Category: Dünya

  • Tramp söz verdi: Bu ölkəyə hücum olmayacaq

    “Vaşinqton Kanadanı öz tərkibinə qatmaq və ya ona qarşı hərbi təzyiq göstərmək niyyətində deyil”.

    Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, bu qərar ölkənin tarixinə olan hörmətlə bağlıdır.

    Tramp Kanadanın “200 illik tarixi” olduğunu qeyd edib və həmçinin milli adət-ənənələrdən və simvollardan, o cümlədən dövlət himnindən də bəhs edib. O bildirib ki, bu cür məsələləri qısa müddətdə həll etmək mümkün deyil və Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ideyası hazırda nəzərdən keçirilmir.

    Bundan əlavə, Amerika lideri Kanadanın Britaniya monarxiyası ilə formal əlaqələrinin qalmasını da qeyd edib. Trampın sözlərinə görə, ölkədə nominal olaraq monarx dövlət başçısı olaraq qaldığı müddətdə bu sistemə müdaxilə etmək niyyətində deyil.

    Beləliklə, Tramp faktiki olaraq ABŞ-nin şimal qonşusu hesabına genişlənməsi ilə bağlı əvvəllər səsləndirilən fikirlərdən imtina etdiyini göstərib.

  • Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?

    Aprelin 6-da və 7-də Günəşdəki partlayış fəallığının zəif və ya orta dərəcədə olacağı gözlənilir, lakin ən güclü hesab edilən X sinif partlayışların başvermə riski də istisna edilmir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə məlumat təqdim edib.

    Qurumun açıqlamasında qeyd olunub ki, “[6 və 7 aprel tarixlərində] Günəş səthində partlayış fəallığı zəif və ya orta dərəcədə qiymətləndirilsə də, proton püskürmələri ilə birlikdə X sinfinə aid partlayışların baş verməsi mümkündür”.

    Keçən həftənin son günlərində gücünə görə sondan əvvəlki kateqoriyaya aid edilən 4 fərqli Günəş alovlanmasının baş verdiyi diqqətə çatdırılır.

    Günəş partlayışları emissiya etdikləri rentgen şüalarının intensivliyinə görə beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya sayılan A0.0, Yer orbiti üzrə hər kvadrat metr üçün 10 nanovattlıq radiasiya enerjisi deməkdir. Hər sonrakı hərfə keçid zamanı fəallıq gücü on dəfə yüksəlir. Bu partlayışlar bəzən Günəş plazmasının atılması ilə eyni vaxtda müşahidə olunur və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər.

  • Peskovdan Ukrayna danışıqlarında fasilə ilə bağlı MARAQLI AÇIQLAMA: “Amerikalıların işi çoxdur”

    “Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar prosesi hazırda dayandırılıb”.

    Median.Az-ın “İzvestiya” nəşrinə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

    “Danışıqlar prosesinə gəldikdə, bəli, hazırda fasilə vəziyyətindədir. Amerikalıların işi çoxdur, məlumdur ki, söhbət hansı işlərdən gedir. Bu baxımdan hazırda üçtərəfli formatda toplaşmaq çətindir”.

    O bildirib ki, mövcud kanallar vasitəsilə ABŞ rəsmiləri ilə məlumat mübadiləsi davam edir.

  • Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis

    Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NİX) Şimali Koreya rəhbəri Kim Çen Inın öz qızı Kim Çu Enin ölkənin ali rəhbərliyinə varis olaraq hazırlama prosesini sürətləndirdiyi barədə məlumat yayıb.

    Median.Az-ın bu barədə “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı keçirilən brifinqdə səsləndirilən Milli Təhlükəsizlik Sisteminin bəyanatında qeyd olunub:

    “Kim Çu E son vaxtlar daha çox müdafiə sahələri ilə bağlı tədbirlərdə görünür. Bu addımın qadın varisə qarşı etimadı yüksəltmək və hakimiyyət davamlılığı təəssüratını formalaşdırmaq məqsədi daşıdığı ehtimal edilir”.

