Category: Dünya

  • Makrondan Trampa İranla bağlı çağırış – “Hörmət elə”

    Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı İranın suverenliyinə hörmət etməyə çağırıb.

    O, bildirib ki, əks halda nəticələr yaxşı olmayacaq.

    “İran çox pis bir rejimdir, bu barədə deyəcək bir şey yoxdur. Mən bir çox məsələdə onlarla razı deyiləm. Amma inanmıram ki, vəziyyəti təkcə bombalama və ya hərbi əməliyyatlarla düzəldə bilərik. İraqda, Əfqanıstanda və Liviyada oxşar əməliyyatlarla nə baş verdiyinə baxın – 20 ildən sonra belə hələ də nəticə əldə etməmişik. Buna görə də xalqın suverenliyinə hörmət etməliyik”, – deyə Makron bildirib.

  • Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb

    BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Əl-Edeyse sərhəd rayonundakı müşahidə postu atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb.

    Bu barədə UNIFIL-in mətbuat xidmətinin rəhbəri Kendis Ardel bildirib.

    Onun sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    Ardel qeyd edib ki, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən “mavi dəbilqəlilərin” mövqelərinə açılan atəşin mənbəyini araşdırır.

    “UNIFIL bütün tərəflərə Livanın cənubunda sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini xatırladır. BMT hərbçilərinin mövqeləri yaxınlığında döyüş əməliyyatlarının aparılmasından çəkinmək lazımdır, bu onlar üçün birbaşa təhlükə yaradır”, – o bildirib.

    /report

  • İranda humanitar yardımla dolu konteynerlər vuruldu

    İranın cənubundakı Buşehr əyalətində Qızıl Aypara Cəmiyyətinin şöbəsinə hava hücumu olunub.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Zərbələr nəticəsində humanitar yardımla dolu iki konteyner məhv edilib .

    “Hücum 3 aprel tarixində Buşehr bölgəsinin Çoqadak yaşayış məntəqəsində baş verib. Zərbə nəticəsində humanitar yardım daşımaq üçün istifadə edilən iki təkərli konteyner, eləcə də bir avtobus və bir xilasetmə maşını məhv edilib”, – deyə açıqlamada bildirilir.

  • Ermənistanda hərbçi öldü

    Ermənistanda müqaviləli hərbçi ölüb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    İstintaq Komitəsi bildirib ki, hadisə 2 aprel 2026-cı ildə Müdafiə Nazirliyinin təlim poliqonunda baş verib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (hərbi vəzifəli şəxsin səhlənkarlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 532-ci maddəsinin 3-cü hissəsi (silah, sursat, hərbi texnika və ya ətraf mühit üçün daha böyük təhlükə yaradan digər hərbi əmlak, materiallar, qurğular və ya əşyalarla davranma qaydalarını pozduqda ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.
    //unikal.az

  • Rusiyada sərnişin qatarı relsdən çıxdı – Yaralılar var

    Rusiyanın Ulyanovsk vilayətində sərnişin qatarı relsdən çıxıb.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

    Təcili yardım xidmətləri hadisə yerində işləyir.

    Rusiya Dəmir Yolları ASC-nin verdiyi məlumata görə, sərnişin qatarı vaqonları Bryandino stansiyası yaxınlığında relsdən çıxıb.

  • “Artsax bayrağı”na görə vəzifədən qovuldu

    Ermənistanın Armavir vilayətindəki Sardarapat icma məktəbinin direktoru Karine Smbatyan vəzifəsindən azad olunub.

    Bu barədə “Hraparak” yazıb.

    O, məktəbin “şöhrət guşəsi”ndən “Artsax (Qarabağda ləğv olunmuş separatçı rejim – red.) bayrağını” götürmədiyinə görə istefa verməli olub.

