Category: Dünya

  • İran Səudiyyə Ərəbistanında neft yatağını hədəfə aldı – Doqquz PUA səmada vuruldu

    Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan doqquz İran PUA-sını vurub.

    Bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, bütün dronlar ölkənin şərqindəki Əl-Şarkiya əyaləti üzərində səmada zərərsizləşdirilib.

    Qeyd olunur ki, PUA-lardan beşi Şeyba neft yatağına zərbə endirməyə cəhd zamanı məhv edilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Bayraktar Paşinyanla nüvə enerjisini müzakirə etdi

    Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

    Teleqraf xəbər verir ki, A. Bayraktar bu barədə “X”dəki hesabında yazıb.

    “Nikol Paşinyan və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri cənab Davit Xudatyan ilə Parisdə görüş keçirdik.
    İnfrastruktur və enerji məsələləri ətrafında da fikir mübadiləsi apardıq. Bu çərçivədə başda elektrik interkoneksiyası, nüvə enerjisi və təbii qaz olmaqla birgə fəaliyyət sahələrini müzakirə etdik” – məlumatda qeyd olunur.

  • Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb

    Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.

    Bu barədə “TV Pirveli” telekanalı məlumat yayıb.

    Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin qərarını dəyişməyib. Həmin qərara əsasən, Saakaşvili və onun keçmiş mühafizə rəisi Teymuraz Canaşiya dövlət büdcəsinə 9 milyon lari (təxminən 3,3 milyon dollar) ödəməlidirlər.

    İstintaqın məlumatına görə, Saakaşvili prezident olduğu dövrdə dövlət vəsaitləri hesabına şəxsi xərclər edib. İddialara əsasən, həmin vəsaitlə pencəklər və paltolar alınıb, bahalı saatlar əldə edilib, kosmetik prosedurlar etdirilib, təyyarə və bahalı avtomobillər icarəyə götürülüb, həmçinin onun oğlunun təhsil haqqı ödənilib. Bu iş Gürcüstanda “pencəklər işi” kimi tanınır.

    Xatırladaq ki, Saakaşvili 2022-ci ilin mayından Tbilisidə yerləşən “Vivamed” klinikasında müalicə alırdı. Ötən ilin noyabrında o, yenidən həbsxanaya qaytarılıb. 2025-ci ilin martında isə onun həbs müddəti 2034-cü ilə qədər uzadılıb.

  • Türkiyə parlamentində İranla bağlı İCLAS

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də regiondakı son vəziyyət qapalı iclasda müzakirə olunub.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, təxminən dörd saat davam edən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler deputatları məlumatlandırıblar.

    İclas parlamentin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə keçirilib və regiondakı hadisələr geniş şəkildə müzakirə edilib.

    Məlumatlandırmadan sonra parlamentdə təmsil olunan siyasi partiyaların qrup nümayəndələri və fraksiyası olmayan partiyalardan iki deputat çıxış edərək mövqelərini bildiriblər.

    Qapalı iclasdan sonra parlament sədrinin müavini Pervin Buldan növbəti iclasın sabah saat 14:00-da keçiriləcəyini elan edib.

  • Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi

    Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, xəbəri Antikorrupsiya Məhkəməsinin sözçüsü Armine Novruzyan da təsdiqləyib. Onun sözlərinə görə, istintaq idarəsi Aleksandr Sarqsyanın həbs olunması ilə bağlı vəsatəti fevralın 24-də məhkəməyə təqdim edib. Hakim Sarkis Petrosyan isə vəsatəti təmin edib.

    Bildirilib ki, müraciətə baxılan zaman təqsirləndirilən şəxsin olduğu yer məlum olmadığından onun istintaqdan yayınmasının qarşısını almaq məqsədilə barəsində həbs qərarı çıxarılıb.

    Qeyd olunub ki, Aleksandr Sarqsyan aşkar edilərək Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilərsə, ona qarşı seçilmiş həbs qətimkan tədbiri məsələsinə yenidən baxıla bilər.

    Xatırladaq ki, bu, Sarqsyan ailəsinə qarşı irəli sürülən ilk hüquqi iddia deyil. Serj Sarqsyan hakimiyyətdən getdikdən sonra həm özü, həm də qardaşı Levon və qardaşı oğlu Narek dövlət vəsaitlərini mənimsəmə, qanunsuz varlanma və saxta sənədlərdən istifadə kimi müxtəlif ağır cinayət ittihamları ilə hüquqi məsuliyyətə cəlb olunublar.