    Xatırladaq ki, hələ fevral ayında Cənubi Koreya media orqanları Kim Çu Enin Şimali Koreyanın raket proqramı üzrə nəzarətçi vəzifəsinə gətirildiyini yazmışdı.

    Son günlərdə isə Şimali Koreya rəhbərinin qızı atası ilə birlikdə bir sıra rəsmi iş səfərlərində iştirak edib. Ata-bala Koreya Xalq Ordusunun Paytaxt Müdafiə Korpusuna aid təlim poliqonunda keçirilən taktiki məşqlər zamanı onlar raket buraxılışlarını birgə izləyib, həmçinin tank idarə ediblər.

  • İrandakı müharibə Yaxın Şərqdə rus şirkətlərinə təsir edir

    Yaxın Şərq ölkələrində fəaliyyət göstərən bir sıra Rusiya brendləri İrandakı müharibə səbəbindən problemlərlə üzləşib.

    Median.Az xəbər verir ki, bu barədə CORE.XP şirkətinin nümayəndəsi Yevgeni Domaşenko açıqlama verib. Onun sözlərinə görə, hələlik Rusiya şirkətlərinin regionu kütləvi şəkildə tərk etməsi ilə bağlı rəsmi təsdiq yoxdur.

    Bununla belə, münaqişə zonasına yaxın ərazilərdə fəaliyyət göstərən brendlərin yarıdan çoxu təhlükəsizlik səbəbilə ticarət obyektlərinin işini müvəqqəti dayandırıb.

    Domaşenko qeyd edib ki, müharibədən əvvəl Yaxın Şərq və Şimali Afrika ölkələrində ümumilikdə 100-120 Rusiya şirkəti fəaliyyət göstərirdi. Onların əksəriyyəti isə Dubay bazarında çalışırdı.

    Ekspert vurğulayıb ki, raket hücumları riski bir çox şirkətin fəaliyyətini dondurmasına səbəb olub.

    Eyni zamanda, Macquarie Group analitikləri İrandakı müharibənin uzanma ehtimalını 40 faiz qiymətləndirib. Onların fikrincə, Hörmüz boğazının uzunmüddətli blokadası riski regionda vəziyyəti daha da gərginləşdirə bilər.

    Analitiklər hesab edir ki, bu halda ABŞ və İsrailin hərbi əməliyyatları qısa müddətdə başa çatdırması çətin olacaq.

  • Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir

    Kosmik daşımalar və peyk interneti sahəsinin iki əsas oyunçusu – İlon Mask və Ceff Bezos bu dəfə orbitdəki “nəqliyyat qaydaları” səbəbindən qarşı-qarşıya gəlib. “SpaceX” və “Amazon” şirkətləri arasında uzun illərdir davam edən rəqabət, “SpaceX”in Federal Rabitə Komissiyasına təqdim etdiyi sərt şikayət məktubu ilə yeni mərhələyə keçib.

    Qaynarinfo-nun məlumatına görə, “SpaceX” iddia edir ki, “Amazon” “Project Kuiper” peyklərini müəyyən edilmiş hündürlükdən xeyli yuxarı orbitə buraxaraq təhlükəsizlik qaydalarını pozur. Şirkətə görə, bu vəziyyət yalnız digər peyklər üçün deyil, həm də ekipajlı kosmik aparatların toqquşma riskini artırır.

    “Amazon” isə bu ittihamları rədd edərək, buraxılış hündürlüklərinin hüquqi çərçivədə olduğunu və heç bir təhlükəsizlik pozuntusunun baş vermədiyini bildirib. Şirkət həmçinin qeyd edib ki, ötən il “SpaceX” özü də “Amazon” peyklərini oxşar hündürlüklərə daşıyıb və bu səbəbdən rəqibini ziddiyyətli davranmaqda ittiham edib. “Amazon”un fikrincə, əsas problem “SpaceX”in “Starlink” peyklərini həmin zonaya köçürdükdən sonra şikayət etməyə başlamasıdır.