    Bildirilib ki, Armavir qubernatoru Vahram Xaçatryan şəxsən məktəbə baş çəkib. Ondan sonra separatçılığın rəmzi məktəbdən yığışdırılıb və direktor istefa verməyə məcbur olub.//unikal.az

  • Putinlə Ərdoğanın telefon danışığı oldu

    Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

    Tərəflər Yaxın Şərqdə münaqişənin davam edən eskalasiyasını müzakirə ediblər və intensiv hərbi əməliyyatların enerji, ticarət və logistika sektorları da daxil olmaqla ciddi mənfi nəticələrə gətirib çıxardığını qeyd ediblər.

    Həmçinin, Ukraynadakı vəziyyət də müzakirə olunub. Rusiya Prezidenti Türkiyə liderinə danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə təşəkkürünü bildirib.

    Kreml qeyd edib ki, “Kiyev rejiminin Rusiya ilə Türkiyəni birləşdirən qaz nəqli infrastrukturuna və Qara dənizdə ticarət gəmilərinə zərbə vurmaq cəhdləri nəzərə alınmaqla, Qara dəniz bölgəsində təhlükəsizliyin hərtərəfli təmin edilməsi üçün əlaqələndirilmiş tədbirlərin vacibliyi vurğulanıb”.

  • Rusiya Xarkovu vurdu, ölənlər var

    Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

    Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

    Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

    Dron düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.

    Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.

  • Abu Dabidə partlayış və yanğın: Xəsarət alanlar var

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərinə edilən hava zərbəsi nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

    Bu barədə şəhər administrasiyasının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

    Əcban ərazisində hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başlaması nəticəsində yerə düşən qalıqlar insanlara zərər yetirib. Zərərçəkənlər arasında altı Nepal və beş Hindistan vətəndaşı yüngül və orta ağır bədən xəsarətləri alıb. Daha bir Nepal vətəndaşının vəziyyəti isə ağır qiymətləndirilir.

    Rəsmi mənbələr məhv edilən obyektin pilotsuz uçuş aparatı (PUA), yoxsa raket olduğu barədə dəqiq məlumat təqdim etməyiblər.

    Hadisədən sonra qlobal miqyasda ən iri inteqrasiya olunmuş qaz emalı mərkəzlərindən biri hesab edilən “Habshan Gas Processing Complex” fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Qeyd olunur ki, kompleksin ərazisinə raket qalıqlarının düşməsi nəticəsində müəssisədə yanğın baş verib.

    Xatırladaq ki, İran ABŞ və İsrailin həyata keçirdiyi hərbi tədbirlərin ardınca bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını bəyan edib və bu addımını özünümüdafiə hüququ ilə əsaslandırıb.

  • İtaliyanın məşhur muzeyi haker hücumuna məruz qaldı

    İtaliyanın ən məşhur incəsənət muzeylərindən biri olan Uffizi Qalereyası haker hücumunun hədəfinə çevrilib. Nəticədə həm kolleksiya, həm də təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar oğurlanıb.

    Bu barədə “Corriere della Sera” məlumat yayıb. Bildirilib ki, muzey rəhbərliyi qanunsuz əldə edilən məlumatları internetdə satmaqla hədələyərək pul tələb edən kiberhücumçular tərəfindən şantaj olunur.

    İnformasiya sistemlərinə qanunsuz müdaxilə barədə təqribən iki ay əvvəl məlumat verilib. Həmin vaxt yalnız inzibati sistemlərin zərər gördüyü bildirilirdi. Qəzetin yazdığına görə, bütün rəqəmsal arxivlə yanaşı, mühafizə sisteminin şifrələri, daxili xəritələr, eləcə də müşahidə kameralarının yerləri oğurlanıb. Kiberhücumun daha öncə də həyata keçirildiyi və sistemə ilk sızmanın 2025-ci ilin avqustunda baş verdiyi ehtimal olunur.

    “Corriere della Sera” qeyd edir ki, Pitti sarayında (Uffitsi kompleksinə daxildir) yerləşən kolleksiyanın bir hissəsi fevral ayından etibarən planlama səbəbindən bağlanıb.

    Muzeyin ən dəyərli eksponatları İtaliya bankının anbarına köçürülüb, ehtiyat qapılar isə gecələr möhürlənir.