Category: Dünya

  • Çin ABŞ neftindən məhrum oldu

    ABŞ iki ölkə arasında ticarət müharibəsi fonunda Çinə xam neftin idxalını tamamilə dayandırıb.

    Median.Az “Reuters”ə istinadla xəbər verir ki, bununla bağlı Honkonqda keçirilən sammitdə “China Merchants Energy Shipping” şirkətinin prezidenti Se Çunlin məlumat verib.

    “Biz ABŞ neftini Çinə nəql edən ən böyük şirkətlərdən biriyik. Ticarət müharibəsinədək hər şey yaxşı idi, ancaq indi xam neftin idxalı tamamilə dayandırılıb. Bu, prezidenti olduğum şirkətə mənfi təsir göstərəcək”, – o deyib

    Agentliyin yaydığı statistikaya əsasən, ABŞ-ın neft ixracı avqustdan sentyabradək 9,7 milyon bareldən 0,6 milyon barelə qədər azalıb. İlin əvvəlində isə hasilat 4,4 milyon bareldən aşağı düşməyib.

    2018-ci ilin əvvəlindən Çinlə ABŞ arasında ticarət müharibəsi gedir. Bu müharibə çərçivəsində hər iki ölkə ixrac edilən bəzi məhsullara rüsum tətbiqinə başlayıb.

  • Erməni baş katibin atası intihar etdi

    Ermənistan Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın atası intihar edib.

    Bununla bağlı “Qraparak” qəzeti məlumat yayıb.

    “Əldə edilən məlumatlara əsasən, o, özünə qəsd edib. Ölüm faktını Təhlükəsizlik Şurasında təsdiq ediblər”, – qəzet bildirib.

    Ermənistan mətbuatının məlumatına görə, Qriqoryanın atasının cəsədi evinin həyətində asılmış vəziyyətdə tapılıb.

  • İnternetin yaradıcısı onu məhv etmək niyyətindədir

    Müasir internetin yaradıcısı Timoti Berners-Li yeni strukturu olan “Inrupt”u təqdim edib. Layihə çərçivəsində yeni tətbiqlər yaradılacaq ki, bu da istifadəçilərə şəxsi məlumatlarını saxlamaq hüququ verəcək.

    Median.Az xəbər verir ki, bununla bağlı “Business Insider” məlumat yayıb.

    “Inrupt” Berners-Linin komandasının bir neçə ildir üzərində işlədiyi “Solid” layihənin kommersiya tərəfini təmin edəcək.

    Yeni yaradılan birlik bütün məlumatları serverlərində saxlamaq qabiliyyətinə malikdir.

    “Hazırladığımız bütün yaxşı strukturlara baxmayaraq, internet güclü qüvvələrin əsas təsir sahəsinə çevrilib. Dünya şəbəkəsi tarixində həlledici vaxt çatıb və onun tərzini dəyişmək lazımdır”, – o bildirib.

  • “Instagram” çökdü – FOTO

    Bir neçə dəqiqədir bütün dünyada “Instagram” sosial şəbəkəsinin işləməsində problem yaranıb.

    Sosial platformanın ana səhifəsi yenilənmir və paylaşım etmək olmur.

    Saytın veb versiyasında da vəziyyət eynidir.



  • İranda spirtli içki qurbanlarının sayı 42-yə çatıb

    İranda əldəqayırma saxta spirtli içki qurbanların sayı 42 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi jurnalistlərə açıqlamasında məlumat verib.

    O bildirib ki, son üç həftədə saxta və əldəqayırma alkoqollu içkilərdən zəhərlənən 460 nəfər tibb mərkəzlərinə müraciət edib:

    “Həmin şəxslərdən 42-si həyatını itirib, 16-sı görmə qabiliyyətini itirərək kor olub, 170 nəfərin isə böyrəyində ciddi problemlər yaranıb”.

