Category: Dünya

  • İsrail ilk fürsətdə onları öldürəcək – ADLAR

    İsraildə İranla bağlı yeni mümkün “hədəf siyahısı”nı açıqlanıb.

    Median.Az xəbər verir ki, İsrailin Kanal 14 telekanalı tərəfindən yayımlanan siyahıda İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik fiqurları yer alır.
    Siyahıda göstərilən şəxslər və hazırkı vəzifələri:

    Möctəba Xamenei – İranın Ali Lideri .

    Əli Laricani – İran Ali Milli Təhlükəsizlik Şurasının katibi.

    Qulamhüseyn Möhsün Ecei – İran Məhkəmə hakimiyyətinin rəhbəri.

    Əli Abdullahi – SEPAH-ın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri.

    Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri.

    Ahmad Vahidi – SEPAH rəhbəri.

  • Kərkük bombalandı: Ölənlər və yaralananlar var

    [spoiler][/spoiler]

    ABŞ qüvvələrinin İraqın Kərkük bölgəsinə endirdiyi dron zərbələri nəticəsində 6 nəfər həlak olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kərkük vilayətinin Əl-Dəbs bölgəsində qeydə alınıb.

    Ərazidə yerləşən hərbi birliyin qərargahına endirilən zərbə nəticəsində 6 döyüşçü həlak olub, daha 18 nəfər isə yaralanıb.

    Hücum hədəfi olaraq İranameylli qüvvələrin olduğu bildirilib. 

  • Strateji səhv idi – Avropa rəsmilərindən etiraf

    Avropanın atom enerjisindən imtinası strateji səhv olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen etiraf edib.

    Onun sözlərinə görə, 1990-cı ildən bu günə qədər Avropa İttifaqı atom enerjisinin istehsalını iki dəfə azaldaraq 15 faizə qədər endirib.

    “Düşünürəm ki, atom enerjisinin payının azaldılması şüurlu seçim idi. Lakin Avropanın etibarlı, əlçatan və aşağı emissiyalı enerji mənbəyindən imtina etməsi strateji səhv oldu”, – deyə o, Fransada keçirilən atom enerjisi sammitində bildirib.

    Bununla yanaşı, fon der Leyen Avropada kiçik modul tipli nüvə reaktorlarının inkişafı üçün yeni Avropa strategiyası təklif edib.

    O qeyd edib ki, belə reaktorlar 2030-cu illərin əvvəllərində Avropada istismara verilə bilər.

  • İranın ən çox hədəf aldığı ərəb ölkəsi – 253 ballistik raket, 1440 PUA

    İran 28 fevraldan bəri 7 ərəb ölkəsinə hücum edib

    Median.Az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda, İran da 7 ərəb ölkəsinə qisas hücumları həyata keçirir. Belə ki, rəsmi Tehran Körfəz ölkələrində bir çox kritik nöqtələri hədəf alıb.

    Rəsmi məlumatlara görə, başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla, digər ərəb ölkələrinə də hücumlar reallaşdırılıb. Hücumlarda BƏƏ “ən çox hədəf alınan ölkə”, Oman isə “ən az hücuma məruz qalan ölkə” kimi qeydə alınıb.

    Birləşmiş Ərəb Əmirlikləri

    BƏƏ Müdafiə Nazirliyi bildirib ki, əməliyyatlar ərzində 253 ballistik raket, 1440 pilotsuz uçuş aparatı (PUA) və 8 qanadlı raket aşkarlanıb. 233 raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 18-i dənizə, 2-si isə ölkə ərazisinə düşüb. 1440 PUA-dan 1359-u qarşısı alınıb, 81-i ölkə ərazisinə düşüb.

    Küveyt

    Küveyt Müdafiə Nazirliyi ölkəyə ümumilikdə 238 raket və ən azı 430 PUA hücumunun edildiyini açıqlayıb. Hücumlar xüsusilə cənub və şimal bölgələrində intensivləşsə də, böyük hissəsinin qarşısı alınıb.

    Bəhreyn

    Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı 10 günlük müddət ərzində 102 raket və 173 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

    Qətər

    Qətər Müdafiə Nazirliyi bildirib ki, hava məkanına yönələn 149 raket və 69 PUA qarşısı alınıb. Həmçinin 2 ədəd “Su-24” tipli qırıcı təyyarə vurulub.

