Category: Dünya

  • Tbilisidə binada güclü partlayış: ölənlər var – VİDEO

    Tbilisidə yaşayış binasında güclü partlayış olub.

    Median.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partlayışa səbəb kimi qaz sızması göstərilir.

    Binada pəncərələrin şüşələri sınıb, yanğın davam edir.

    Bildirilir ki, hadisə nəticəsində iki nəfər ölüb.

    Yerli medianın yazdığına görə, binanın altıncı mərtəbəsində baş verən partlayışdan sonra bir neçə mərtəbə uçub.

    Hadisə yerində xilasedicilər çalışır. Dağıntılar altında insanların qala biləcəyi istisna olunmur.

  • Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

    Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib.

    Median.az Azertaca istinadən xəbər verir ki, Batumidə qasırğa yaşayış binalarının damlarını, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıb. Kökündən qopmuş ağaclar evlərə, ictimai iaşə obyektlərinə və avtomobillərə ciddi ziyan vurub.

    İki nəfər güclü külək səbəbindən evlərinin pəncərəsindən yıxılıb. Onlardan birinin vəziyyəti ağırdır.

    Polis təhlükə sovuşana qədər şəhər daxilində bəzi yolları bağlayıb.

    Qara dənizdə 5 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

    Dəniz sahillərində qırmızı fənərlər yandırılıb.

    Əlverişsiz hava şəraiti Gürcüstanın Kvemo Kartli bölgəsində də ciddi problemlər yaradıb.

    Dmanisi rayonunda 5 yaşayış evinin damı uçub. İctimai iaşə obyektlərinə də ciddi ziyan dəyib.

    Gürcüstanın fövqəladə hallar xidmətinə dağıntılarla bağlı 40-dan çox müraciət daxil olub.

  • Bu türk ölkəsində rus dilinin ləğvi təklif edildi

    Qırğızıstan müxalifəti rus dilinin rəsmi statusunun ləğvini təklif edib.

    Median.az Kult.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın eks-prokuroru Əzimbəy Bəynəzərov deyib.

    “Rus dili bizə lazımdır. Rus dili beynəlxalq əlaqə dili, qırğız dili isə dövlət dili olmalıdır”, – deyə o bildirib.

    Qeyd edək ki, rus dilinə Qırğızıstanda rəsmi status 2000-ci illərin əvvəllərində verilib.

  • Dünyanın ən gözəl qadınları bu ölkələrdə yaşayır – Siyahı

    Beynəlxalq gözəllik müsabiqələrinin nəticələrinə əsasən ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı açıqlanıb.

    Median.az xəbər verir ki, birinci yerə Venesuela layiq görülüb. Ölkənin birinci yerə çıxmasına Mariem Velaskonun “Miss İnternational”da qalib olması, eləcə də “Miss Kainat”, “Miss Vörld”, “Supranational”da Venesuela nümayəndələrinin uğurlu çıxışları səbəb olub.

    İkinci yerə ötən il “Kainat gözəli” seçilmiş Katrion Qreyin təmsilçisi olduğu Filippin çıxıb. Üçüncü yerdə isə Mərkəzi Amerika ölkəsi olan Meksika qərarlaşıb. CAR və Vyetnam müvafiq olaraq 4-cü və 5-ci yerləri tutub.

    Onluğa ABŞ, Tailand, Puerto-Riko, Kolumbiya və İndoneziya da daxil olub.

  • Geyiminə görə parlamentdən qovuldu – QIRĞIZISTANDA (VIDEO)

    Qırğızıstan parlamentində xarici görünüşü ilə diqqət çəkən agentlik məmuru deputatların tənqidi ilə üzləşib.

    Median.az “RİA Novoti”yə istinadən xəbər verir ki, ilkin peşə təhsili agentliyinin əməkdaşı Talantbek Tınısov “Joqorku Keneş”ə (Qırğızıstanın Milli Məclisi) adi kofta və pencəkdə gəlib. Bunu görən spiker Mirlan Bakirov “Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var. Bu nə deməkdir? Aparat hara baxır? Bura bazardır?”, – deyə əsəbiləşib.

    Tınısov isə əynindəkinin cemper olduğunu və rəhbərlik xəstələndiyi üçün onu əvəz etdiyini bildirib. Bununla belə agentlik əməkdaşını siyahıda adı olmadığını əsas gətirərək məclisdən qovublar.

  • Putinə qarşı sui-qəsdin qarşısı alınıb

    Serbiyada Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan 21 yaşlı ekstremist saxlanılıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə Serbiyanın “Pravda” nəşri məlumat yayıb.

    Qeyd edək ki, Putin yanvarın 17-də Belqrada səfər edəcək.

