Category: Dünya

  • Rəsmi Moskvadan bu ölkələrə xəbərdarlıq

    Ukrayna dronlarının Finlandiya və Baltikyanı ölkələr üzərindən uçaraq Rusiyaya zərbələr endirməsi çoxalıb.

    Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

    Onun sözlərinə görə, bu halda BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı maddəsi tətbiq oluna bilər:

    “Son zamanlar Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya Ukrayna dronlarının zərbələrinin sayında artım müşahidə olunub. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir”.

    O bildirib ki, ya Qərb Hava Hücumundan Müdafiə sistemləri “olduqca təsirsizdir”, ya da yuxarıda adıçəkilən dövlətlər bilərəkdən öz hava məkanlarını dron istifadəsi üçün Ukrayna tərəfinə verir.

    “Başqa sözlə, onlar Rusiyaya qarşı təcavüzün açıq iştirakçılarıdır. Sonuncu halda, beynəlxalq hüquqa görə, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququ ilə bağlı BMT Nizamnaməsinin 51-ci maddəsi qüvvəyə minir”, – Şoyqu qeyd edib.

  • Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var (Yenilənib)

    Şanlıurfanın Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində aprelin 14-də baş verən silahlı hücumla əlaqədar saxlanılan şübhəli şəxslərin sayı 20-yə çatıb.

    Bu barədə “TGRT Haber” məlumat yayıb. Valilik tərəfindən məsələ ilə bağlı yayımlanan bəyanatda hücumun hər hansı bir qruplaşma ilə əlaqəsinin aşkar edilmədiyi vurğulanıb. Açıqlamada qeyd olunub ki, hadisənin fərdi zəmində baş verdiyi və onun terror, hansısa qruplaşma xarakterli bağlantısına dair məlumata, sübuta rast gəlinməyib.

    Bundan əlavə şəhər mərkəzindəki xəstəxanalarda müalicə alanların vəziyyəti ilə bağlı açıqlama verilib. Bildirilib ki, 9 yaralıdan 8-nin səhhəti yaxşıdır. Bir şagirdin isə vəziyyəti kritik olaraq qalır.

    * * * * *

    Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

    Bildirilib ki, cinayətləri və cinayətkarları təqdir edən, ictimai asayişə mənfi təsir göstərən məzmun və fəaliyyətlərlə bağlı paylaşımlar etdiyi müəyyən olunan 83 şəxs barəsində saxlanılma qərarı verilib və məhkəmə prosesi başlanılıb.

    Bundan əlavə, 940 sosial media hesabına giriş bloklanıb, 93 “Telegram” qrupu bağlanılıb.

    Qeyd olunur ki, şübhəli şəxslərlə bağlı hüquqi proseslər çoxşaxəli şəkildə həyata keçirilir.

    * * * * *

    Türkiyənin Şanlıurfa bölgəsində liseyə silahlı hücumla əlaqədar 16 şübhəli şəxs saxlanılıb.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Məlumata görə, nəzarətə götürülən şəxslərə qarşı məhkəmə prosesi davam edir.

    Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Dünən isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.

  • Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu

    Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər həyatını itirib.

    Bu barədə “New Zealand” radiostansiyası məlumat yayıb.

    Məlumata əsasən, hadisə ölkənin əsas ərazisindən şimal-şərqdə, Yeni Britaniya adasında yerləşən Şərqi Yeni Britaniya əyalətində qeydə alınıb. Davamlı şiddətli leysan və daşqınların ardınca Qazel kəndini torpaq qatı basıb.

    Dağıntılar altında hələ də insanların ola biləcəyi vurğulanır, bu səbəbdən də qurbanların sayının artacağı istisna olunmur. Hazırda xilasetmə xidmətləri hadisə yerində fəaliyyətlərini davam etdirirlər.

  • “Satoşi dövrünün” “kriptokit”i 150 milyon dollarlıq “Bitcoin” köçürüb

    “Satoşi Nakamoto dövrünə” aid edilən naməlum “kriptokit” təxminən 150 milyon dollar dəyərində “Bitcoin” köçürüb.

    Median.Az “Bitinfocharts” portalına istinadən xəbər verir ki, aprelin 15-də həmin investorun cüzdanından dörd tranzaksiya ilə ümumilikdə 2 000 BTC çıxarılıb. Analitiklər bu əməliyyatların kriptovalyutanın satışına hazırlıq ola biləcəyini ehtimal edirlər.

