Category: Dünya

  • “Microsoft” “Windows 11″in aktivləşdirilməsi qaydalarını dəyişdi

    2026-cı ildən etibarən “Windows 11” əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.

    Bu barədə “Neowin” portalı məlumat yayıb.

    Məlumata görə, “Microsoft” korporasiyası 2025-ci ilin dekabrından başlayaraq əməliyyat sistemlərinin (ƏS) telefon vasitəsilə təsdiqlənməsi prosedurunu ləğv edib. Bu üsul sistemin qeydiyyatı və aktivasiyası üçün tətbiq edilən ən köhnə variantlardan biri sayılırdı. Texnologiya nəhəngi rəsmi səhifəsindəki dəstək bölməsini yeniləyərək əməliyyat sisteminin təsdiqlənməsi formalarını yenidən açıqlayıb.

    Əgər istifadəçi “Windows 11” lisenziyasını rəsmi satış nöqtələrindən əldə edirsə, o zaman 25 simvoldan ibarət xüsusi kodu sistemə daxil etməlidir. Həmin şifrə, bir qayda olaraq, qutu daxilindəki kağız daşıyıcılarda yer alır. Digər bütün istifadəçi qrupları üçün isə Amerika şirkəti əməliyyat sistemini onlayn qaydada aktivləşdirməyi məsləhət görür.

    Korporasiyadan verilən məlumata əsasən, bu yeni yanaşma aktivasiya prosedurunu daha təhlükəsiz və dayanıqlı edir, həmçinin dələduzluq hallarının qarşısını alır. “Microsoft” nümayəndələri əlavə ediblər ki, rəsmi portal üzərindən qeydiyyatdan keçmək üçün istifadəçinin şəxsi hesabı və bu hesaba bərkidilmiş əməliyyat sistemi mütləqdir.

    Tərtibatçı şirkət onlayn aktivasiya üsulunun həm fərdi istehlakçılar, həm də korporativ müştərilər üçün ideal olduğunu vurğulayıb. Bununla belə, şirkət oflayn rejimdə əməliyyat sistemini aktivləşdirmə metodunun tamamilə dayandırılmayacağına dair söz verib.

  • Dünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir

    Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.

    Median.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının prezidenti Acay Banqa inkişaf etməkdə olan ölkələrdə yaxın 10-15 ildə əmək qabiliyyətli əhalinin sayının 1.2 milyarda çatacağını bildirib.

    Mövcud iqtisadi artım tempi saxlanılarsa, sözügedən dövrdə cəmi 400 milyon yeni iş yerinin yaradılması mümkündür. Acay Banqanın sözlərinə görə, bu, təxminən 800 milyon iş yeri çatışmazlığının yaranması deməkdir. Bank rəhbəri vurğulayıb ki, problem vaxtında həll edilməzsə, qeyri-qanuni miqrasiyanın artması və sosial qeyri-sabitlik kimi ciddi fəsadlar doğura bilər.

    Qeyd edək ki, 2025-ci ildə dünyanın ən böyük iqtisadiyyatları arasında işsizlik səviyyəsinin 3%-dən aşağı olduğu ölkələr sırasında Meksika, Rusiya və Cənubi Koreya yer alıb.
    //oxu.az

  • Zukerberqin rəqəmsal əkizi: “Meta” rəhbəri işçilərlə avatarı vasitəsilə danışacaq

    “Meta” şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq əməkdaşlarla canlı rejimdə ünsiyyət qura biləcək rəqəmsal süni intellekt avatarını inkişaf etdirir.

    Bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    Sözügedən layihə korporasiyanın “şəxsi superintellekt” formalaşdırmaq istiqamətindəki qlobal strategiyasının tərkib hissəsi hesab olunur. Bu addımlar çərçivəsində “Meta” fərdi davranış və danışıq tərzini təqlid edə bilən virtual avatarlar üzərində sınaqlar həyata keçirir. Nəşrin məlumatına əsasən, son vaxtlar Zukerberqin rəqəmsal əkizinin yaradılmasına böyük önəm verilir. Bildirilir ki, baş direktor 3D avatarın öyrədilməsi və sınaqdan keçirilməsi prosesinə şəxsən cəlb olunub. Gələcəkdə bu modelin onu əməkdaşlarla ünsiyyətdə müəyyən dərəcədə əvəzləyəcəyi planlaşdırılır.

    Rəqəmsal surət səs qeydləri, fotolar və açıq çıxışların videomaterialları əsasında hazırlanıb. Bu məlumat bazası avatara top-menecerin danışıq xüsusiyyətlərini, hərəkətlərini və ünsiyyət tərzini dəqiq kopyalamağa şərait yaradır. Tətbiqin əməkdaşların işə cəlb olunma səviyyəsini yüksəldəcəyi və şirkətin qurucusu ilə birbaşa təmas təəssüratını artıracağı proqnozlaşdırılır.

