Category: Dünya

  • ABŞ-da sənədlərdə cinsi dəyişmək qadağan ediləcək

    ABŞ prezidenti Donald Tramp administrasiyası sənədlərdə cinsi dəyişməyi qadağan etmək niyyətindədir.

    Median.Az xəbər verir ki, bununla bağlı “The New York Times” məlumat yayıb.

    Qeyd edilib ki, ABŞ dövlət strukturları bununla cinsiyyətin müəyyən olunmasına aydınlıq gətirmək istəyir. Bildirilib ki, cinsiyyət qadın və kişi olaraq, iki hissəyə ayrılacaq və doğum zamanı müəyyən olunacaq.

    Bununla yanaşı, bütün fikir müxtəliflikləri genetik müayinələrlə müəyyən olunacaq.

    Əgər bu qərar qüvvəyə minsə, ABŞ-da 1,4 milyondan çox insanın federal səviyyədə genderlərinin tanınması ləğv ediləcək.

  • Kokorin və Mamayev təcridxanada tualet yuyur

    İki saylı təcridxananın rəisi Sergey Telyatnikov “Butırka” təcridxanasında “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayevin saxlanma şəraiti ilə bağlı açıqlama verib.

    Onun fikirlərini “Moskovskiy komsomolets” yayımlayıb.

    Telyatnikov deyib ki, futbolçuları 2-4 nəfər üçün nəzərdə tutulan balaca kameralara göndərib. O bildirib ki, Kokorin və Mamayevin heç bir problemi yoxdur: onlardan pul alınmır, onlar könüllü şəkildə qonşuları ilə növbəli şəkildə tualet yuyurlar.

    Kokorin və Mamayev dekabrın 8-dək təcridxanada saxlanılacaq. Futbolçular oktyabrın 8-də Moskvada iki davada iştirak ediblər. Onlar əvvəlcə aparıcı Oleq Uşakovun sürücüsünü döyüblər. Daha sonra isə məmurlar Denis Pak və Sergey Qaysinə xəsarət yetiriblər.

  • Krımda kollecə hücumun videosu yayıldı – YENİLƏNİB

    İnternetdə Kerçdə kollecə hücumun yer aldığı kadrlar yayılıb.

    Median.Az xəbər verir ki, kollecin tələbəsi, 18 yaşlı Vladislav Roslyakovun açdığı atəş nəticəsində 19 nəfər ölüb, 39 nəfər yaralanıb.

    Bildirilir ki, polis V. Roslyakovun şəxsi əşyalarında daha bir partlayıcı qurğu aşkar edib. Həmin qurğu zərərsizləşdirilib.

    * * * * *
    17.10

    Krımda kollecdə partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, partlayış zamanı yaralanan onlarla insan xəstəxanalara yerləşdirilib.

    * * * *

    Rusiya İstintaq Komitəsindən bildirilib ki, Kerçidəki kollecdə baş verən partlayış zamanı ölənlərin sayı 13-ə çatıb, 50-dən çox insan yaralanıb.

    Median.Az xəbər verir ki, ölən və yaralananların çoxu yeniyetmədir.

    Krımda üç günlük matəm elan olunub.

    * * * * *

    Krımın Kerçensk politexnik kollecində baş verən partlayış nəticəsində 10 nəfər ölüb və 50 nəfər yaralanıb.

    Median.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, məlumatlarda partlayışın kollecin yeməkxanasında baş verdiyi bildirilib.

    Qeyd edilir ki, hadisə partladıcı qurğunun işə salınmasının nəticəsində baş verib.

  • İranda qadınlara futbola baxmaq qadağan olundu

    İranda qadınlara futbol oyunlarına getmək yenidən qadağan olunub.

    Ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri müvafiq bəyanatla Tehranda keçirilən İran-Boliviya yoldaşlıq oyunundan bir gün sonra çıxış edib.

