Category: Dünya

  • Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır – Yeni qadağa qərarı

    Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.

    Qeyd olunub ki, Bəhreyn və Küveyt üzərindəki hava məkanı əlavə olaraq 12 saat – bu gün yerli vaxtla saat 16:00-dək (Bakı vaxtı ilə 20:00 – red.) qapalı qalacaq.

    Həmin hava məkanlarından istifadə edərək üçüncü dövlətlərə tranzit uçuşlar edən təyyarələrin də hərəkəti qadağan edilir.

    Eyni zamanda, agentliyi məlumatlandıran mənbə vurğulayıb ki, Bəhreyn yalnız Manama aeroportundan qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi ilə xüsusi buraxılış əsasında fərdi uçuşların icrasına şərait yaradır.

  • “Telegram”a süni intellekt əsaslı “redaktor” əlavə olunur

    “Telegram”ın süni intellektə əsaslanan “redaktor” funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.

    Bu yenilik barədə məlumatı “Durovun Kodu” kanalı paylaşıb.

    Sözügedən funksiyanın köməyi ilə istənilən mesajı daha rəsmi şəklə salmaq, həcmini azaltmaq və ya xüsusi tərzdə yenidən tərtib etmək olar. Aləti işə salmaq məqsədilə minimum üç sətirdən ibarət mətn yazılmalıdır, bundan dərhal sonra yazışma sətrinin kənarında “süni intellekt” düyməsi peyda olur. Yenilənən mətn əvvəlki versiyanın əvəzinə çatda göndərilə bilir.

    Test mərhələsində olan funksiyadan standart istifadə üçün müəyyən məhdudiyyətlərin olduğu, lakin premium abunəçilərin bu imkandan 50 dəfə daha çox yararlana biləcəyi qeyd edilir. Təqdim edilən alət gündəlik danışıqlar, rəsmi yazışmalar və mətnlərin tərtibatı zamanı əlavə proqramlara ehtiyac duymadan işləyən daxili asistent kimi fəaliyyət göstərir.

    İndiki mərhələdə “AI Editor” yalnız Android üçün nəzərdə tutulmuş “Beta” tətbiqdə işləyir. Bu texnologiya istifadəçilərin şəxsi yazışmalarını kənar şəxslərə ötürmədən təhlil edə bildiyini bəyan edən mərkəzləşdirilməmiş “Cocoon” sistemi üzərində qurulub.

    Qeyd edək ki, “Telegram” şirkəti bir müddət əvvəl məxfilik təhlükəsizliyinə görə “Grok” çatbotunun tətbiqə inteqrasiyasından vaz keçmişdi.

  • KİV: İran Hörmüz boğazının tam blokadası ilə hədələdi

    İran təhlükəsizlik qüvvələrində yüksəkvəzifəli mənbə bildirib ki, Hörmüz boğazında hər hansı hərbi əməliyyat onun qeyri-müəyyən müddətə tam bağlanmasına səbəb olacaq.

    Median.Az “Tasnim”ə istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, ABŞ İrana qarşı quru əməliyyatına başlasa, Tehran “tam simmetrik cavab” vermək hüququna malik olacaq.

    Bu açıqlama “The Wall Street Journal” qəzetinin Pentaqonun Yaxın Şərqə əlavə olaraq təxminən 10 min hərbçi göndərmə planları barədə məlumatı fonunda səsləndirilib.

    Eyni zamanda, “Bloomberg” mənbələrə istinadən bildirir ki, Vaşinqtonun yaxın perspektivdə İranda quru əməliyyatı planı yoxdur, lakin ABŞ Prezidenti Donald Tramp mövqeyini dəyişə bilər.

  • Küveyt səmasında bir gündə altı PUA vurulub

    Ötən sutka ərzində Küveytin hava məkanında minimum altı pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

    Bu barədə ABŞ-nin CNN televiziya kanalı məlumat yayıb.

    Hadisə ilə bağlı əlavə detallar təqdim olunmayıb.

    Xatırladaq ki, martın 27-fə Küveytin İctimai İşlər Nazirliyi Mübarək Əl-Kəbir limanına raket zərbəsi endirildiyini bəyan edib. İlkin məlumata əsasən insan tələfatı qeydə alınmasa da, infrastruktura maddi zərər dəydiyi bildirilir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Şirin su balıqları çaylardan yoxa çıxır – Ekoloqlar narahatdır

    Dünya üzrə çaylarda şirin su balıqlarının sayı sürətlə azalır. Bu barədə BMT-nin dəstəyi ilə hazırlanmış “Miqrasiya edən şirin su balıqlarının qlobal qiymətləndirilməsi” adlı yeni hesabatda qeyd olunur.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Earth” nəşri yazır.

    Hesabatda vurğulanır ki, miqrasiya edən şirin su balıqları ciddi təhlükə altındadır. Onların qorunması üçün ölkələrin çayları ayrı-ayrı milli hissələr kimi deyil, vahid ekosistem kimi idarə etməsi zəruridir.

    Ekoloqlar qeyd edir ki, bu problem dar sahəyə aid deyil. Şirin su balıqları çay ekosistemlərinin fəaliyyətində mühüm rol oynayır, qida maddələrinin daşınmasını təmin edir və qida zəncirlərini dəstəkləyir. Bundan əlavə, onlar yüz milyonlarla insanın qidalanmasını təmin edən daxili balıqçılığın əsasını təşkil edir.

    Məlumata görə, bu növlərin bir çoxu “yerli” deyil. Onların həyat dövrü minlərlə kilometr uzanan, müxtəlif sərhədləri keçən uzun və fasiləsiz miqrasiya marşrutlarından – kürüləmə, qidalanma və çoxalma sahələri arasındakı əlaqələrdən asılıdır.

