Category: Dünya

  • Kolumbiya məktəbində terror: 21 ölü – VİDEO

    Kolumbiyanın Boqota şəhərinin polis məktəbində baş vermiş partlayış nəticəsində 21 nəfər həyatını itirib, 87 nəfər yaralanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Heraldo” xəbər portalı məlumat yayıb.

    Məlumata əsasən, içi partlayıcı ilə dolu yolsuzluq avtomobili səhər saatlarında məktəbin nəzarət-buraxılış məntəqəsini sürətlə keçərək, binanın qarşısında partlayıb.

    Kolumbiya hüquq-mühafizə orqanları intihar partlayışını həyata keçirən şəxsin 56 yaşlı Xose Aldemar Roxas olduğunu müəyyən edib. Onun bu əməlinin motivləri hələlik məlum deyil.

    Hazırda aidiyyəti qurumlar onun “Kolumbiya İnqilab Ordusu” və “Milli Azadlıq Ordusu” qruplaşmasının üzvü olub-olmadığını araşdırır.

    Hələlik qurbanların yalnız dördü müəyyən edilib. Onlardan üçü Ekvador vətəndaşı olan şagirdlərdir.

    İnsidentlə əlaqədar Kolumbiyada üç günlük matəm elan edilib.

  • İŞİD Rusiyadakı partlayışa görə məsuliyyəti üzərinə götürdü

    İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında və avtobusda baş verən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

    Median.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı terrorçuların gündəlik qəzeti olan “Al Naba” məlumat yayıb.

    Məlumatda terror aktının təfərrüatı açıqlanmayıb. İŞİD döyüşçüləri uzun müddət məlumatı gizlətmələrinə səbəb kimi partlayışı törədənlərin təhlükəsizliyindən qorxduqlarını göstəriblər.

    Rusiya İstintaq Komitəsi aparılan araşdırma zamanı terror aktı versiyasını təkzib etmişdi. Onlar hadisə zamanı partlayıcı izlərinin aşkar olunmadığını bildiriblər.

    Xatırladaq ki, yanvarın 2-də Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində 37 nəfər ölüb.

  • Azərbaycan dünya nəhənglərini geridə qoydu

    2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb.

    Median.az xəbər verir ki, reytinq “Numbeo” portalı tərəfindən hazırlanıb.

    118 ölkənin adının yer aldığı reytinqin zirvəsində Qətər yer alıb. 13.26 cinayət indeksinə sahib olan Qətər siyahıda Yaponiya və BƏƏ kimi ölkələri qabaqlayıb.

    Dünyanın ən təhlükəli ölkəsi kimi isə Venesuela seçilib.

    Ölkəmiz siyahının 27-ci pilləsində qərarlaşıb. Bu nəticə ilə Portuqaliya, İspaniya, Almaniya, İsrail, İtaliya, Fransa, Rusiya və ABŞ kimi ölkələr reytinqdə Azərbaycandan aşağı pillələrdə qərarlaşıb.

  • Qüdsdə son 4 ildə ilk dəfə qar yağıb

    İsrailin Qüds şəhərində son dörd ildə ilk dəfə qar yağıb.

    Median.az Trend-ə istinadən bildirir ki, bölgədə -2 dərəcə şaxta da qeydə alınıb.

    Qeyd olunur ki, sonuncu dəfə Qüdsdə qar 2015-ci ildə yağmışdı.

    Təbiət hadisəsini seyr etmək məqsədilə 17-18 yanvar tarixlərində regiondakı bütün hotellərdə yerlərin bron olunduğu deyilir.
    Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • İki azərbaycanlı “donuz qripi”nə yoluxub

    Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

    Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

    Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

  • Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq

    ABŞ Müdafiə Nazirliyi ölkədə yaşamaq hüququ əldə etmiş “green card” sahiblərinin və xaricdə qohumları olanların yoxlanılması planını işləyib hazırlayır.

    Bu barədə yanvarın 16-da “The Washington Post” qəzeti nazirliyin nümayəndələrinə və iş sənədlərinə istinadən məlumat yayıb.

    Yeni qaydalar 15 fevral tarixindən gec olmayaraq qüvvəyə minəcək və minlərlə insana şamil ediləcək. Bu qaydalar təkcə əcnəbilərə deyil, həmçinin, digər ölkə vətəndaşları ilə ailə quran amerikalılara və ikili vətəndaşlığa malik qohumları olan amerikalılara da tətbiq ediləcək.

    “Bu cür tədbirlərin görülməsinin başlıca səbəblərindən biri əks-kəşfiyyat və terror təhlükəsi ilə bağlı olan zərurətdən irəli gəlir”, – deyə Pentaqonun sənədlərindən birində qeyd edilir.

