Category: Dünya

  • Xamenei tezliklə xalqa müraciət edə bilər

    İranın Ali Lideri Müctəba Xamenei tezliklə xalqa müraciət edə bilər.

    Bu barədə TASS məlumat yayıb.

    “Ümid edirik ki, o, tezliklə öz fikrini bildirəcək və xalqa birbaşa müraciət edəcək”, – TASS mənbəyə istinadən yazıb.

  • Müctəba Xameneinin müşaviri də öldü

    İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi həyatını itirib.

    Bu barədə İran mediası məlumat yayıb.

    Qeyd olunur ki, o, martın 31-də Tehrandakı evinə edilən hücumda ağır yaralanıb. Həyat yoldaşı da eyni hücum zamanı həlak olub. Xarazi özü isə 8 gün sonra aldığı yaralardan həyatını itirib.
    //unikal.az

  • “Hizbullah” İsrailin mərkəzinə raketlər atıb

    “Hizbullah” təşkilatı İsrailin şimalındakı hərbi hədəfə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

    Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

    Bildirilib ki, hücum Ya’ara şəhəri yaxınlığındakı hərbi mərkəzi hədəf alıb.

    İsrailin “Ynet” xəbər portalının xəbərinə görə, Livandan İsrailin mərkəzi istiqamətində iki raket atılıb ki, onlar da havada ikən zərərsizləşdirilib. Bildirilib ki, zərərçəkənlər barədə heç bir məlumat qeydə alınmayıb.

  • Süni intellekt dünyasında ŞOK: “ChatGPT”nin taleyi apreldə həll olunacaq

    “ChatGPT” platformasının yaradıcısı olan “OpenAI” şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.

    Bu barədə “The Verge” nəşri məlumat yayıb.

    Son aylar ərzində şirkətdə baş verən kadr islahatları, strateji layihələrin təxirə salınması və daxili narahatlıqlar təşkilatın dayanıqlılığına dair ciddi şübhələr yaradıb.

    Fevralın sonlarında “OpenAI” Pentaqonla irimiqyaslı müqavilə imzalayıb. Maraqlıdır ki, şirkətin əsas rəqibi olan “Anthropic” analoji təklifdən imtina edib. Bu imtinanın əsas səbəbi süni intellekt modellərinin kütləvi izləmə sistemlərində və ya insan iştirakı olmadan hədəfi məhv edə bilən tam avtonom silahlarda tətbiq olunma riskidir.

    Ötən ay “OpenAI” rəhbərliyi “ChatGPT” ilə inteqrasiyası gözlənilən “Sora” video generasiya proqramının dəstəklənməsini qəfil dayandırıb. Bundan başqa, “Disney” ilə əməkdaşlıq o qədər qəfil sonlandırılıb ki, tərəflər layihənin ləğvini öyrənənə qədər cəmi 30 dəqiqə birgə işləyiblər. Həmçinin daxili fikir ayrılıqları səbəbindən “ChatGPT” üçün nəzərdə tutulmuş “Yetkinlər Rejimi”nin təqdimatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Şirkətin yuxarı rəhbərliyində də ciddi yerdəyişmələr baş verib:

    – Fici Simo (Applications üzrə baş direktor): Səhhəti ilə əlaqədar vəzifəsindən müvəqqəti ayrılıb.

    – Qreq Brokman (Prezident): Məhsulların inkişafı üzrə rəhbərliyi öz üzərinə götürüb.

    – Keyt Rauç (Baş marketinq direktoru): İşdən çıxıb.

    – Bred Laytkep (Baş əməliyyat direktoru): Xüsusi layihələr üzrə yeni posta təyin edilib.

    “OpenAI” bu ayın sonunda milyarder İlon Maskın qaldırdığı iddia əsasında məhkəmə qarşısına çıxacaq. Mask şirkət rəhbərliyini onu manipulyasiya etməkdə və təşkilatın qeyri-kommersiya statusunu qorumaq vədi ilə ondan 38 milyon dollar ianə qoparmaqda günahlandırır.

