Category: Dünya

  • Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var

    Türkiyəyə maliyyə sisteminin sabitliyinin pozulması yolu ilə iqtisadi təzyiqlər göstərilməsi cəhdləri perspektivsizdir.

    Median.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində çıxışı zamanı deyib.

    “Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, onlara fikir verməyin. Onların dolları varsa, bizim də Allahımız var”, – türk lider bildirib.

    Xatırladaq ki, ABŞ və Türkiyə arasında terrorçuluqda ittiham olunaraq Ankarada saxlanılan amerikalı keşiş Endryu Bransonun azad edilməməsi səbəbindən yaranan gərginliyə görə türk lirəsinin məzənnəsi kəskin şəkildə ucuzlaşıb.

  • Gürcüstana qar yağdı – VİDEO

    Gürcüstanın kurort bölgəsi olan Qudauriyə qar yağıb.

    Bununla bağlı “Facebook” istifadəçiləri video paylaşıb.

    Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb. Kazbeqi kəndinin sakininin sözlərinə görə, Rusiya ilə sərhəd bölgələrə də qar yağır.

    “Deyirlər ki, Quduariyə ötən gündən qar yağır. Bizdə də hava əlverişsizdir, gah yağış, gah qar yağır, gah da dolu düşür”, – kənd sakini deyib.

  • Yanğın hadisələrinə görə daha iki nəfər saxlanıldı

    Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində iki hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatlara əsasən, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.

  • Türkiyə lirəsi ucuzlaşmaqda davam edir

    Türkiyə ilə ABŞ arasında gərginlik dolların türk lirəsinə qarşı daha da dəyər qazanmasına səbəb olub.

    Səhər saatlarında dollar/lirə məzənnəsi 5,73 lirəyə yüksəlib.

    Hansı ki həftənin çərşənbə günü dollar/lirə məzənnəsi 5,30 lirə təşkil edib. Avronun məzənnəsi ilə 6,63 lirədən 7,35 lirəyə qalxıb.

    Valyuta bazarında funt sterlinqin dəyəri lirəyə nisbətdə 7,35 lirə səviyyəsində olub.

  • Siqal təcavüzdə ittiham olunur

    Los-Ancelesin dairə prokurorluğu cinsi təcavüzdə ittiham olunan amerikalı aktyor və kinoprodüser Stiven Siqalla bağlı araşdırmalara başlayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Deutsche Welle” nəşri prokurorluğun mətbuat xidmətinə istinadla məlumat yayıb.

    Cinayətin xarakteri və mümkünlüyü ilə bağlı əlavə heç bir məlumat verilmir. Yalnız məlumdur ki, Siqal barəsində araşdırmalarla yanaşı, prodüser Xarvi Vaynşteyn və yumorist Entoni Andersona qarşı da işlər açılıb.

    Bu, Siqala qarşı ilk belə ittihamdır.

  • İndoneziyada nadir Quran nüsxəsi nümayiş etdirilir

    İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.

    Median.Az “Anadolu”ya istinadla xəbər verir ki, Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.

    Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb:

    “Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.

  • Rəfiqəsi amerikalı qızı körpüdən itələdi – VİDEO

    ABŞ-da gənc qız 16 yaşlı rəfiqəsini 18 metr hündürlükdəki körpüdən aşağı itələyib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.

    Məlumatlara görə, bununla qız rəfiqəsinin hündürlük qorxusunu dəf edəcəyini düşünüb. Ancaq nəticə fərqli olub: yeniyetmə qız çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib.

    Sosial şəbəkədə qızın bu hərəkəti tənqid edilib və bildirilib ki, o, cəzalandırılmalıdır.

  • Müəllifi bəlli olmayan aviahücum avtobusdakı uşaqları öldürdü

    Yəmənin Saad bölgəsinin Daxian şəhərində uşaqların olduğu avtobus hücuma məruz qalıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sky News” məlumat verib.

    Hadisə zamanı azı 20 nəfər ölüb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, aviahücum vaxtı şəhər bazarı bombalanıb.

    Yerli KİV-lər bildiriblər ki, hücum nəticəsində çoxu uşaq olmaqla, 39 nəfər həyatını itirib, 51 nəfər yaralanıb. “Reuters” ölənlərin əksəriyyətinin yaşının 10-dan az olduğunu qeyd edib.

    Hücumun kim tərəfindən törədildiyi məlum deyil, ancaq hadisənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən törədildiyi ehtimal edilir.

  • Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır

    Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan”ə “Rusiya dəmir yolları” ASC-nin sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib.

    Onun sözlərinə görə, “Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq.

    “Biz bu məsələ üzərində işlərə başlamışıq. Bu gün bu marşrut multimodal hesab edilir, yəni həm avtomobil, həm də dəmiryol daşımalarını özündə birləşdirir.

    Hesab edirik ki, Ermənistan və İran hökumətləri tərəfindən bu layihənin icrası ilə bağlı göstərilən səyləri davam etdirmək lazımdır”, – Mişarin qeyd edib.

    Ermənistanda hesab edirlər ki, bu yolun tikintisi Ankara və Bakının Yerevanı təcrid etmək cəhdlərini neytrallaşdıracaq. Türkiyə, Azərbaycan və Gürcüstan ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verib.

    Bu hadisə Yerevanda ciddi narahatlıq doğurub.

    Ermənistan-İran dəmir yolu xətti layihəsinin ümumi dəyəri 3 mlrd. 200 mln. dollardır.

  • Türkiyədə 500 ton ağırlığında tarixi hamam texnika ilə başqa əraziyə daşınıb – FOTOLAR

    Türkiyədə 650 yaşı olan tarixi hamam bir ərazidən başqa əraziyə köçürülüb.

    Median.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 500 ton ağırlığı olan hamamın heç bir zədə almadan 3 kilometr uzaqlıqdakı yeni mədəniyyət parkına daşınmasına nail olunub.

    Batman vilayətinin Hasankeyf qəsəbəsindəki tarixi hamamın köçürülməsinə bu gün səhər saat 5 radələrində başlanılıb.

    Hamamın köçürülməsi işləri 6 saata başa çatıb.

    Rəsmi açıqlamaya görə, hamamın köçürülməsinə 37 milyon lirə (12 milyon AZN-red) sərf olunub.