena Kərimovanın övladları dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı öldürməsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə 2018-ci ilin aprelində Nijeqorod vilayətində baş verib.

    Aprelin 26-da Semenovsk rayonunda içərisində iki uşaq cəsədi olan yanmış avtomobil aşkar edilib.

    Məlum olub ki, Y.Kərimova əvvəlcə övladlarını boğub, daha sonra isə izi itirmək üçün avtomobili yandırıb.

    Polis tərəfindən saxlanılan qadın əməlini etiraf edib. O, maddi çətinlik çəkdiyini və cinayəti bu səbəbdən törətdiyini bildirib.

    Bununla yanaşı, məlum olub ki, qadın hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir və cinayətdən bir müddət əvvəl xaricdə istirahət üçün yol vərəqəsi qazanıb.

    Məlumatlarda qeyd edilib ki, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə idarəsinin xüsusi nəzarətindədir.

    Həmçinin, istintaq zamanı müəyyən edilib ki, qadın keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə İslam dinini qəbul edib. Ancaq o, İslam dininin qanunlarına riayət etməyib və öz həyatını davam etdirib. Buna görə də qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib.

    İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, qadın Nijenovqorod şəhərində yaşadığı qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb.

    Yaxın vaxtlarda cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib.

  • Azərbaycanlı Ukrayna prezidenti ola bilər

    Ukraynanın mərkəzi seçki komissiyası 31 mart (2019) prezident seçkiləri üçün daha iki siyasətçini – Aleksandr Şevçenko və əslən azərbaycanlı Roman Nəsirovu namizəd olaraq qeydiyyata alıb.

    Median.Az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, MSK müvafiq qərarı bazar ertəsi keçirilən iclasda qəbul edib.

    Ukrayna Fiskal Xidmətinin keçmiş başçısı müstəqil namizəd olaraq qeydiyyata alınıb. A.Şevçenko isə partiyadaxili ilkin səsvermədə qalib gələrək, “Ukrop” partiyasının rəsmi namizədi kimi irəli sürülüb.

    Qeyd edək ki, əslən azərbaycanlı Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olub. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitutunu “maliyyə” ixtisası üzrə bitirib.

    2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olub. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi var.

    2005-ci ildə ABŞ Cantor Fitzgerald /BGC investisiya bankının London ofisində broker işinə düzəlib. 2008‑ci ildə Ukraynaya qayıdıb və “Concorde Capital”ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edib. 2009-cu ildə “Renaissance” Kiyev filialının rəhbəri əyin olunub.

    2014-cü ildən deputat seçilənə qədər “БТГ Пактуал Комодітіс (Україна)“ MMC-nin direktoru olub.

    2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

    4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilib.

    5 may 2015-ci ildə 67 namizəd arasından Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə seçilib.

  • “Google” 50 milyon avro cərimələndi

    Fransanın İnformasiya Texnologiyaları və İnsan Hüquqları üzrə Milli Komissiyası “Google” şirkətini 50 milyon avro cərimələyib. Buna şirkətin şəxsi məlumatların qorunması ilə bağlı Avropa qanunlarını pozması səbəb olub. Şirkət istifadəçilərə şəxsi məlumatların emalı və istifadəsinə razılıq əldə etmək üçün kifayət qədər məlumat verməyib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Rossiya-24” telekanalı məlumat yayıb.

    Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır. Komissiyadan bildirilib ki, cərimənin məbləğinin bu səviyyəyə çatması şirkətin ciddi qanun pozuntularını hələ də davam etdirməsi ilə əlaqədardır.

    Avropa Birliyinin Ümumi Məlumatların Müdafiəsi Reqlamenti ötən il mayın 25-də qüvvəyə minib.

  • Tanınmış fransız aktyor vəfat edib – FOTO

    Məşhur fransız aktyor Fransua Perro Parisin şəhərkənarında 94 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

    F.Perro 26 fevral 1924-cü ildə Parisdə anadan olub. Öz karyerasına 1951-ci ildə Milli Ümumxalq Teatrında (Théâtre National Populaire) başlayıb.

    Böyük ekranlarda debütünü 1954-cü ildə “Gəzəyən qadınlar” kriminal dramında gerçəkləşdirib. Karyerası ərzində 150-dən çox film və serialda rol alıb.

    Müxtəlif kino və televiziya layihələrində Katrin Denev, Jan-Pol Belmando, Jerar Depardye və digər tanınmış aktyorlarla tərəf müqabili olub. Onun sonuncu aktyor işi 2013-cü ildə böyük ekranlara çıxan “Sahilyanı Orse” bədii filmi olub.


