Category: Dünya

  • Daha bir ölkə İrandakı səfirliyini bağladı

    İsveçrə Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən İrandakı səfirliyinin fəaliyyətini dayandırır, lakin ABŞ ilə İran arasında əlaqə kanalını dəstəkləməkdə davam edir.

    Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. “Yaxın və Orta Şərqdəki müharibə və artan təhlükəsizlik təhdidi ilə əlaqədar İsveçrə Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib”, – deyə açıqlamada qeyd olunur.

    Bildirilir ki, Tehrandakı səfir və səfirliyin beş əməkdaşı İranı tərk ediblər. Onlar “vəziyyət imkan verən kimi” geri qayıdacaqlar.

  • İranın yeni lideri də yaralanıb? – Yusif Pezeşkiandan açıqlama

    Son 12 gündə, müharibənin başlamasından və hətta İranın yeni lideri təyin olunmasından sonra belə, Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb.

    “Unikal” İran mətbuatına istinadən xəbər verir ki, yayılan yaralanma məlumatları fonunda onun sağlamlığını təsdiqləyən heç bir görüntü yayımlanmayıb.

    Müharibə vəziyyətində bu qeyri-adi yoxluq onun yaralı olduğu barədə fərziyyələri artırıb.

    Lakin prezident Məsud Pezzekianın oğlu Yusif özünün “İnstagram” hesabında bu barədə paylaşım edərək, İslam Respublikasının yeni lideri Müctəba Xameneinin sağlam və təhlükəsiz olduğunu iddia edib.

    “Cənab Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Yaxın dostlarıma müraciət etdim. Dedilər ki, Allaha şükür, sağ-salamatdır”, – deyə o qeyd edib.

    Yusif Pezeşkianın bu açıqlamaları İranın yeni liderinin ağır yaralandığı barədə şayiələri təkzib edir, lakin İran mediası və müstəqil mənbələr hələlik Müctəbanın yaralandığını təkzib etməyiblər.

  • Şimali Koreya İrana dəstək oldu

    Şimali Koreya ABŞ və İsrailin İrana qarşı hərəkətlərini pisləyir və İran xalqının öz liderini seçmək hüququna hörmətlə yanaşır.

    Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bəyanatda qeyd olunub ki, ölkələrin daxili işlərinə müdaxilə “bütün dünya tərəfindən pislənməli və müqavimət göstərilməlidir”.

  • Tailandda təyyarə hava limanına sərt eniş etdi

    Tailandda təyyarə Puket hava limanına sərt eniş edib.

    Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, hadisədən sonra hava limanında bütün uçuşlar və gələn reyslər dayandırılıb. Əlavə məlumat verilməyib.

  • Dünyanın ən gözəl adı seçildi

    Verdiyi məna və ahəngi ilə fərqləndiyinə görə dünyanın ən gözəl adı müəyyən olunub.

    “University of Birmingham”ın dilçiləri tərəfindən aparılan araşdırmada “Sofia” adı dünyanın ən gözəl adı seçilib. Araşdırmanın nəticələrinə görə, yumşaq samitlər və ahəngdar saitlərin uyğunluğu sayəsində “Sofia” adı müxtəlif dillərdə qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb.

    Dilçilər bildiriblər ki, adın axıcılığı insan beynində müsbət assosiasiya yaradır və bu xüsusiyyət onun mədəni sərhədləri aşaraq qlobal populyarlıq qazanmasına səbəb olur.

    Qeyd olunur ki, qədim yunan dilində “müdriklik” mənasını verən “sophía” sözündən yaranan bu ad tarix boyu Qədim Yunanıstandan Roma imperiyasına, Slavyan ölkələrindən Qərbi Avropaya qədər geniş coğrafiyada istifadə olunub və bu gün də zərifliyin simvollarından biri hesab edilir.

