Category: Dünya

  • Maduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi QƏRAR: Venesuela üçün yeni DÖVR BAŞLAYIR

    ABŞ Administrasiyası Venesuela banklarına və hökumətinə qarşı tətbiq olunan birtərəfli sanksiyaları yumşaldıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin açıqladığı iki ümumi lisenziyada bildirilir.

    Qeyd olunur ki, Vaşinqton müəyyən şərtlərlə Venesuela hökuməti ilə kommersiya müqavilələrinin bağlanmasına icazə verib. Bununla belə, Rusiya, İran, Şimali Koreya və Kubada olan şəxslərlə əməliyyatlara qadağa qüvvədə qalır. Bundan əlavə, Çin və ya onun yurisdiksiyasında fəaliyyət göstərən təşkilatlarla da əməliyyatlara icazə verilmir. ABŞ Maliyyə Nazirliyinin icazə verdiyi Venesuela banklarının siyahısına dörd bank daxil edilib.

    ABŞ ilin əvvəlində bu Cənubi Amerika ölkəsində həyata keçirilən hərbi əməliyyatdan sonra Venesuelaya qarşı sanksiya rejimini mərhələli şəkildə yumşaldır.

    Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı Siliya Floreslə birlikdə ələ keçirərək ABŞ-yə aparıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairə məhkəməsi qarşısına çıxarılıblar.

  • Serbiya İsraillə birgə hərbi dron istehsal edəcək

    Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandar Vuçiç məlumat verib.

    “İstehsalını planlaşdırdığımız dronlar ucuz olmasa da, son dərəcə effektivdir. Onlar həm canlı qüvvənin, həm də zirehli texnikanın məhv edilməsi üçün nəzərdə tutulub. Layihə İsrail texnologiyası əsasında reallaşacaq, çünki onlar bu sahədə ən yaxşılardandır. İstehsalı isə 50/50 prinsipi ilə bölüşəcəyik. Beləliklə, biz həm innovativ texnologiyalar əldə edirik, həm də gələcəkdə bu növ texnologiyaları müstəqil yarada biləcək mütəxəssislər yetişdiririk”, – deyə Vuçiç “Kobra” xüsusi təyinatlı hərbi polis dəstəsinin yaranma günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.

    Qeyd edək ki, daha əvvəl Serbiya KİV-i ölkədə “Yuqoimport” dövlət müdafiə şirkəti və İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə hərbi dron istehsalına başlanılacağı barədə məlumat yaymışdı.

  • Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb – BMT

    Bu ilin əvvəlindən bəri Sudanda PUA hücumları nəticəsində 700-ə yaxın mülki vətəndaş ölüb.

    Bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Sudan müharibəsinin ildönümü ilə bağlı çıxışında bildirib.

    Fletçer əlavə edib ki, 2023-cü ilin aprelində başlayan müharibənin dördüncü ildönümü qaranlıq bir mərhələyə təsadüf edir və bu müddət ərzində beynəlxalq ictimaiyyət Sudan böhranı ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməkdə uğursuz olub

  • Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi – Almaniyada

    Almaniyanın Koblenz şəhərindəki Hərbi Texnika Muzeyi qapılarını Rusiya, Ukrayna, Belarus və bir sıra digər ölkə vətəndaşlarına bağlayıb.

    Bu barədə muzey bəyanat yayıb.

    “Hərbi təhlükəsizlik tələblərinə görə, hazırda Təhlükəsizlik Təmizləmə Qanununun (SÜG) 13-cü maddəsinin 17-ci bəndinə uyğun olaraq siyahıda göstərilən ölkələrin vətəndaşlarının kolleksiyaya girişi qadağandır”, – məlumatda qeyd olunub.

    Bu siyahıda Əfqanıstan, Çin, Gürcüstan, İran, Tacikistan, Özbəkistan və Vyetnam da daxil olmaqla ümumilikdə 26 ölkə var.

    Koblenzdəki Hərbi Texnika Muzeyi, rəsmi olaraq Hərbi-Texniki Tədqiqat Kolleksiyası (Wehrtechnische Studiensammlung, qısaldılmış WTS) kimi tanınır və Avropanın ən böyük silah kolleksiyalarından biridir və 7-ci SS Könüllü Qrenadier Diviziyası “Langemark”ın keçmiş kazarmasında yerləşir.

    Sərgi 5 mərtəbədən və təxminən 30 min eksponatın təqdim olunduğu böyük bir anqardan (ümumi sahəsi 7000 m²-dən çox) ibarətdir.
    //unikal.az

  • Silahlı hücumdan əvvəl belə xəbərdarlıq edibmiş… – Foto

    Bu gün Türkiyənin Şanlıurfa vilayətində liseydə baş verən silahlı hücumla bağlı yeni detallar məlum olub.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni törədən 19 yaşlı Ömer Ket hücumdan bir neçə gün əvvəl sosial şəbəkələrdə təhdid xarakterli paylaşımlar edib.