    Qeyd olunur ki, sözügedən vəsaitlər 2011-ci ildə – “Bitcoin”in qiymətinin hələ 0.4 dollardan aşağı olduğu vaxtda toplanıb. Hazırda həmin aktivlərin dəyəri yüzminlərlə dəfə artıb.

    Xatırladaq ki, “Satoşi dövrü” kriptovalyutaların formalaşma mərhələsi hesab olunur və “Bitcoin”in anonim yaradıcısının yoxa çıxması ilə başa çatıb. Mütəxəssislərin fikrincə, bu cür iri köçürmələr bazarda “balina” hesab olunan böyük investorların aktivliyinin artmasından xəbər verir.

  • Ermənistan hava məkanını bağlayır

    Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultra yüngül təyyarələr, eləcə də pilotsuz uçuş aparatları üçün bağlayacaq.

    Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

    “2026-cı il may ayının 3-dən 5-dək Ermənistan Respublikasında keçirilən genişmiqyaslı tədbirləri (8-ci Avropa Şurası Zirvə Görüşü, Ermənistan-AB Zirvə Görüşü və İrəvan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq, sizə bildiririk ki, təhlükəsizlik səbəblərinə görə, bu müddət ərzində mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ümumi aviasiya uçuşları Ermənistan Respublikasının hava məkanında qadağandır”, – deyə açıqlamada bildirilir.

  • Ermənistanda general axtarışa verildi

    Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandanı, general-mayor Qriqori Xaçaturova qarşı cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Məhkəmə Qriqori Xaçaturovun həbsinə qərar verib, lakin o, ölkədən kənardadır. Bu səbəbdən Xaçaturov axtarışa verilib.

    Ermənistan Baş prokurorluğunun məlumatına görə, Qriqori Xaçaturov Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin qanunsuz yolla əldə edilən daşınmaz əmlakın qanuniləşdirilməsi və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.

  • Aİ Ermənistana yeni missiya göndərir

    Brüsseldəki Aİ səfirləri bu gün Ermənistana yeni mülki missiya göndərmək qərarını təsdiqləyiblər.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Onlar bununla da gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiq üçün yol açıblar.

    Missiyanın mandatı, strukturu və müddəti ilə bağlı Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarının təklifinə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir. Missiya həmçinin Ermənistanın təhlükəsizlik imkanlarını inkişaf etdirmək üçün nəyin lazım olduğunu qiymətləndirməlidir ki, ölkə hibrid təhdidləri Aİ metodologiyalarına və standartlarına uyğun olaraq daha effektiv şəkildə aşkarlaya və cavab verə bilsin. Yeni Aİ komandasının iki il müddətinə Ermənistanda yerləşdiriləcəyi, 20-30 beynəlxalq işçi heyətinə malik olacağı və “Avropa Birliyi Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərəcəyi gözlənilir.
    //unikal.az

  • Tramp ABŞ-nin müttəfiqlərini təhdid etdi

    “Vaşinqtonun Tehrana qarşı əməliyyatda dəstək verməyən müttəfiqləri ilə münasibətləri artıq əvvəlki kimi olmayacaq”.

    Bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

    “İrana qarşı əməliyyatda bizə kömək etməkdən imtina edənlərlə artıq əvvəlki münasibətlərimiz yoxdur”, – deyə Tramp qeyd edib.

    Xatırladaq ki, fevralın sonunda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlamışdı.

  • Pakistan banklara kriptovalyuta şirkətləri ilə işləməyə icazə verdi

    Pakistanın Mərkəzi Bankı (PMB) 2018-ci ildən bəri qüvvədə olan qadağanı ləğv edərək yerli banklara lisenziyalı kriptovalyuta şirkətləri üçün hesablar açmağa icazə verib.

    Bu barədə Median.Az “Reuters” agentliyinə istinadən məlumat yayıb.

    Bu addım virtual aktivlər haqqında qanunun qüvvəyə minməsindən sonra atılıb və kriptovalyuta biznesinin ölkənin maliyyə sisteminə inteqrasiyası yolunda ilk mərhələ hesab olunur.

    PMB-nin məlumatına görə, artıq banklar Pakistan Virtual Aktivlərin Tənzimlənməsi İdarəsi (Pakistan Virtual Assets Regulatory Authority, PVARA) tərəfindən verilən lisenziyaları yoxlamalı və müştərilərin milli valyutada olan hesablarını ayrıca idarə etməlidirlər.