    Qeyd olunur ki, layihə hazırda işlənmə mərhələsindədir və “Meta” korporasiyasının rəhbər şəxslər üçün nəzərdə tutulan fərdi süni intellekt asistentləri kimi digər təşəbbüsləri ilə birbaşa bağlılığı yoxdur.

  • Avstraliyada 13 yaşlı qız 109 cinayət əməlində təqsirli bilinir

    Avstraliyada 13 yaşlı qız 109 müxtəlif cinayət əməli törətməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

    Bu barədə “The Age” nəşri məlumat yayıb.

    Yeniyetməyə qarşı irəli sürülən ittihamlar arasında çoxsaylı oğurluq və avtomobil qaçırma halları yer alır. Cinayətlərdən ən ağırı martın 30-da Melburn ətrafında qeydə alınıb. Oğurlanmış avtomobili idarə edən qız qəsdən velosipedçini maşının qapısı ilə vuraraq yıxıb. Hadisədən cəmi üç dəqiqə sonra o, internetdə “adam vurmağın cəzası” barədə axtarış verib. İstintaq materiallarına görə, yeniyetmə həmçinin yəhudilərin yaşadığı əraziləri müəyyənləşdirməyə çalışıb ki, onlara qarşı məqsədyönlü təqib həyata keçirsin.

    Müstəntiqlərin qənaətinə görə, yeniyetmə bu əməlləri ilə sosial şəbəkələrdə şöhrət qazanmaq istəyib. O, törətdiyi cinayətlər barədə xəbərlərin nə qədər “like” (bəyənmə) toplaması ilə yaxından maraqlanıb. Prokurorun bildirdiyinə görə, 74 gün ərzində qız gündə orta hesabla 1.45 cinayət törədib.

    Vəkillərin yeniyetmənin girov müqabilində azadlığa buraxılması barədə vəsatəti məhkəmə tərəfindən rədd edilib. Növbəti iclasadək qız həbsdə qalacaq. Proses üç həftə sonra davam etdiriləcək.

  • Dünyada püstənin qiyməti son səkkiz ilin maksimumuna çatıb

    İrandakı müharibə və bununla əlaqədar yanacaq, eləcə də gübrə üzrə qlobal təchizat zəncirlərinin pozulması ölkənin məşhur məhsulu olan püstənin qiymətini son səkkiz ilin ən yüksək həddinə çatdırıb.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Məlumata əsasən, İran qlobal miqyasda püstə istehsalına görə ikinci yerdə qərarlaşıb. Bu məhsul həm ayrıca çərəz kimi, həm də şokolad, dondurma və müxtəlif içkilərin istehsalında xammal kimi geniş tətbiq edilir.

    “Expana Markets” şirkətinin çərəz bazarları üzrə mütəxəssisi Nik Moss bildirib ki, hərbi əməliyyatlar başlamamışdan öncə də sanksiyalar və mövcud geosiyasi problemlər ölkənin püstə ticarətinə mənfi təsir göstərirdi. 2025-ci il üzrə məhsul yığımı proqnozlaşdırılandan aşağı olub. Cari ilin yanvar ayındakı vətəndaş iğtişaşları isə kommunikasiya sistemlərini sıradan çıxararaq ixrac prosesini xeyli çətinləşdirib.

    Analitik əlavə edib ki, fevral ayının sonlarında başlayan müharibə mövcud durumu daha da kəskinləşdirib. Nəticədə dünya bazarlarına püstə tədarükü kəskin şəkildə azalıb ki, bu da qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.

  • “Roblox” uşaqlar üçün yeni qaydalar tətbiq edir

    Populyar oyun platforması “Roblox” uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiq olunacağını açıqlayıb.

    Şirkətin rəsmi məlumatına görə, iki yeni hesab tipi yaradılır:

    Yeni sistemin iyunun əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bu sistem yaş yoxlaması, standart təhlükəsizlik tənzimləmələri, kontent reytinqləri, daimi moderasiya və genişləndirilmiş valideyn nəzarətini özündə birləşdirəcək.

    “Roblox Kids” hesabları daha sadə interfeysə malik olacaq, çat funksiyası deaktiv ediləcək və yalnız məhdud sayda oyunlara giriş mümkün olacaq.