    “SpaceX”in məlumatına görə, 12 fevral 2026-cı ildə həyata keçirilən “Ariane 6” buraxılışı zamanı “Amazon” peykləri icazə verilən hündürlükdən 50–90 kilometr yuxarı yerləşdirilib. Bu isə “Starlink” peyklərini qısa müddətdə 30 dəfə toqquşmadan yayınma manevri etməyə məcbur edib. Şirkət koordinasiya çatışmazlığının ciddi risklər yaratdığını və xüsusilə 480 kilometr civarında olan bütün aparatların təhlükə altında olduğunu vurğulayıb.

    “Amazon” isə bunu texniki zərurət kimi qiymətləndirir. Şirkət bildirir ki, buraxılış parametrlərinin son anda dəyişdirilməsi aylarla gecikməyə səbəb ola bilər və mövcud hündürlük qanuni “elastiklik diapazonu” daxilindədir. Bununla belə, “SpaceX”in narahatlıqlarını nəzərə alaraq, dördüncü missiyadan etibarən daha aşağı orbitlərdən istifadə ediləcəyini vəd edib.

    Mübahisələr fonunda hər iki şirkətin orbit təmizliyi sahəsində göstəriciləri də tənqid olunur. “SpaceX” son dövrlərdə bəzi “Starlink” peyklərində baş verən nasazlıqlar və nəticədə yaranan kosmik tullantılar səbəbilə gündəmə gəlib. Müstəqil qurumlar bu tullantıların toqquşma deyil, texniki nasazlıqlar nəticəsində yarandığını təsdiqləyir.

    Ekspertlər hesab edir ki, İlon Maskın orbitdə iri məlumat mərkəzi qurmaq planları nəzərə alınarsa, bu cür “kosmik trafik” mübahisələri gələcəkdə daha da kritik xarakter alacaq.

  • Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı

    Dağıstanda son daşqınlardan sonra infeksiyaların yayılma riski səbəbi ilə hepatit A virusuna qarşı təcili peyvəndləmə başlanıb.

    Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

    Bildirilib ki, fövqəladə vəziyyət zonalarında əhalinin qorunması məqsədilə epidemioloji göstərişlər əsasında vaksinasiya aparılır.

    Qeyd olunur ki, ilk növbədə ictimai iaşə, ticarət və ərzaq təminatı sahəsində çalışanlar, uşaq müəssisələrinin yeməkxana işçiləri, müvəqqəti yerləşdirmə məntəqələrinin sakinləri, həmçinin kommunal xidmət və bərpa işlərində çalışan şəxslər peyvənd olunurlar.

    Xatırladaq ki, martın 28-də Dağıstanda güclü yağışlar nəticəsində elektrik və su təchizatında kəsintilər, subasmalar və nəqliyyatın işində problemlər yaranıb, bir sıra rayonlarda fövqəladə vəziyyət rejimi elan edilib.

  • İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb

    İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.

    Bu barədə İsrail ordusunun “Qaley SAXAL” radiostansiyası məlumat yayıb.

    Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat “Kiriya” kompleksi yaxınlığındakı parkinqə düşərək partlayıb və əraziyə ziyan dəyib. Xəsarət alan olmayıb. Hərbi obyektlərə zərər dəyməyib.

    Qeyd edək ki, bu gün Təl-Əviv və İsrailin mərkəzi hissəsi bir neçə dəfə raket hücumuna məruz qalıb. Şəhərdə hava həyəcan siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. Hüquq-mühafizə və hərbi qurumlar raket qalıqlarının düşdüyü ərazilərə cəlb edilib.

  • “Bu rejim gec-tez süqut edəcək” – İsrail XİN

    “Bu anti-İran rejim gec-tez süqut edəcək”.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki farsca hesabında yazılıb.

    Nazirlik İranda İnqilab Keşikçiləri ilə əlaqəli milis qüvvələrinin mövcudluğu ilə bağlı yazıb: “Regional terrorçular da bu tənəzzülə uğrayan rejimi xilas edə bilməzlər”.
    //unikal.az

  • Sarkisyan seçkilərdən geri çəkildiyini təsdiqlədi

    ​​​​​Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarkisyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.

    Median.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi danışıb.

    Müxalifət qüvvələrindən hansını – Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarkisyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.

    O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.