Category: Dünya

  • Şahin Şıxlinski və oğluna ağır cəza istənildi

    Rusiyada prokuror Yekaterinburqdakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mütvalı Şıxlinski üçün 9 il həbs cəzası istəyib.

    Median.Az Modern.az-a istinadən istinadən xəbər verir ki, Yekaterinburq Kirov Rayon Məhkəməsində yekun çıxış zamanı prokuror Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və oğlu Mütvalı üçün daha uzun müddətli cəza istəyib.

    “Ata və oğul Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi olan “Dövlət məmuruna qarşı sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq etmə” maddəsi ilə ittiham olunurlar. Prokuror böyük Şıxlinski üçün 9 il, kiçik Şıxlinski üçün isə ümumi cəzaçəkmə koloniyasında 9 il cəza istəyib”, – deyə məhkəmədən bildirilib.

    Xatırladaq ki, 1 iyul 2025-ci il tarixində axşam diaspor lideri Şahin Şıxlinski və oğlu Mütvala Şıxlinski onlara məxsus “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi təyinatlılar tərəfindən saxlanılıb.

    Həmin ilin 16 iyulunda Mütvalı Şıxlinski Lenin Rayon Məhkəməsində həbs edilib, atası isə Moskvaya qaçaraq Azərbaycan səfirliyinin ərazisində gizlənib. 2 avqustda Şahin Şıxlinski səfirliyi tərk edərək təhlükəsizlik qüvvələrinə təslim olub. Basmannı Məhkəməsinin qərarı ilə o da həbs edilib.

    Bu, Şahin Şıxlinski üçün ikinci cəza olacaq. Belə ki, 5 mart 2026-cı ildə Şahin Şıxlinski qətl təşkil etmək ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun həmvətənlərinə də hökm oxuyub. Onların hamısına da həbs cəzası verilib:
    Akif Səfərov – 21 il,
    Bəkir Səfərov – 10 il,
    Ayaz Səfərov – 20 il,
    Kamal Səfərov – 14 il,
    Məzahir Səfərov – 13 il,
    Şacaəddin Rəcəbov – 14 il.

  • Niyə gecə saat üçdə yuxudan oyanırıq? – Aşkar olmayan səbəb açıqlandı

    Bir çox insanın gecə saat 2-3 radələrində qəfil yuxudan oyanmasının səbəbi məlum olub.

    Klinik psixoloq Maykl C.Breus “Daily Mirror” nəşrinə müsahibəsində bu halın aşkar olmayan səbəbini açıqlayıb.

    Mütəxəssis bildirib ki, gecə oyanmaları çox vaxt səsdən və ya işıqdan deyil, birbaşa orqanizmin biologiyasından qaynaqlanır. Maykl C.Breusun sözlərinə görə, axşam saatlarında bədən temperaturu tədricən aşağı düşür ki, bu da melatonin hormonunun ifrazına və dərin yuxuya keçidə şərait yaradır. Lakin gecənin irəliləyən saatlarında orqanizm yenidən isinməyə başlayır və məhz bu temperatur artımı insanın oyanmasına səbəb ola bilər.

    Mütəxəssis vurğulayıb ki, bu cür oyanmalar tamamilə normal fizioloji prosesdir:

    “Müəyyən məqamda bədən yenidən isinməlidir, əks halda soyuma (hipotermiya) riski yaranır. Məhz temperaturun tənzimləndiyi bu keçid anında insanlar yuxudan ayılırlar”.

    Psixoloqun sözlərinə görə, əksər insanlar bu qısa oyanmadan dərhal sonra yenidən yuxuya gedir və prosesin fərqinə varmırlar.

    Əgər oyandıqdan sonra yenidən yuxuya getmək mümkün olmursa, bu, yuxusuzluq (insomniya) əlaməti ola bilər. Belə hallarda mütəxəssis yuxu rejimini, stres səviyyəsini və yataq otağındakı mühiti (temperatur, qaranlıq və s.) tənzimləməyi tövsiyə edir. Əgər bu addımlar kömək etmirsə, koqnitiv-davranış terapiyası ən effektiv həll yolu kimi göstərilir.
    //oxu.az

  • Tarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilib

    “Artemis II” missiyasının astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) zəng edə biliblər. Kosmosda bu cür ünsiyyət tarixdə ilk dəfə baş tutub.

