Category: Dünya

  • “Zara” və “Bershka” brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?

    “Zara” və “Bershka” kimi tanınmış brendlərin sahibi olan İspaniyanın “Inditex” geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.

    Median.Az İspaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, kiberhücum kənar xidmət təminatçısının serverlərində yerləşən məlumat bazalarına qarşı törədilib.

    “Inditex”dən verilən açıqlamada bildirilir ki, sözügedən bazalarda yalnız fərqli bazarlardakı istehlakçılarla olan ticari əlaqələrə dair detallar saxlanılıb. Şirkət vurğulayıb ki, müştərilərin ad-soyadları, əlaqə nömrələri, ünvanları, parolları, həmçinin bank kartı və digər maliyyə rekvizitləri kimi həssas məlumatlar tam qorunub. İlkin yoxlamalar kiberhücumun alıcıların fərdi məlumatlarına zərər vurmadığını göstərir.

    Korporasiya dərhal qoruyucu protokolları işə salaraq aidiyyəti qurumları məlumatlandırıb. Bildirilib ki, “Inditex”in əməliyyat sistemlərinin fəaliyyətində hər hansı mənfi təsir qeydə alınmayıb və istifadəçilər xidmətlərdən tam təhlükəsiz şəkildə istifadə etməyə davam edə bilərlər.

    Xatırladaq ki, ispan iş adamı Amansio Orteqa tərəfindən yaradılan “Inditex” hazırda dünyanın 100-ə yaxın ölkəsində 5 500-dək satış nöqtəsinə sahibdir. Korporasiyaya “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” kimi populyar markalar daxildir. Şirkət 2025-ci maliyyə ili üçün (1 fevral 2025 – 31 yanvar 2026) xalis gəlirinin 6.22 milyard avro təşkil edərək tarixi rekord həddə çatacağını proqnozlaşdırır.

  • Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu

    Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı hücum edən şagirdə müdaxilə edən valideyn Necmeddin Bekçi yaşananları danışıb.

    N.Bekçi hadisə günü məktəbin yaxınlığındakı evində silah səsləri eşitdiyini bildirib. O, şagirdlərin çaxnaşma içində pəncərələrdən tullanmağa və məktəbdən qaçmağa çalışdığını gördüyünü söyləyib.

    Məktəbə qaçdığını deyən N.Bekçi övladlarının yanına çatdıqdan sonra silah səslərinin gəldiyi bölməyə yönəldiyini vurğulayıb.

    “Məktəbə yeməkxana tərəfdən daxil oldum və üst mərtəbəyə çıxanda iki müəllimlə yeməkxana işçisinin silahlı ilə mübarizə apardığını gördüm. Onlara dəstək olmaq üçün müdaxilə etdim”.

    Hücumçunu zərərsizləşdirib təhlükəsizlik qüvvələrinə təhvil verməyi hədəflədiklərini ifadə edən valideyn o vaxt bəzi şagirdlərin tualetlərdə gizləndiyini bildirib.

    N.Bekçi, həmçinin İsa Aras Mersinlinin təhlükəsizlik qüvvələrinə təslim edildiyi vaxt “Məni bağışla” deyə təkrar etdiyini eşitdiyini qeyd edib.

  • Ermənistan Konstitusiya layihəsini təxirə salır?

    Ermənistan yeni Konstitusiya layihəsinin ictimailəşdirilməsini ertələyə bilər.

    Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, buna səbəb hökumətin seçki ərəfəsində ehtimal olunan risklərdən yaxa qurtarmaqdır.

    “Konstitusiya Məhkəməsində olan məlumatlı şəxslər qurumun seçki prosesinə qədər daxili məlumatları və gizli saxlanılan detalları ictimailəşdirəcəyini inandırıcı hesab etmirlər. Bildirilir ki, burada məsələ yalnız Paşinyanın aşkar şəkildə ifadə etdiyi Müstəqillik Bəyannaməsinin ləğv edilməsi deyil, eyni zamanda, bir çox gözlənilməz hüquqi yeniliklər və qanunvericilik düzəlişləridir”, – deyə o bildirilib.

    Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan sənədin iyunun 7-nə kimi tam yekunlaşacağını vurğulamışdı.

  • Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

    “Grinex” kriptorubl birjası Qərb xüsusi xidmət orqanları tərəfindən öz xidmətlərinə qarşı həyata keçirilmiş məqsədli hücum baş verdiyini bəyan edib.

    Bu barədə “Grinex”in mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

    Hücum nəticəsində Rusiya istifadəçilərinə məxsus bir milyard rubldan (təxminən 22.2 milyon manat – red.) artıq vəsaitin oğurlandığı bildirilir. Hadisədən sonra birja fəaliyyətini müvəqqəti dayandırıb.

    Hazırda “Grinex”in saytı əlçatan deyil, əsas səhifədə texniki işlərin aparıldığı qeyd olunur.

  • Livan və İsrail atəşkəsə razılaşdı

    Livan və İsrail sülhə nail olmaq üçün 10 günlük atəşkəs barədə razılığa gəlib.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

    O, Livanın Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

    “Çərşənbə axşamı iki ölkə 34 ildən sonra ilk dəfə Vaşinqtonda Dövlət katibi Marko Rubio ilə görüşdülər. Mən Vitse-prezident Vensə və Dövlət katibi Rubioya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla birlikdə davamlı sülhə nail olmaq üçün işləməyi tapşırdım. Dünyada 9 müharibəni həll etmək mənim üçün şərəf olub və bu, mənim 10-cu sülhüm olacaq. Ona görə də gəlin bunu başa çatdıraq” ,- deyə Tramp əlavə edib.

  • Rusiyada axtarışda olan cinayətkar polisləri güllələdi

    Rusiyanın Orenburq vilayətində şübhəlinin saxlanılması zamanı baş verən atışma nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

    Hadisə Novotroitsk yaxınlığındakı Akkermanovka qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan şəxsi saxlamağa cəhd göstərərkən, o, polis əməkdaşlarına atəş açıb.

    Bildirilib ki, atışma nəticəsində bir polis əməkdaşı həyatını itirib, daha üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

    Mənbələrin məlumatına görə, atəş açan şəxs 52 yaşlı Sergey Basalayev olub. Onun avtomat silahla silahlandığı və xüsusi təhlükə yaratdığı ehtimal olunur. Hücumdan sonra o, ağ kabinli “QAZon” markalı yük avtomobili ilə hadisə yerindən qaçıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları regionda xüsusi ələkeçirmə planının icrasını həyata keçirirlər, şübhəlinin axtarışı davam edir.

  • Bu axşam da seriallar yayımlanmayacaq

    “Halef”, “Sevdiğim sensin” və “Delikanlı” seriallarının bu gün yeni bölümləri yayımlanmayacaq.

    Buna səbəb isə Türkiyənin Kahramanmaraş ve Şanlıurfa şəhərlərindəki məktəblərdə baş verən silahlı hücumlardır.

    Qeyd edək ki, baş verən hadisələrə görə ötən gün də seriallar yayımlanmamışdı.

  • İran Hörmüzdən əldə etdiyi gəliri açıqladı

    İran parlamenti ölkənin Hörmüz boğazına nəzarətdən əldə etdiyi gəliri 10-15 milyard dollar olaraq qiymətləndirib.

    İSNA bu barədə qanunverici orqanın rəyasət heyətinin üzvünə istinadən məlumat yayıb.

    Bildirilib ki, İranın Hörmüz boğazında suverenliyinin gücləndirilməsi milli valyuta olan rialın möhkəmləndirilməsinə yönəldilməlidir. “Tehran “maneələr yaratmaq və şantajla məşğul olmaq” əvəzinə, boğazda tənzimləyici olmağa çalışır”, – deyə parlamentdə qeyd edilib.

  • Dünyanın ən yüksək paytaxtı: Nəfəs almaq çox çətindir

    La Paz uzun illərdir dünyanın ən yüksək hündürlükdə yerləşən paytaxt şəhəri titulunu daşıyır. Oksigen səviyyəsinin xeyli aşağı olduğu bu şəhərdə gündəlik həyat bir çox ziyarətçi üçün qeyri-adi dərəcədə çətin ola bilər. Yüksək hündürlük səbəbindən nəfəs almaq belə çətindir, lakin La Paz bu ekstremal coğrafi şəraitə baxmayaraq milyonlarla insanın yaşadığı canlı bir paytaxt şəhəri olaraq qalır.

