Category: Dünya

  • Qonşu ölkədə vəziyyət ağırlaşır: qriplə mübarizəyə 4 milyon dollar sərf edilir

    Gürcüstanda mövsümi qripin kəskinləşməsinə qarşı mübarizə hökumətə, təxminən, 10 milyon lariyə (3,7 mln. dollardan çox) başa gələcək.

    Median.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

    Onun sözlərinə görə, “Tamiflu” dərman preparatının əhaliyə ödənişsiz verilməsi üçün əlavə olaraq 1 milyon lari xərclənəcək: “Vaksinasiyaya isə, təxminən, 700 min lari vəsait sərf ediləcək”.

    Nazir deyib ki, son iki həftə ərzində ölkədə qripə yoluxma hallarında azalma qeydə alınıb: “Azalma tendensiyası müşahidə olunsa da, biz səylərimizi davam etdiririk. Bəzi xəstəxanaların 24 saatlıq iş rejiminə keçməsi yoluxma hallarının azalmasına böyük təsir edib”.

    Qeyd edək ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

  • Ötən il 11 erməni əsgəri intihar edib

    Ötən il Ermənistanda 63 hərbi qulluqçu ölüb.

    Median.Az erməni KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, ölənlərdən 27-si müddətli hərbi qulluqçu, 23-ü müqaviləli hərbçi, iki gizir və 11 zabit olub.

    Ölüm hallardan 38-i hərbi xidmətlə bağlı olub: yeddisi düşmən tərəfindən öldürülüb, on biri intihar edib, ikisi silahla davranma qaydalarının pozulması, üçü xəstəlik səbəbindən ölüb, bir əsgər minada partlayıb, bir nəfər öldürülüb, üç hərbçi bədbəxt hadisə nəticəsində, altısı yol qəzası zamanı, ikisi döyüş xidmətinin qaydalarının pozulması nəticəsində, ikisi isə təyyarə qəzasında ölüb.

    Ölüm hallarından 25-i xidmətdən kənar vəziyyətdə baş verib: 11 hərbçi yol qəzasında, 10 nəfər xəstəlikdən, dördü isə bədbəxt hadisə zamanı ölüb.

  • Gürcüstanda “donuz qripi”ndən daha iki nəfər ölüb

    Gürcüstanda daha iki nəfər A qrip virusunun növü olan H1N1 “donuz qripi”ndən dünyasını dəyişib.

    Median.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri 10 aylıq uşaqdır.

    Bu artıq laboratoriya tərəfindən təsdiq edilən 16-cı ölüm halıdır.

    Gürcüstan Səhiyyə nazirliyindən jurnalistlərə açıqlama verilərkən bildirilib ki, uşaq həmçinin qızılca xəstəsi olub.

    İkinci ölən şəxs isə Qori şəhərindən olan 48 yaşlı kişi olub. O, laboratoriya tərəfindən təhlükəli virusdan öldüyü təsdiq edilən 17-ci adam olub.

    Nazirlikdən əlavə ediblər ki, ümumən epidemiyanın miqyası azalmağa doğru gedir.

    Rəsmi məlumatlara görə, hazırda Gürcüstanda donuz qripinə xəstələrinin sayı 9 min nəfərdir ki, onlardan da 42-nin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.

  • ABŞ-da azərbaycanlı güllələndi – FOTO/VİDEO

    ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərinin qərbində mobil telefon dükanının sahibi öz dükanında ölü tapılıb. Qatil hələ ki saxlanılmayıb.

    Median.Az “fox46charlotte”a istinadən xəbər verir ki, yaxınlıqda yerləşən bərbər dükanının işçiləri meyiti aşkar etdikdən sonra polisə xəbər veriblər və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı Elçin Xəlilovun təxminən saat 11:00 radələrində öldürüldüyünü müəyyən ediblər.

    Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

    Qeyd edək ki, əslən azərbaycanlı olan E.Xəlilov N.Sharon Amity Rd., 3100 ünvanında yerləşən dükanın sahibi olub.

    “O, yerdə uzanmışdı, qanı axırdı, mən qışqırdım və ağlayaraq “yardım edin” deyib köməyə çağırdım”, – deyə şəxsiyyətini açıqlamaq istəməyən bir qadın deyib.

    O, dostu olan dükan sahibini qapının ağzında yerdə uzanmış halda tapıb.

    Cinayətkarın mağazanı qarət etdiyi bildirilib.




  • Çinli qadın kişilərin səsini eşitmir

    Çində çox maraqlı hadisə yaşanıb.

    Median.Az xəbər verir ki, Çen adlı qadın bir gün kişilərin səsini eşitmədiyini başa düşüb.

    Həkimə baş çəkən qadın bunun nadir rast gəlinən bir xəstəlik olduğunu öyrənib.

