Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Kerç boğazındakı insidentdən sonra əsir götürülmüş ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Median.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Kerç boğazındakı insidentdən sonra mən hər iki tərəflə – əvvəlcə Putinlə, sonra isə Poroşenko ilə telefonla və daha sonra Argentinada (G-20 sammitində) danışdım. Putindən dənizçiləri azad etməsini xahiş etdim. Hadisələrin necə cərəyan edəcəyini gözləyək və ümid edək ki, hər şey xoş qarşılanacaq. Bildiyim qədər, hazırda hadisənin araşdırılması prosesi gedir və ondan sonra yekun qərar veriləcək. Biz bu cür məsələlərdə yalnız xahiş edə bilərik, ondan irəliyə gedə bilmərik”, – deyə Ərdoğan jurnalistlərə bildirib.
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla telefon danışığının səs yazısı internetdə yayılıb. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun həbsini və mümkün sonucları müzakirə edirlər. Vanetsyan bildirib ki, Xaçaturovun mümkün həbsi ruslarla münasibətləri gərginləşdirə bilər.
Median.Az Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə danışıqların detallarını diqqətinizə çatdırır.
Vanetsyan həmin gün bir neçə dəfə Paşinyana zəng edib. Zənglərdən birində Nikol Paşinyan iclasda olduğunu bildirib. Daha sonra Vanetsyan Paşinyana deyib ki, Xaçaturovun həbsi ruslara pis təsir edib, onları qıcıqlandırıb.
“Rusiyanın kəşfiyyatı (daha sonra Vanetsyan aydınlaşdırıb ki, söhbət Xarici Kəşfiyyat İdarəsindən gedir – red.) ilə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri yanıma gəlmişdilər. Onlar deyirdilər ki, biz bunu etməyək. Deyirlər ki, heç olmasa KTMT rəhbəri vəzifəsindən çıxarın, sonra həbs edin”, – Vanetsyan bildirib.
Paşinyan soruşur: “Birdən getsə və daha qayıtmasa?” Vanetsyan cavab verir ki, onu heç yerə buraxmaq olmaz.
Paşinyan və Vanetsyan arasında baş tutan bu qısa danışıqdan bir sıra vacib məqamları vurğulamaq olar.
SAM-ın direktoru Fərhad Məmmədovun sözlərinə görə, bu, KTMT-nin sabiq rəhbəri ilə bağlı internetdə yayımlanan ikinci səs yazısıdır.
“Vanetsyanın dediyi kimi, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu səs yazısının kimlər tərəfindən və necə yayıldığını araşdıra bilməyib. Nəinki sifarişçiləri, hətta onu internetə yerləşdirən şəxsləri tapmaq mümkün olmayıb. Ermənistan MTX yalnız dinləmənin İspaniyadan aparıldığını müəyyən edə bilib”, – müsahibimiz bildirib.
Məmmədovun fikrincə, Yerevanda araşdırmalar gedən zaman Ermənistan baş naziri Nikol Paşinyanın səs yazısı internetdə yayımlanıb.
“Bu danışıqdan dəqiq başa düşmək olar ki, Moskva həbslərlə bağlı narazılığını Yerevana çatdırıb. Bu, ondan xəbər verir ki, Ermənistanda məhkəmə sistemi icra hakimiyyətinin tabeliyindədir. Və Paşinyanın Ermənistanda demokratik, hüquqi dövlətin inkişaf etdiyini deməsinə baxmayaraq, bu məsələ əksini sübut edir”, – o deyib.
Müsahibimiz əlavə edib ki, bu gün Ermənistanda Serj Sarqsyanın prezidentlik dövründə baş verənlər təkrarlanır. Ermənistanda bir nəfərin avtoritar rejimi olub və hazırda da fəaliyyət göstərir.
“Daha bir vacib məqamlardan biri bu danışığın yayımlandığı dövrlə bağlıdır. Ermənistanda parlament seçkilərinə bir neçə gün qalmış və Paşinyanın Rusiyaya səfəri günü səs yazısı yayılıb. Məlumdur ki, o, Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, KTMT dövlət başçılarının dekabrın 6-na planlaşdırılan sammitinin vaxtı erməni tərəfinin xahişi ilə dəyişdirilib”, – Məmmədov qeyd edib.
Onun sözlərinə görə, gözləmək olardı ki, Paşinyan seçkilərə üç gün qalmış KTMT baş katibliyi ilə bağlı razılığa gəlinməməsinin onun gələcəkdəki siyasi taleyinə mənfi təsir edəcəyini başa düşürdü.
“Sonra bütün bunlar da təkzib olunub. Xatırladım ki, dünən Ermənistanda ilk dəfə parlament debatı keçirilib. Orada Respublika Partiyasının nümayəndəsi bəyan etdi: “Hər şey o həddə gəldi çıxdı ki, Ermənistan siyasətinin səviyyəsi Nikol Paşinyanın müxtəlif ölkələrdəki qurumlarının mətbuat xidmətləri ilə danışığı ilə ölçülməyə başladı”, – Məmmədov qeyd edib.