    Bu ad müxtəlif ölkələrdə “Sophie”, “Sofia” və “Sofie” kimi variantlarda işlədilsə də, fonetik cazibəsini və asan tələffüzünü bütün dillərdə qoruyub saxlayır.
    //unikal.az

  • Ağ Ev ətrafında insident: Qapılara maşın çırpıldı, ərazi mühasirəyə alındı

    ABŞ-də Ağ Evin ətrafındakı küçələr müvəqqəti olaraq bağlanıb. Buna səbəb şübhəli nəqliyyat vasitəsinin Ağ Evin qapılarına çırpılması olub.

    Bu barədə “CBS News” nəşrinin jurnalisti Jennifer Ceykobs sosial şəbəkə hesabında məlumat verib.

    Məlumata görə, avtomobil Ağ Evin şimal tərəfindəki Konnektikut-avenyu və Eyç-strit ərazisində qapılara çırpılıb. Xəsarət alanın olmadığı bildirilir.

    Ağ Evin ərazisinə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

    İddia edilir ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və ABŞ Gizli Xidməti tərəfindən dindirilir.

  • Paşinyan STRATEGİYASINI AÇIQLADI: “Qarabağı tərk edən ermənilər Ermənistanda yaşamalıdırlar”

    “Ən vacib vəzifələrimizdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə olunmamasını və onlara yalançı ümid verilməməsini təmin etməkdir”.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

    “Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını qəbul etməli və Ermənistanda daimi yaşamalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə qədər 4886 ailə bundan faydalanıb.

    Sülhün möhkəmləndirilməsi ilə bağlı bu çətinliyin öhdəsindən gəlmək üçün beynəlxalq tərəfdaşlarımızın mümkün olan maksimum dəstəyinə ehtiyacımız var”, – deyə baş nazir bildirib.

  • Havayda Kilauea vulkanı yenidən aktivləşdi

    ABŞ-nin Havay ştatında yerləşən Kilauea vulkanı yenidən aktivləşib.

    Bu, vulkanın son bir il ərzində 43-cü püskürməsi olub. Püskürmə zamanı lava sütunları yüzlərlə metr hündürlüyə qalxıb və yaranan qaz və kül buludları geniş əraziyə yayılıb.

    ABŞ Geoloji Araşdırmalar qurumu (USGS) lavın 400 metrədək yüksəldiyini açıqlayıb. Qurum yanardağın aktivliyinin izlənilməsini davam etdirir və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.

  • Kahramanmaraşda zəlzələ oldu

    Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ yerli vaxta 13:58-də (Bakı vaxtı ilə 14:58-də ) qeydə alınıb.

    Zərərçəkənlər və dağıntılarla bağlı məlumat daxil olmayıb.

  • Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi

    Gürcüstanın Yol İdarəsi 2024-cü ilin avqustunda elan olunan Rustavi-Tsiteli körpüsünün və Alqeti-Sadaxlı magistral yolunun tikintisi üzrə beynəlxalq tenderləri ləğv edib.

    Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

    Bundan əlavə, qeyd olunan yolların tikintisinə nəzarət üzrə tender də ləğv edilib. Buna səbəb kimi rəqabətin aşağı olması göstərilib.

    Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı yolu Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq-Qərb və Cənub-Şimal beynəlxalq yol dəhlizlərinin bir hissəsidir.

    Yolun göstərilən hissəsi 4 lota bölünüb. Layihə xarici işıqlandırma sistemi ilə təchiz olunmuş 61.3 kilometrlik, 4 zolaqlı beton magistral yolun tikintisini nəzərdə tuturdu. Bundan əlavə, ümumilikdə 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi planlaşdırılmışdı.

    Hələ 2024-cü ildə Yol İdarəsi tikinti işlərinin 2025-ci ildə başlayacağını və dörd hissəli işlərin 30 ay ərzində mərhələli şəkildə tamamlanacağını elan etmişdi.

    Layihə Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə nəzərdə tutulmuşdu. Bu məqsədlə bank 250 milyon avro məbləğində kredit də ayırmışdı.