    Median.Az bildirir ki, dəniz səviyyəsindən 3650 metr yüksəklikdə yerləşən Boliviyanın paytaxtı La Paz dünyanın ən yüksək hündürdə yerləşən paytaxt şəhərləri arasındadır.
     
    Yüksək hündürlük səbəbindən şəhərdə oksigen səviyyəsi xeyli aşağıdır. Bu, xüsusilə şəhərə yeni gələnlərdə baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi təsirlərlə özünü göstərən hündürlük xəstəliyini gündəlik həyatın bir hissəsinə çevirir.
     
    Yerli əhalinin “Sorojchi” adlandırdığı bu vəziyyət La Pazın coğrafi reallığını ən aydın şəkildə ortaya qoyur. And dağlarının ətəyində inşa edilən şəhər, sürətlə dəyişən hava şəraiti və sərt iqlimi ilə həyatı çətinləşdirir. Buna baxmayaraq, şəhər əsrlər boyu bu şərtlərə uyğunlaşan əhalinin mərkəzi olaraq qalır.
     
    Latın Amerikasının iqtisadi cəhətdən ən həssas ölkələrindən biri hesab edilən Boliviya yüksək inflyasiya və dənizə çıxışı olmayan yerləşməsi səbəbindən uzun müddətdir ki, struktur problemləri ilə mübarizə aparır.
     
    Bu vəziyyətə baxmayaraq, La Pazda həyata keçirilən “Mi Teleférico” layihəsi şəhər həyatında əhəmiyyətli bir dəyişiklik yaradıb. 2012-ci ildə istifadəyə verilən və yüz milyonlarla dollarlıq investisiya ilə inşa edilən kanat yolu şəbəkəsi dik yamaclarda yerləşən məhəllələr arasında nəqliyyatı xeyli asanlaşdırdı. Bu sistem sayəsində saatlarla davam edə biləcək səyahətlər dəqiqələrə endirilib.

    Coğrafi çətinlikləri ilə yanaşı, La Paz son siyasi inkişafları ilə də seçilir.
     
    Son prezident seçkiləri uzun illər ölkəyə hakim olan solçu hökumətin gücünün əhəmiyyətli dərəcədə azalmasını göstərdi və mərkəz-sağçıların yüksəlişini ortaya qoydu. Plaza Murillo kimi tarixi meydanlar bu siyasi transformasiyanın və sosial hərəkətliliyin mərkəzində qalmaqdadır.
     
    Yüksək hündürlüyünə, sərt iqliminə və çətin həyat şəraitinə baxmayaraq, La Paz Boliviyanın siyasi, mədəni və sosial mərkəzlərindən biri olaraq qalır. Ziyarətçilər üçün fiziki cəhətdən çətin olsa da, şəhər təklif etdiyi təcrübələrlə diqqəti cəlb etməyə davam edir.//sfera.az

  • Rusiya bu ölkələri hədələdi

    Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiya beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə hüququnu qoruyub saxlayır.
     
    Median.Az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
     
    Son vaxtlar Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı yayılan məlumatlar fonunda Finlandiya və Baltikyanı ölkələrə mesaj verilib. Şoyqu iddia edib ki, bu dron hücumları həmin ölkələrin hava məkanı üzərindən həyata keçirilə bilər.
     
    O qeyd edib ki, yaranmış vəziyyət ya Qərb ölkələrinin hava hücumundan müdafiə sistemlərinin yetərsizliyi, ya da onların hava məkanından bu məqsədlər üçün şüurlu şəkildə istifadəyə imkan verilməsi ilə izah olunur.
     
    Şoyqu çıxışı zamanı BMT Nizamnaməsinin 51-ci maddəsi-nə istinad edib. Bildirib ki, bu maddə dövlətlərə silahlı hücum halında fərdi və ya kollektiv özünümüdafiə hüququ verir./globalinfo