Category: Dünya

  • “Kalaşnikov” “ikiayaqlı” tank yaradır

    “Kalaşnikov” konserninin mühəndisləri düz yeriyən maşın hazırlamaq qərarına gəliblər.

    Median.Az-ın “Kalaşnikov Media”ya istinadən verdiyi məlumata görə, artıq “ikiayaqlı” tank konsepti “Ordu-2018” beynəlxalq forumda təqdim olunub.

    Bildirilir ki, məqsəd mühəndis və döyüş vəzifələrinin icrasıdır.

    Mexanizm iki əl-manipulyatorla təchiz olunub. “İkiayaqlı” tank konseptinin görünüşü “Ulduz savaşları” filmindən kəşfiyyat nəqliyyat vasitəsini xatırladır.

  • Türkiyə “all inclusive”dən imtina edir

    Türkiyə otelləri “all inclusive” (hər şey daxil) sistemindən imtina edə bilər.

    Median.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, turizmin yeni inkişaf strategiyasına əsasən, Türkiyə səfər zamanı 1 min dollardan az olmamaq şərti ilə pul xərcləməyə hazır olan turistlərin gəlişində maraqlıdır.

    Bu yaxınlarda Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy bəyan edib ki, turist sayının artımı daha Türkiyəni maraqlandırmır. Əsas məqsəd turizmdən gəlirlərin artırılmasıdır.

    Ersoy düşünür ki, bunu otellərdə dincələn turistlərdən yox, ölkə boyu səfər edən, yerli təamlardan dadan və yaxud müalicəyə gələn turistlərin hesabına əldə etmək mümkündür.

  • Hamilə nazir doğum evinə velosipeddə getdi

    Yeni Zelandiyanın qadınlarla iş üzrə naziri 38 yaşlı Culi Center doğum evinə əri ilə birlikdə velosipeddə gedib.

    Bununla bağlı BBC məlumat yayıb.

    “Velosipedlə doğum evinə gedib, uşaq dünyaya gətirmək üçün gözəl bazar səhəridir. Axır ki bu gün gəldi, mənə uğğur arzulayın”, – Center avqustun 19-da “Instagram” hesabında yazıb.

    O bildirib ki, nəqliyyat vasitəsi kimi velosipedi seçməkdə məqsədi “dəstək qrupunun” hamısının avtomobilə sığışmaması olub. Onun sözlərinə görə, velosipeddən istifadə doğum qabağı kefini yaxşılaşdırıb.

  • Ermənistanda yeni həbslər

    Ermənistanda vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə ölkə FHN-nin keçmiş yüksək vəzifəli məmurları saxlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan “Jovoxurd” qəzetinə müsahibəsində bildirib.

    Vanetsyanın sözlərinə görə, keçmiş nazir müavini Qamlet Akopyan və FHN aparatının keçmiş rəhbəri Qaqik Ayrapetyan saxlanılıb. Onlar büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.

  • Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır – RƏY

    Vaşinqtonun Suriyadakı proqnozlaşdırılması mümkün olmayan siyasəti, həmçinin Donald Trampın Ankaranın heç də dost mövqe tutmadığı İsraillə yaxınlaşmaları nəticəsində son vaxtlar ABŞ və Türkiyə arasında münasibətləri “səmimi müttəfiqlik” adlandırmaq olmaz.

    Bu barədə oxu.az-a rusiyalı siyasi ekspert Denis Korkodinov ABŞ-a qarşı ittifaqın formalaşması imkanları ətrafında gəzən söhbətləri şərh edərkən bildirib.

    Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yeni anti-terror kampaniyasına başlamaq səyləri (Suriya və İraqda) regionda lider mövqeyini itirməsi ilə barışa bilməyən Ağ Ev administrasiyasında müəyyən narahatlıq doğurur.

    “Bu, Vaşinqton və Ankara arasında qarşılıqlı iqtisadi məhdudiyyətlərə çevrilən gərginliyə səbəb olub. Görünür, türk xammalına rüsumları artıran Donald Tramp türkiyəli həmkarını Ankaranın hərbi aktivliyini qəbul etməməsi barədə xəbərdar etmək və Türkiyəni barəsində beynəlxlaq sanksiyaların qüvvədə olduğu İranla bir sıraya qoymaq niyyətində olduğunu bildirmək istəyib.

    Lakin Ağ Ev adminitrasiyasının səhvi ondadır ki, Ərdoğan Türkiyədəki nüfuzunu daha da gücləndirmək üçün ABŞ-ın çağırışını qəbul etməyə şad idi. Başqa sözlə, Vaşinqton və Ankara arasında təşkil olunmuş iqtisadi müharibə hər iki ölkəyə sərfəlidir: Amerika cəmiyyəti üçün guya demokratiyaya təhdid yaradan “xarici düşmən” obrazını daim dəstəkləmək lazım olduğu halda, türk isteblişmenti “şər impersiyası” ilə (ABŞ nəzərdə tutulur) qarşıdurma mövzusunu yenidən aktuallaşdırmağın əleyhinə deyil”, – deyə ekspert hesab edir.

    Siyasi şərhçi əmindir ki, münaqişə tərəfləri ölkələrə sağalmaz yara vurmayan populist iqtisadi məhdudiyyətlərin çərçivəsini aşmaq fikrində deyil.

    “Ankara Vaşinqtondan Yaxın Şərqdəki yeni hücum əməliyyatına müdaxilə etməmək barədə zəmanət alan kimi, qarşılıqlı ittihamlardan ibarət bu oyun başladığı kimi gözlənilmədən bitəcək.

