Category: Dünya

  • İsveç XİN İrana nota verdi

    İsveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşının İranda edam edilməsinə rəsmi etirazını bildirib.

    Bu barədə Dagens Nyheter nəşri məlumat yayıb.

    Martın 18-də İsveçin xarici işlər naziri Mariya Stenerqard bildirib ki, İran İsveç vətəndaşını edam edib. Nazir qeyd edib ki, edam olunan şəxs 2019-cu ildə İsveç vətəndaşlığı alıb və ikili vətəndaşlığa malik olub. Bu səbəbdən edam xəbəri yayıldıqdan sonra İsveç XİN İranın ölkədəki səfirini nazirliyə çağırıb.

    “Buna görə məsuliyyət yalnız İrana aiddir. İsveç bundan sonra da İranda insan hüquqlarının ciddi şəkildə pozulmasını pisləyəcək”, – deyə Stenerqard vurğulayıb.

  • İranda xarici agent və monarxist qruplaşma “ovu” – Xeyli adam həbs olundu

    İranın Kəşfiyyat Nazirliyinin keçirdiyi əməliyyatlar zamanı monarxist qruplaşmalar və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

    Bu barədə “Tasnim” agentliyi məlumat verib.

    Qeyd olunub ki, ölkənin 26 əyalətində 111 monarxist qruplaşma aşkarlanaraq həbs olunub:

    “Həmin əməliyyatlar zamanı odlu və soyuq silahlar, elektroşokerlər, dəyənəklər müsadirə edilib.

    Bundan əlavə, Həmədan və Qərbi Azərbaycan əyalətlərində ABŞ-yə casusluq etməkdə və təhlükəsizlik qüvvələrinin yerləşmə yerləri, avadanlıqları və mövqeləri barədə məlumat ötürməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

    Bu reydlər zamanı isə həmçinin 29 tapança, iki “Kalaşnikov” avtomatı və 58 daraq da daxil olmaqla, silahların olduğu iki gizli anbar aşkarlanıb”.

  • Pezeşkian təsdiqlədi: İranın kəşfiyyat naziri ÖLDÜRÜLÜB

    İran Prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri Seyid İsmayıl Xətibinin öldürüldüyünü rəsmən təsdiqləyib.

    Bu barədə o, “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

  • Günəşdə güclü partlayış oldu

    Bu gün Günəşdə güclü partlayış qeydə alınıb.

    Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    Qeyd olunub ki, mart 18-də Moskva vaxtı ilə saat 11:44-də (Bakı vaxtı ilə saat 12:44 – red.) rentgen diapazonunda M2.7 partlayışı qeydə alınıb.

  • “Hizbullah”a məxsus telekanalın direktoru öldürüldü

    “Hizbullah”a məxsus “Al Manar” telekanalının siyasi proqramlar üzrə direktoru Məhəmməd Şari İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldürülüb.

    Bu barədə sözügedən telekanal məlumat yayıb.

    “Həmkarımız, teleaparıcı Məhəmməd Şari və onun həyat yoldaşının Züqaq əl-Blat rayonunda yaşayış binasına raket hücumu nəticəsində həlak olmasından dərin kədər duyuruq”, – deyə “Al Manar”dan bildirilib.

    Qeyd olunur ki, hadisə zamanı Şarinin övladları və nəvələri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

    BMT-nin məlumatına görə, 2023-24-cü illərdəki münaqişə dövründə Livanda ən azı 10 jurnalist həlak olub və daha 15-i yaralanıb. Onların arasında “Reuters”, “Agence France-Presse” agentliklərinin və “Al Jazeera” telekanalının jurnalistləri də var.

  • İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb

    İsrail İranın kəşfiyyat naziri İsmail Xatibi öldürməyə cəhd edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə “N12” “Telegram” kanalı İsrail mənbəsinə istinadən məlumat verir.

    “Ötən gecə biz İran kəşfiyyat nazirini aradan götürməyə cəhd etdik. Hücumun nəticələrini gözləyirik, amma görünür, hər şey qaydasındadır”, – deyə mənbə bildirib.

  • Böyük Britaniya Kralı III Çarlz özünü DJ kimi sınadı

    Böyük Britaniya Kralı III Çarlz Mançesterdəki mədəniyyət mərkəzlərindən birində DJ pultu arxasına keçib.

    Bu barədə BBC məlumat yayıb.

    Məlumata əsasən, kral gənclərlə görüş çərçivəsində, “King’s Trust” fondunun fəaliyyətinin 50 illiyi münasibətilə Uorrinqton və Mançester şəhərlərinə səfər edib.

    Səfər zamanı o, yerli DJ-in təklifini geri çevirməyərək mikşer pultunda özünü sınayıb və musiqi parçalarını miks etməyə çalışıb. Lakin monarxın hansı musiqini səsləndirdiyi barədə məlumat açıqlanmayıb.

  • Məşhur kurortda iki günə 84 zəlzələ qeydə alınıb

    İspaniyanın Kanar adaları qrupuna daxil olan Tenerife adasında son iki gün ərzində 84 zəlzələ qeydə alınıb.

    Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

    Yeraltı təkanlar əsasən adanın ən hündür nöqtəsi olan Teide vulkanı ətrafında müşahidə edilib. İspaniya Milli Coğrafiya İnstitutunun məlumatına əsasən, zəlzələlərin əksəriyyəti Las-Kanyadas bölgəsində, 8-21 kilometr dərinlikdə baş verib. Təkanların aşağı maqnitudalı olduğu bildirilir.

    Artan seysmik aktivlik fonunda Tenerife rəhbərliyi mümkün fövqəladə vəziyyət ssenarilərinə hazırlıq işlərinə başlayıb. Bu məqsədlə xüsusi texniki qrup yaradılıb və əhalinin təhlükəsizliyini təmin edəcək fəaliyyət planı hazırlanıb. Plana əsasən, zərurət yaranarsa, sığınacaqların təşkili, yaşayış və digər mühüm xidmətlərin fasiləsiz təmini nəzərdə tutulur.

    Hazırda rəsmi qurumlar vəziyyətin tam nəzarət altında olduğunu bildirsələr də, alimlər vulkanik sistemdə baş verən dəyişiklikləri yaxından izləməyə davam edirlər.

  • ABŞ-də hərbi bazada ATIŞMA – Ölən və yaralanan var

    ABŞ-nin Nyu-Meksiko ştatındakı “Holloman” Hərbi Hava Qüvvələrinin bazasında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

    Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

    Xəbərə görə, hadisə yerli vaxtla saat 17:30 radələrində (Bakı vaxtı ilə saat 04:30 – red.) baş verib. Zərərçəkənə tibbi yardım göstərilib.

    Qeyd olunub ki, hazırda hərbi obyekt üçün heç bir təhlükə yoxdur. Hadisənin iştirakçıları və səbəbi barədə hələlik heç bir məlumat verilməyib.

  • İsrail “Bəsic” qüvvələrinə zərbələr endirib – VİDEO

    İsrail İranın “Bəsic” könüllü qüvvələrinə zərbələr endirib.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilir ki, İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı “Bəsic” bölmələrinin məmurlarına və mövqelərinə zərbələr endiriblər.