    Median.Az bu barədə “ScienceAlert” nəşrinə istinadən xəbər verir.

    Zəng anında kosmik gəmi ilə BKS arasındakı məsafə təxminən 370 min km təşkil edib. Zəng Hyustondakı Uçuşları İdarəetmə Mərkəzi tərəfindən təşkil olunub.

    Zəng zamanı “Artemis II” astronavtı Kristina Kuk BKS-də olan Cessika Meyrlə söhbət edə bilib. 2019-cu ildə onlar birlikdə dünyada ilk dəfə yalnız qadınların iştirak etdiyi açıq kosmosa çıxışı həyata keçirmişdilər.

    Qeyd edək ki, “Artemis II” missiyası 1972-ci ildən bəri Aya ilk pilotlu uçuş olub.

  • Avropada yeni günəş panelləri populyarlaşır: Mürəkkəb quraşdırma tələb olunmur

    Son on beş ildə günəş enerjisi texnologiyaları əhəmiyyətli dərəcədə inkişaf edib və daha əlçatan olub. Bu gün yeni elektrik istehsalı güclərinin 80%-dən çoxu məhz bu ekoloji təmiz enerji mənbəyinin payına düşür.

    Median.Az “Blikk” nəşrinə istinadən xəbər verir ki, bazarda artıq daha sadə bir həll ortaya çıxıb – birbaşa rozetkaya qoşulan günəş panelləri. Bunun üçün hazır dəsti almaq, onu günəş düşən yerdə – məsələn, balkon məhəccərində və ya qaraj damında yerləşdirmək və sadəcə rozetkaya qoşmaq kifayətdir.

    Qeyd olunur ki, bu panellərin quraşdırılması üçün mütəxəssis tələb olunmur və bütün proses çox qısa vaxtda tamamlanır. Üstəlik, köç zamanı bu panelləri asanlıqla söküb özünüzlə aparmaq mümkündür.

    Məlumata görə, gücü 800 vatt olan belə bir sistem orta statistik ev təsərrüfatının enerji tələbatının təxminən 20%-ni qarşılaya bilər. Almaniyada artıq bir milyondan çox belə sistem fəaliyyət göstərir və birlikdə 1,6–2,4 qiqavat enerji istehsal edir. Bu isə eyni anda yarım milyon elektrik çaydanının işləməsinə bərabərdir.

    Qiymətləndirmələrə əsasən, bütün Avropa üzrə bu tip qurğuların sayı 5 milyona çata bilər. Onlar ümumi enerji təchizatında böyük paya malik olmasa da, ayrı-ayrı ev təsərrüfatları üçün ciddi qənaət imkanı yaradır.

    Ekspertlər xəbərdarlıq edir ki, bu panelləri quraşdırmazdan əvvəl elektrik naqillərinin vəziyyəti yoxlanılmalıdır. Əsas problemlərdən biri qoruyucu açarların (RCD) hər zaman iki istiqamətli cərəyanla işləməyə uyğun olmamasıdır.

    Bundan əlavə, günəş panellərindəki ağ xətlərin funksiyası da izah olunur. Bu xətlər sadəcə dekorativ element deyil. Daha nazik xətlər “barmaqlar” adlanır və elektronların hərəkəti üçün yol rolunu oynayır. Daha qalın xətlər isə “şinlər”dir – onlar enerjini toplayaraq inverter vasitəsilə məişətdə istifadə olunan dəyişən cərəyana çevirir.

  • “OpenAI”: Süni intellekt işləri dəyişdirəcək, 4 günlük iş həftəsi sınaqdan keçirilməlidir

    “OpenAI” süni intellektin (Al) iqtisadiyyatı köklü şəkildə dəyişdirəcəyini bildirir. Şirkət 4 günlük iş həftəsi, yeni vergi modeli və süni intellekt gəlirlərinin cəmiyyətə paylanması kimi diqqətçəkən təkliflər irəli sürüb.

    “OpenAI”ın “Industrial Policy for the Intelligence Age” adlı sənədində açıq mesaj verilir: süni intellekt üçün dövlət nəzarəti lazımdır və bu proses təxirə salınmamalıdır.