    Aprel ayında baş tutacaq məhkəmə dinləmələrində Maskın vəkilləri Sem Altmanın həm qeyri-kommersiya idarə heyətindən, həm də kommersiya bölməsindəki vəzifəsindən uzaqlaşdırılmasını tələb edəcəklər. Mask “OpenAI”ın yenidən tam qeyri-kommersiya fəaliyyət modelinə qayıtmasında israrlıdır.

  • “YouTube”da yeni funksiya

    “Google” istifadəçilərə “YouTube Shorts” üçün süni intellekt əsaslı rəqəmsal avatarlar yaratmağa imkan verən yeni funksiya təqdim edib.

    Median.Az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bu alət istifadəçilərə öz rəqəmsal “dublikatını” videolara inteqrasiya etməyə və real personajları virtual nüsxə ilə əvəz etməyə imkan yaradır.

    Avatarlar istifadəçinin görüntüsü və səsi əsasında formalaşdırılır, yüksək vizual və səs oxşarlığı təmin edir.

    Texnologiyadan yalnız müəllifin öz orijinal kontentində istifadə oluna bilər. Funksiya yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatandır.

    Həmçinin sistemdə nəzarət mexanizmləri də tətbiq olunub. Üç il istifadə olunmayan avatarlar avtomatik silinəcək, onların iştirakı ilə hazırlanan videolar isə süni intellektlə yaradıldığı barədə xüsusi işarə – “SynthID” etiketi ilə qeyd olunacaq.

    Funksiya mərhələli şəkildə tətbiq edilir və hazırda məhdud sayda istifadəçi üçün aktivdir.

  • Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər

    Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

    Tərəflər görüş zamanı ikitərəfli əlaqələrin inkişafını və regionda kommunikasiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

    N.Paşinyan bildirib ki, regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasında əməkdaşlığa müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstan üzərindən dəmir yolu əlaqələrinin yaradılması ticarət-iqtisadi münasibətlərin genişlənməsinə təkan verir.

    Qazaxıstan XİN rəhbəri də bu fikirlə razılaşaraq qeyd edib ki, dəmir yolu əlaqələrinin yaradılması iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək.

    O, regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP layihəsini, eləcə də Ermənistan hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsünü dəstəklədiyini bildirib.

    Tərəflər həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya və turizm sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər. Yaxın zamanda Ermənistan ilə Qazaxıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi də qeyd olunub.

    Görüşdə yaxın vaxtlarda erməni iş adamlarından ibarət nümayəndə heyətinin Qazaxıstana səfərinin əhəmiyyəti də vurğulanıb.

  • “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək

    “WhatsApp”, istifadəçilərə yalnız seçdikləri istifadəçi adları ilə mesaj göndərməyə imkan verən və telefon nömrələrini gizlədən yeni bir xüsusiyyəti tədricən tətbiq etməyə başlayıb.

    Lent.az xəbər verir ki, “WhatsApp”, telefon nömrələrinə ehtiyacı aradan qaldıraraq iOS və Android cihazları üçün böyük bir məxfilik addımı atır.

    Məlumata görə, hazırda məhdud sayda profildə aktiv olan bu xüsusiyyət, istifadəçilərə ünsiyyət üçün nömrələr əvəzinə profillərinə bağlı istifadəçi adlarını paylaşmağa imkan verir.

    Yeni sistemə görə, istifadəçi adları ən azı 3, ən çoxu 35 simvoldan ibarət olmalı və yalnız kiçik hərflər, rəqəmlər, nöqtələr və ya alt xəttlərdən ibarət olmalıdır.

    Həmçinin, təhlükəsizlik və standartlar səbəbindən seçilmiş adlar “.www” ilə başlamamalı və “.com” və ya “.net” kimi domen kimi uzantılarla bitməməlidir.

  • “Meta” yeni süni intellekt modelini təqdim etdi

    “Meta” yeni süni intellekt modeli “Muse Spark”ı təqdim edib.

    “Meta” şirkəti öz məhsulları üçün xüsusi hazırlanmış yeni süni intellekt modeli – “Muse Spark”ı istifadəyə verib. Model artıq “Meta AI” platformasında tətbiq olunur və yaxın vaxtlarda “WhatsApp”, “Instagram”, “Facebook və Messenger”də də istifadəyə veriləcək.

