Category: Dünya

  • Ukraynada deputat və politoloq canlı efirdə dalaşdılar – VİDEO

    Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk və siyasi elmlər doktoru Aleksandr Semçenko “NewsOne” telekanalının canlı efirində dalaşıblar.

    Median.Az xəbər verir ki, əvvəlcə Mosikçuk Semçenkonu “rusiyalı təbliğatçı” adlandırıb.

    Qarşı tərəf isə deputata psixiatra getməyi məsləhət görüb.

    Bundan sonra Mosikçuk hücuma keçib. Bu zaman politoloq deputatı yerə sərib.

    Mübahisə sakitləşdikdən sonra aparıcı Semçenkodan efiri tərk etməsini istəyib. O, studiyanı tərk edən zaman Mosiyçuk ona tərəf qaçıb və politoloqun kürəyindən zərbə endirib.

  • Telman İsmayılov məşhur müğənnini girov saxlayıb – İSTİNTAQ

    Məşhur müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı araşdırma yekunlaşıb.

    Median.Az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi müğənninin Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ona kömək etmiş iki fiqurant – Zaur Mərdanov və Vladimir Qusakov tərəfindən təşkil olunduğunu açıqlayıb.

    Qurumun məlumatına əsasən, İsmayılov 2004-cü ilin yanvar ayında Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına gətirib. Sonradan onu ikinci mərtəbədə yerləşən öz kabinetinə çağırıb, “digər şəxslərlə birlikdə zor gücünə otaqda saxlayıb, ona fiziki xəsarətlər yetirilib”.

    “Daha sonra İsmayılov Avraam Russodan bütün konsertlərini ləğv emtəyi və onun şərtləri əsasında estrada fəaliyyəti aparması üçün müqavilə bağlamasını tələb edib”, – deyə qurumun məlumatında deyilir.

    Ardınca yuxarıda qeyd olunan iki fiqurant “zərərçəkəni zor gücünə avtomobilin arxa oturacağına əyləşdirib” İsmayılovun Moskvanın şəhərkənarındakı evinə aparıblar. Russo tələblərlə razılaşana qədər İsmayılovun evində bir neçə gün saxlanılıb.

    Qurumun məlumatına görə, bunu sübut edən kifayət qədər dəlil toplanaraq, Baş Prokurorluğa göndərilib. Digər iştirakçılara qarşı ayrıca təhqiqat aparılır. Təqsirləndirilən şəxslər, o cümlədən T. İsmayılovun beynəlxalq axtarışı davam etdirilir.

  • Qəddafinin oğlu Putindən kömək istədi

    2011-ci ildə devrilmiş Liviya prezidenti Müəmmar Qəddafinın oğlu Rusiyadan siyasi dəstək istəyib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Bloomberg” agentliyi məlumat yayıb.

    Bir müddət əvvəl amnistiyaya düşərək, həbsdən çıxan 46 yaşlı Saif əl-İslam dekabrın əvvəlində nümayəndəsini Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşə göndərib. Nümayəndə əl-İslamın məktubunu Boqdanov vasitəsilə Rusiya prezidenti Vladimir Putinə çatdırmalı idi.

    Nəşr yazıb ki, məktubda Putini salamlayan əl-İslam ondan siyasi fəaliyyət üçün dəstək xahiş edib. Bundan əvvəl Qəddafinin oğlu Rusiya hökumətinin üzvləri ilə videogörüntü vasitəsilə danışıb. Mənbənin məlumatına görə, o, 2019-cu ildə ölkədə baş tutacaq prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.

  • Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi – VİDEO

    Rusiyanın paytaxtı Moskvada boks gecəsi keçirilib.

    “Krılya Sovetov” Universal İdman Kompleksində baş tutmuş görüşdə Azərbaycanın iki peşəkar boksçusu mübarizə aparıb.

    Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Musayev Rusiyanın Barnaul şəhərindən olan erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib. Səkkiz raundluq görüşdə Hidayət hakimlərin yekdil qərarına əsasən təcrübəli rəqibi üzərində qalib elan edilib.

    Bu, Həştərxan doğumlu idmançımızın peşəkar rinqdə keçirdiyi dördüncü matçda dördüncü qələbəsi olub.

    Qeyd edək ki, Mingəçevirin “Kür” İdman Klubunun üzvü Hidayət Musayev bu ilin yanvarında keçirilmiş Azərbaycan çempionatının qalibidir.

    Digər azərbaycanlı idmançı Kənan Hüseynəliyev (-60 kq) də filippinli rəqibini xal hesabına məğlub edib.
    //oxu.az

  • Paşinyanın “başını kəsdilər” – FOTO

    Ermənistanda naməlum şəxslər ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolundakı addımlayan heykəlinin başını kəsiblər.

    Median.Az xəbər verir ki, bu haqda “Novosti-Armeniya” məlumat yayıb.

    Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən heykəlin başsız qaldığını görmək olur.

    Xatırladaq ki, dekabrın əvvəlində “Mənim addımım” adlandırılan və Nikol Paşinyanın Gümrüdən yürüşünü simvolizə edən hekyəlin ayağının bir hissəsi oğurlanmışdı.

