Category: Dünya

  • İsrail İranda Mi-17 helikopter bazasını məhv etdi

    İsrail İran ərazisinə yeni zərbələr endirərək paytaxt yaxınlığındakı hərbi helikopterlər donanmasını məhv edib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

    Qeyd olunur ki, hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri olub.

    Hücumlar Tehran ərazisindəki iki aerodromu hədəfə alıb. İsrail Müdafiə Qüvvələri Kərəcdəki Fəth helikopter meydançasında Mi-17 helikopterlərinin məhv edilməsini göstərən video yayımlayıb.

    Məlumata görə, vurulan təyyarələr qoşun daşınması və logistikası üçün istifadə edilən Mi-17V-5 və Mi-171E olub.

    Hücum, İsrail Aerokosmik Sənayesi tərəfindən hazırlanmış “Delilah” dəqiq idarə olunan kruiz raketi ilə həyata keçirilib. Bu silah hədəfi vurmazdan əvvəl uzun müddət onun üzərində uça bilir və hətta çətin şəraitdə belə hədəfləri dəqiq vura bilir.

  • Türkiyədə bələdiyyədə əməliyyat – 20 nəfər saxlanıldı

    İstanbulun Üsküdar bələdiyyəsində tikinti icazəsi və yaşayış icazəsi proseslərindəki qanun pozuntuları iddiaları ilə iyirmi şübhəli saxlanılıb.

    İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul və Yalovada eyni vaxtda keçirilən əməliyyatlarda 20 şübhəli saxlanılıb.

    İstintaq iddia edir ki, bələdiyyənin törəmə müəssisəsi olan Kent A.Ş.-nin idarə etdiyi sistemdən rəsmi prosedurlardan kənar tikinti icazəsi proseslərini manipulyasiya etmək üçün istifadə olunub.

    İstintaq çərçivəsində 19-u İstanbulda, 1-i isə Yalovada olmaqla ümumilikdə 30 ünvanda əməliyyatlar aparılıb. Çoxsaylı rəqəmsal materiallar müsadirə edilib.

    Prokurorluq bildirib ki, istintaq dövlət idarəçiliyinin nüfuzuna xələl gətirən cinayətlərlə mübarizənin bir hissəsi olaraq diqqətlə aparılır.
    //unikal.az

  • Kadırov elmin inkişafına görə medal aldı – Video

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Elmin inkişafına verdiyi töhfəyə görə” medalı ilə təltif edilib.

    O, bu barədə “Telegram” kanalında bildirib.

    Çeçenistan rəhbərinin sözlərinə görə, mükafatı ona Regional Elmlər Akademiyasının prezidenti Cambulat Umarov təqdim edib.

    “Çeçenistan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Mən onlara belə dəyərli mükafata görə minnətdaram”, – deyə Kadırov Umarovla görüşdən sonra bildirib.

  • Dağıstanda daşqınlarda üçü uşaq olmaqla, 6 nəfər ölüb

    Dağıstanda güclü yağışların yaratdığı daşqınlar faciə ilə nəticələnib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində üçü azyaşlı olmaqla, ümumilikdə altı nəfər həyatını itirib. Ölənlər arasında 5-17 yaş aralığında uşaqlar, iki qadın və bir yaşlı şəxs var.

    Qeyd edilir ki, intensiv yağıntılar Mahaçqala, Kaspiysk və Dərbənd ərazilərində daşqınlara səbəb olub. Nəticədə yaşayış evləri və yollar su altında qalıb.

    Hadisə nəticəsində 6 mindən artıq sakinin zərər çəkdiyi bildirilir.

  • İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu

    İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

    Bundan başqa, iki polis əməkdaşı da hadisə zamanı yaralanıb.

    Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.

    Silahlı insidentlə bağlı istintaq başlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.

    Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru hadisə yerinə ezam olunub:

    “Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır”.

  • Moskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi

    Rusiyanın Krasnoyarsk Musiqili Teatrının 28 əməkdaşının kütləvi şəkildə zəhərlənməsi səbəbindən “Kölgə ilə döyüş” tamaşasının nümayişi təxirə salınıb. Tamaşa aprelin 6-da Moskvadakı “Mossovet” Teatrının səhnəsində, 32-ci “Qızıl maska” teatr mükafatı və festivalı çərçivəsində təqdim edilməli idi.

    Bu barədə TASS agentliyi məlumat yayıb.

    Rəsmi açıqlamada bildirilir ki, Krasnoyarsk teatrının 28 işçisi Moskvada xəstəxanaya yerləşdirilib. Mətbuatda yayılan ilkin xəbərlərdə zəhərlənmə əlamətləri olan şəxslərin sayı dəqiq olmasa da, gecəyə doğru bu rəqəm artıb. Hazırda onların hamısı həkim nəzarətindədir. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil və mütəxəssislər hadisənin təfərrüatını araşdırırlar.

    Bildirilib ki, tamaşaya görə alınmış biletlər üçün ödənilən vəsaitlər tamaşaçılara avtomatik olaraq geri qaytarılıb. Mətbuat xidmətindən vurğulanıb ki, hazırda əsas diqqət həmkarların tezliklə sağalması üçün lazımi şəraitin yaradılmasına və onların hər cür ləvazimatla təmin edilməsinə yönəldilib.

