Category: Dünya

  • Polşa erməni manyakı ekstradisiya edəcək

    Belçika polisi tərəfindən axtarışa verilən erməni manyak Qayk Terteryan bu günlərdə Polşada tapılıb.

    Terteryan “xüsusi axtarışda olan şəxslər” siyahısında olub.

    Məlumatlara görə, onun 2011-2012-ci ildə Ostend şəhərində beş zorlama faktında adı çəkilir. Ölkə məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.

    Polşada saxlanılan Terteryanı barmaq izləri ələ verib. O, yaxın vaxtlarda ekstradisiya ediləcək.

  • Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi

    Kolumbiyada evli qadın və onun sevgilisi “Uber” taksisi sifariş verib, sürücünün qadının əri olduğunu gördükdə təlaşa düşüblər.

    Bu barədə “El Espectador” nəşri yazır.

    Nəşrin məlumatına əsasən, Eymi adlı qadın və onun sevgilisi Xesus Barrios bir ildən çox öz münasibətlərini gizlədiblər.

    Çərşənbə axşamı Eymi və Xesus Santa-Marta şəhərində görüşüblər və yerli motellərdən birinə gediblər.

    Cütlük bilməyib ki, Eyminin əri dostunun avtomobilini götürüb və sonuncunun “Uber”də sürücü hesabından istifadə edib. Sevgililər sürücünün Leonardo adlı şəxs olduğu barədə bildiriş alıblar, və onun əvəzinə Eyminin ərini görəndə çox təəccübləniblər.

    Yerli KİV yazır ki, Eymi və əri bir-birlərini qadının maşına əyləşməsindən sonra tanıyıblar.

    Şahidlər hadisə barədə müxtəlif versiyalar danışırlar. Bəzi şahidlərin sözlərinə görə, hər üç şəxs maşından çıxıblar və kişilər küçədə dalaşmağa başlayıblar. Eymi isə onları ayırmağa çalışıb.

    Digərləri isə bildirirlər ki, qadın və onun sevgilisi maşından çıxıb qaçıblar.

  • Atalarını öldürən Xaçaturyan bacıları ilə bağlı qərar açıqlandı – VİDEO

    Moskvanın Basman rayon məhkəməsi istintaqın vəsatətini təmin edib və atalarının ölümündə şübhəli bilinən Xaçaturyan bacılarını azadlığa buraxıb.

    Median.Az “Life” nəşrinə istinadla xəbər verir ki, 17 yaşlı Mariya, 18 yaşlı Angelina və 19 yaşlı Kristinaya qarşı qətimkan tədbiri dəyişdirilib.

    Hüquq müdafiəçisi Aleksey Lipşerin sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsinə səbəb istintaqın başa çatması və bütün şahidlərin dindirilməsi olub.

    Xaçaturyan bacılarının vəkili Aleksey Parşinin sözlərinə görə, müəyyən hərəkətlərin qadağan edilməsi qızların mənzillərini saat 21:00-dan 07:00-dək tərk etməməsi deməkdir.

    O bildirib ki, bacılar qohumları tərəfindən onlara verilən üç mənzildə qalacaqlar. Bacılar saat 07:00-dan 21:00-dək mağazalara və digər ictimai yerlərə gedə bilərlər.

    Məhkəmənin qərarına əsasən, bacılara bir-biriləri ilə əlaqə qurmaq qadağan edilib. Onlar yalnız təcili yardım, hüquq-mühafizə, qəza-xilasetmə xidmətlərinə və vəkillərinə zəng edə bilər.

    Vəkil bacılara nəzarət etmək üçün elektron qolbağlardan istifadəni istisna etməyib.

  • London “Skripal işi”ndə üçüncü şübhəlinin adını açıqladı

    Böyük Britaniya xüsusi xidmət orqanı və terrorçuluqla mübarizə üzrə polis idarəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən üçüncü şübhəlinin adını açıqlayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “The Telegraph” məlumat yayıb.

    Bildirilib ki, həmin şəxs Rusiyanın hərbi kəşfiyyat casusudur. Onun adı açıqlanmayıb. Ehtimal edilir ki, həmin şəxs “Noviçok”un ölkəyə gətirilməsindən əvvəl hücumu planlaşdırıb. Qeyd edilib ki, o, keçmiş zabitlə bağlı məlumatı Rusiya tərəfinə ötürürmüş.

    Bir müddət əvvəl Böyük Britaniya keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanın mart ayında Solsberi şəhərində zəhərlənməsi işi ilə əlaqədar iki şübhəlinin adını açıqlayıb.

    Onlar Aleksandr Petrov və Ruslan Boşirovdur. Bir neçə gün əvvəl isə Ruslan Boşirov kimi tanınan adamın, əslində, Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa olması ilə bağlı informasiyalar yayılıb.

  • Daha bir ölkədə eynicinsli cütlüklərin ailə qurmaq haqqı tanındı

    Rumıniyada eynicinsli cütlüklərin ailə qurmaq hüququ tanınıb.

