Category: Dünya

  • Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir

    Gürcüstan parlamentinə ölkədə yaşamaq hüququ olmayan əcnəbilərə yaşam icazəsi verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsi daxil olub.

    Median.Az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

    “Gürcüstan vətəndaşlarına pasportların və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstanda yaşayan Gürcüstan vətəndaşları və əcnəbilərin qeydiyyatı qaydaları haqqında” Qanunun müəllifləri hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından Qoça Enukidze və İlya Çulaydadır.

    “Hələlik bu məsələ ilkin məsləhətləşmələr mərhələsindədir. Müvafiq olaraq, biz məsələni daha dərindən nəzərdən keçirməli və bundan sonra qərar qəbul etməliyik. Əlbəttə, burada balanslaşdırılmış qərar olmalıdır və biz onunla bağlı bütün halları götür-qoy edəcəyik”, – deyə parlament sədri İrakli Kobaxidze bildirib.

    2017-ci ilin məlumatına görə, Gürcüstanda 83 mindən çox miqrant var, onların əksəriyyəti kişilərdir.

    Miqrantların sayına görə ilk yerdə Rusiya vətəndaşları (9,7 min nəfər) gəlir. Növbəti pillələrdə Türkiyə, Azərbaycan, Hindistan və digərləri qərarlaşıb.

  • İtaliyada faciə: körpü uçdu, onlarla ölən var – VİDEO

    İtaliyanın Genuya şəhəri yaxınlığında körpünün uçması nəticəsində onlarla insan vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Rai News 24” telekanalı məlumat yayıb.

    Körpü dağılarkən onlarla avtomobilə ziyan dəyib.

    Telekanalın məlumatına görə, dağıntılar altında insanlar qalıb. Körpünün uçması qaz borularının zədələnməsi və qaz sızmasına səbəb olub.

  • Milyonçu arvadını və pullarını itirdi, “bomj” oldu və yoxa çıxdı

    Nyu-Yorkda müflisləşmiş və evindən məhrum olmuş milyonçu yoxa çıxıb.

    Bu barədə Median.Az “New York Post”a istinadla xəbər verir.

    Pol Qrinuold menecer, onun həyat yoldaşı isə Nyu-York universitetinin professoru olub.

    Problemlər həyat yoldaşı ilə münasibətlərin gərginləşməsindən sonra başlayıb. Məhkəmənin qadağasına baxmayaraq, Qrinuold onu təqib edib.

    O zamanlar kişi menecer işləməsə də, milyonçu olmaqda davam edirdi. O, ən ucuz nömrəsi sutkada 400 dollar olan “Uoldorf-Astoriya”da yaşayırdı.

    Arvadına hücum edəndən sonra isə Qrinuold məhkəmə qarşısına çıxarılıb və hakimi təhqir edib.

    Mütəxəssislərin məsləhəti ilə onu həbsxana tipli psixiatrik xəstəxanaya göndəriblər.

    Ötən bir il ərzində Qrinuold hər şeyini itirib və son zamanlar Manhettendə evsizlər üçün nəzərdə tutulan sığınacaqda yaşayıb.

    Ötən həftə o, xəstəxanaya yerləşdirilib. Lakin iki gün sonra oranı tərk edib və yoxa çıxıb. İndi Qrinuold polis tərəfindən axtarılır.

  • Türkmənistan azərbaycanlıları və ermənilərini bir aerotrafikdə birləşdirdilər

    Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurat Muratov Aşqabadla Tbilisi arasında birbaşa aviareysin fəaliyyətə başlamasını şərh edib.

    O, bunu ölkəsinin etnik müxtəlifliyi ilə izah edib.

    “Türkmənistanda çox sayda etnik azərbaycanlı və erməni yaşayır. Aşqabad – Yerevan reysinin açılmasından sonra çoxları Yerevana gedir. Lakin etnik azərbaycanlılar ora gedə bilmirlər və onlar bərədən istifadə edirlər.

    Aviareys fəaliyyətə başlayacağı təqdirdə Türkmənistanda yaşayan 400 mindən çox azərbaycanlı Tbilisiyə uça biləcək.

    Gürcüstan xab rolunu oynayacaq, ordan, milli hisslərə zərbə vurmadan, həm Azərbaycana, həm də Ermənistana getmək olacaq”, – Muratov deyib.

    Türkmənistanın Gürcüstandakı səfiri həmçinin əlavə edib ki, tərəflər Tbilisi – Aşqabat reysinin fəaliyyətə başlaması ətrafında fəal iş aparır və iki ölkə arasında müəyyən sənədlər imzalanır.

  • Reperi samuray qılıncı ilə öldürdülər

    Sidney polisi avqustun 10-da samuray qılıncı ilə öldürülən kişinin şəxsiyyətini müəyyənləşdirib.

    Bu, “Scepaz” ləqəbi ilə çıxış edən Cett MakKidir.

    Hadisə Sidneyin Forest Loc rayonunda baş verib. MakKi evindən başından ağır yaralanaraq çıxıb və yardıma səsləyib. Lakin təcili yardım avtomobili gələnə qədər dünyasını dəyişib.