    Bununla yanaşı, müştərilərin yoxlanılması və əməliyyatlara nəzarət məsuliyyəti bankların üzərində qalır. Maliyyə qurumlarına öz və ya müştəri vəsaitləri hesabına kriptovalyutalara sərmayə yatırmaq və ya onları saxlamaq qəti qadağandır.

    “Bu, virtual aktivlərin Pakistanın rəsmi maliyyə sisteminə daxil edilməsi istiqamətində atılmış təməl bir addımdır”, – deyə PVARA-nın sədri Bilal bin Sakib bildirib.

    Qeyd edək ki, 2023-cü ildə Pakistan hökuməti ölkə ərazisində kriptovalyutaları tamamilə qadağan etmək niyyətində idi. Həmin dövrdə maliyyə naziri vəzifəsində çalışan Ayşə Qaus Paşa rəqəmsal valyutalara icazə verilməyəcəyini və onların leqallaşdırılması məsələsinin ümumiyyətlə müzakirə olunmayacağını vurğulamışdı. Lakin 2025-ci ilin yazında Sakib rəqəmsal aktivlərin idarə edilməsi üzrə maliyyə nazirinin baş məsləhətçisi təyin olunduqdan sonra vəziyyət dəyişib. Onun iştirakı ilə ölkədə rəqəmsal valyutaların leqallaşdırılması planı hazırlandı və PVARA tənzimləyici orqanı yaradılıb.

    Sakib qeyd edirdi ki, hər bir dövlət prezidentin kriptovalyutanı milli prioritetə çevirdiyi ABŞ-dən nümunə götürməlidir. Həmin ilin aprel ayında dünyanın ən böyük kriptobirjası olan “Binance”ın təsisçisi və keçmiş rəhbəri Çanpen Çao Pakistan Kriptovalyuta Şurasının (PCC) strateji məsləhətçisi olub. Onun əsas vəzifəsi Pakistan hökuməti və özəl sektorla birlikdə kriptovalyutaların tənzimlənməsi, infrastrukturu, tədrisi və tətbiqi ilə bağlı tövsiyələr vermək idi.

    2026-cı ilin yanvar ayında isə Pakistan hökuməti Trampın “World Liberty Financial” kriptolayihəsi ilə əlaqəli olan bir şirkətlə əməkdaşlıq edəcəyini açıqlayıb. Söhbət Pakistan Mərkəzi Bankının iştirakı ilə bu layihəyə aid “USD1” steyblkoininin ölkənin ödəniş sisteminə inteqrasiya edilməsindən gedirdi.

  • Nikol Paşinyan: “Ermənistan Avropa İttifaqını şantaj etmək niyyətində deyil”

    “Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsində Brüsseli şantaj etmək niyyətində deyil”.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Aİ vətəndaş cəmiyyəti platformasının 8-ci görüşündəki çıxışı zamanı deyib.

    “Bəli, biz Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul etmişik, lakin strategiyamız ondan ibarətdir ki, biz şantaj alətlərindən istifadə etməyəcəyik. Yəni biz qanunu qəbul etmişik və gələn ay bizi Aİ-yə qəbul edin deyə bir tələb irəli sürmürük. Bu məsələdə bizə sıfır emosiya lazımdır”, – deyə Ermənistanın baş nazir bildirib.

    Onun sözlərinə görə, bu məsələdə Ermənistan üçün ən mühüm amil yüksək Avropa standartlarına uyğunluqdur. Paşinyan əlavə edib ki, ölkəsi obyektiv şəkildə həmin səviyyəyə çatdıqda, Aİ-yə üzvlük məsələsi siyasi xarakter daşıyacaq.

    “Aİ daha genişlənməmək və ya müəyyən bir məntiq çərçivəsində genişlənmək qərarı verə bilər. Biz isə heç kimi məcbur edə bilmərik. Aİ-yə qəbul olunmasa belə, Ermənistan istənilən halda bu prosesdən qazanclı çıxacaq”, – deyə hökumət başçısı əlavə edib.

    Xatırladaq ki, Ermənistan parlamentinin deputatları ötən ilin martın 26-da ikinci və yekun oxunuşda respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanunu qəbul ediblər. Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın icmaya qoşulma prosesinin avtomatik olaraq başlaması demək deyil, çünki məsələnin referenduma çıxarılması tələb olunur.