    Həkim Lin Siaoqin “onunla danışanda, məni eşidə bilirdi, lakin gənc bir kişi xəstə otağa girəndə, onu duya bilmirdi” deyib.

    Xəstəlik səbəbindən Çen aşağı tezlikli səsləri eşitməməyə başlayıb.

    Bu xəstəliyə 13 min nəfərdən biri tutulur. Belə insanlar 2000 hersdən aşağı tezlikləri eşidə bilmirlər. Belə vəziyyət onlara təhlükə yaradır, çünki təkcə kişilərin deyil, səssiz çalışan avtomobilin yaxınlaşdığını da eşidə bilmirlər.

    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada eşitmə problemi olan 466 milyondan çox insan var.

  • Komada olan qadın dünyaya uşaq gətirdi

    Amerikada 10 ildir ki, komada olan 29 yaşlı qadın xəstə uşaq dünyaya gətirdikdən sonra xəstəxanın bütün kişi personalından qan DNT nümunəsi götürülüb.

    Median.az “Sputnik”ə istinadən xəbər verir ki, Feniks əyalətində Hakienda tibb müəssisəsində meydana gələn təcavüz faktı ilə bağlı polis istintaqa başlayıb. İstintaq çərçivəsində müəssisədə işləyən bütün kişilərin DNT-si istənilib.

    Tibb Müəssisənin internet saytında şikayətlər arasında 2013-cü ildə yazılmış bir şərh diqqəti çəkib. İşləyənlərdən birinin 4 xəstə ilə bağlı cinsi şərhləri müəyyən edildikdən sonra həmin şəxs işdən azad edilib. Həmin əməkdaşla bağlı istintaq işi davam etdirilir. Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib. Xəstəxana isə tibbi olaraq müdafiəsiz olan xəstələrlə bağlı təhlükəsizliyi artırdığını bildirib.

  • Timsah onu yemləyən alim qadını diri-diri yedi – FOTO

    İndoneziyanın “CV Yosiki” laboratoriyasında dəhşətli hadisə baş verib.

    Median.az ölkə.az-a istinadən xəbər verir ki, heyvanları yemləyən qadını timsah hovuza sürükləyərək yeyib. 44 yaşlı Dizi Tuvo adlı alim qadın yemlədiyi timsah tərəfindən diri-diri yeyilərək ölüb.

    Hadisə Şimali Sulavesidə baş verib. Timsah qadını hovuza salmaq üçün iki metrlik divara dirmaşıb. Laboratoriyanın əməkdaşları Tuvonun imdadına çata bilməyiblər. 4 metr uzunluğu olan timsahın ağzında isə qadının parçaları olub. Hər gün təzə toyuq, ət və balıqla yemlənən timsahın bu günə qədər heç kəsə hücum etmədiyi məlum olub. Xilasedicilər meyitin parçalarını timsahın ağzından qurtarmaq üçün xeyli əziyyət çəkiblər. Sonra isə Merri adlı timsah iynə ilə uyuşdurulub və laboratoriyaya aparılıb.

  • Bu ölkədə arıq qadınla evlənənə dövlət maddi yardım ayırır – Maraqlı adətlər

    Hər bir ölkənin özünəməxsus evlənmə adətləri var.

    Median.az ölkə.az-a istinadən dünya dövlətlərinin özünəxas həyat yoldaşı seçmə şərtlərini oxucularına təqdim edir.

    Monqolustan

    Monqolustanda gözəllik anlayışına görə qadın bir az kök olmalıdır. Bu isə arıq qadınların bəyənilməməsinə səbəb olur. Bu səbəbdən dövlət arıq qadınla evlənən kişilərə maddi dəstək verir. Ölkənin bəzi regionlarında isə kişi üçün başlıq pulu da verilir.


    Avstraliya

    Avstraliyada kişilərin sayı azdır. Böyük şəhərlərdə bir kişiyə 5 qadın düşür. Bəzi qadınlar ər tapa bilmək üçün ucqarlara üz tutsalar da, əsasən uğursuzluqla üzləşirlər. Avstraliyalı qadınlar xaricdən kişilərin ölkələrinə gəlməsini istəyirlər. Bəzən isə Avstraliyada başqa ölkələrdən gələn kişilərə tətil hədiyyəsi də verilir.

    İslandiya

    İslandiyada da kişilərin sayı çox azdır. Qadınlar ər tapa bilmədikləri üçün evlənə bilmirlər. Dövlət problemin həllini miqrasiyada görür. Bu yaxınlarda isə islandiyalı qadınla evlənən hər miqranta beş min dollar veriləcəyi barədə xəbər çıxdı. Bundan sonra isə bir çox miqrant kişi İslandiyaya axın etdi. Bundan sonra isə İslandiya hökuməti xəbəri yalanladı. Bundan başqa İslandiyada uşaq sahibi olan cütlüklərin çoxusu evli deyil.


    Tayland

    Taylandda transseksual kişilər çox olduğu üçün qadınlar ər tapa bilmirlər. Bu səbəbdən bir çox qadın əri başqa ölkələrdə axtarır.


    Rusiya

    Rus kişilərinin həddən artıq spirtli içkiyə meylli olması cinsi həyatlarına çox mənfi təsir edir. Bu vəziyyət rus qadınların partnyor tapmaqda çətinliklə üzləşməsinə və çarəni başqa ölkələrdə işləməklə tapmasına səbəb olur. Boşanmaların getdikcə artdığı Rusiyada qadınların ölkəyə kənardan gələn kişilərlə nikaha girməsi halları isə artıb.


    Yaponiya

    Yaponiyada kişilər evlənməyə çox meylli olmadıqları üçün qadınlara ər tapmaq çətinləşib. Bir çox qadın müxtəlif internet saytlarında ər kirayəyə götürür. Dövlət evlənmə nisbətinin aşağı olması səbəbindən doğuşların da azaldığı üçün maddi evlənmə təşviqləri həyata keçirir.


    İtaliya

    İtaliyada da evlənənlərin sayı azdır. Bu da doğuş sayına mənfi təsir edir. Dövlət kişiləri evlənməyə sövq etmək üçün maddi dəstək də verir.

    Birləşmiş Ərəb Əmirlikləri

    Birləşmiş Ərəb Əmirliklərində ağır şəriət qaydaları səbəbindən evlənməyən qadınlar evlilik faizinin aşağı olmasına səbəb olur. Dövlət ərə getməyən qadınlarla evlənmək üçün kişilərə 12 min manat maddi yardım edir. Bundan başqa, BƏƏ-də bir kişinin bir neçə qadınla evlənməsi də normal sayılır.

  • Gürcüstanda 10 aylıq körpə “donuz qripi”ndən ölüb

    Gürcüstanda A (H1N1) virusundan 10 aylıq körpə ölüb.

    Median.az report-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl bölgələrdən birində qeydə alınıb.

    Uşaqda qızılca xəstəliyinin olması onun vəziyyətini daha da ağırlaşdırıb.

    Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 16 nəfərə çatıb.

  • 25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

    Almaniyanın Güterslo şəhərində velosiped oğurluğunda ittiham olunan azərbaycanlı gənc saxlanılıb.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, polisin gəldiyi ilkin qənaətə görə, gənc və onun əlaltıları ən azı 51 dəfə oğurluq törədiblər. Cinayətkarlar əsasən bahalı velosiped markalarını, o cümlədən mauntinbaykları (dağ velosipedləri) oğurlayıblar ki, sonuncular adi velosipedlərdən daha bahadır.

    Oğrular daha çox məktəblərin ətrafında fəaliyyət göstəriblər. Oğurlanmış velosipedləri başqa rəngə boyayıb gizli yollarla satıblar. Müəyyən vaxtdan sonra cinayətkarlar o qədər cəsarətləniblər ki, oğurluq velosipedləri “eBay” internet saytında satışa çıxarmağa başlayıblar. Velosipedlərdən birinin sahibi öz nəqliyyat vasitəsini tanıyıb və bundan sonra polis cinayətkarların izinə düşə bilib.

    Tezliklə hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlını, onun ailəsini və yaxın ətrafını izləməyə başlayıb. Dəstənin başçısı həbs edilib, çoxsaylı axtarışlar keçirilib və onların nəticəsində xeyli sayda velosiped aşkarlanıb. Mənbəyə görə, 2018-ci ilin iyul ayından dekabra qədər ən azı 51 velosiped oğurlanıb ki, bunların da ümumi dəyəri təxminən 34 min avroya bərabərdir.

    Elə zərərçəkmişlər də var ki, onların velosipedləri qısa müddət ərzində iki dəfə oğurlanıb. Almaniya nəşri Anton adlı 13 yaşlı yeniyetmədən yazır və qeyd edir ki, bir ay ərzində onun iki bahalı velosipedi oğurlanıb. Bu hadisələrdən sonra valideynləri ona ucuz və işlənmiş velosiped alıblar ki, oğurluq halı təkrarlanmasın.

    Almaniyada velosiped oğurluğu kifayət qədər yayılmış cinayət növüdür. Virtualaz.org 2017-ci ildə Almaniyanın Qall şəhərində velosiped oğurluğu ilə məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə yazmışdı. Həmin dəstənin də başında azərbaycanlı şəxs dururdu. Bu dəstə bir neçə il ərzində yüzlərlə velosiped oğurlaya bilmişdi. Dəstənin 26 üzvü arasında Ermənistanın, Rusiyanın, Qazaxıstanın, İraqın, Almaniyanın, Bosniya və Herseqovinanın və digər ölkələrin vətəndaşları vardı.