    Qeyd edək ki, “Qızıl maska” 1993-cü ildə teatr sənətinin bütün növləri (dram, opera, balet, müasir rəqs, operetta, müzikl, kukla teatrı) üzrə mövsümün ən yaxşı işlərinə verilən peşəkar mükafat kimi təsis edilib. Qaliblər hər il keçirilən namizəd tamaşaların festivalında müəyyənləşir. Festival proqramına müsabiqədənkənar layihələr də daxildir. Qaliblərə Rusiya Federasiyasının Xalq rəssamı, səhnə quruluşçu rejissoru Oleq Şeyntsisin eskizi əsasında hazırlanmış, kvadrat çərçivədə yerləşdirilmiş maska təqdim olunur. Rəssam bu mükafatı yaradarkən Venesiya karnavalı maskasını əsas götürüb və ona Rusiyanın dövlət simvollarından olan ikibaşlı qartal elementini əlavə edib.

  • KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir

    İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.

    Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

    Amerika və İsrail kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməyə görə, İranın ali lideri dini şəhər Qumda müalicə alır. Məlumatda iddia edilir ki, onun vəziyyəti ağırdır.

    Fars körfəzindəki müttəfiqlərə təqdim olunan və “The Times” qəzetinin əlinə keçən diplomatik qeyddə onun vəziyyətinin əvvəl düşünüldüyündən daha kritik olduğu öz əksini tapıb.

    “Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə olunur və rejimin hər hansı bir qərar qəbuletmə prosesində iştirak etmək imkanında deyil”, – deyə açıqlamada qeyd olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
    //oxu.az

  • Vyetnamın yeni prezidenti seçildi

    Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin baş katibi To Lamı 2026-2031-ci illər üzrə ölkə prezidenti vəzifəsinə seçib.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Dövlət başçısı postuna namizədlə bağlı səsvermə mart ayında seçilmiş 16-cı çağırış Vyetnam Milli Assambleyasının Hanoyda keçirilən ilk sessiyasında baş tutub. To Lam Vyetnam xalqına, partiyaya və vətənə sadiqlik andı içib. Dövlət başçısının vəzifəyə başlama mərasimi Vyetnam televiziyası ilə canlı yayımlanıb.

    Qeyd olunub ki, To Lam müasir Vyetnam tarixində 15-ci prezident olub. O, dövlət başçısı vəzifəsində 2024-cü il oktyabrın 21-dən bu postu tutan Lionq Kionqu əvəz edib.

    Qeyd edək ki, To Lam daha əvvəl 2024-cü ilin mayından oktyabrına qədər Vyetnam prezidenti postunu tutub. 2024-cü ilin mayında o, sabiq prezident Vo Van Txıonqun istefasından sonra ilk dəfə dövlət başçısı seçilmişdi.

  • “Diesel”in yaradıcısı vəfat etdi

    İtalyan modelyer və “Diesel” brendinin yaradıcısı Adriano Qoldşmid vəfat edib.

    Bu haqda “WWD” məlumat yayıb.

    Tanınmış dizayner aprelin 5-də 82 yaşında dünyasını dəyişib. Ölümün səbəbinin uzun müddətdir mübarizə apardığı xərçəng olduğu bildirilir.

  • “Crocus”dakı terror aktını törədənlərdən daha biri intihara cəhd etdi

    Rusiyada “Crocus City Hall” konsert zalında törədilən qanlı terror aktının əsas təşkilatçılarından biri, ömürlük həbs cəzası alan Cəbrayıl Auşev cəzaçəkmə müəssisəsində özünə qəsd etmək istəyib.

    Median.Az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, hadisə “Krasnaya Presnya” həbsxanasında baş verib.

    Terrorçulara silah və sursat tədarük etməkdə təqsirli bilinən Auşevin intihar cəhdinin qarşısı vaxtında alınıb. Tibb mütəxəssislərinin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    Məlumata görə, bu, Auşevin ilk belə cəhdi deyil. O, məhkəmə prosesi davam edən zaman da intihara cəhd etmiş, lakin yenə də həkimlər tərəfindən xilas edilmişdi. Maraqlıdır ki, Auşev məhkəmə iclasları zamanı cəzadan yayınmaq üçün Ukraynadakı xüsusi hərbi əməliyyatlara (SVO) yollanmaq istədiyini də dilə gətirmişdi.

    Qeyd edək ki, terror aktı ilə bağlı digər iştirakçı, cinayəti maliyyələşdirməkdə ittiham olunan Yakubjon Davlatxon Yusufzodanın isə bir müddət əvvəl intihar edərək öldüyü bildirilmişdi.

    Xatırladaq ki, 2024-cü ilin martında “Crocus City Hall”da baş verən terror aktı nəticəsində 147 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb. Cari ilin 12 martında çıxarılan məhkəmə hökmü ilə isə 19 müttəhimdən 15-i ömürlük azadlıqdan məhrum edilib.