    “Muse Spark” kompakt və sürətli olmaqla yanaşı, mürəkkəb sualları məntiqi şəkildə həll edə bilir. Yeni model paralel işləmə, çoxmodlu analiz və vizual kodlaşdırma kimi funksiyalarla seçilir.

    “Meta” rəhbəri Mark Zukerberq bildirib ki, gələcəkdə bu tip süni intellekt sistemləri istifadəçilər üçün müxtəlif tapşırıqları yerinə yetirən “agentlər” kimi fəaliyyət göstərəcək.

  • Dünyanın ən varlıları yayda hara gedir? – 5 məkan

    Varlıların yayı harada keçirdiyini düşünürsünüz? Adi insanlar nənələrini ziyarət edərkən, ultra yüksək sərvətə malik şəxslər dünyanın ən eksklüziv və cazibədar məkanlarında istirahət edirlər.

    Onlar əlbəttə ki, ekonom siniflə uçmurlar. Onlar özəl təyyarələrlə səyahət edirlər.

    Lüks imkanlardan tutmuş gözəl mənzərələrə qədər, varlıların özəl təyyarələrlə gəldiyi beş elit yay məkanı bunlardır:

    Fransız rivyerası

    Sen-Tropezdəki “Club 55” restoranında nahar etməkdən tutmuş Monako Qran-prisində iştirak etməyə və Sen-Jan-Kap-Ferrad kurort şəhərində özəl villalarda qalmağa qədər milyarderlər, məşhurlar və yaxta sahibləri hər yay Fransız rivyerasına toplaşır. “Blacklane” şirkətinin məlumatına görə, Nitsa Kot d’Azur hava limanı yay mövsümündə Avropanın ən sıx özəl təyyarə hava limanlarından biridir.

    “Oradakı əsas cazibə onilliklərdir mövcud olan sosial ekosistemdir,” — “Lamourie Media” şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Treysi Lamuri bildirib. Başqa sözlə, yay aylarını Fransız rivyerasında keçirmək status və nüfuz göstəricisidir.

    Sardiniya, İtaliya

    “Salt & Wind Travel” şirkətinin təsisçisi Aida Mollenkampın sözlərinə görə, Sardiniyadakı Zümrüd sahili Aralıq dənizinin ən eksklüziv yay istiqamətlərindən biridir. Hətta Olbiya Kosta Smeralda hava limanı iyun-avqust aylarında özəl təyyarələr üçün xüsusi eniş vaxtları tələb edir.

    “Məkanı 1960-cı illərdə Ağa Xan krallar və milyarderlər üçün istirahət zonası kimi inkişaf etdirib və bu enerji hələ də yaşayır,” — Mollenkamp deyib. “Buraya ‘Hotel Cala di Volpe’, ‘Nikki Beach’ klubu və superyaxtalarla dolu Porto Çervo daxildir.”

    İbiza, İspaniya

    Bir çoxları İbizanı yalnız əyləncə və gecə həyatı ilə əlaqələndirsə də, Lamuri bildirir ki, şəhər artıq yüksək səviyyəli həyat tərzi mərkəzinə çevrilib və burada “lüks təcrübələr” təqdim olunur. Moda nümayəndələri, texnologiya şirkətçiləri və musiqi rəhbərləri üçün cazibə mərkəzi olan İbiza nadir yay məkanlarındandır ki, burada elektron rəqs musiqisi canlı gecə həyatı ilə yanaşı, təbii məhsullardan hazırlanan yeməklər və fərdi yoqa istirahətləri ilə birləşir. Təsadüfi deyil ki, may-avqust aylarında bölgəyə çox sayda çarter təyyarələri gəlir.

    Hemptons

    Manhettenə yaxın yerləşdiyi üçün Hemptons şəhərdə çalışan peşəkarlar üçün ən rahat lüks qaçış məkanıdır. “Social Life Magazine” jurnalına görə, Memorial Day-dən Labor Day-ə qədər ultra varlılar ən vacib əlaqələrini məhz burada qururlar, çünki sosial mühit ofis mühitindəki baryerləri azaldır.