    Qeyd edilir ki, yoxlanış zamanı ölkəyə yeni təşrif buyuranlar hərbi hazırlıq proqramlarından kənarlaşdırılacaqlar.

    Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp “green card” lotereyası ilə ölkəyə gələn insanların öz cəmiyyətlərinin ən pis nümayəndələri olduğunu söyləmişdi.//oxu.az

  • Batumidə güclü külək fəsadlar törədib – FOTO

    Şəhərdə güclü külək, dəniz kənarında isə beş ballıq fırtına qeydə alınıb.

    Median.Az-ın “Sputnik Georgia”ya istinadən məlumatına görə, şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, güclü külək dənizkənarı şəhər olan Batumidə (Acariya) bir neçə yaşayış binasının damını uçurub.

    Külək ictimai nəqliyyat dayanacaqlarına, yol nişanlarına və reklam bannerlərinə zərər vurub. Dəniz kənarında fırtınanın gücü isə 5 bala çatıb.

    Batumidə beşmərtəbəli binanın damının uçması təhlükəsindən Şavşeti küçəsi bağlanıb. Həmin ərazi polis nəzarəti altındadır. Həmçinin, Puşkin küçəsində də külək çoxmərtəbəli binanın pəncərələrini sındırıb.

    Xaxuli küçəsində iki nəfər həyət evinin damından yıxılıb. Onlar yüngül xəsarət alıblar və təcili yardım briqadası onları klinikaya çatdırıb.

    Pis hava şəraiti Dmanisi (Kvemo Kartli bölgəsi) şəhərində də problemlər yaradıb, güclü külək evlərin damını uçurub.

    Hazırda yerli orqanlar güclü küləyin vurduğu zərəri müəyyənləşdirirlər. Zədələnmiş evlərin təmiri ilə yerli rayon rəhbərlikləri məşğul olacaq.



  • Məhəmməd Əlinin adı aeroporta veriləcək

    2016-cı ildə 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin adı ABŞ-dakı aeroportlardan birinə veriləcək.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, aeroport Əlinin doğulduğu Kentukki şəhərində yerləşir.

    Şəhər rəhbərliyinin keçirdiyi mətbuat konfrasında bildirilib ki, ABŞ-ın ən böyük şəhəri sayılan Kentukki aeroportunun “Luisvill Məhəmməd Əli Beynəlxalq Hava Limanı” adlandırılmasına qərar verilib.

    Əfsanəvi boksçunun həyat yoldaşı Lonni Əli verdiyi açıqlamada deyib ki, Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç vaxt doğulduğu yeri unutmayıb.

    Qeyd edək ki, bu gün Məhəmməd Əlinin doğum günüdür. Yaşasaydı, əfsanəvi boksçunun 77 yaşı olacaqdı.

  • Dünyada ilk robotlaşdırılmış hotel əməkdaşlarının yarısını “işdən qovdu”

    Yaponiyanın Sasebo bölgəsində yerləşən “Henn-na Hotel” hotelinin rəhbərliyi bəzi robotların fəaliyyətini dayandırmaq qərarına gəlib.

    Median.Az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, onların öz öhdəliklərini yaxşı yerinə yetirə bilmədiyi məlum olub.

    Bildirilib ki, müxtəlif göstərişlər yerinə yetirən robotların yarısının fəaliyyətinə son qoyulub.

    Məlum olub ki, maşınlar canlı personalın işini yüngülləşdirmək əvəzinə, onlara mane olur. Qeyd edilib ki, ixtisarlara qədər hoteldə 243 robot işləyirmiş.

    Misal üçün, bəzən robotlar qonaqların yuxuda xoruldamasını çağırış kimi qəbul və onları oyadaraq, nə istədiklərini soruşurlar.

    Hotel yenidən canlı personalı işə götürməyə hazırlaşır.

    Xatırladaq ki, “Henn-na Hotel” 2015-ci ildə ilk robotlaşdırılmış hotel adını qazanıb və Ginnesin Rekordlar kitabına düşüb.

  • Gürcüstanda matəm elan olunub

    Yanvarın 17-də Gürcüstanda matəm günü elan olunub.

    Median.Az xəbər verir ki, baş nazir Mamuka Baxtadzenin imzaladığı sərəncama əsasən bu gün Gürcüstanda və xarici ölkələrdəki səfirliklərdə dövlət bayrağı endiriləcək.

    Qeyd edək ki, dünən Tbilisidə yaşayış binasında partlayış olub. Hadisə nəticəsində dörd nəfər ölüb, altısı uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.

    Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.