Category: Dünya

  • Yunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir

    Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.

    Bu xəbəri “Ekatimerini” nəşri yayıb.

    Bildirilib ki, Yunanıstan uşaq və yeniyetmələrin sosial platformalara girişini məhdudlaşdıran ilk dövlətlər sırasındadır.

    Hökumət başçısının sözlərinə görə, müvafiq qanun layihəsi 2026-cı ilin yayında təsdiqlənəcək və 2027-ci ilin ilk günündən icraya yönəldiləcək:

    “Bilirəm ki, yeniyetmələrin əksəriyyəti mənə qəzəblənəcək. Mən də sizin yaşda olsaydım, yəqin ki, oxşar hisslər keçirərdim, lakin bizim əsas işimiz sadəcə sevimli olmaq deyil”.

    Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqını da analoji addımlar atmağa təşviq edəcək.

    Məlumat üçün bildirək ki, oxşar layihə cari ilin yanvarında Fransa Milli Assambleyası tərəfindən də bəyənilib. Həmçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişini qadağan edən və yaş məhdudiyyəti tətbiq edən qanun qəbul edib.
    //oxu.az

  • İstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə saxlanılanların sayı artıb (Yenilənib)

    Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən 12 nəfəri saxlayıb.

    Bu barədə “İhlas” agentliyi məlumat yayıb.

    Xəbərdə bildirilir ki, hadisə ilə bağlı istintaq və araşdırmalar çoxşaxəli şəkildə davam edir.

    * * * * *

    Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən on nəfəri saxlayıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Daha əvvəl hadisə ilə bağlı yeddi nəfərin saxlanıldığı barədə açıqlama verilmişdi.

    Xatırladaq ki, insident zamanı terrorçulardan biri öldürülüb, ikisi yaralanıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb.

  • Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb

    ABŞ lideri Donald Trampın İranla ikihəftəlik atəşkəs qərarı verməsi qlobal bazarlara təsirsiz ötüşməyib. Belə ki, Nyu-York Ticarət Birjası (NYMEX) və onun alt bölməsi olan “Comex” platformasında qızıl, gümüş, platin və palladium kimi qiymətli metalların füçers dəyərində təqribən 7 faizlik bahalaşma qeydə alınıb.

    Bu göstəricilər beynəlxalq ticarət platformalarının açıqladığı son rəqəmlərdə öz əksini tapıb.

    Bakı vaxtı ilə saat 09:20-də qeydə alınan nəticələrə əsasən, 2026-cı ilin iyun ayına planlaşdırılan NYMEX çatdırılmaları üzrə palladium füçerslərinin bir Trua unsiyasının dəyəri 1 543 ABŞ dolları (+5.93%) olub. Həmçinin 2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan platin füçersləri 4.76 faiz bahalaşaraq Trua unsiyası üzrə 2040.7 dollara yüksəlib.

    * Vaşinqton Tehranın bütün tələblərini qəbul edib? – İrandan sensasion açıqlama

    Bununla yanaşı, “Comex” birjasında 2026-cı ilin iyun ayında çatdırılması nəzərdə tutulan qızılın Trua unsiyasının qiyməti 4838.5 dollar (+3.28%) olaraq müəyyənləşib. 2026-cı ilin may ayına olan gümüş füçersləri isə Trua unsiyası üçün 76.84 dollar (+6.74%) həddində ticarət edilib.

  • Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı

    Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları keçmiş baş nazir və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə bağlı istintaqı başa çatdırıb.

    Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) açıqlama yayıb.

    “Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Ali Radadakı parlament fraksiyalarından birinin rəhbəri ilə bağlı iş üzrə istintaqı başa çatdırıb”, – deyə prokurorluğun “Telegram” kanalında verilən açıqlamada qeyd olunub.

