Category: Dünya

  • Musiqi festivalında narkotik qalmaqalı: yeddi nəfər öldü

    Vyetnamın paytaxtı Hanoyda keçirilən rəqs musiqiləri festivalında narkotikdən istifadə edən yeddi nəfər ölüb, beş nəfər isə komaya düşüb.

    Median.Az türk mətbuatına istinadən xəbər verir ki, festival zamanı 12 nəfər xəstəxanalıq olmuşdu.

    Hanoy şəhərinin polis şöbəsinin mətbuat xidməti xəstəxanalıq olan hər kəsin qanında narkotik tapıldığını bildirib.

    Yeddi nəfərin öldüyünü qeyd edən mətbuat sözçüsü beş nəfərin də vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.

    Qeyd edək ki, Vyetnam hökuməti ölkədə 220 min narkotik istifadəçisi olduğunu açıqlamışdı. Polis qeydlərinə əsasən, ölkədə hər il 1600 nəfər yüksək dozada narkotikə görə həyatını itirir.

  • Ermənistanda yaşayış binasında partlayış

    Ermənistanın Razdan şəhərində beşmərtəbəli binanın mənzillərindən birində partlayış baş verib.

    Median.Az “Ren” TV-yə istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Hadisə yerində partlayıcının hazırlanması üçün lazım olan komponentlər aşkar edilib.

    Partlayışdan sonra binanın 30 sakini təxliyyə edilib. Axtarışlar zamanı başqa partlayıcı aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.

  • Finlandiyada zavoddakı yanğına görə şəhər təxliyyə edildi

    Finlandiyanın Salo şəhərində şam zavodunda baş verən yanğın səbəbindən təxliyyə başlanılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Finlandiya Xilasetmə Xidmətinə istinadla məlumat yayıb.

    200 ton parafinin olduğu zavoddakı yanğın 10 min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 30 yanğınsöndürən cəlb edilib. Ölən və ya xəsarət alan yoxdur.

    Zavoddan çıxan qatı tüstü yaxınlıqdakı magistralda hərəkəti çətinləşdirib. Yanğının səbəbləri ilə bağlı məlumat verilmir.

  • Pedikür avstraliyalı qızı ayaq barmaqlarından etdi

    Avstraliya sakini Taylanddakı kurortlardan birinə səfəri zamanı “balıq pedikürü” adlı ekzotik spa prosedurundan istifadə etmək qərarına gəlib. Bu prosedur onu sağ ayağının bütün barmaqlarından məhrum edib.

    Bununla bağlı “Metro” nəşri məlumat yayıb.

    Hadisə 2010-cu ildə baş verib. Bu hadisədən dörd il əvvəl, 2006-cı ildə qızın sağ ayağının bir barmağı artıq amputasiya edilibmiş. Taylanddakı prosedur zamanı qız ayağını xüsusi balıqlar olan akvariuma salıb.

    Daha sonra məlum olub ki, qızın ayağına mikrob düşüb. Buna səbəb akvariumdakı çirkli su olub. Avstraliyanın Pert şəhərinə qayıdan qız özünü pis hiss edib. Xəstəxanaya aparılan qızın sağ ayağının qalan dörd barmağı da amputasiya edilib.

    Əməliyyatdan sonra qız “Instagram” hesabı açıb və insanları ekzotik prosedurların təhlükəsi ilə bağlı xəbərdar edib.

  • Naməlum şəxs 24 dəfə onlayn kazinoda cekpotu udub, aradan çıxdı

    “Runningsnail” ləqəbi altında gizlənən haker “DEOSGames” onlayn kazinosuna daxil olaraq, 24 dəfə cekpotu udub. Uduşu qazandıqdan sonra kibercinayətkar platformanı tərk edib.

    Bununla bağlı “DEOSGames”in rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib.

    Məlumatlara görə, haker hücumdan bir gün əvvəl akkaunt əldə edib. Hücum zamanı o, 24 min dollar pul udub.

    “DEOSGames” bu hücumu “faydalı dərs” adlandırıb.

  • Gürcüstan “marixuana azadlığı”na “düzəliş edir”

    Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə narkotik istifadəsinin hüquqi çərçivəyə salınması üçün qanun layihəsi hazırlayıb.

    Median.Az “Novosti Qruziya” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə məlumat verib.

    İyulun sonunda Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə istənilən cəzanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, marixuananın yetişdirilməsi əvvəlki kimi cinayət hesab edilir.

