Category: Dünya

  • Ankarada ZƏLZƏLƏ oldu

    Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilir ki, yeraltı təkanların ocağı yerin 7.7 km dərinliyində yerləşib.

    Bakı vaxtı ilə saat 18:49-da qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib. İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı olmayıb.

  • Paşinyan Vensə Qarabağın tarixinə dair kitab hədiyyə edən direktoru işdən qovdu

    Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun göstərişi ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib.

    Median.Az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, buna səbəb E.Qzoyanın ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin İrəvana səfəri zamanı ona Qarabağın tarixinə dair kitab hədiyyə etməsi olub.

    Paşinyan bu hərəkəti Ermənistanın xarici siyasətinə zidd adlandırıb.

    “Ölkənin baş naziri Qarabağ hərəkatının mövcud olmadığını bəyan etdiyi halda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”, – deyə Nikol Paşinyan brifinqdə bildirib.

    Eyni kontekstdə Ermənistanın baş naziri liturgiya zamanı “Artsax”ın adını çəkən ruhaniləri də tənqid edib. Paşinyanın sözlərinə görə, bununla onlar bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyan hökumətin mövqeyi ilə ziddiyyətə girirlər.

    “Ermənistanda xarici siyasəti hökumət yürüdür və hərəkətləri bu xəttə zidd olan hər hansı dövlət qulluqçusu işdən qovulacaq. Burada müzakirə olunacaq bir şey yoxdur”, – deyə Paşinyan yekunlaşdırıb.

  • Yeni ali lider İranın Hörmüz boğazı ilə bağlı QƏRARINI ELAN ETDİ

    “İran düşməninə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanlarını saxlamalıdır”.

    Bu barədə İranın yeni Ali Lideri Müctəba Xamenei ölkənin dövlət televiziya və radio şirkətində yayımlanan ilk rəsmi açıqlamasında bildirib.

    “Əlbəttə ki, Hörmüz boğazının blokadasından yararlanmaq davam etdirilməlidir. Digər cəbhələrin açılması üçün də araşdırma aparılır”, – deyə ali lider qeyd edib.

  • İranın yeni ali lideri ilk dəfə xalqa müraciət edəcək

    İranın yeni ali lideri Müctəba Xamenei rejimin rəhbəri kimi ilk dəfə xalqa müraciət edəcək.

    Bu barədə Xameneinin rəsmi “Telegram” kanalında məlumat verilib.

    “Bu, yeddi vacib hissədən ibarət olan strateji mesajdır. Müraciətdə mərhum liderin, xalqın, silahlı qüvvələrin, icra orqanlarının və müqavimət cəbhəsinin, eləcə də region ölkələrinin, düşmənlərlə qarşıdurmanın rolu və məsuliyyətləri ilə bağlı xüsusi müddəalar yer alır”, – deyə xəbərdə bildirilib.

  • FTB-nin məlumat bazasına sızan haker ABŞ rəsmilərini hədələyib

    2023-cü ildə Federal Təhqiqatlar Bürosunun (FTB) məlumat bazasına sızan əcnəbi haker ABŞ rəsmilərini maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədləri yaymaqla hədələyib.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Məlumata görə, haker hüquq-mühafizə orqanlarının serverinə daxil olduğunu anlamayıb.

    “Haker cihazda uşaqlara aid etik olmayan şəkillərin olmasından ikrah hissi keçirdiyini bildirib və sahibini FTB-yə təhvil verməklə hədələyən mesaj göndərib”, – deyə nəşrdə qeyd olunub.

    Bildirilir ki, FTB agentləri artıq hakerlə videokonfrans keçirib, vəziyyəti düzəltmək üçün ona şəxsiyyət vəsiqələrini göstəriblər. Hakerin şəxsiyyəti və yeri isə hələ məlum deyil.

  • İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb – RƏSMİ

    “İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumat verib.

    “O, xəsarət alıb, amma özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali lider postu uğrunda üç-dörd nəfər mübarizə aparırdı, amma Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, – deyə Bəqai bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Müctəba Xamenei martın 8-i səhər saatlarında ali lider seçilib.