  • Məhkum qadınlar Rusiyada həbsxana əməkdaşlarını döydülər

    Rusiyanın Kamçatka bölgəsində 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı cinayət işi başlanılıb.

    Median.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

    Məlumatlara görə, qarətə görə 18 il müddətinə azadlıqdan məhrum olunan 63 yaşlı qadın həbsxanadakı insidentin təşkilində ittiham edilir.

    Hadisə zamanı məhkum qadınlar taxta dəyənəklərlə və zəncirlərlə müəssisə əməkdaşlarını döyüblər. Hazırda faktla bağlı araşdırma aparılır. Əməlləri sübuta yetirilərsə, insidentdə iştirak edən şəxsləri beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • “Donuz qripi” Gürcüstanda can almağa davam edir

    Gürcüstanda qadına doğum zamanı qeysəriyyə kəsiyi edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Median.Az “Rustavi 2”yə istinadən xəbər verir ki, qadın Kutaisidə (İmereti bölgəsi) tibb mərkəzində H1N1 virusunun və ya “donuz qripi”ndən ağırlaşmasından dünyasını dəyişib.

    Telekanalın verdiyi məlumata görə, 32 yaşlı qadın hamilə olub və xəstəxanada qeysəriyyə əməliyyatı keçirib. Tibb işçiləri gənc ananı xilas edə bilməyiblər. Körpənin vəziyyəti isə qənaətbəxşdir.

    Gürcüstan Səhiyyə Nazirliyinin son rəsmi məlumatlarına əsasən, bu, qış qrip virusunun ağırlaşmasından 19 nəfər dünyasını dəyişib. Bu ana qədər qripə tutulan xəstələrin sayı azalıb və 100 min nəfərə 253 nəfər təşkil edir.

  • Boliviyada futbolçuların olduğu avtobus uçuruma aşıb: 13 ölü

    Boliviyanın cənubunda avtobus 100 metr hündürlükdən uçuruma aşıb, 13 nəfər ölüb, daha 26 nəfər isə yaralanıb.

    Bu haqda yerli “Pagina Siete” nəşri məlumat verib.

    Hadisə bazar günü Tarixa və Potosi şəhərlərini birləşdirən avtomagistralda baş verib. İlkin məlumatlara əsasən, avtobusun uçuruma düşməsinə səbəb əyləc sisteminin işləməməsi ola bilər.

    “Clarin” portalının verdiyi məlumata görə, avtobusda argentinanın “Cicles Club Lavalle” klubunun futbolçuları olub, onlardan dördü olüb, daha yeddi nəfər isə xəsarət alıb.

  • Antarktidada sirli orqanizmlər aşkarlandı

    Alimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

    Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.

    Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər.

    Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.

    Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.

    Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.

    Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər.

  • Aralıq dənizində ŞOK: 117 ölü

    Aralıq dənizi sularında daha bir miqrant yolçuluğu çoxsaylı ölümlə nəticələnib.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, Liviya sahillərində 120 miqrantı daşıyan gəminin batması nəticəsində 2 körpə və bir hamilə qadın olmaqla, 117 adam boğulub.

    Yalnız 3 nəfəri xilas etmək mümkün olub.

    Qeyd edək ki, ötən il Aralıq dənizində gəmi faciələrində 2 min 262 miqrant boğulub.

  • İran “Polad Ələmdar”ı terrorçuluqda ittiham etdi – FOTO

    Münbiçdə bir restoranda meydana gələn partlayışı Tükiyənin üzərinə yıxmağa çalışan PKK ağlasığmaz cəhdlər edərkən, İran da bu komediyaya dəstək verib.

    Median.Az xəbər verir ki, Münbiçdə ABŞ əsgərlərinin keçidi zamanı bir restoranda partlayış baş vermiş, PKK-lıların nəzarətində olan bu bölgədə yaşanmış hadisədə məsuliyyət Türkiyənin üzərinə atılmağa çalışılmışdı.

    Saxta propaqanda ilə məşğul olan terrorçular “Qurdlar vadisi” serialının qəhrəmanı “Polad Ələmdar”ı partlayışın səbəbkarı olaraq göstərməyə çalışıb. İran dövlət yayım orqanı olan “Press TV” isə bu iddiaları gerçək kimi xəbərə çevirib.

    İran rəsmi xəbər agentliyi “Qurdlar vadisi” serialının baş qəhrəmanı “Polad Ələmdar”ın rolunu canlandıran aktyor Necati Şaşmaz Türkiyə Milli Təhlükəsizlik Təşkilatının agenti kimi təqdim edilib və saxta məlumat doğru xəbər kimi paylaşıb.