    Montazeri qadınların stadionda futbol oyunu seyr etmələrinin əleyhinə olduğunu bildirib.

    “Biz müsəlman dövlətiyik, müsəlmanlarıq. Qadın stadionda yarıçılpaq kişiləri idman geyimində görəndə, bu, günaha gətirib çıxarır. Əgər bu bir daha baş versə, Tehran prokuroruna tədbir görməyi tapşıracağam”, – deyə o vurğulayıb.

  • ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək

    ABŞ Türkiyəyə qarşı qüvvədə olan bəzi sanksiyaları ləğv edə bilər.

    Bunu ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.

    O bunun üçün əsas kimi Türkiyə hakimiyyətinin amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılması qərarını göstərib.

    “Biz tezliklə məsələ ilə bağlı qərar qəbul edəcəyik. Lakin bəzi sanksiyalar birbaşa Branson məsələsi ilə bağlı olduğundan məntiqlə onlar indi aradan qaldırılmalıdır”, – deyə Pompeo vurğulayıb.

  • İŞİD 130 ailəni girov götürdü

    Suriyada İŞİD terrorçuları 130 ailəni girov götürüblər.

    Bunu Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib.

    O bildirib ki, oktyabrın 13-də terrorçular El-Bahra rayonunda qaçqın düşərgəsinə hücum ediblər. Nəticədə 700 nəfər girov götürülüb.

    Girov götürülən insanlar Xacin şəhərinə aparılıb.

    Savçenko həmin insanlardan “canlı sipər” kimi istifadə oluna biləcəyini istisna etməyib.

  • Şahzadə Harri və Meqanın ilk övladı olacaq

    Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın ilk övladı olacaq.

    Bununla bağlı Kensinqton sarayının “Twitter” hesabında məlumat yerləşdirilib.

    “Sevinclə bildiririk ki, Susseks hersoqinyasının 2019-cu ilin yazında övladı dünyaya gələcək”, – məlumatda bildirilib.

  • Minlərlə insan sudan zəhərləndi

    İraqın Bəsrə vilayətində 111 min insan keyfiyyətsiz içməli sudan zəhərlənib.

    Median.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi TASS nəşri yerli KİV-ə istinadən məlumat yayıb.

    Zərərçəkmişlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var.

    Avqustun əvvəllərində cənub vilayəti içməli su çatışmazlığı və elektrik enerjisinin təchizatında fasilələrin yaranması ilə üzləşib. Nəticədə, yerli sakinlər etiraz aksiyalarına çıxıblar.

    Mitinqlərdə baş verən toqquşmalar zamanı 10-a yaxın insan ölüb, siyasi partiyaların ofisləri, dövlət televiziya və radio yayımının baş qərargahı yandırılıb.

  • Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu

    Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan üç qadın saxlanılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Sultanhisar rayon Polis Şöbəsinə Atça məhəlləsində Y.P.-ya aid evdə qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olub.

    Səhər saatlarında həyata keçirilən əməliyyatla biri azərbaycanlı olmaqla, üç qadın ələ keçib. Y.P.-nin digər qadınları fahişəliyə cəlb etdiyi müəyyənləşib.

    Azərbaycanlı qadın ölkədən deportasiya edilib, digər ikisi isə polis nəzarətindədir.

  • Himalayda alpinistlər öldü

    Cənubi Koreyadan və Nepaldan olan doqquz alpinist Himalayda qar uçqunu nəticəsində ölüb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Himalayan Times” qəzeti məlumat yayıb.

    “Trekking Camp Nepal” şirkətinin nümayəndəsi Vanqçu Şerpa bildirib ki, qar uçqunu nəticəsində Qurya Himal dağında yerləşən düşərgə məhv olub. Alpinistlər düşərgədə havanın yaxşılaşmasını gözləyirdilər.

    Alpinistlərin cəsədlərinin çıxarılması üçün həmin rayona xilasedici helikopter göndərilib.