    Median.Az xəbər verir ki, müvaviq qərar Rumıniya Konstutusiya Məhkəməsi tərəfindən verilib.

    Qərarda bildirilir ki, eynicinsli cütlüklərin münasibətləri özəl həyata, o cümlədən ailə həyatına aiddir.

    Qeyd edək ki, 2000-ci ilədək homoseksual münasibətlər Rumıniyada cinayət sayılırdı.

  • Bağdad gözəli güllələndi

    Bağdadda naməlum şəxslər gözəllik yarışmasının qalibi Tara Faresi güllələyiblər.

    Median.Az Globo-ya istinadən xəbər verir ki, üç güllə yarası alan 22 yaşlı model xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Bildirilir ki, hadisədən öncə Fares girov götürülüb.

    Qeyd edək ki, model 2015-ci ildə “Miss Bağdad” gözəllik yarışmasının qalibi olub.

  • Gürcüstanda hoteldə azərbaycanlı qız ölü tapıldı

    Gürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 21 yaşlı Zeynəb Vəlizadə hoteldə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

    Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

    Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

    Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir.

  • Ermənistanda tutulan çoban: Mənimlə azərbaycanca danışırdılar

    Bu ilin iyulun 24-də səhvən Ermənistan ərazisinə keçən və orada həbs edilən, dünən azad olunan 16 yaşlı Türkiyə vətəndaşı Ümid Əli Özmən ölkəsinə dönüb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həbsdə saxlanıldığı müddət barədə jurnalistlərə açıqlama verib.

    Ümidin dediyinə görə, onu azərbaycanlı zənn etdikləri üçün tutublar.

    “Məcbur etdilər ki, telefonu açım. Açdım, baxdılar. Düzənlik ərazidən Ermənistanı çəkdiyimi bildilər. “Burada nə işin var?” soruşdular, “Yolumu itirmişəm” dedim. Gözlərimi bağlayıb məni polis şöbəsinə apardılar.

    Orada bir otağa atdılar. Üç əsgər və bir mülki şəxs gəldi. Sonuncu mənimlə azərbaycanca danışdı. Sorğu-sual etdilər, həqiqəti dedim. “Ermənistanı görmək istəyirdim” dedim”.

    Gənc çoban deyib ki, bundan sonra onu Beynəlxalq Mühafizəçilərə təhvil veriblər:

    “Məni Yerevana Milli Təhlükəsizlik Servisinə apardılar. Tərcüməçi vardı. Kim olduğumu bilmirdilər. Terrorçu ola biləcəyimdən qorxurdular.

    “Sən terrorçusan. Sizin yaşadığınız bölgədə çox azərbaycanlı var. Sən Azərbaycan agenti ola bilərsən”, – dedilər. Məhkəmə təşkil edildi. Mənə iki ay həbs verdilər. İkinci gün vəkilim gəldi, etiraz etdi.

    Qırmız Xaçın uşaqların qala biləcəyi bir yerə yerləşdirildim. Sentyabrın 19-da buraxılmağıma qərar verdilər”.

    O, həbsxanada qaldığı müddətdə Azərbaycan dilini bilən bir keşikçi olduğunu, onunla danışaraq, anlaşdığını dilə gətirib.

  • Hakerlər valyuta məzənnələrini çökdürə bilərlər

    Hakerlər valyuta məzənnələrinə müdaxilə etmək imkanlarına malikdirlər.

    Belə nəticəyə Positive Technologies ekspertləri gəliblər.

    Onlar treydinq əlavələrində zəif yerləri aşkarlayıblar.

    Mütəxəssislər bildiriblər ki, treydinq əlavələrinin 33 faizində hakerlərin müdaxilə edə biləcəyi zəif nöqtələr aşkarlanıb. Bundan istifadə edən hakerlər istifadəçi adından bu və ya digər maliyyə əməliyyatları edə bilərlər.

    Xidmətlərin 61 faizində olan zəif yerlər isə hakerlərə istifadəçilərin şəxsi kabinetlərinə daxil olmaq imkanı verib.

    Ekspertlər əmindir ki, hakerlər öz müdaxilələri ilə valyuta məzənnələrini dəyişə yaxud da qiymətli kağızların dəyərini artıra bilərlər.

  • Stiven Siqal Rusiyada qubernator olmaq istəyir

    Rusiya vətəndaşlığına sahib olan Hollivud aktyoru Stiven Siqal Primorsk vilayətinin qubernatoru olmaq istəyir.

    Median.Az “İnterfaks”a istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlama verib.

    “Mənim ata tərəfdən ulu babalarım buralıdır. Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim”, – o bildirib.

    Aktyorun bəyanatı zalda alqışla qarşılanıb.

    Bu ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Stiven Siqalı işə götürüb. O, pulsuz əsaslarla mədəniyyət, incəsənət, elm, təhsil və idman sahəsində layihələrlə məşğul olacaq. Bundan başqa, həmin ay aktyor Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib.

    Siqal Rusiya vətəndaşlığını 2016-cı ilin noyabrında alıb. Pasportu ona şəxsən prezident Vladimir Putin təqdim edib.