    Nazirlik nümayəndəsi qeyd edib ki, saxta içkilərdən ölən və ya zəhərlənənlər, əsasən, Hormozqan, Şimali Xorasan, Fars, Kohkiluye və Boyer Əhməd və Əlbürz əyalətlərində yaşayan vətəndaşlardır. O əlavə edib ki, ölənlərin ən cavanı 19 yaşlı bir qız, ən yaşlısı isə 57 yaşı olan bir kişidir.

  • İndoneziya yenidən silkələndi

    İndoneziyada növbəti güclü zəlzələ baş verib.

    Median.Az DW nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanlar Sumba adasından 66 kilometr cənub-qərbdə qeydə alınıb.

    Zəlzələnin maqnitudası 6,3 bal olub.

    Şahidlərin sözlərinə görə, zəlzələdən sonra adada insanlar təşvişə düşüblər.

    Hələlik dağıntılar və qurbanlar barədə məlumat verilmir.

    Xatırladaq ki, bundan əvvəlki zəlzələ zamanı İndoneziyada 1200 nəfərdən çox insan ölüb.

  • Abe Nazirlər Kabinetini buraxdı

    Yaponiya hökuməti istefaya gedib. Buna səbəb baş nazir Sindzo Abenin Nazirlər Kabinetini yenidən qurmaq niyyəti olub.

    Median.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, sentyabrın ortalarında hakim Liberal-demokratik Partiyasının nümayəndəsi kimi üçüncü dəfə baş nazir seçilib.

    Köhnə hökumətdəki 18 nazirin 1/3 hissəsinin vəzifəsində qalacağı gözlənilir. Bunlar baş nazirin yaxınları olan maliyyə naziri Taro Aso, Yaponiya hökumətinin baş katibi Esixide Suqa, xarici işlər naziri Taro Kono, iqtisadiyyat naziri Xirosiqe Seko, nəqliyyat naziri Keyiti İsii və iqtisadi inkişaf naziri Tosimitsu Moteqidir.

    Nazirlər Kabinetinin yeni tərkibi imperator tərəfindən təsdiq olunacaq və bundan sonra rəsmi hesab ediləcək.

  • Gürcüstanda polietilen torbalar qadağan edildi

    Gürcüstanda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə bu il oktyabrın 1-dən etibarən qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı və satışı qadağan olunub.

    Median.Az “İnterfaks”a istinadla xəbər verir ki, 2019-cu il aprelin 1-dən etibarən Gürcüstanda istənilən növ polietilen torbalar qadağan ediləcək.

    Ölkə ərazisində yalnız Gürcüstanda müəyyən edilmiş standartlara uyğun torbalar istehsal edilməli və satılmalıdır.

    Polietilen paketlərdən istifadə qlobal miqyaslı problemdir. Bir çox ölkələrdə, o cümlədən Gürcüstanda plastik qabların istehsalının xeyli artması ciddi problemlər yaradır.

  • Rusiyada helikopter çaya düşdü

    Bu gün səhər saatlarında Rusiyanın İrkutsk vilayətinin Bodaybo şəhərində “Robinson” şəxsi helikopteri Vitim çayına düşüb.

    Median.Az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb.

    Bodaybinsk rayon meri Yevgeni Yumanşevin sözlərinə görə, qəzaya səbəb helikopterin elektrik xətlərinə toxunması olub. O, sahildən 15 metr uzaqlıqda batıb.

    Hadisə zamanı göyərtədə iki nəfər olub. Onlar qəza zamanı ölüblər.

  • İndoneziyada təbii fəlakət qurbanlarının sayı 1200-ü keçdi

    İndoneziyanın Mərkəzi Sulavesi bölgəsində baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200-ü keçib.

    Bununla bağlı ölkənin xilasetmə və axtarış milli agentliyi məlumat yayıb.

    Yaxın vaxtlarda ölənlərin sayının iki dəfə artacağı istisna edilmir. Məlum olub ki, təbii fəlakət Sulavesi adasının Palu şəhərinin cənubundakı yaşayış məntəqəsini tamamilə məhv edib.

    Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Ötən cümə günü İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələdən sonra 200 afterşok meydana gəlib və Sulavesi adasında sunami olub.