  • ABŞ-dən Çinə qarşı 200 milyard dollarlıq həmlə

    ABŞ Hərb Nazirliyi üç il ərzində 200 milyard dollar dəyərində müdafiə sazişlərini həyata keçirmək üçün birbaşa investisiyalar cəlb edəcək ekspertlərdən ibarət xüsusi bölmə yaradır.

    Bu barədə “Semafor” portalı məlumat verib.

    Qeyd olunur ki, bu bölmə Çinin artan təsirinə qarşı durmaq üçün formalaşdırılır.

    İşə qəbul şirkəti “Heidrick & Struggles”ın məlumatına görə, 30 nəfərlik komandanın əsas hədəfləri aparıcı “Wall Street” bankları: “Goldman Sachs”, “Morgan Stanley”, “JPMorgan” və “Bank of America”dır.

    Proqram daimi vəzifə kimi deyil, iki-üç illik ezamiyyət kimi təqdim olunur. Namizədlərə əksər investorların bütün karyeraları boyunca gördüklərindən daha çox kapitalı idarə etməklə “ölkələrinə xidmət etmək” imkanı təklif olunur.

  • Video yaratmaq daha da asanlaşır: “Sora” və “ChatGPT” inteqrasiya olunur

    “OpenAI” şirkəti süni intellekt əsaslı “Sora” video generatoruna birbaşa “ChatGPT” interfeysi üzərindən çıxış imkanı yaratmağı planlaşdırır.

    Bu barədə “The Information” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, “Sora” “OpenAI”nin multimodal süni intellekt texnologiyaları sahəsindəki imkanlarını genişləndirib. Bu model hazırda “Meta” və “Google” kimi nəhəng şirkətlərin analoji xidmətlərinə əsas rəqib hesab olunur. Mətnlə işləyən süni intellekt modelləri artıq həm fərdi istifadəçilər, həm də şirkətlər tərəfindən geniş tətbiq edilir. Texnologiyanın növbəti mərhələsi isə statik şəkillər və videolar yaradan generatorlardır. Bu yeniliyin media və kontent sənayesində ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.

    “OpenAI” şirkəti “Sora” xidmətini 2025-ci ilin sentyabrında ayrıca tətbiq kimi istifadəyə verib. Platforma istifadəçilərə mətn sorğuları (prompt) əsasında videolar yaratmağa və onları paylaşmağa imkan yaradır.

    “Sora”ya “ChatGPT” vasitəsilə giriş imkanı yaradıldıqdan sonra da, “OpenAI” video generatorunu ayrıca bir tətbiq kimi saxlamağı planlaşdırır.

  • Türk Hava Yolları İrəvana uçuşlara başladı

    Türk Hava Yolları İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlara başlayıb.

    Bu barədə “Zvartnots” beynəlxalq aeroportunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

    “Bu gün İstanbul beynəlxalq aeroportundan gələn “Turkish Airlines”in start reysi “Zvartnots” beynəlxalq aeroportuna enib”, – paylaşımda bildirilib.

    İstanbul–İrəvan–İstanbul marşrutu üzrə reyslər gündəlik həyata keçiriləcək

  • Dardanel boğazı müvəqqəti bağlandı

    Türkiyənin Dardanel boğazında Panama bayrağı altında üzən “Nota App” adlı yük gəmisinin xilasetmə əməliyyatı səbəbindən gəmiçilik müvəqqəti dayandırılıb.

    Median.Az bu barədə DHA agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiyadan Misirə doğru hərəkət edən və 51 300 ton taxıl daşıyan gəmi mühərrik nasazlığı səbəbindən manevr zamanı saya oturub. 189 metr uzunluğunda olan gəmini xilas etmək üçün hadisə yerinə yedək gəmisi və dalğıcların olduğu kater göndərilib.

    Xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti dayandırılıb.

    Qeyd edək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə birləşdirir və Bosfor boğazı vasitəsilə Qara dənizə çıxışı təmin edir.