    Şirkət bildirir ki, bu yeniliklər uşaqlar və yeniyetmələr arasında fırıldaqçılıq və təcavüz risklərini azaltmağa yönəlib.
    //milli.az

  • Türkiyə DİN Mansur Yavaş haqqında araşdırmaya başladı

    Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında araşdırma aparmağa icazə verib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilib ki, nazirliyin araşdırma üçün icazəsi, 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyəyə məxsus bəzi nəqliyyat vasitələrinin istifadə oluna biləcəyi iddialarına əsaslanır.

    Seçki dövrlərində belə dövlət resurslarından istifadənin qarşısını almaq üçün diqqətli bir yanaşmanın tətbiq edildiyi vurğulanıb və Mansur Yavaşın kampaniya zamanı bələdiyyə sədri maaşını belə almadığı bildirilib. Qeyd olunub ki, sözügedən məsələnin televiziya proqramında müzakirəsindən sonra, şübhəyə yer qalmaması üçün iddialar Yavaşın özü tərəfindən yoxlama prosesinə göndərilib.

  • Tramp: İran tərəfi zəng edərək razılaşma əldə olunmasını istəyir

    “İran tərəfi zəng edərək razılaşma əldə olunmasını istəyir”.

    Bunu ABŞ prezidenti Donald Tramp deyib.

    Tramp əlavə edib ki, Hörmüz boğazının blokadaya alınmasında məqsəd İranı danışıqlara qaytarmaq və dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin düşməsinə nail olmaqdır.

  • İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2089-u keçib

    Son 24 saat ərzində İsrailin Livanın cənubuna hava hücumları nəticəsində azı 34 nəfər həlak olub, daha 174 nəfər yaralanıb.

    Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2089-u keçib, 6762 nəfər yaralanıb.

    Hücumların qurbanları arasında 1671 kişi, 166 uşaq və 252 qadın var.

  • Hörmüz boğazının blokadası alüminium qiymətlərini dörd illik maksimuma yüksəltdi

    Londonda alüminium qiymətləri dörd illik maksimuma yüksəlib, çünki ABŞ Prezidenti Donald Tramp tərəfindən İran limanlarına qarşı tətbiq edilən blokada Fars körfəzi ölkələrindən tədarükdə daha ciddi pozuntular yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, alüminiumun qiyməti London Metal Birjasında (LME) 11:02 (Bakı vaxtı ilə) vəziyyətinə görə 1,4% artaraq ton başına 3 547,50 ABŞ dollarına çatıb. Metalın qiyməti Şanxay Fyuçers Birjasında da 0,5% artaraq ton başına 24 740 yuana yüksəlib. Mis 0,4% artaraq 12 892,50 dollara, sink isə 0,3% bahalaşıb. Sinqapurda dəmir filizi fyuçersləri 0,9% yüksəlib.

    Qeyd olunur ki, Yaxın Şərq dünya alüminium istehsalının təxminən 9%-ni təmin edir. Daha əvvəl regionun ən böyük istehsalçısı olan “Emirates Global Aluminium PJSC” döyüş əməliyyatları nəticəsində zərər görmüşdü. Bildirilib ki, şirkətin metallurgiya zavodlarından biri ayın əvvəlində İran hücumu nəticəsində sıradan çıxıb.

    Digər əsas metalların əksəriyyəti bazar ertəsi, 13 aprel tarixində ya bahalaşmayıb, ya da ucuzlaşıb. ABŞ və İran arasında həftəsonu aparılan danışıqların uğursuzluğu bazarlardakı qısa optimizm dövrünü zəiflədib.

    Mütəxəssislərin fikrincə, metal bazarı zəif tələbat səbəbindən təzyiq altındadır. Onlar bildirirlər ki, enerji qiymətlərindəki kəskin artım qlobal iqtisadiyyata mənfi təsir göstərir və bu, metalların tələbinə də təsir edə bilər.

    Enerji daşıyıcılarının bahalaşması xüsusilə Çində tələbi məhdudlaşdırır. Hazırda metalların ən böyük istehlakçısı olan ölkədə ehtiyatlar 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Ekspertlər hesab edirlər ki, Çindən gələn nisbətən zəif tələb alüminium qiymətlərinin artım potensialını məhdudlaşdıracaq.

    ABŞ İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə dəniz blokadası tətbiq etdiyini açıqlayıb. Bununla belə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından qeyri-İran istiqamətində keçən gəmilər üçün naviqasiya azadlığının təmin ediləcəyini bildirib.

    Qeyd edək ki, adətən Hörmüz boğazından gündə təxminən 150 gəmi keçir. “S&P Global Market Intelligence” məlumatlarına görə, mart ayında bu su yolundan ümumilikdə 150-dən bir qədər çox gəmi keçib.