  • Sunami konsert zamanı musiqiçiləri yuyub apardı – VİDEO

    İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarla tamaşaçıları yuyub aparıb.

    Son məlumatlara görə, təbii fəlakət zamanı 280-dan çox insan ölüb.

    “Channel New Asia” nəşri “Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb.

    Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.

  • Stounhencin sirri açıldı

    Arxeoloqlar yaşı 4,6 min ilə qədər olan silindrşəkilli qədim daşların təyinatını müəyyən edə bilib. Məlum olub ki, müasir İngiltərənin şimalında yaşayan qəbilələr meqalitik tikililərin, o cümlədən Stounhencin inşası zamanı ondan ölçü aləti olaraq istifadə ediblər.

    Median.Az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri məlumat yayıb.

    Qəliz yivləri olan silindrlər 1889-cu ildə Neolit dövrünə aid uşaq məzarında aşkarlanıb və müntəzəm tədqiqatların obyektinə çevrilib. Ancaq yalnız indi alimlər bu artefaktların hansı məqsədlərlə tətbiq olunduğunu müəyyən edə bilib.

    Alimlər hər bir silindrin ətraf uzunluğunu ölçüb və məlum olub ki, böyük silindri yeddi dəfə kəndirlə doladıqda, ölçülmüş uzunluq 3,22 metrə bərabər olur. Orta ölçülü silindri səkkiz, ən kiçik ölçülü silindri isə 10 dəfə doladıqda həmin ölçü əldə olunur.

    Arxeoloqların sözlərinə görə, Stounhenc trilitlərinin yaradılması zamanı məhz bu ölçü vasitəsindən istifadə olunub. Qədim insanlar lazımi ölçünü müəyyən etmək üçün, folkton silindrlərinin ətrafına kəndir dolayırdı. Bu texnologiya qədim insanlara tikinti zamanı eyni hündürlükdə olan daş parçalarından istifadə etməyə imkan verib.

    Buna qədər Stounhencin qədim insanlar tərəfindən “gözəyarı” – hər hansı ölçü cihazından istifadə olunmadan inşa olunduğu güman edilirdi.

  • Alimlər QİÇS-ə qalib gəlməyin yolunu tapdı

    Fransanın Paster İnstitutunun alimləri VİÇ infeksiyası ilə yoluxmuş hüceyrələrin metabolik aktivlik inhibitorlarının köməyi ilə məhv edilməsi yolunu tapıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, müasir təbabətdə VİÇ-lə mübarizə ömürlük müalicə tələb edir.

    Belə ki, antiretrovirus terapiya virusu öldürmür, sadəcə, infeksiyanı bloklayır. Nəticədə, qeyri-aktiv formalı virus şərti olaraq “rezervuar” kimi qələmə verilən hüceyrələrdə, o cümlədən CD3+ T-limfosit hüceyrələrdə qalır.

    Fransalı alimlər müəyyən edib ki, virus bu hüceyrələrin metabolik fəallığı ilə əlaqədar olaraq, daha dəqiq desək, onların qlükoza qəbul etməsi ucbatından yayılır.

    “Tədqiqatçılar metabolik aktivlik inhibitorlarından istifadə etməklə, infeksiyaya uğramış “ex vivo” (orqanizmdən kənarda təcrid olunmuş mühitdə yetişdirilib) hüceyrələrini məhv etməyə nail olub”, – deyə pres-relizdə qeyd olunur.

  • Erməni həkim narkoz altında olan xəstələri zorlayırmış

    Rusiyada narkozun təsiri altında olan xəstələri zorlamaqda ittiham olunan həkim həbs edilib.

    Milliyyətcə erməni olan Armen Oqanesyan barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Bildirilir ki, ayrı-ayrı vaxtlarda üç qadın pasiyent əməliyyatdan sonra köməksiz vəziyyətdə olarkən anestizioloq-reanimatoloq tərəfindən zorlanıb.

    Qeyd edək ki, 1997, 2001 və 2002-ci il təvəllüdlü qadınları zorlamaqda ittiham olunan 58 yaşlı Oqanesyan öz günahını etiraf etməyib.

  • Ermənistanda etiraz aksiyası: nazirlik əməkdaşları ayağa qalxdı

    Ermənistanda Mədəniyyət Nazirliyinin əməkdaşları tətilə başlayıblar.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda onlar nazirliyin binası önündə etiraz aksiyası keçirirlər.

    İşçilərin etirazına səbəb Nikol Paşinyan hökumətinin nazirliyi ləğv etmə qərarı olub. Qərara əsasən, Mədəniyyət Nazirliyinin bir hissəsi Təhsil Nazirliyinə, ikinci hissəsi isə Şəhər Planlaşdırma Komitəsinə birləşdiriləcək.

    “Bu gündən biz tətilə başlayırıq. Əgər baş nazir bizimlə görüşə gəlməsə, biz onunla görüşə gedəcəyik”, – etirazçılar bildiriblər.

    Xatırladaq ki, islahatlar nəticəsində Ermənistanda beş nazirliyin ləğv edilməsi planlaşdırılır.