    Şirkətin fikrincə, süni intellekt yalnız yeni texnologiya deyil. Al iqtisadiyyatı, əmək bazarını və cəmiyyətin strukturunu dəyişdirəcək qədər böyük transformasiya yaradır. Bu səbəbdən hökumətlər də bu dəyişikliklərə uyğun yeni iqtisadi siyasət hazırlamalıdır.

    Süni intellekt ən çox iş yerlərinə təsir edəcək

    Sənəddə əsas risk kimi iş yerlərinin itirilməsi göstərilir. “OpenAI” süni intellektin uzunmüddətli perspektivdə böyük fayda verəcəyini vurğulayır. Lakin eyni zamanda bəzi peşələrin və hətta bütöv sahələrin tamamilə dəyişə biləcəyini də qəbul edir.

    Sənəddə qeyd olunan digər risklər:

    * Demokratiyaya mümkün təsirlər
    * Sərvətin az sayda şirkət və şəxslərin əlində cəmlənməsi
    * Texnologiyanın pis niyyətli şəxslər tərəfindən istifadə olunması

    Beləliklə, süni intellekt yalnız texnologiya deyil, həm də iqtisadi və sosial məsələ kimi qiymətləndirilir.

    Yeni sahə: Qayğı və əlaqə iqtisadiyyatı

    İnsanlar işlərini itirərsə, nə baş verəcək? “OpenAI” hesab edir ki, yeni bir sahə – “care and connection economy” (qayğı və əlaqə iqtisadiyyatı) sürətlə inkişaf edəcək.

    Bu sahəyə daxildir:

    * Uşaq baxımı
    * Yaşlılara qulluq
    * Təhsil
    * Səhiyyə xidmətləri
    * İcma xidmətləri

    Yəni insanların birbaşa ünsiyyət qurduğu sahələr. Şirkətə görə, süni intellekt bəzi işləri aradan qaldırsa da, bu istiqamətlərdə yeni məşğulluq imkanları yarana bilər.

    4 günlük iş həftəsi təklifi

    Sənəddə ən diqqətçəkən təkliflərdən biri iş saatları ilə bağlıdır. “OpenAI” hesab edir ki, hökumətlər və şirkətlər 32 saatlıq, yəni 4 günlük iş həftəsini sınaqdan keçirməlidir. Əsas şərt isə maaşların azaldılmamasıdır.

    Təklifə görə, pilot proqramlar həyata keçirilməli, məhsuldarlıq və xidmət səviyyəsi qorunmalıdır. Sistem uğurlu olarsa, 4 günlük iş həftəsi daimi tətbiq edilə və ya işçilərə daha çox məzuniyyət verilə bilər.

    Bu yanaşma belə bir ideyaya əsaslanır: əgər süni intellekt daha çox işi görərsə, insanlar daha çox boş vaxta sahib ola bilər.

    Vergi sistemi dəyişə bilər

    Sənəddə iqtisadiyyatla bağlı daha böyük dəyişiklik ehtimalı da qeyd olunur. Əgər süni intellekt insan əməyinə olan ehtiyacı azaldarsa, dövlətlərin gəlir modeli də dəyişə bilər.

    “OpenAI”a görə gələcəkdə:

    * Əmək gəlirlərindən toplanan vergilər azala bilər
    * Kapital və iri şirkətlərdən alınan vergilər arta bilər

    Başqa sözlə, avtomatlaşdırmadan ən çox qazanan şirkətlərin daha çox vergi ödəməsi gündəmə gələ bilər.

    Süni intellekt gəlirləri cəmiyyətə paylana bilər

    Sənəddə daha radikal bir təklif də yer alır: ictimai sərvət fondu. Bu modeldə süni intellektdən əldə olunan böyük gəlirlər bir neçə şirkətdə cəmlənmir, fonda toplanaraq vətəndaşlara qaytarılır.

    Bu yanaşma bəzi ölkələrdəki suveren sərvət fondlarına bənzəyir və məqsəd süni intellektdən yaranan sərvətin geniş kütləyə yayılmasıdır.

    Süni intellekt artıq infrastruktur kimi qiymətləndirilir

    Sənədin diqqətçəkən tərəflərindən biri də süni intellektin necə təqdim olunmasıdır. “OpenAI” artıq onu sadəcə alət kimi deyil, iqtisadiyyatın əsas infrastruktur elementlərindən biri kimi görür.

    Bu yanaşmaya görə, gələcəkdə sənayelər, dövlət xidmətləri və iqtisadi sistem böyük ölçüdə bu texnologiya üzərində qurula bilər.