    Fikrimcə, bu məsələ ilə bağlı artıq nəticələrə gəlmək düzgün deyil. Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Amerika çağırışı Rusiya və Çinə Türkiyə ilə əməkdaşlığı genişləndirmək barədə bir siqnal idi.

    Moskva və Pekin Ankaraya onun imtina edə bilməyəcəyi yeni kommersiya təklifləri irəli sürəcəklər. Lakin istisna deyil ki, hadisələrin belə inkişafı zamanı Vaşinqton daha böyük bir şey təklif edə bilər.

    Və o zaman Ərdoğan ortalıqda qalacaq: ya ABŞ-la, ya da Rusiya və Çinlə ittifaq. İstənilən halda, bu, dünya siyasətində çətin ki, “uzunömürlü” ola biləcək müvəqqəti alyansa çevriləcək”, – deyə Korkodinov qeyd edib.

  • Oğlunu xilas etmək üçün ata özünü fəda etdi

    Avstraliyanın Sidney şəhərində oğlunu xilas etmək üçün kişi özünü eyvandan atıb.

    Keçmiş hərbçi və dalğıc Bred Lyuis 8 yaşlı oğlu Oskarla dostunun evində qonaq olub. Uşaq oyun əsnasında balkonun məhəccərinə yaxınlaşıb və aşağı boylanıb, lakin müvazinətini itirib.

    Oğlunun yıxılacağını görən Lyuis özünü yetirərək Oskarı tutmağa macal tapıb, amma hər ikisi 4 mter hündürlükdən betonun üstünə yıxılıblar. Bu zaman övladını qucaqlayan ata onun daha yüngül zədələnməsinə səbəb olub.

    Uşağın beyni zədələnib, kəllə sümükləri sınıb. O, artıq xəstəxanadan evə buraxılıb.

    Lyuis isə açıq kəllə-beyin travması alıb, onun beyni də zədələnib. Onun müalicəsi 6 aydan bir ilə qədər davam edəcək.

  • Çində körpü selfi həvəskarı ucbatından uçdu

    Çində piyada körpüsü uçub.

    Hadisə Xunan əyalətində baş verib.

    Belə ki, piyadalardan biri Duntsyanxu su anbarının üzərindən keçən körpüdə selfi etmək istəyib.

    Bu zaman izdiham yaranıb və ağırlığa tab gətirməyən körpü uçub. Uçqun nəticəsində dörd nəfər xəsarət alıb.

  • Türkiyədə ABŞ siqaretlərinə boykot çağırışı

    Türkiyədə Sağlamlıq Elmləri Universitetinin rektoru, prof. Cevdət Erdöl vətəndaşları siqaretdən, xüsusən ABŞ mənşəli siqaretlərdən imtinaya çağırıb.

    Median.Az “Sabah”a istinadən xəbər verir ki, Erdöl bununla bağlı yazılı açıqlama yayıb.

    Erdöl bildirib ki, Türkiyədə siqaret bazarının 98 faizi xarici şirkətlərin nəzarətindədir. Bu şirkətlərin 70 faizi isə ABŞ-a məxsusdur.

    “Bu şirkətlər aylıq qazancımızın 11 faizini cibimizdən götürür və ABŞ-dakı səhmdarların hesabına ötürülür. Satdıqları tütün məmulatlarının səbəb olduğu xəstəliklərin müalicəsi üçün də dərman və tibbi vasitələri alaraq onlara mənfəət qazandırırıq.

    ABŞ-ı idarə edən dünyəvi ağılsızlığa veriləcək ən yaxşı cavab onların məhsullarını boykot etməkdən, yasaqlamaqdan keçir.

    Vətəndaşlarımızı həm ABŞ istehsalı olan məhsulları boykot etməyə, həm də bu vəziyyəti fürsət bilərək siqareti tərgitməyə çağırıram”, – rektor bildirib.

  • Fazil Mustafa: Trampın istədiyi neftdir, paradır, tabeçilikdir

    Türkiyədə baş verən son iqtisadi çalxalanmalar fonunda Azərbaycandan durub prezident Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil. ABŞ-la daha necə davranmaq olar, öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır.

    Əvvəlcə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. ABŞ Azərbaycandan indiyədək nə istəyib? Özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib! İstədiyi, ilk öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir.

    Bunu millət vəkili Fazil Mustafa deyib.

    Millət vəkilinin dediyinə görə, bunun üçün illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur.

    O qeyd edib ki, üstəlik, istədiyi neftdir, paradır, tabeçilikdir:

    “Eyni şeyi, təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı, sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı?

    İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq.

    Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir.

    Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır?

    Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkdimi?

    Az qala Türkiyənin əhatəsində Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq yanındakı Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası, Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?..

    Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?!..”

    F. Mustafanın sözlərinə görə, siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır:

    “Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların daha ciddi dərk olunmasına imkan yaradır.

    Azərbaycan həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir”./oxu.az

  • Türkiyədə daha bir azərbaycanlı uşaq öldü

    Azərbaycandan Türkiyənin İzmir şəhərinə qohumlarını görməyə gedən 16 yaşlı yeniyetmə həyatını itirib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ölümünə sürdüyü motosikletin dərəyə yuvarlanması səbəb olub.

    Nail Quliyev adlı yeniyetmənin öldüyü qəza İzmirin Berqama rayonunda qeydə alınıb.

    Məlum olub ki, onun ölümünə motosikleti kasksız idarə etməsi səbəb olub. Yeniyetmənin meyiti Berqama Necla Mithat Öztüre Dövlət Xəstəxanası morquna aparılıb.

    Qəza ilə bağlı araşdırmalara başlanılıb.