Category: Dünya

  • Küveytdə neft emalı zavoduna edilən PUA hücumu yanğına səbəb oldu

    İranın Küveytin “Əl-Əhmədi” limanındakı neft emalı zavoduna PUA hücumu zamanı yanğın baş verib.

    Bu barədə ölkənin “KUNA” xəbər agentliyi zavodun sahibi olan Küveyt Neft Korporasiyasına istinadən məlumat yayıb.

    “Əl-Əhmədi” neft emalı zavodundakı istehsal bölmələrindən birinə dron hücumu edilib və nəticədə yanğın baş verib”, – deyə açıqlamada bildirilib.

    Hadisə zamanı heç kimin xəsarət almadığı vurğulanıb.

    Bu gün “Reuters” agentliyi Səudiyyə Ərəbistanının əsas neft limanı olan “Yanbu əl-Bəhr” havadan hücuma məruz qaldığını bildirib.

    Bir gün əvvəl Səudiyyə Ərəbistanı və Küveyt də daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri İranı hücumları dərhal dayandırmağa çağıran birgə bəyanat yayıblar.

    Diplomatların sözlərinə görə, İslam Respublikasının Körfəz ölkələrinə qarşı hücumları müdafiəsizdir və mülki infrastrukturu və yaşayış məntəqələrini hədəf alır.

  • Rusiya Silahlı Qüvvələri Ukraynda iki yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində iki yaşayış məntəqəsini nəzarət altına alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Donetsk vilayətində Pavlovka və Vtoraya Fyodorovka yaşayış məntəqələrini nəzarətə götürüblər.

  • Tailandın yeni rəhbəri bəlli oldu

    Tailand parlamenti Anutin Çanvirakunu ölkənin 33-cü baş naziri vəzifəsinə seçib.

    Median.Az News.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Sofon Saram məlumat verib.

    Məlumata görə, hökumətin yeni rəhbərinin səlahiyyət müddəti 2026-cı ildən 2030-cu ilədək davam edəcək.

    Çanvirakunun namizədliyini 293 parlament üzvü dəstəkləyib. Onun əsas rəqibi Nattafonq Ruanqpanyavut isə 119 səs toplayıb. Yerdə qalan 86 deputat bitərəf qalmağa üstünlük verib.

  • İsrail ordusundan İranın hücumu ilə bağlı üçüncü XƏBƏRDARLIQ

    İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan raket buraxılışı ilə bağlı 24 saat ərzində üçüncü dəfə xəbərdarlıq edib.

    Bu barədə İsrail ordusu “Telegram” kanalında məlumat verib. Bildirilib ki, SAXAL raketləri zərərsizləşdirir.

    “Ynet” portalının məlumatına görə, İsrailin şimalında sirenlər səslənib. “Bu, üç saatdan az müddətdə üçüncü xəbərdarlıqdır. Birinci xəbərdarlıq Bakı vaxtı ilə saat 05:12-də, raketlər İsrailin mərkəzinə doğru uçarkən edilib. Raket buraxılışlarının ikinci dalğası zamanı İsrailin şimalında sirenlər səslənib”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • İranda yanvar etirazlarının üç iştirakçısı edam edildi

    İranda iki polis məmurunu öldürməkdə ittiham olunan yanvar etirazlarının üç iştirakçısı edam edilib.

    Bu barədə “Tasnim” agentliyi məlumat verib.

    Məlumata görə, məhkum olunmuş şəxslər yanvarın 7-də Qum əyalətində keçirilən hökumət əleyhinə nümayişlər zamanı iki hüquq-mühafizə orqanı əməkdaşının öldürülməsində günahlarını etiraf ediblər. Onlar, həmçinin İsrail və ABŞ-nin maraqlarına uyğun hərəkət etməkdə ittiham olunublar, lakin ittihamın nə ilə bağlı olduğu bildirilməyib.

    Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran rialının məzənnəsinin kəskin şəkildə azalması səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da tələbələr də iğtişaşlara qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb. Yanvarın 2-də küçələrdə naməlum silahlı şəxslərdən ibarət qruplaşmalar peyda olub və etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb.

    İğtişaşlar yanvarın 8-də axşam pik həddə çatıb, iğtişaşçıların hərəkətləri nəticəsində bir uşaq da daxil olmaqla, ən azı 12 dinc vətəndaş həyatını itirib. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü deyib. Tehran meri Əlirza Zəkani bildirib ki, iğtişaşçılar paytaxtda 25 məscidi yandırıb, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət binasına, 48 yanğınsöndürmə maşınına, 42 avtobus və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər vurublar.

  • Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb

    Buşehr AES-in reaktorundan 350 metr məsafədə yerləşən konstruksiya mərmi zərbəsi nəticəsində dağılıb.

    Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “X” sosial şəbəkəsində məlumat yayıb.

    Bildirilib ki, reaktora ziyan dəyməyib və personal xəsarət almayıb.

    Agentliyin baş direktoru Rafael Qrossi qeyd edib ki, atom elektrik stansiyalarına və ya onların yaxınlığına hücumlar nüvə təhlükəsizliyinin əsas prinsiplərini pozur və belə hallar heç vaxt baş verməməlidir.

    Qeyd edək ki, İran daha əvvəl Buşehr AES ərazisinə mərmi düşdüyünü açıqlamışdı.

  • Laricaninin yerinə o gələcək

    İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili mərhum Əli Laricaninin yerinə keçə bilər.

    Ekspertlər Cəlilinin müharibəyə son qoymaq üçün aparılan istənilən danışıqlarda həlledici rol oynayacağını deyirlər.

    Cəlili İslam Respublikasında nüfuzlu siyasi fiqurdur. O, İranın baş nüvə danışıqları üzrə sözçüsü vəzifəsində çalışıb və hazırda Ali Liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi vəzifəsində çalışır.

    2024-cü ildə Səid Cəlili İran prezidentliyinə namizədliyini irəli sürüb və Məsud Pezeşkianla birlikdə səsvermənin ikinci turuna keçib.

  • İranın ali lideri: “Laricaninin qətlinə görə qisas alınacaq”

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlini törədənlər onun qanının əvəzini ödəyəcəklər.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Lideri Müctəba Xamenei bəyan edib.

    “Mən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali liderin bu şuradakı nümayəndəsi Əli Laricaninin şəhid olması ilə bağlı kədərli xəbəri dərin hüznlə aldım. Hər bir qanın öz qiyməti var və şəhidlərin qatilləri bu qiyməti tezliklə ödəməli olacaqlar”, – deyə Xameneinin sözlərini onun mətbuat xidməti sitat gətirib.

  • ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?

    ABŞ daha 12 ölkənin vətəndaşları üçün viza müraciəti zamanı 15 min dollar məbləğində girov tətbiq edir.

    Bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, yeni ölkələr artıq mövcud olan 38 ölkəlik siyahıya əlavə olunacaq. Bununla da proqram ümumilikdə 50 dövləti, əsasən də Afrika ölkələrini əhatə edəcək. Proqrama daxil edilən yeni ölkələr Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunisdir.

    Söhbət işgüzar və turistik səfərlər üçün nəzərdə tutulan B1/B2 kateqoriyalı vizalardan gedir. Aprelin 2-dən qüvvəyə minəcək yeni qaydalar ABŞ-də qalma müddətinin aşılması hallarını azaltmağa yönəlib.

    Girov viza şərtlərinə əməl edən, ölkəni vaxtında tərk edən və ya vizadan istifadə etməyən müraciət sahiblərinə geri qaytarılacaq.

    Dövlət Departamentində bildirilib ki, proqram artıq miqrasiya rejiminin pozulması hallarına qarşı mübarizədə effektivliyini göstərib.

  • “X” sosial şəbəkəsində problem yaranıb

    Martın 18-də “X” sosial şəbəkəsində genişmiqyaslı giriş problemi yaranıb.

    Həm mobil tətbiqdə, həm də veb versiyada istifadəçilər sistemə daxil olmaqda çətinlik çəkiblər.

    İstifadəçilər platformaya daxil olduqda “profil məlumatlarına daxil olmaq mümkün deyil” kimi xəbərdarlıqla qarşılaşıblar. Yalnız əsas səhifədə deyil, həmçinin mesajlar və bildirişlər bölməsində də nasazlıqların olduğu bildirilib.

    Yaşanan problemlər fasilələri real vaxtda izləyən “Downdetector” platformasının məlumatlarında da əks olunub. Qısa müddət ərzində çox sayda istifadəçi xəta barədə bildiriş göndərib və problemin, xüsusilə, mobil tətbiqdə daha geniş yayıldığı müşahidə olunub.

    Platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi “X” tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Problemin texniki infrastrukturla bağlı ola biləcəyi ehtimal edilir.