    Optimist gələcək, amma açıq sual qalır

    “OpenAI”-nin təqdim etdiyi mənzərə ümumilikdə optimistdir. Şirkət hesab edir ki, süni intellekt iqtisadiyyatı daha səmərəli edə və insanlara daha çox vaxt qazandıra bilər.

    Lakin bu ssenarinin reallaşması bir əsas şərtdən asılıdır: məhsuldarlıqdan əldə olunan qazancın işçilərə də çatması. Əks halda, gəlir yalnız şirkətlərin mənfəətinə çevrilə bilər.

    Sənədin maraqlı tərəfi odur ki, süni intellekti inkişaf etdirən şirkətlərdən biri indi bu texnologiyanın necə tənzimlənməsi və vergiyə cəlb olunması barədə təkliflər verir. Bunun uzaqgörənlik, yoxsa maraqların qorunması addımı olduğu isə müzakirə mövzusudur.

    Bununla belə, 4 günlük iş həftəsi ideyası artıq bir çox insan üçün cəlbedici görünür.
    //qaynar.az

  • İranla danışıqlar qapalı formatda aparılacaq – Tramp

    ABŞ və İran arasında mümkün razılaşma üzrə danışıqlar qapalı formatda keçiriləcək.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

    Onun sözlərinə görə, ABŞ üçün məqbul olan əsas şərtlər mövcuddur və danışıqlar məhz bu prinsiplər əsasında aparılacaq.

    Tramp qeyd edib ki, bu şərtlər atəşkəsə razılığın da əsasını təşkil edir.

  • İran və Pakistan atəşkəsin pozulması halları barədə müzakirə aparıb

    İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Pakistan ordusunun komandanı general Asim Munir İsrail tərəfindən İran və Livanda atəşkəsin pozulması hallarını müzakirə ediblər.

    Median.Az bu barədə İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, telefon söhbətində İran xarici işlər naziri Seyid Abbas Əraqçi müharibəyə son qoymaq və regionda sülh və sabitliyin möhkəmlənməsi üçün Pakistan dövlətinin konstruktiv rolunu alqışlayıb.

    Tərəflər Pakistan Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın telefon söhbətini diqqət mərkəzində saxlayıb və telefon söhbətində əldə olunan razılaşmalarla əlaqədar koordinasiyaların davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

    Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

    Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

    Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

  • İran Hörmüz boğazından ildə bu qədər qazanacaq

    “Tariflər tətbiq olunarsa, İran Hörmüz boğazından keçən gəmiçilikdən ildə 64 milyard dollar qazana bilər”.

    Bunu IRIB televiziya və radio şirkətinin siyasi informasiya şöbəsinin müdiri Həsən Abedini deyib.

    “Məsələn, keçən il boğazdan 32 min gəminin keçdiyini nəzərə alsaq və onların hər birindən 2 milyon dollar toplasaq, ümumi məbləğ təxminən 64 milyard dollar təşkil edir”, – Abedini bildirib.

    Qeyd etmək lazımdır ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın ABŞ ilə sülh danışıqlarının əsasını təşkil edən 10 maddəlik planında əks olunub.

  • Rusiya bu ölkələrə ultimatum verib

    Rusiya Baltikyanı ölkələri Ukrayna dronlarının onların əraziləri üzərindən uçmasına icazə verdiyinə görə cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib.

    Bu barədə “The Times” qəzeti məlumat yayıb.

    “Moskva Baltikyanı regiondakı NATO üzv dövlətlərini Ukraynanın Rusiyaya qarşı dron hücumları üçün hava məkanından istifadə etməsinə icazə verdikləri təqdirdə cavabla qarşılaşacaqları barədə xəbərdar edib”, – nəşr yazıb.

    Martın 26-da üç ölkə – Litva, Estoniya və Latviya Rusiyaya hücum edən Ukrayna dronlarına hava məkanını açmışdı.

  • Şimali Koreya Yapon dənizinə mərmi atdı

    Şimali Koreya Yapon dənizinə doğru naməlum mərmi atıb.

    Bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

    Agentliyin məlumatına görə, bu, Şimali Koreyanın Pxenyan ərazisindən daha bir naməlum mərmi atmasından cəmi bir gün sonra baş verib.