Category: Dünya

  • Qabonda hərbi çevriliş oldu – VİDEO

    Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hərbçilər dövlət radio yayımı stansiyasını ələ keçirib və yaxın vaxtlarda Milli Restavrasiya Şurasının yaradılacağını açıqlayıb.

    Bildirilib ki, hərbçilər səhər saatlarında yayım şurasının ofisinə gəlib və radio efiri zamanı leytenant Ondo Obianq Kelli ordunun bəyanatını səsləndirib.

    Qeyd edilib ki, hərbçilər ölkə prezidenti Ali Bonqonun 31 dekabr bəyanatından qəzəbləniblər.

    Xatırladaq ki, Qabon prezidenti Ali Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda insult keçirən Ali Bonqonun Mərakeşdəki xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilib.

  • Rusiyada saxta içkilər hazırlayan azərbaycanlı tutuldu

    Rusiyanın Yekaterinburq şəhərində Vostaniya küçəsində yerləşən avtomobil qarajında 10 min şüşədən çox saxta aksiz markalı spirtli içkinin saxlanıldığı anbar aşkarlanıb.

    Median.Az “Oblastnaya qazeta”ya istinadən xəbər verir ki, qarajın sahibi 1981-ci il təvəllüdlü azərbaycanlıdır.

    O, əraziyə “Daewoo Nexia” markalı avtomobillə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

    Rusiya DİN-nin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıxın sözlərinə görə, Əhmədov soyadlı 37 yaşlı kişi anbardar olduğunu bildirib.

    Aşkarlanmış spirtli içkilər müsadirə edilib, onların Ural Federal dairəsi üzrə Spirtli içkilərin satışının tənzimlənməsi idarəsinin ekspertizasına təhvil veriləcəyi qeyd olunur.

  • İstanbulda qar həyatı iflic etdi

    İstanbulda yağan güclü qar həyatı iflic edib.

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, güclü qar səbəbindən bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

    Məlumata görə, İstanbulun Atatürk aeroportundan Sinop, Antalya, Qaziantep, Saloniki, Kişinyov, Xarkov, Odessa, Belqrad, Sofiya, Malta istiqamətində olan reyslər ləğv edilib.

    Bundan başqa, bir çox məktəblər tətilə buraxılıb, yollarda nəqliyyatın hərəkəti iflic olub.

  • Şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil – AÇIQLAMA

    Bütün ümumtəhsil məktəbləri, liseylərdə şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil.

    Bunu Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, cəmiyyətdə belə fikir yaranıb ki, bütün məktəblərdə qiymətləndirmə eyni səviyyədə aparılmalıdır:

    “Bu, düzgün yanaşma deyil. Məsələn, bir kənddə məktəbəhazırlıq qrupuna getməyən şagirdlə şəhərin mərkəzində hazırlıq qruplarında təhsil alan, evində internet varsa, ailəsi təhsilli olan, bütün imkanları olan məktəbdə oxuyan şagirdin səviyyəsi fərqli olacaq.

    Eləcə də, anası ali təhsilli olanların orta nəticəsi anası ali təhsilli olmayandan daha yaxşıdır. Təbii ki, burada istisnalar da var. Məktəbəqədər hazırlığa gedən uşağın nəticəsi məktəbəqədər hazırlığa getməyən uşağın orta nəticəsindən həmişə daha yaxşı olur”.

    Nazirlik rəsmisi qeyd edib ki, müxtəlif fənlər üzrə nəticələrdə fərq ola bilər:

    “Təmayüllü liseylə adi məktəbdə təhsil alan şagirdlərin imtahanı fərqli olmalıdır. Summativ qiymətləndirmə ilə bağlı qaydalarda göstərilir ki, qiymətləndirmə sualları ümumi sinfin böyük əksəriyyətinin cavab verəcəyi səviyyədə olmalıdır”.