    “Scepaz”ın 30 yaşı olub. O, rep karyerası ilə paralel İT sahəsində də fəaliyyət göstərib.

  • Ailəsi ilə Antalyaya istirahətə gedən azərbaycanlı uşaq öldü

    Ötən gün Antalyanın Manavgat bölgəsində ailəsi ilə birgə istirahətə gəlmiş azərbaycanlı uşaq, 10 yaşlı Ayxan Zamanov hotelin hovuzunda boğularaq ölüb.

    Median.Az Huriyyet-ə istinadən xəbər verir ki, ailə dünən yerli vaxtla saat 14:00 radələrində beş ulduzlu hoteldə yerləşib.

    Ailəsi otaqda istirahət edən zaman Ayxan Zamanov yerli vaxtla saat 17:00 radələrində üzmək üçün hovuza girib.

    Bir qədər hovuzda üzən uşaq çırpınmağa başlayarkən, ətrafdakı insanlar tərəfindən sudan çıxarılıb.

    Hotel əməkdaşlarının ilk tibbi yardımından sonra hadisə barədə təcili tibbi yardıma xəbər verilib.

    Bildirilir ki, Serik Dövlət Xəstəxanasına aparılan yeniyetmə yolda keçinib.

    Uşağın bədəni ekspertiza üçün Antalyaya göndərilib.

  • Tacikistan dağlarında alpinistlərin olduğu helikopter düşdü

    Tacikistanda rusiyalı, belaruslu və ispan alpinistlərin olduğu “Mi-8” helikopteri Fortanbek buzlağına sərt eniş edib.

    Helikopter İsmoili Somoni zirvəsinə çıxacaq alipinistləri buzlağın ətəyində yerləşən düşərgəyə aparırmış.

    Qeyd edək ki, “sərt eniş” qəzaya uğrama və qəza enişi arasında ortalıq bir şeydir.

    Hazırda ən azı bir nəfərin öldüyü məlumdur. Helikopterdə 13 rusiyalı, belarus və ispanla yanaşı, Tacikistan vətəndaşları olan heyət üzvləri də qalıb. Onlar “yer” ilə əlaqəyə çıxaraq, gecə qalmaq üçün düşərgə qurduqlarını bildiriblər.

    “MİR 24” telekanalının məlumatına görə, xilasedici və həkimlərin olduğu iki göyərtə qəza enişi yerinə yola düşüb.

    İsmoili Somoni zirvəsi Tacikistanın ən hündür yeridir – onun hündürlüyü 7495 metr təşkil edir.

  • Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı – FOTO

    İndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub.

    Median.Az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə əlaqə avqustun 11-də İndoneziyanın Papua əyalətinin Oksibila hava limanına enişdən əvvəl itib.

    Hava gəmisinin parçalarını bazar günü Papua-Yeni Qvineyada dağın ətəyindən tapıblar.

    Qeyd olunur ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla, doqquz nəfər olub. Qəza nəticəsində 12 yaşlı oğlandan başqa hamı ölüb. Uşaq tapılarkən huşsuz vəziyyətdə olub.

    Bildirilir ki, yaxınlıqdakı kəndlərin sakinləri əvvəlcə güclü uğultu, sonra isə partlayış səsi eşidiblər. Hazırda qəzanın səbəbləri araşdırılır.

  • İranda atışma olub, 11 nəfər ölüb

    İranın şimal-qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) döyüşçüləri və terrorçu qrup arasında atışma olub, nəticədə 11 terrorçu məhv edilib.

    Bu barədə Median.Az Anadolu agentliyinə istinadən xəbər verir.

    İİKK-nin verdiyi məlumata görə, terrorçular qanunsuz olaraq İran ərazisinə girməyə cəhd ediblər.

    İİKK atışmada itki verib-vermədiyi barədə məlumat verməyib.

  • “Bakı bulvarı”nın direktorunu kim öldürmək istədi?

    Moskva polisi “killer”likdə şübhəli bilinən iki nəfəri yaxalayıb. Həmin şəxslər 2017-ci ilin yazında “Bakı bulvarı” restoranının sahibi Niyaz Bədəlovu güllələməkdə ittiham olunublar. Niyaz Bədəlov sağ qalmağı bacarıb.

    Median.Az “Mash” telekanalına istinadla xəbər verir ki, saxlanılan şəxslər Dağıstan sakinləridir.

    Dindirilmə zamanı onlar Niyaz Bədəlovun öldürülməsinə görə pul aldıqlarını bildirib. Hazırda hüquq-mühafizə orqanları sifarişçinin kimliyini araşdırmağa çalışır.

    “Naina” şirkətinin direktoru, “Bakı bulvarı” restoranlar şəbəkəsinin sahibi Niyaz Bədəlova qarşı sui-qəsd 2017-ci ilin martında Moskvanın mərkəzində baş tutub. İş adamının olduğu “Mersedes” markalı avtomobilə yaxınlaşan naməlum şəxs silahdan maşında bir neçə dəfə atəş açıb və gizlənib. Bədəlov özü xəsarət almasa da, onun mühafizəçisi güllə yarası ilə xəstəxanaya çatdırılıb.