    Qurum tərəfindən siyasətçinin soyadı açıqlanmasa da, işin sadalanan halları məhz Timoşenkoya işarə edir. SAP qeyd edib ki, siyasətçi yanvar ayında Rada deputatlarına rüşvət təklif etməyə cəhd göstərərkən ifşa olunub. İstintaqın versiyasına görə, söhbət birdəfəlik qanunsuz ödənişdən yox, əvvəlcədən ödənişləri nəzərdə tutan və uzun müddətə hesablanmış müntəzəm əməkdaşlıq mexanizmindən gedirdi.

    Qeyd edək ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya idarələri Rada deputatlarının ələ alınması işi ilə əlaqədar Kiyevdə “Batkivşina” partiyasının ofisində axtarışlar aparıb. Timoşenkoya qanunsuz fayda təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Milli Antikorrupsiya Bürosu tərəfindən dərc edilən səs yazılarına əsasən, o, parlamentdə müəyyən şəkildə səs vermələri üçün deputatlara ayda 10 000 dollar təklif edib. Yanvarın 16-da məhkəmə onun barəsində girov müqabilində azadlığa buraxılma şəklində qətimkan tədbiri seçib. O, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə dərhal gəlməli, yaşayış və iş yerinin dəyişdirilməsi barədə xəbərdarlıq etməli və xarici pasportunu təhvil verməlidir. Timoşenko istintaqın səs yazılarının saxtalaşdırıldığını iddia edir, onun vəkillər qrupu isə artıq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət hazırlayır.

  • “Crocus City Hall” terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş

    “Crocus City Hall”da qətliam törədən terrorçular və onları xaricdən idarə edən şəxslər ilkin hədəf olaraq “Moskva Siti” biznes mərkəzinin qüllələrini nəzərdən keçiriblər. Lakin həmin binanın hücum üçün uyğun olmadığı qənaətinə gələn yaraqlılar yekun olaraq Krasnoqorskdakı konsert zalının üzərində dayanıblar.

    Bu barədə TASS məlumat yayıb.

    “Təhlil aparmaq üçün ilk olaraq onlara Moskva şəhərindəki binanın koordinatları təqdim edilsə də, yaraqlılar buranı məqbul saymayıblar. Bunun ardınca kuratorluq edən və hazırda Rusiya hüquq-mühafizə orqanlarından xaricdə gizləndiyi üçün axtarışa verilən Sayfullo adlı şəxs Krasnoqorskda yerləşən “Crocus” konsert zalını hədəf kimi müəyyənləşdirib”, – deyə məlumatda deyilir.

    Bundan öncə təşkilatçıların paytaxt Moskvada daha bir terror aktı hazırladıqları məlum olmuşdu. Lakin sonradan həmin niyyətdən əl çəkib, bütün yaraqlı qrupunu yalnız “Crocus” mərkəzinə yönləndirməyə qərar veriblər. İstintaq materiallarına əsasən, xaricdə qərarlaşan və Sayfullo adı ilə tanınan şəxs Moskvada paralel şəkildə iki terror hadisəsi törətmək məqsədilə xüsusi təlim görmüş silahlılar hazırlayırmış. Digər hücumun “Crocus City Hall”dakı qətliamla eyni vaxtda baş verməsi nəzərdə tutulurdu. Plana görə, ikinci hədəfə iki, “Crocus”a isə üç nəfər hücum etməli idi.

    İkinci terror aktının dəqiq məkanı və həyata keçirilmə tərzi açıqlanmasa da, TASS-ın öyrəndiyi materiallarda bu hücumun da çoxlu sayda insanın ölümü ilə nəticələnməsinin hədəfləndiyi vurğulanır. “Crocus City Hall”dakı faciədən bir həftə öncə kurator yaraqlılara məlumat verib ki, əməliyyatda Şamsidin Fariduni, Dalercon Mirzoyev və Saidakrami Racabalizoda ilə yanaşı, əvvəlcə ikinci hücum üçün nəzərdə tutulan Muhammadsobir Fayzov da iştirak edəcək (bu şəxslərin hamısı Rusiyada rəsmən terrorçu kimi tanınıb).