    Maliyyə, texnologiya və media sahəsinin nüfuzlu şəxslərini bir araya gətirən bu dənizkənarı elit məkan helikopter və özəl təyyarə uçuşlarını demək olar ki, həftəsonu rutin səyahətinə çevirib.

    Aspen, Kolorado

    Əsasən qış xizək kurortu kimi tanınsa da, Aspen yayda da varlıların məxfilik üçün seçdiyi elit məkanlardan birinə çevrilib. Hətta təcrid olunmuş Red Mountain ərazisi “Milyarderlər dağı” kimi tanınır. Şəhər sadə lüks, gözəl təbiət, at sürmə imkanları və mülayim hava ilə sağlamlıq həvəskarları, yaradıcı şəxslər və xeyriyyəçilər üçün cəlbedicidir. “New York Times” qəzetinə görə, “Jazz Aspen Snowmass” və “Food and Wine Classic” kimi yüksək səviyyəli tədbirlər burada xüsusi maraq doğurur.

  • Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər

    Müasir dünyada, inkişaf etmiş ölkələrdə qadınlar istədikləri kimi geyinə bilərlər – ətəklər və donlar ötən əsrdə yeganə seçim olmaqdan çıxıb. Qızlar getdikcə şalvar və cins şalvarlara üstünlük verirlər, çünki bu, həm rahat, həm də şıkdır. Müasir dövrdə qadınlar yaşından asılı olmayaraq istədikləri kimi geyinə bilirlər və cins şalvarlar rahatlıqla yanaşı, üslubun da vacib hissəsinə çevrilib. Lakin 50 yaşdan sonra düzgün model seçimi daha böyük əhəmiyyət kəsb edir.

    Qaynarinfo xarici mediaya istinadən 50 yaşdan yuxarı qadınlar üçün cins şalvar seçimində əsas məsləhətləri təqdim edir.

    Hansı cins modelləri daha uyğundur?

    Mütəxəssislər bildirirlər ki, yalnız trendə uyğunlaşmaq kifayət deyil. Parçanın keyfiyyəti, kəsimi, uzunluğu və bel hissəsinin forması ümumi görünüşə ciddi təsir edir.

    Qısaldılmış modellər – yalnız qısa boylu insanlar üçün

    Bu tip cinslər yalnız boyu qısa qadınlar üçün daha uyğun sayılır. Uzunboy qadınlarda isə əks effekt yarada və ayaqları vizual olaraq qısalda bilər.

    Qalın denim parça

    Daha sıx və qalın materialdan hazırlanan cinslər bədən formasını daha yaxşı saxlayır, fiqurun qüsurlarını gizlədir və daha səliqəli görünüş yaradır.

    Bel hissəsinin seçimi

    Yüksək bel hər kəs üçün uyğun deyil. Qarın nahiyəsində artıq çəki varsa, bu model onu daha da qabarda bilər. Alternativ olaraq orta bel daha balanslı seçim hesab olunur.

    Sadə dizayn üstünlük təşkil edir

    Müasir moda daha minimalist yanaşmanı önə çıxarır. Cırıq, köhnəlmiş effektlər və artıq dekor elementləri ümumi görünüşü sadələşdirmək əvəzinə ucuz göstərə bilər.

    Dar modellər (skinny)

    Bu tip cinslər fiqurun bütün xüsusiyyətlərini qabartdığı üçün 50+ yaşda hər zaman uğurlu seçim sayılmır. Bunun əvəzinə “mom”, “boyfriend” və ya “banan” kəsimli modellər daha uyğun hesab olunur.

    Dekor və aksessuarlar

    Payetlər, naxışlar və digər bəzəklərdən uzaq durmaq tövsiyə olunur. Sadə, tünd rəngli modellər daha zərif və universal görünüş yaradır.

    Əsas prinsip: rahatlıq və uyğunluq

    Dizaynerlər vurğulayır ki, ən vacib meyar trend deyil, geyimin konkret olaraq sizin bədən quruluşunuza uyğun olmasıdır. Düzgün seçilmiş cins şalvar həm fiquru daha zərif göstərə, həm də ümumi görünüşü cavanlaşdıra bilər.