    İordaniya

    İordaniya ordusunun açıqlamasına görə, İran mənbəli 60 raket və 59 PUA ölkə ərazisini hədəf alıb, onlardan 108-i məhv edilib.

    Səudiyyə Ərəbistanı

    Səudiyyə Ərəbistanında Şeybə Neft Sahəsi və Şahzadə Sultan Hava Bazasını hədəf alan 9 raket və 97 PUA hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

    Oman

    Oman rəsmiləri ölkə ərazisinə ən azı 8 PUA hücumunun həyata keçirildiyini açıqlayıb.
    Mütəxəssislər qeyd edirlər ki, vəziyyət hələ də gərgin olaraq qalır və İranın hücumları Körfəz ölkələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

  • Türkiyədə zəlzələ oldu

    Antalya sahillərində Aralıq dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, Fəlakət və Təcili Yardım İdarəetmə İdarəsinin (AFAD) açıqladığı məlumata görə, Antalya körfəzi sahillərində, Manavqat bölgəsində, saat 14:20-də 4,1 bal gücündə zəlzələ baş verib.

    Zəlzələnin dərinliyi 40,87 km olub.

    Zəlzələnin miqyası kiçik olduğundan heç bir mənfi nəticə qeydə alınmayıb.

  • Kirman şəhərinin aeroportu vuruldu

    İranın Kirman şəhərindəki hava limanı ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində zədələnib.

    Bu barədə “Tasnim” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    Xəbərə görə, hadisə nəticəsində iki köhnə təyyarə vurulub.

  • Gürcüstan xeyli əcnəbini ölkədən çıxardı – Aralarında Azərbaycan vətəndaşları da var

    Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 74 xarici vətəndaşı ölkədən deportasiya edib.

    Bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.

    Xəbərdə bildirilir ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə vətəndaşları ölkədən çıxarılıb.

    Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

  • İranın səfiri Türkiyə XİN-ə çağırıldı

    İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə yeni raket hücumu ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

    Səfirə Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Ankaranın narahatlığı bildirilib və Tehrandan izahat tələb edilib.

    Qeyd edək ki, martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında vurulduğunu bildirib. O, Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb; hadisə nəticəsində heç kim xəsarət almayıb.

  • İran yeni ali rəhbər seçməklə böyük səhv edib – TRAMP

    ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbəri kimi Müctəba Xameneinin seçilməsinə münasibət bildirərək bunun yanlış qərar olduğunu deyib.

    Median.Az xəbər verir ki, bu barədə o, NBC telekanalına açıqlamasında danışıb.

    “Düşünürəm ki, onlar böyük səhv etdilər”, – o qeyd edib.

    Tramp həmçinin İranın neftinə nəzarət məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu barədə danışmaq üçün hələ tezdir. Bununla belə, ABŞ prezidentı belə bir variantı tam istisna etməyib.

    Trampın sözlərinə görə, regiondakı müharibənin gedişi və İran rəhbərliyinin atacağı addımlar gələcək qərarlara təsir göstərə bilər.

  • “Ata, incimə, mən İranı dəstəkləyirəm”

    Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ABŞ prezidenti Donald Trampın onun atası olduğunu iddia edib.

    Median.Az xəbər verir ki, onun paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb.

    Qadın bildirib ki, Trampın İranla müharibəyə başlamasının səbəblərindən biri onunla bağlı xəbərləri gündəmdən çıxarmaq cəhdidir.

    Məlumata görə, Necla Özmen qış aylarında məhkəməyə müraciət edərək Donald Trampın onun bioloji atası olduğunu sübut etmək üçün DNT testi keçirilməsini tələb edib. Qadın Trampın yaxşı ata olduğunu və onu qəbul edəcəyinə inandığını bildirib.

    Özmen sosial şəbəkə hesabında paylaşdığı videoda Trampa müraciət edərək belə deyib: “Ata, incimə, amma mən İranı dəstəkləyirəm”.

    O həmçinin iddia edib ki, Trampın İranla müharibə qərarı qismən onunla bağlı xəbərlərin gündəmdən çıxarılması məqsədi daşıyır. “Düşünürəm ki, atam İranla müharibəni məhz mənim haqqımda danışılmaması üçün başladı. Amma əmin ol ki, mən mübarizəmi sona qədər aparacağam”, – deyə qadın bildirib.

    Necla Özmen videoda Trampa başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edərək “Ata, digər dövlətlərin işlərinə qarışma” sözlərini də əlavə edib.