    Xatırladaq ki, Moskvaətrafı Krasnoqorskdakı “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də baş verib və müasir Rusiya tarixinin ən qanlı terror hadisələrindən biri olub. Silahlı şəxslər əfsanəvi “Piknik” rok qrupunun konsertinə tamaşaçıların toplaşdığı vaxt konsert kompleksinə daxil olublar. Terrorçular tamaşaçılara və işçilərə atəş açıb, daha sonra isə binanı yandırıblar. Terror aktı nəticəsində 149 nəfər həlak olub, daha 609 nəfər zərərçəkmiş kimi tanınıb. Bir nəfər hələ də itkin düşmüş hesab olunur. Zərərçəkmişlərin sayına görə “Crocus”dakı faciə 2002-ci ildə Dubrovkadakı teatr mərkəzində girov götürülməsi hadisəsi (130 nəfər həlak olub) ilə müqayisə edilə bilər. Ən qanlı terror hadisəsi isə 2004-cü ildə Beslanda baş verib – burada 334 nəfər həlak olub.

    İş üzrə məhkəmə baxışı 2025-ci il avqustun 4-də Moskva Şəhər Məhkəməsində start götürüb. Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin apardığı bu mürəkkəb cinayət işi ümumilikdə 427 cildi əhatə edib. 2026-cı il martın 12-də isə İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall” qətliamını birbaşa həyata keçirən dörd terrorçuya – Şamsidin Fariduni, Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidakrami Racabalizodaya ömürlük azadlıqdan məhrumetmə cəzası kəsib. Qeyd edək ki, adıçəkilən şəxslərin hər biri Rusiyada terrorçu və ekstremist reyestrinə daxil edilib.

  • BMT Hörmüzlə bağlı qətnaməni qəbul edə bilmədi

    BMT Təhlükəsizlik Şurası Bəhreynin Hörmüz boğazını açmaq üçün təklif etdiyi qətnaməni qəbul edə bilməyib.

    Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyublar.

    İki ölkə – Rusiya və Çin qətnamənin əleyhinə, 11-i lehinə səs verib, ikisi isə bitərəf qalıb.

  • Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb

    “Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb, 200-dən çox insan xilas edilib”.

    Median.Az vedomosti.ru saytına istinadən bildirir ki, bu barədə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putin ilə regiondakı vəziyyətə dair keçirilən müşavirədə məlumat verib.

    “Hazırda Dağıstan Respublikasının 10 yaşayış məntəqəsində 2 000-dən çox ev və həyətyanı sahə su altında qalmaqdadır”, – deyə nazir məruzə edib.

    Kurenkovun sözlərinə görə, vəziyyətin sürətlə inkişaf etməsinə baxmayaraq, təxliyə vaxtında həyata keçirilib, zərərçəkmiş vətəndaşların qəbulu üçün 55 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb.

  • Niderlandda benzinin qiyməti rekord həddə çatdı

    Niderlandda benzin qiymətləri tarixi maksimuma yüksələrək, bir litr üçün təqribən 2.60 avro təşkil edib.

    Bu göstəricilər “United Consumers” istehlakçı təşkilatının hesabatında öz əksini tapıb.

    Çərşənbə axşamı olan məlumata əsasən, Niderlandda bir litr benzinin dəyəri 2.597 avroya, dizel yanacağının qiyməti isə 2.811 avroya qədər artıb.

    Xatırladaq ki, Ukraynadakı münaqişənin başlanması və neftin bahalaşması nəticəsində 2022-ci ilin iyununda da ölkədə benzinin litri 2.5 avronu keçərək rekord vurmuşdu.

    Avropa İttifaqı üzrə ən bahalı yanacaq qiymətlərindən birinin Niderlandda olmasına rəğmən, yerli hökumət Yaxın Şərqdəki gərginlik səbəbindən artan enerji dəyərlərinə qarşı hər hansı bir addım atmayacağını daha öncə bəyan etmişdi.

  • Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi

    Beynəlxalq alimlər qrupu göstərib ki, dünya dillərinin inkişafı təsadüfi deyil: “Dil universalları” adlanan qaydaların təxminən 1/3-i statistik olaraq təsdiqlənir.

