Category: Dünya

  • Əfqanıstanda helikopter qəzası: 25 nəfər öldü – YENİLƏNİB

    Əfqanıstanda helikopter qəzası zamanı ölənlərin sayı 25-ə çatıb.

    Median.Az “Pajvak” agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında Farax əyalət şurasının rəhbəri də var.

    Hadisə yerinə xilasetmə və həkim briqadası göndərilib.

    * * * * *

    Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması zamanı aralarında məmurların da olduğu 20 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Tolo Newsсо” yerli ordu nümayəndələrinə istinadən məlumat yayıb.

    Silahlı Qüvvələrin nümayəndəsi Nacibulla Nacibi deyib ki, qəza zamanı sağ qalan yoxdur.

    Məlumatlara görə, helikopter bu gün səhər saatlarında Anar-Dara şəhərində qəzaya uğrayıb. Hadisə zamanı helikopterdə 20 nəfər olub. Onlar arasında hərbi məmurlar və əyalət şurasının üzvlərinin də var idi.

    Hadisənin səbəbləri məlum deyil.

  • Qəddafinin hesabından milyardlarla avro yoxa çıxdı

    Belçika banklarından öldürülən Liviya lideri Müəmmar Qəddafinin hesabından külli miqdarda pul yoxa çıxıb.

    Bununla bağlı RTBF telekanalı məlumat yayıb.

    Qəddafinin hesabı 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə dondurulub. “BNP Paribas Fortis”, ING, KBC, “Euroclear Bank” banklarından ümumilikdə 14 milyard avrodan çox pul yoxa çıxıb.

    Məlumatlara görə, son 8 ildə naməlum şəxslər tərəfindən bu hesaba 3-5 milyard avro pul köçürülüb. Ehtimal edilir ki, pullar Liviyadakı qruplaşmanın hesabına köçülürüb. Araşdırma aparılır.

  • İstanbulda dünyanın ən böyük hava limanı açıldı

    Bu gün İstanbulda dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, mərasimdə hava limanında sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün texniki imkanların tətbiq olunduğu bildirilib.

    Qeyd olunub ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə qoyulub. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

    İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

  • Tanınmış jurnalist intihar etdi

    NTV telekanalının jurnalisti Nikita Razvozjayev bu gün səhər saatlarında Moskvada ölü tapılıb.

    Median.Az bununla bağlı TASS agentliyinə istinadən xəbər verib.

    “Çox kədərli hadisə olub. Həmkarımız Nikita Razvozjayev özünəqəsd edib. Biz Nikitanın yaxınlarına başsağılığı veririk. Bu ailənin faciəsidir”, – telekanalın mətbuat xidmətindən bildirilib.

    1993-cü il iyulun 22-də Saratovda doğulan Nikita Razvozjayev Saratov Dövlət Universitetinin Jurnalistika İnstitutunu bitirib.

    2017-ci ilin avqustunda canlı efirdə sərxoş kişi Razvozjayevə hücum edib. Daha sonra isə o, jurnalistə kompensasiya verməyə və üzr istəməyə hazır olduğunu bildirib. Tərəflər məhkəmədə barışıblar.

  • İndoneziyada təyyarə qəzası: Onlarla insan öldü – VİDEO + YENİLƏNİB

    İndoneziyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan şəxslərin hamısı ölüb.

    Median.Az xəbər verir ki, bununla bağlı ölkənin fövqəladə hallar agentliyinin nümayəndəsi məlumat verib.

    Xatırladaq ki, hadisə zamanı təyyarədə 189 nəfər olub.

    * * * * *

    İndoneziyada “Lion Air” şirkətinə məxsus “Boeing” təyyarəsi Cakarta aeroportundan havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb.

    Median.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib.

    Agentliyin məlumatına görə, İndoneziyanın Pankalpinanq şəhərinə uçuş həyata keçirməli olan “Boeing 737 MAX 8” Yava adası yaxınlığında dənizə düşüb.

    Hadisə zamanı göyərtədə olan insanların sayı açıqlanmır. Axtarış-xilasetmə əməliyyatları başlayıb.

  • Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

    Gürcüstanda prezidentliyə müstəqil namizəd olan Salome Zurabişvili səslərin 98,25%-nin hesablanmasından sonra 38,6% səslə qalib gəlib.

    Median.Az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

    Qeyd edilib ki, Zurabişvilinin rəqibi “Vahid milli hərəkat” partiyasından olan namizəd Qriqol Vaşadze 37,35% səs toplayıb. Bununla da, namizədlər 50 faizlik baryeri aşmamaqla ikinci tura keçiblər.

    Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib. Bu post uğrunda 25 namizəd mübarizə aparıb.

  • Bakıda 19 yaşlı gəncdən riskli hərəkətlər – VİDEO

    19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Median.Az xəbər verir ki, hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb. Sosial şəbəkələrdə hamı bu gəncin kimliyi ilə maraqlandığından Xəzər TV əməkdaşı həmin gənci tapıb. Əvvəlcədən xəbərdarlıq edirik ki, izləyəcəyiniz hərəkətləri təkrar etmək məsləhət deyil.

    Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir.

    Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır.

    Sonda isə bu risqli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir.

    Sosial şəbəkələrdə paylaşanbu video qısa vaxtda böyük müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum oldu ki, həmin gənc paytaxt sakini 19 yaşlı, 3-cü kurs tələbəsi Fərid Hüseynovdur. O, əvvəllər bir neçə ekstrimal hərəkətlər edib. Ən risqlisi və diqqət çəkəni isə bu dəfəki olub.

    Bu hərəkətlər akrobatik ekstremal hesab edilən parkur idman növünə aiddir. Burada divar, baryerlər, ağaclar və pilləkənlərdən maneə kimi istifadə olunur. Qaçış, dırmanma, yellənmə, tullanma kimi hərəkətlərdən istifadə edərək bu maneələr mümkün qədər effektli və sürətlə keçilir.

    Fərid Hüseynov etdiyi risqli hərəkətləri başqalarına tövsiyyə etmir. Onun sözlərinə görə, bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etmyə ehtiyac var.

    Müsahibimiz məqsədinin həm də gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil emtək olduğunu deyir.

  • Çində uşaq bağcasında dəhşət: 14 azyaşlı bıçaqlandı – VİDEO

    Çinin Çuntsine bölgəsində qadın mətbəx bıçağı ilə uşaq bağçasında 14 azyaşlıya xəsarət yetirib.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı yerli polis idarəsi məlumat yayıb.

    Qeyd edilib ki, 39 yaşlı şübhəli şəxs hücumu cümə günü səhər saatlarında bağçanın qapısının önündə həyata keçirib. Təhsil müəssisəsinin əməkdaşları və mühafizəçilər qadını dayandıra biliblər, o, polisə təhvil verilib.

    Hadisənin təfərrüatları ilə bağlı heç bir məlumat verilmir. Faktla bağlı araşdırmalar aparılır.

  • Avropada plastik qablar qadağan edildi

    Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub. Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək.

    Median.Az xəbər verir ki, “BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır.

    Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq.

    Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür.

  • Xarici mətbuat: Camal Kaşıkçının başı konsulun evindən tapıldı

    Britaniyanın nüfuzlu nəşrlərindən olan “Skynews” İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.

    “Skynews”un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, “Washington Post”un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.

    İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.

    Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan “Al Watan” qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

    Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

    C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.//milli.az