    Ekoloqların sözlərinə görə, məhz bu xüsusiyyət onları daha həssas edir. Çayların bəndlər, dəyişdirilmiş su axını rejimləri, çirklənmə və həddindən artıq balıq ovu nəticəsində parçalanması bu növlərin yalnız yaşayış mühitini deyil, həm də həyat dövrünü tamamlamaq imkanını məhdudlaşdırır.

    Hesabatda bildirilir ki, 1970-ci ildən bəri dünyada miqrasiya edən şirin su balıqlarının populyasiyası təxminən 81% azalıb. Bundan əlavə, BMT-nin Miqrasiya edən növlərin qorunması haqqında Konvensiyasına daxil edilmiş 58 növdən 97%-i yox olma təhlükəsi altındadır.

    Sənəddə artıq Konvensiyaya daxil edilmiş 24 növlə yanaşı, daha 325 miqrasiya edən şirin su balığı növünün beynəlxalq mühafizə tədbirləri üçün namizəd olduğu qeyd olunur.

    Hesabata əsasən, ən böyük risklər iri çay hövzələrində müşahidə olunur. Bu baxımdan Amazonka və La-Plata-Parana (Cənubi Amerika), Dunay (Avropa), Mekonq (Asiya), Nil (Afrika) və Qanq-Brahmaputra sistemi (Hindistan yarımadası) xüsusi olaraq qeyd edilir.

  • Keçmiş reper baş nazir seçildi

    Keçmiş reper və Katmandu şəhərinin sabiq meri, 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri olub.

    Onilliklər ərzində ilk dəfə Madhesi etnik qrupundan olan ən gənc məmur hökumət başçısı olub.

    Yeni baş nazirin andiçmə mərasimi Prezident Sarayında diplomatların və yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Tədbiri 200-dən çox hindu keşişi və Buddist lama müşayiət edib.

    Şah 14 üzvdən ibarət yeni Nazirlər Kabineti yaradıb. Harvard təhsilli iqtisadçı Svarnim Vaql isə maliyyə naziri təyin edilib.

    Şahın partiyası ötən ilin sentyabr ayında ölkədə baş verən və 76 nəfərin həyatına son qoyan kütləvi korrupsiya əleyhinə etirazlardan sonra ilk dəfə seçkilərdə qalib olub. Siyasi analitik Puranjan Açarya qeyd edib ki, yeni hökumət üçün ilk sınaqlardan biri həmin hadisələr zamanı zorakılığı araşdıran komissiyanın hesabatının (qurbanların ailələrinin əsas tələbinin) tətbiqi olacaq.

    Yeni baş nazir davam edən siyasi qeyri-sabitlik fonunda vəzifəsinin icrasına başlayıb: 1990-cı ildən bəri Nepalda ardıcıl olaraq 32 hökumət olub və onlardan heç biri tam beş illik müddətə xidmət etməyib.

  • İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü – Yaralılar var

    İstanbulun Başakşəhər rayonunda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.

    Zəncirvari qəza nəticəsində 14 nəfər xəsarət alıb.

    Yaralılardan 6 nəfəri jandarma zabiti, 8 nəfər isə məhkumdur.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb

    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.

    Bu barədə dövlət teleradiosunun yaydığı açıqlamada bildirilib.

    Məlumata görə, söhbət Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasından gedir.

    Açıqlamada qeyd olunur ki, ABŞ-ni dəstəkləyən logistika donanmasına aid bir neçə yanacaqdaşıyan təyyarə məhv edilib.

  • İranda 600 məktəb dağıdılıb – Əraqçi

    Ədalətsizliklər qarşısında sükut və biganəlik heç vaxt təhlükəsizlik və sülhə gətirib çıxarmır.

    Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT-nin İnsan Hüquqları Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.

    Nazir çıxışında qeyd edib ki, İran hazırda ABŞ və İsrail tərəfindən başladılan “qanunsuz müharibə” şəraitindədir. Onun sözlərinə görə, hücumlar Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı diplomatik prosesin davam etdiyi bir vaxtda həyata keçirilib.

    Əraqçi İranın Minab şəhərində yerləşən ibtidai məktəbə hücumu “müharibə cinayəti” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

    O bildirib ki, bu hücum əvvəlcədən planlaşdırılıb və məqsədli şəkildə həyata keçirilib:

    “Sözügedən hücum nəticəsində 175-dən çox şagird və müəllim həyatını itirib. Son 27 gün ərzində İranda 600-dən artıq məktəb dağıdılıb və ya zərər görüb, 1000-dən çox şagird və müəllim isə həlak olub və ya yaralanıb”, – deyə XİN rəsmisi əlavə edib.

    Araqçi həmçinin ABŞ və İsraili mülki əhalini və mülki infrastrukturu hədəfə almaqda ittiham edib:

    “İran müharibə tərəfdarı deyil, lakin “zəruri olduğu müddətdə müdafiəsini davam etdirəcək”, – o sonda vurğulayıb.
    //modern.az

  • “Rus Evi”nə “molotov kokteyli” atıldı

    Çexiyanın paytaxtı Praqadakı “Rus Evi” hücuma məruz qalıb.

    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Rus Evi”nin rəhbəri İqor Girenko bildirib.

    Onun sözlərinə görə, martın 26-da naməlum şəxslər “Rus Evi”nin binasına “Molotov kokteyli” atıb.

    Girenko atılan altı ədəd “Molotov kokteyli”ndən üçünün yanmadığını qeyd edib.