    Belə ki, liseyin keçmiş məzunlarından olan Ö.Ket instaqram hesabındakı paylaşımlarında “Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olacaq”, “Maskanın altındakı təbəssümün real olduğunumu düşünürsünüz?” kimi ifadələr yer alıb.

    İnsidentlə bağlı araşdırmalar davam edir.

    Xatırladaq ki, Ömer Ket avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

  • İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?

    İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

    Bu barədə TASS-a Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.

    “İranın hava məkanı aprelin 18-i ümumdünya vaxtı ilə saat 05:30-a (Bakı vaxtı ilə 09:30-a – red.) qədər uçuşlar üçün bağlı olacaq”, – deyə agentliyi məlumatlandıran mənbə ölkənin aviasiya qurumlarının müvafiq qərarına istinadən qeyd edilib.

    İstisna hal kimi dövlət, hərbi və sanitar aviasiyasının uçuşlarına, həmçinin axtarış və xilasetmə məqsədli reyslərə icazə verilir.

    “Bu cür uçuşlar mülki aviasiyaya nəzarət orqanının ayrıca icazələri əsasında həyata keçirilə bilər”, – deyə xəbərdə vurğulanıb.

    İranın hava məkanı fevralın 28-i günün birinci yarısında ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

  • KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir

    Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı blokadanın aradan qaldırılması və danışıqlar masasına qayıdılması tələbi ilə ABŞ-yə təzyiq göstərir.

    Bu barədə “The Wall Street Journal” nəşri xəbər yayıb.

    Mənbənin dövlət rəsmilərinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın boğazın bağlanması ilə bağlı qərarının İranla münaqişəni kəskinləşdirəcəyindən və digər əhəmiyyətli dəniz yollarının fəaliyyətini pozacağından ehtiyat edir. Bundan əlavə, Ər-Riyad xəbərdarlıq edib ki, İran cavab tədbiri olaraq Qırmızı dənizdə yerləşən və krallığın qalan neft ixracı üçün həlledici əhəmiyyətə malik olan Bab-əl-Məndəb boğazını bağlaya bilər.

    Qeyd edək ki, İran limanlarının blokadası, D.Trampın bombardman təhdidləri və başa çatmış danışıqların Tehranı Hörmüz boğazı üzərindəki nəzarəti yumşaltmağa inandıra bilməməsindən sonra, bazar ertəsi günü qüvvəyə minib.

    Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ – nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı mövzusunda Tehranla razılaşma əldə edə bilmədiyini, bu səbəbdən ABŞ hərbçilərinin İranın dəniz blokadasına başladığını bəyan edib.

    İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Ondan əlavə, qrupun tərkibində dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yer alıblar.

    İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər.

  • Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı – Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRDÜ – YENİLƏNİB (VİDEO)

    Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilib.

    Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, 10 şagird, dörd müəllim, bir polis məmuru və bir yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə, hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.

    * * * * * *

    Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.

    Bu barədə “Milliyet” nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

    * * * * * *

    Türkiyənin Şanlıurfa şəhərində liseydə silahlı hücum olub.

    Şanlıurfanın Siverek rayonundakı lisey silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, əraziyə çox sayda tibb işçisi və xüsusi əməliyyat polisi göndərilib.

    Məlumata görə, hadisəni şagird törədib. Məktəbin içərisində olan hücumçunun bəzi şagirdləri girov götürdüyü də iddia edilib.

    Təhlükəsizlik qüvvələrinin şagirdlərin əksəriyyətini məktəbdən təxliyə etdiyi bildirilib.

    Bölgədə hücumçunun zərərsizləşdirilməsi səyləri davam etsə də, 7 nəfərin yaralandığı bildirilib. /milli.az/

  • “OpenAI” rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir

    ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın evinə “Molotov kokteyli” atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, təqsirləndirilən şəxsə 30 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

    İttiham tərəfinin məlumatına görə, 20 yaşlı Daniel Moreno-Qama Altmanı öldürmək məqsədilə San-Fransiskoya gəlib, həmçinin “OpenAI” şirkətinin baş qərargahını yandırmağı və içəridə olan hamını öldürməyi planlaşdırıb.

    O, baş qərargahın binasının yaxınlığında saxlanılıb, üzərindən yandırıcı qurğular, kerosin qabı, alışqan, eləcə də süni intellekt tərtibatçılarını tənqid edən və onların öldürülməsinə çağırışları ehtiva edən manifest tapılıb.

  • ABŞ-də güclü zəlzələ baş verib

    Amerika Birləşmiş Ştatlarının Nevada ştatında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

    Mərkəzin məlumatına əsasən, yeraltı təkanların episentri təxminən 241 min nəfər əhalisi olan Rino şəhərindən 72 kilometr şərqdə yerləşib.

    Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.