    Polisdən bildiriblər ki, şübhəli şəxs Armin Alibaşiç Novi-Pazar şəhərindən kənarda Potok qəsəbəsində tutulub.

    Onun üzərində optik nişangahla snayperin olduğu çanta hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib.

    A.Alibaşiçin evində aparılan axtarış tədbirləri nəticəsində silah arsenalı, o cümlədən kustar üsulla bombanın hazırlanması üçün kimyəvi maddələr və detonator elementləri aşkarlanıb. Bundan əlavə gəncin evində İŞİD bayrağı və təşkilatın kitabları tapılıb.

    Araşdırma zamanı məlum olub ki, Alibaşiç Rusiya liderinin Belqrada səfəri zamanı aksiya keçirməyi planlaşdırıbmış. Qeyd edilir ki, “Putin Rusiyanın İŞİD-ə müharibə elan etməsinə görə hədəf seçilib”.

  • Konqoda eboladan 400 nəfər ölüb

    2018-ci ilin iyulundan etibarən Konqo Demokratik Respublikasında ebola virusundan ölənlərin sayı 400 nəfəri keçib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi öz “Twitter” səhifəsində məlumat verib.

    “15 yanvar 2019-cu il üçün olan vəziyyət belədir: cəmi 658 virusa yoluxma halı qeydə alınıb, bunlardan 609-u təsdiq edilib, 49-u isə ehtimal olunur. 402 nəfər dünyasını dəyişib, 237 nəfər sağalıb”, – deyə məlumatda bildirilir.

    200 “şübhəli” hal araşdırılır. 15 yanvar tarixi ərzində doqquz yeni yoluxma və altı ölüm halı qeydə alınıb. Avqustun 8-dən etibarən 60460 nəfər peyvənd olunub.

    Ebola insanlara vəhşi heyvanlardan keçir və daha sonra insanlar arasında yayılır. Xəstəliyin ilkin əlamətləri qəfil qızdırma, əzələ, baş və boğaz ağrılarıdır. Sonra ürək bulanması, diareya, səpki, böyrəklərin və qaraciyərin funksiyalarının pozulması, bəzi hallarda isə daxili və xarici qanaxmalar müşahidə olunur.

    Ebola artıq onuncu dəfədir ki Konqoda baş qaldırır. 28 iyul 2018-ci ildə Şimali Kifu əyalətinin səhiyyə orqanları Manqina rayonunda şübhəli xəstəlik və ölümlərin olması haqqında ölkə Səhiyyə Nazirliyinə məlumat verib. Sonrakı araşıdırmalar nəticəsində bunun ebola virusu olması təsdiq edilib.

  • MMA döyüşçüsü bankın filialını dağıtdı – VİDEO

    MMA döyüşçüsü Cəbrayıl Duzayev Moskva banklarının birinin filialına gələrək avadanlığı sındırıb.

    Median.Az xəbər verir ki, rusiyalı idmançı məlum olmayan səbəblər üzündən bankomatları və divarları dağıdıb.

    Bildirilir ki, C. Duzayev bank filialının binasını anlaqsız vəziyyətdə tərk edib.

    Qeyd edək ki, C. Duzayev keçirdiyi üç döyüşdə bir qələbə qazanıb. Sonuncu dəfə o, oktaqona 2016-cı ildə çıxıb.

  • Ankara-İstanbul yolu BAĞLANDI

    Yanvarın 15-də axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.

    Median.az xəbər verir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.

    Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

    Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.

  • Güclü qar İranı iflic etdi – FOTO

    İranda son 48 saat ərzində yağan güclü qar bir sıra regionlarda yolların və məktəblərin bağlanmasına səbəb olub.

    Median.az Axar.az-a istinadən xəbər verir ki, İranın Xuzistan, Qərbi və Şərqi Azərbaycan, İsfahan, Küdistan, Simnan, Mazandaran regionlarına yağan güclü qar əhali üçün böyük problemlər yaradıb. Bu regionların yolları və məktəblər, səhiyyə müəssisələri fəaliyyətlərini dayandırıb.

    İranın Yardım və Xilasetmə Təşkilatını sədri Murtaza Səlimi mətbuata verdiyi açıqlamasında qeyd edib ki, bir çox kəndlərin yolları bağlanıb və onların rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda xilasetmə tədbirləri həyata keçirilir və yollar qardan təmizlənir. Onun sözlərinə görə, qarın altında qalan 300 yaxın avtomobil sürücüsü ilə birlikdə xilas edilib. Çovğun həyata keçirilən tədbirlərə mane olur. Buna baxmayaraq, xilasetmə işləri davam edir.