SAM direktoru əlavə edib ki, Paşinyan hələ də dövlət idarəçiliyində ona tapşırılan rolu başa düşmür.
İranın Çabahar şəhərində polis bölməsinin yaxınlığında avtomobilin partladılması nəticəsində üç nəfər ölüb, 19 nəfər yaralanıb.
Median.Az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
İSNA xəbər agentliyinə danışan bir yüksək rütbəli məmur bildirib ki, hadisəni terrorçu kamikadze törədib. Bildirilir ki, ərazidə atışma sədaları hələ də davam edir.
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni qanunsuz silah saxlamada şübhəli bilinib.
Median.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ötən gecə Marqvelaşvilinin qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tbilisidə saxlanılıb.
Ümumilikdə Tbilisi polisi qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıb. Qeyd edilir ki, saxlanma zamanı şübhəlilər üzərilərindəki silahları eyvandan atıblar.
Məlumatlara görə, saxlanılan şəxslər qaldıqları evi altı ay müddətinə kirayəyə götürüb.
Xatırladaq ki, Qoqoçurinin diqqət mərkəzinə düşməsi ilk dəfə deyil. İyulda o, bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, 2017-ci ilin yanvarında isə güllə yarası alıb.
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ölkənin 5-ci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.
Dünyada ən çox pul qazanan “YouTube” bloqerinin adı açıqlanıb.
Uşaq oyuncaqları barədə icmallarla tanınan “Ryan Toys Review” kanalının müəllifi 7 yaşlı oğlandır.
“Forbes”in videohostinqin ən varlı nümayəndələrinin yer aldığı reytinqində birinci olan Rayan 2017-ci ilin 1 iyun tarixindən 2018-ci ilin 1 uyun tarixinədək 22 milyon dollar qazanıb.
“Ryan Toys Review” kanalına 17 milyon nəfər abunədir.//oxu.az
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Nadım şəhərində silahlı insident zamanı qətl törədən iki şəxsdən birini yaxalayıb.
Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Yaralılar şəhər xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini dərhal müəyyən ediblər. Hər iki şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Məlumatlara görə, şübhəlilərdən biri artıq həbs edilib.
Ona qarşı qətl və ikidən çox şəxsə qarşı sui-qəsd maddələri ilə cinayət işi açılıb. Hadisənin təfərrüatı araşdırılır. İkinci şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir.
“Prestupnaya Rossiya” portalı isə Nadımdakı insidentin Azərbaycandan olan avtoritetlər arasında baş verdiyini açıqlayıb. Öldürülən şəxs mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Aqşin Həsənov, yaralılar isə qardaşlar Yalçın və Mais Məmmədovdur.
Berlində keçirilən Alman İslam Konfransının iştirakçılarına qəlyanaltı qismində donuz ətindən kolbasa təqdim olunub.
Median.Az Die Welt nəşrinə istinadən xəbər verir ki, konfrans iştirakçılarının bəziləri bunu müsəlmanlara hörmətsizlik kimi qəbul ediblər.
“Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz ətini yeməyən müsəlmanlara bir qədər hörmətlə yanaşmaq da olardı”, – deyə konfransda olan jurnalistlərdən “Twiter”də yazıb.
Konfrans iştirakçılarına 13 növ qəlyanaltı təqdim olunub. Donuz kolbasası siyahıda olmayıb.
Almaniya Daxili İşlər Nazirliyi konfrans iştirakçılarından üzr istəyib.
Gürcüstan parlamenti sonuncu, üçüncü oxunuşda marixuanadan istifadə barədə qanunu qəbul edib.
Median.Az xəbərinə görə, bu barədə “Qruziya Online” məlumat yayıb.
Qeyd edilir ki, marixuanadan istifadəyə yalnız şəxsi məkanda icazə verilir (yəni evdə).
İctimai yerlərdə və nəqliyyatda, təhsil müəssislərində marixuanadan istifadəyə görə 800 laridən 2000 lariyədək (500 -1260 manat – red.) cərimə tətbiqi nəzərdə tutulub.
ABŞ prezidenti Donald Trampın şəxsi təyyarəsi Nyu-Yorkun La-Quardiya aeroportunda laynerlə toqquşaraq zədələnib.
Median.Az xəbər verir ki, bununla bağlı “Associated Press” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələrinin “1 nömrəli” təyyarəsindən deyil, “The Trump Organization” şirkətinə məxsus “Boeing 757” laynerindən gedir. Tramp prezident olduqdan sonra bu təyyarədən istifadə etməyib.
Toqquşma zamanı Trampın təyyarəsi parkinq vəziyyətində olub.
Qeyd edək ki, ABŞ prezidenti bu təyyarəni 2011-ci ildə 100 milyon dollara alıb.
“Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.
Bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.
MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.
Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib.
Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.