    Ermənistan

    Aleksandr Sarkisyan

    Həbs qətimkan tədbiri

  • SEPAH-ın polkovniki öldürüldü

    İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli hərbçisi öldürülüb.

    Median.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, polkovnik Məcid Kaşefi İsrail və ABŞ-nin hava zərbələri nəticəsində məhv edilib.

    Qeyd edilir ki, Kaşefi pilotsuz uçuş aparatının nəqliyyat vasitəsinə hücumu zamanı ölüb.

  • Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib

    Avropada daha bir NATO üzvü olan dövlət məcburi hərbi xidmət sisteminə geri dönüb.

    Bu barədə UNIAN agentliyi məlumat yayıb.

    Məlumata görə, Xorvatiya 17 illik fasilədən sonra hərbi çağırışı yenidən bərpa edib. İlkin mərhələdə 800 gəncin çağırılması planlaşdırılır ki, onların yarısı könüllülərdən, 10 faizi isə qadınlardan ibarət olacaq. Növbəti illərdə isə hər il təxminən 4 min gənc hərbi hazırlıqdan keçəcək. Zaqreb hökuməti bu addımını Avropadakı təhlükəsizlik mühiti və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.

    Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron 2025-ci ilin noyabr ayında verdiyi bəyanatda 2026-cı ilin yay mövsümündən etibarən ölkədə könüllü hərbi xidmət modelinin tətbiq ediləcəyini açıqlamışdı. Dövlət başçısı xüsusilə vurğulamışdı ki, çağırışçı gənclər Ukraynada gedən döyüşlərə göndərilməyəcəklər.

    Bundan əvvəl isə Almaniya silahlı qüvvələrdə hərbi çağırışı bərpa etmək qərarını açıqlamışdı. Bu təşəbbüs birbaşa NATO-nun strategiyasına və ehtimal olunan müharibəyə hazırlıq məqsədinə xidmət edir. Yeni qaydalara əsasən, gənclərin hərbi xidmətə yararlılıq səviyyəsi yoxlanılacaq və əgər könüllülərin sayı yetərli olmasa, əlavə çağırışçılar püşkatma yolu ilə seçiləcək. Almaniyanın müdafiə naziri vətəndaşlara müharibədə iştirak etməmək öhdəliyinin də təmin ediləcəyini vurğulayıb.

  • İran İsrailə yeni raket zərbələri dalğasına başladı

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə və ABŞ bazalarına qarşı cavab zərbələrinin 35-ci dalğasına başladığını elan edib.

    Median.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradioşirkəti IRIB məlumat yayıb.

    Buraxılan raketlərin sayı barədə məlumat verilmir.

    Xatırladaq ki, İsrail Müdafiə Ordusu fevralın 28-də İrana zərbələr endirməyə başlayıb.

  • Zelenski: “Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb”

    Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar hələlik növbəti həftəyə təxirə salınıb.

    Median.Az “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə jurnalistlərin suallarını onlayn cavablandırarkən deyib.

    Dövlət başçısı məlumat verib ki, danışıqların Türkiyədə çərşənbə axşamı və ya çərşənbə günü keçirilməsi planlaşdırılırdı, lakin Yaxın Şərqdəki müharibə səbəbindən ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

    “Biz Türkiyəyə getməyə hazır idik. Bu görüşü təxirə saldılar. Məhz ABŞ tərəfi dedi: “Gəlin növbəti həftə edək”. Bu, hazırda olan məlumatdır”, – deyə Zelenski qeyd edib.

  • Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur

    Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzminat tələb edib.

    Median.Az xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib. Borodin qeyd edib ki, iddia şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı qaldırılıb.

    Onun sözlərinə görə, tələb olunan 5 milyon rubl məbləğində təzminat xüsusi hərbi əməliyyatın ehtiyaclarına yönəldiləcək.

    Borodin iddianı Puqaçovanın jurnalist Yekaterina Qordeyeva ilə müsahibəsindən sonra qaldırdığını bildirib. Onun sözlərinə görə, müğənni həmin müsahibədə Borodin haqqında təhqiramiz ifadələr işlədib və xüsusi hərbi əməliyyatla bağlı mənfi fikirlər səsləndirib.

    Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi iddia ilə bağlı ilkin baxışı martın 10-da keçirəcək.

    Qeyd edək ki, Borodin daha əvvəl Alla Puqaçovanın Rusiyada musiqi əsərlərindən gəlir əldə etməsinin qadağan edilməsini də təklif etmişdi.