    DİN-nin hazırladığı yeni qanun layihəsi marixuananın ictimai yerlərdə, nəqliyyatda və digər yerlərdə istifadəsini qadağan edəcək.

    Bundan başqa, nazirlikdə hesab edilir ki, müəllim, həkim, məmur kimi peşə sahibləri üçün marixuananın qəbulu tamamilə qadağan olunmalıdır.

    Narkotik vasitənin şəxsi və ya tibbi sahədə istifadəsi üçün yetişdirilməsi məsələsinə gəlincə, baş nazir deyib ki, çətənə əkilib-becərilməsi ciddi nizama salınacaq.

    Baş nazir əlavə edib ki, marixuananı 21 yaşa çatmamış insanlar arasında təbliğ edən şəxslər sərt cəzalandırılacaq.

  • Türkiyədə güclü zəlzələ

    Türkiyənin Antalya bölgəsində maqnitudası 5,2 bal olan zəlzələ baş verib.

    Bununla bağlı Türkiyə fövqəladə Hallar Agentliyi məlumat yayıb.

    Yeraltı təkanların episentri Kumluca rayonunda yerləşib.

    Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.

  • İndoneziyada qadınlara kişilərlə nahar etmək qadağan olundu

    İndoneziyanın Bireen dairəsinin Açex bölgəsində qadınlarla kişilərin birlikdə qida qəbul etməsi qadağan olunub.

    Median.Az xəbər verir ki, bununla bağlı “The Independent” məlumat yayıb.

    Bununla hökumət qadınların daha da “dindar” olmasını istəyir.

    Yeni qaydalara dairədəki bütün kafe və restoranlar riayət etməlidir. İslam işləri üzrə idarənin yerli rəhbərlərinin fikrincə, qadınlar kişilərlə birlikdə qida qəbul etdiyi zaman şəriət qaydalarını pozurlar: qadınlar bunu ancaq yaxın qohumları və ya həyat yoldaşları ilə edə bilərlər.

    Məmur əlavə edib ki, bu qayda qadınların hüquqlarını qoruyacaq, onların özlərini rahat hiss etməsinə imkan verəcək və şəriət qanunlarının pozulmasının qarşısını alacaq.

  • Məşhur çimərlikdə ilanlar peyda oldu

    Turistlərin sevimli məkanı olan Pxuket çimərliklərində zəhərli ilanlar peyda olub.

    Median.Az Trn-news saytına istinadən xəbər verir ki, yerli xilasedicilər bununla bağlı turistlərə xəbərdarlıq ediblər.

    Bu yaxınlarda yerli sakinlərdən biri çimərlikdə dəniz ilanını görüb və videoya çəkib. Video sosial şəbəkələrdə yayıldıqdan sonra adanın xilaestmə strukturları turistlərə müraciət etmək qərarına gəlib.

    Turistlərin suda təhlükəsizliyinə cavabdeh olan təşkilatın (Phuket Lifeguard Club) rəhbəri Pratxayut Çuayuan isə çimərliklərdə ilanların peyda olmasında qeyr-adi heç nə görmədiyini bildirib. O belə halların mütamadi baş verdiyini deyib.

  • Azərbaycanlıları başqasının evinə qeydiyyata salanı həbs gözləyir

    Rusiyanın Tümen şəhər sakini üç otaqlı evə 61 miqrantı qeydiyyata salmağa hazırlaşıb. Yeri gəlmişkən, o, bu evdə qalma haqqından beş il əvvəl istifadə edib. Ancaq qeydiyyatdan sonra Mərkəzi Asiyadan olan şəxslər həmin mənzildə yaşamaq fikrində olmayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

    İndi 39 yaşlı tümenlini üç ilədək həbs cəzası gözləyir.

    Tümen rayon prokurorluğu müəyyən edib ki, 2018-ci il iyulun 5-dən 21-dək yerli sakin miqrasiya idarəsinə üçotaqlı evə 61 miqrantın gəlməsi ilə bağlı məlumat verib.

    Məlumatlara görə, miqrantlar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olublar.

    Faktla bağlı Tümen sakini barəsində Rusiya ərazisində qanunsuz uçota salma maddəsi ilə cinayət işi başlanılıb.

    Əməli sübuta yetirilərsə, onu üç ilədək həbs cəzası və 500 min rubl (təxminən 7200 dollar – red.) məbləğində cərimə gözləyir.