    Qaynarinfo xəbər verir ki, tədqiqat “Nature Human Behaviour” jurnalında dərc olunub.

    Araşdırma Saar Universiteti və Maks Plank Cəmiyyətinin Təkamül Antropologiyası İnstitutunun alimləri tərəfindən, Annemarie Verkerk və Russell D. Gray-in rəhbərliyi ilə aparılıb. Tədqiqatçılar 1700-dən çox dili əhatə edən Grambank məlumat bazasından istifadə edərək 191 potensial universal qrammatik qaydanı analiz ediblər.

    Əvvəlki işlərdən fərqli olaraq bu dəfə bayes statistik analizi tətbiq edilib və bu yanaşma həm dillərin qohumluq əlaqələrini, həm də coğrafi təsirləri nəzərə alır.

    Nəticələr göstərib ki, bir çox dil xüsusiyyətləri dünyanın müxtəlif yerlərində müstəqil şəkildə formalaşır. Xüsusilə söz sırası ilə bağlı qanunauyğunluqlar təsdiqlənib: məsələn, “mübtəda–tamamlıq–fel” (SOV) quruluşuna malik dillərdə daha çox postpozisiyalar (sonqoşmalar) istifadə olunur.

    Eyni zamanda, 191 ehtimal olunan universaldan təxminən üçdə ikisi ciddi statistik yoxlamadan keçə bilməyib. Buna baxmayaraq, alimlər hesab edirlər ki, vacib nəticə odur ki, ümumi qanunauyğunluqlar mövcuddur və müxtəlif dil ailələrində təkrarlanır.

    “Bütün dillərin böyük müxtəlifliyinə baxmayaraq, onlar tamamilə təsadüfi şəkildə inkişaf etmir”, deyə Annemarie Verkerk bildirib.

    Tədqiqatçılar hesab edirlər ki, bu oxşarlıqlar insan beyninin idrak xüsusiyyətləri və ünsiyyət məhdudiyyətləri ilə bağlıdır. Yəni dillər fərqli olsa da, insan düşüncəsi və informasiya ötürmə prinsipləri oxşar nəticələrə gətirib çıxarır.

    Bu iş “həqiqi dil universalları”nın dairəsini daraldır və insan dilinin necə formalaşdığını anlamaq üçün yeni elmi baza yaradır.

  • İranda radiasiya əleyhinə yod tabletləri paylanılır

    İranda radiasiya əleyhinə yod tabletlərinin paylanılmasına başlanılıb.

    “Unikal” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Buşehr Tibb Elmləri Universiteti məlumat yayıb.

    Qeyd olunub ki, 12 günlük müharibədən əvvəl Buşehrdə yod tabletlərinin paylanması prioritet idi və atom elektrik stansiyasının ətrafındakı ərazilərə verilirdi.

    Böhran Vəziyyətlərinin İdarə Edilməsi Qərargahının qərarına əsasən, Buşehrdə 180 000 həb paylanıb.

    Qeyd olunub ki, ola biləcək radiasiya halında hadisədən 24 saat əvvəldən 4 saat sonraya qədər sözügedən həblər qəbul edilməlidir. Hər şəxsə bir həb verilir, lakin doza hər yaş üçün fərqlidir.

    Bir aydan kiçik körpələr üçün tabletin səkkizdə biri, bir aydan üç yaşa qədər uşaqlar üçün tabletin dörddə biri, üç yaşdan 12 yaşa qədər uşaqlar üçün yarım tablet, 12 yaşdan yuxarı böyüklər üçün isə bir bütöv tablet qəbul edilməlidir.

    Radiasiya qəzalarında adətən radioaktiv yod ifraz olunur və tiroid vəzi yod qəbul etməyə hazır olur. Bu həbdən istifadə etməklə tiroid vəzi yodla doyurulur və artıq bədən radioaktiv yod qəbul edə bilmir.
    //unikal.az