Category: Dünya

  • Balidə turistlərdən vergi tutulacaq

    Yaxın gələcəkdə İndoneziyanın Bali adasına istirahətə gəlmiş turistlər 10 dollar vergi ödəməli olacaq.

    Median.Az xəbər verir ki, bu haqda “Straitstimes.com” məlumat yayıb.

    İndoneziya hökuməti bu yolla yığılan pulları ətraf mühitin və mədəni irsin mühafizəsi ilə bağlı proqramların maliyyələşdirilməsinə yönəltmək fikrindədir.

    Müvafiq qanun layihəsi artıq yerli parlamentin baxılmasına çıxarılacaq.

    Hələlik ödəniş forması sual altında qalır: vergilər ya turistlərin aldığı biletlərdən çıxılacaq, ya da onlardan bu məbləğ aeroporta və dəniz limanlarına daxil olan zaman alınacaq.

    Qeyd edək ki, vergi ancaq xarici turistlərə şamil olunacaq. Bali adasına başlıca olaraq Çin və Avstraliya vətəndaşları baş çəkir.

  • “Facebook”u rekord məbləğdə cərimə gözləyir

    ABŞ hökuməti istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı razılaşmanı pozduğuna görə, “Facebook”un rekord məbləğdə cərimə etməyi planlaşdırır.

    Median.Az xəbər verir ki, bu haqda “The Washington Post” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

    Mənbənin məlumatına görə, ABŞ Federal ticarət komissiyasının “Facebook”a qarşı tətbiq edəcəyi maliyyə sanksiyasının məbləği, 2012-ci ildə “Google” şirkətinə edilən cərimədən (22,5 milyon dollar) dəfələrlə çox ola bilər.

  • Məşhur aktyorun nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib – FOTO

    Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.

    Median.az report-a istinadən bildirir ki, bu barədə Manhetten dairəsinin prokuroru Sayrus Vens məlumat yayıb.

    Bildirilir ki, 33 yaşlı qatil alkoqollu içkinin və narkotik maddənin təsiri altında 33 yaşlı dostu İ Dina Haynsı Vaşinqton-Haytsda qətlə yetirib. Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ilin 7 mayında Davenportu qətldə təqsirkar bilib.

    İş üzrə ifadə verən şahidlər bildiriblər ki, Davenport İ Dina Haynsa hücum edib və ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Daha əvvəl Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.

  • Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı

    Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin polis zabitlərini zorlamada ittiham edən qadın polis əməkdaşı ilə bağlı apardığı xidməti araşdırma başa çatıb.

    Median.az xəbər verir ki, araşdırma həmin qadının polis zabitlərinə böhtan atdığını müəyyən edib.

    Məlum olub ki, iki qadın polis əməkdaşı xidməti otaqda üç nəfər polis zabiti ilə spirtli içki məclisində iştirak edib. Sonra qadınlardan biri kişi həmkarları tərəfindən zorlandığını iddia edərək müvafiq qurumlara müraciət edib.

    Hadisə 2018-ci ilin 31 oktyabr tarixində baş verib. İddialara əsasən, zorlama hadisəsi zamanı otaqda bir qadın olub. O biri qadın məclisi erkən tərk edib.

    Araşdırmanın nəticələri əsasında qəbul edilən qərara görə, iki qadın polis əməkdaşı daxili işlər orqanlarından qovulub.

    Xatırladaq ki, zorlandığını iddia edən qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır.

  • Rusiyada azərbaycanlıya məxsus mağaza partlayıb

    Rusiya Federasiyasının Saratov vilayətinin Krasnoarmeyskiy şəhərində azərbaycanlı iş adamı Paşayev Sərvana məxsus mağaza partlayaraq tamamilə yanıb.

    Median.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

    Hadisə axşam saatlarında satıcının mağazanı bağlayaraq tərk etdiyi zaman olub. Xırdavat və ərzaq mallarında ibarət mağazanın hansı səbəbdən partlayaraq alışması hələlik məlum deyil. Hadisə nəticəsində satıcı xəsarət alıb, mağaza sahibinə isə təxminən 30 min ABŞ dolları dəyərində ziyan dəyib.

  • Robert Koçaryanın həbs müddəti uzadılıb

    Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

    Median.az TASS-a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

    “Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, – deyə vəkil vurğulayıb.

    Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.

  • Almaniyada ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

    Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklərlə ərəblər arasında kütləvi dava olub.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

    Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib.

    Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürüb və geri qayıdıb.

    Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə, tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

    Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib.

  • Türkiyəli iş adamından pişiyə qarşı vəhşilik – VİDEO

    Türkiyənin İstanbul şəhərinin Bahçelievlər rayonunda iş adamı Hakan G.-nin evində pişiyi vəhşicəsinə döyməsinin görüntüləri sosial şəbəkədə yayımlanıb.

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, video iş adamının mobil telefonu vasitəsilə lentə alınıb.

    Görüntülərdə Hakanın çubuqla pişiyi döyməsi əks olunub. Bir müddət sonra pişik kişinin əlindən qaçaraq, pəncərədən tullanmaq istəsə də, buna nail olmayıb.

    Hadisəyə iş adamının pişiyi çağırması zamanı heyvanın onun yanına gəlməməsi səbəb olub.

    İş adamı video yayıldıqdan sonra polis tərəfindən saxlanılıb.

  • Rusiyada iki qırıcı toqquşdu

    Rusiyada iki Su-34 qırıcısı toqquşub.

    Bununla bağlı TASS agentliyi regiondakı güc strukturlarına istinadən xəbər yayıb.

    Məlumatlara görə, Uzaq Şərqdə baş verən qəza zamanı qırıcılar dəniz istiqamətində uçurmuş. Pilotlar katapult edə bilib. Ancaq onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.

    İlkin ehtimallara görə, hadisə zamanı qırıcılar Xarabrovsk və Saxalin arasındakı Tatar boğazında suya düşüb.

  • ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı – VİDEO

    ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb.

    Median.Az-ın “WSOC-TV”yə istinadən məlumatına görə, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib.

    Hazırda şübhəli şəxsin axtarışları davam edir.

    Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

    Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

    E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

    Araşdırmalar davam edir.
    //oxu.az