    Şöbə müdiri əlavə edib ki, yeni qaydalar məktəblərdə şagird və müəllimlərə hazırkı vəziyyətdə çətinlik yaratmayacaq.//oxu.az

  • Ukraynalı boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü

    Ukrayna Dövlət Mühafizə İdarəsinin əməkdaşı qətlə yetirilib.

    Median.Az Strana.ua saytına istinadən xəbər verir ki, hadisə yanvarın 2-də axşam saatlarında Kiyevin mərkəzində baş verib.

    Dövlət Mühafizə İdarəsinin əməkdaşı yaşayış kompleksinin həyətində iki itlə gəzişən kişi ilə mübahisə edib. O, gözlənilmədən həmin kişi tərəfindən çənəsindən güclü zərbə alıb və yıxılıb.

    Dövlət Mühafizə İdarəsinin 26 yaşlı əməkdaşı Vasili Xmelyuk hadisə yerində ölüb. Məlum olub ki, o, ölkənin birinci şəxslərinin mühafizəçisi imiş.

    Mühafizəçini qətlə yetirən şəxsin isə ağır çəki dərəcəsində çıxış edən boksçu Pyotr Oçeretyanı olduğu müəyyən edilib. O, on ildən çoxdur Ukrayna Peşəkar Boks Liqasını təmsil edir.

    Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən P. Oçeretyanı artıq polisə təslim olub.

  • Türkiyədə azərbaycanlı damarlarını kəsib özünü eyvandan atdı – VİDEO

    Türkiyənin Yalova şəhərində 30 yaşlı azərbaycanlı intihar edib.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı H.H. qaldığı hotelin vanna otağında güzgünü sındıraraq damarlarını kəsib, ardınca eyvana çıxaraq özünü atıb.

    Ağır yaralanan H.H. qaldırıldığı xəstəxanada həyatını itirib.

    Hadisə şəhərin Cümhuriyyət prospektində yerləşən hotelin üçüncü mərtəbəsində qeydə alınıb.

    Hotelin altındakı dönərçinin qabağına düşən H.H.-yə ətrafdakı vətəndaşlar kömək etməyə çalışıb. O, Yalova Dövlət Xəstəxanasına aparılsa da, gec olub.

    Polis hadisə yerində araşdırmaya başlayıb.

  • Türkmənistan prezidenti oğlunu vəzifədən uzaqlaşdırdı

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar yanvarın 2-dən etibarən xarici işlər nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. O, hazırda Axal vilayətinin sədrinin müavini vəzifəsini icra edir.

    Median.Az TDH saytına istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan prezidenti sərəncam imzalayıb.

    Axal vilayəti keçmiş Aşqabad vilayətidir, onun mərkəzi əvvəllər Aşqabad şəhəri olub, daha sonra isə Annauya köçürülüb.

    Q.Berdiməhəmmədovun noyabrda açıqladığı plana görə, bu vilayətdə Aşqabaddan geri qalmayan yeni inzibati mərkəz inşa ediləcək.

    Qeyd edək ki, S.Berdiməhəmmədov 1981-ci ildə doğulub. Qurbanqulu Berdiməhəmmədovun Sərdardan başqa, üç qızı və dörd nəvəsi var.

  • Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi – VİDEO

    İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

    Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.

    Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.

    Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, “Qoy duysun hamı… Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”, – deyə selfi edərək paylaşıb.

    Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

    Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.

    Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.

  • Rusiyada partlayış nəticəsində ölənlərin sayı 18-ə çatdı – VİDEO

    Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

    Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib.

    Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

    Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

  • İranlılar Yeni ili belə qarşıladılar – FOTO/VİDEO

    İranlı turistlərin sevimli səyahət məkanlarından olan Türkiyənin Van bölgəsi bu il də maraqlı anlara səhnə olub.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iranlılar kirayələdikləri gecə klubunda Yeni ili qarşılayıblar.

    Vanda “Böyük Urartu” hotelində farsca mahnılar oxuyaraq bayramı qarşılayan iranlı turistlər rəqsləri ilə gecəyə rəng qatıblar.