Category: Dünya

  • Ermənistanda valideynlər övladlarının hərbi xidmətə getməsinə etiraz edir

    Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.

    AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənirlər. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.

    Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.

  • Minlərlə tarakan və çəyirtkə Məkkəyə hücum etdi – Dövlət qurumları HƏRƏKƏTƏ KEÇDİ – VİDEO

    Müsəlmanların müqəddəs məkanı olan Kəbənin də yerləşdiyi Məscidi-Harama həşəratlar hücum edib.

    Minlərlə çəyirtkə və tarakan qısa müddətdə şəhərin bir çox nöqtəsinə yayılıb.

    Məkkə bələdiyyəsi Həcc və Ümrə ziyarətində olanların təhlükəsizliyi və rahatlığı üçün həmin bölgəyə təmizlik işçilərini göndərib. Böcəklərin çoxluğu şəhər sakinləri il yanaşı, mütəxəssisləri də təəccübləndirib.//publika.az

  • Ukraynada soyuqdan ölənlərin sayı 64-ə çatdı

    Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilir.

    Nazirlik qeyd edir ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.

  • Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub

    Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub.

    Bu barədə “Report”un Gürcüstan bürosuna qəsəbə sakinləri məlumat veriblər.

    Onlar bildiriblər ki, oğurluq ötən aylarda da törədilib və son günlər daha da artıb. Bir neçə avtomobil isə bir gecədə eyni qaydada qarət olunub. Soyğunçular gecə saatlarında maşınların şüşələrini sındıraraq, nəqliyyat vasitələrində olan mobil telefon, pul, siqaret və digər xırda əşyaları oğurlayıblar.

    Qarət olunmuş maşınların əksər sahibləri taksi fəaliyyəti ilə məşğul olur.

    Qəsəbə sakinləri bildirib ki, polisə oğurluq faktları barədə məlumat verilib və istintaq tədbirləri həyata keçirilir. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.

    Cırtdaxanda yaşayan sakinlər soyğunçuların tezliklə saxlanılması və qəsəbədə avtombillərdən oğurluq edilməsinin qarşısının alınması üçün küçələrdə müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.

  • Türkmənistanda ölkə prezidentinin portretləri dəyişdirildi – FOTO

    Türkmənistanda xəstəxanalar, məktəblər və dövlət qurumlarının ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun saçlarının ağarmış təsvir olunduğu portretini almağa məcbur edilir.

    Median.Az xəbər verir ki, bu haqda Türkmənistan KİV məlumat yayıb.

    Qeyd olunan qurum və müəssisələrdə prezidentin saçları qaradır. Ancaq hazırda Türkmənistan liderinin saçlarına kənarlardan “dən düşüb”.

    Nəşrin məlumatına görə, xəstəxana, məktəb və dövlət qurumlarının əməkdaşları prezidentin yeni portretlərini beş manatdan almağa başlayıb. Köhnə şəkilləri isə nisbətən ucuz qiymətə – dörd manata satılır.

  • Putin ağlayan uşağı belə sakitləşdirdi – VİDEO

    Rusiya prezidenti Vladimir Putin Petropavlovsk qalasında xalq gəzintisi məqsədilə getdiyi Peterburqda ağlayan uşağı sakitləşdirmək üçün avtomobilini tərk edib.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, balaca qız prezidentlə şəkil çəkdirə bilmədiyi üçün ağlayıb.

    Bunu görən Putin avtomobildən düşərək, onu sakitləşdirib və foto çəkdirib. Videonu “Komsomolskaya pravda” nəşrinin jurnalisti Dmitri Smirnov “Twitter” hesabında paylaşıb.

  • İranın keçmiş prezidenti ermənilərlə birlikdə Miladı qeyd etdi – FOTO

    İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejad ölkənin erməni icması ilə birlikdə Milad bayramını qeyd edib.

    Median.Az bildirir ki, bu haqda o, özünün “Twitter” hesabında yazıb.

    “Bu gün İranın erməni icması Miladı bayram edir. Mən onlarla birlikdə bu bayramda iştirak edərək bir çox yaxşı insanla görüşdüm”, – M.Əhmədinejad yazıb.


  • Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar

    Ermənistan İrandan təbii qaz idxalı imkanları ilə bağlı müzakirələri davam etdirir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.

    “İran qazının idxalı həmişə gündəmdədir. Biz konkret və faydalı həll variantı tapılanadək bu məsələni müzakirə edəcəyik”, – deyə o vurğulayıb.

    Paşinyan onu da əlavə edib ki, Yerevan Rusiya tərəfi ilə qazın qiymətinə dair danışıqları davam etdirir.

    Qeyd edək ki, “Qazprom” şirkəti Ermənistana satılan qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək qaldırıb.

  • Putin topdan atəş açdı – VİDEO

    Rusiya prezidenti Vladimir Putin Petropavlovsk qalasında xalq gəzintisi zamanı topdan atəş açıb.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, Rusiya lideri ilə yanaşı, tanınmış rusiyalı inşaatçı Vladimir Bendet də D-30 topundan atəş açıb.

    Prezident Bendeti ad günü münasibətilə təbrik edib və ona qələm hədiyyə edib.

    Daha sonra Putin Suvorov hərbi məktəbinin yetirmələri ilə görüşüb.

  • Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi – YENİLƏNİB + VİDEO

    Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

    1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Balt 214” adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb.

    Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır.

    Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.




    * * * * *

    Türkiyənin Samsun bölgəsində batan gəmidən yeddi nəfər xilas edilib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlardan dördü xəstəxanaya yerləşdirilib.

    İki nəfərin öldüyü qəzada göyərtədə olan iki nəfərin axtarışları davam edir.






    * * * * *

    Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb.

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə altı nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib.

    Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir.

    Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib.