Category: Dünya

  • İsrail səfiri: “İranda rəhbərin dəyişməsi rejimi dəyişdirmir”

    İranda yeni ali rəhbər kimi göstərilən üöctəba Xamenei əvvəlki kimi radikal ideologiyanı davam etdirir və İsrail bu ideyaları təşviq edən hər kəsi hədəf ala bilər.

    Median.Az xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Denni Danon bildirib.

    BMT-də jurnalistlərə açıqlama verən Danon deyib ki, İranda rəhbər şəxsin dəyişməsi ölkədəki siyasi rejimi dəyişmir. Onun sözlərinə görə, yeni lider də eyni radikal baxışları bölüşür və İsrailə qarşı bu ideologiyanı təbliğ edən şəxslər hədəfə alınacaq.

    Danon həmçinin qeyd edib ki, İran xalqı növbəti liderini seçmək üçün ayağa qalxmalıdır. O bildirib ki, İsrail və tərəfdaşları bunun üçün müəyyən şərtlərin formalaşdırılması istiqamətində addımlar atır.

    İsrail səfiri İranın Hörmüz boğazında enerji nəqliyyatına təhlükə yaratması və region ölkələrinə hücumları ilə bağlı sualı cavablandırarkən deyib ki, İsrail və ABŞ İranın raket buraxılış qurğularını məhv etməyə və onun hərbi imkanlarını zəiflətməyə çalışır.

    Danonun sözlərinə görə, bu addımlar İranın Dubay kimi şəhərlərə və Hörmüz boğazında gəmilərə hücum etməsini daha çətin edəcək. O əlavə edib ki, son günlər hücumların sayında azalma müşahidə olunur və bu tendensiya nikbinlik yaradır.

  • Regionda qanlı müharibə: hansı ölkədə neçə nəfər həlak olub? – RƏQƏMLƏR

    Yaxın Şərqdə davam edən müharibə nəticəsində müxtəlif ölkələrdə yüzlərlə insanın həyatını itirdiyi bildirilir.

    Median.Az müharibənin başlamasından indiyədək müxtəlif ölkələrdə həyatını itirən insanlarla bağlı məlumatları təqdim edir.

    İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ölkədə indiyədək azı 1 230 nəfər həlak olub. Ölənlər arasında ölkənin cənubundakı Minab şəhərində müharibənin ilk günü ibtidai məktəbə raket zərbəsi nəticəsində həyatını itirən 175 məktəbli və məktəb əməkdaşı da var. Məlumatda bu rəqəmə İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərinin daxil olub-olmadığı dəqiq göstərilmir.

    İran ordusu isə ayrıca olaraq bildirib ki, ötən həftə ABŞ-ın sualtı qayığının Şri-Lanka sahilləri yaxınlığında İran hərbi gəmisini batırması nəticəsində azı 104 nəfər ölüb. Bu itkilərin Qızıl Ayparanın ümumi statistikasına daxil edilmədiyi qeyd olunur.

    Livanın Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində ölkədə azı 394 nəfərin, o cümlədən 83 uşağın öldüyünü açıqlayıb.

    İsrail ordusu isə Cənubi Livanda iki əsgərin öldüyünü bildirib. Bu, “Hizbullah”ın İranı dəstəkləyərək İsrailə hücum etməsindən sonra yenidən başlayan döyüşlərdə ilk hərbi itkilər sayılır. İsraildə həmçinin 11 mülki şəxsin öldüyü bildirilir. Onlardan 9 nəfəri martın 1-də Qüds yaxınlığındakı Beyt-Şemeş şəhərinə İran raket zərbəsi zamanı həyatını itirib.

    ABŞ ordusunun məlumatına görə, İran əleyhinə əməliyyatlar zamanı 7 amerikalı hərbçi həlak olub.
    İraqda polis və səhiyyə orqanlarının məlumatına əsasən azı 15 nəfər ölüb. Martın 5-də İranın dəstəklədiyi silahlı qrupları birləşdirən “İraqda İslam Müqaviməti” təşkilatının bir komandiri də avtomobilinə endirilən hava zərbəsi nəticəsində öldürülüb.

    Suriyada isə fevralın 28-də İran raketinin Süveyda şəhərində binaya düşməsi nəticəsində 4 nəfər həlak olub.

    Körfəz ölkələrində də itkilər qeydə alınıb. Küveyt 5, Birləşmiş Ərəb Əmirlikləri 4, Səudiyyə Ərəbistanı 2 nəfərin öldüyünü açıqlayıb. Bəhreyn və Oman isə hər biri 1 ölüm barədə məlumat verib.

  • İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

    İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə fonunda düşmən hökumətlərin və ya qrupların xeyrinə hərəkət edən şəxsləri hədəfləyir.
    Qərarın əsas məqsədi “ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər cür əməliyyat hərəkətlərini” dayandırmaq və cəzalandırmaqdır.

    Dövlət televiziyasının yaydığı məlumata görə, sanksiyalar 2025-ci ilin oktyabrında qüvvəyə minmiş İran İslam Cinayət Məcəlləsinə əsaslanır.
    “Sionist rejimi, ABŞ hökuməti və ya digər düşmən rejimlər adından hərəkət edənlərin bütün əmlakları müsadirə ediləcək və bu şəxslər edam cəzasına məhkum ediləcək”, – sənəddə bildirilir.

  • Türkiyədə Özgür Özel barəsində istintaq başladıldı

    Türkiyədə müxalif Cünhuriyyət Xalq Partiyasınının (CHP) sədri Özgür Özel barəsində istintaq başladılıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, CHP sədri məhkəmə heyətini təhqir etməkdə ittiham olunur.

    Qeyd olunub ki, araşdırma Mərmərə Həbsxana Kompleksində keçirilən məhkəmə prosesinin ilk iclasından sonra Ö.Özelin mətbuata verdiyi açıqlamalarla bağlıdır.

    Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilib.

  • BƏƏ-də helikopter qəzası – Ölənlər var

    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

    “Unikal” xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

    Qəza nəticəsində iki əsgər həlak olub.

  • İsrail Livandakı “Rus Evi”ni vurdu

    İsrail Livandakı “Rus Evi”ni vurub.

    Bu barədə Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov özünün “Telegram” kanalında bildirib.

    “İsrail hava hücumları Livanın Nəbatiyyə şəhərindəki “Rus Evi”nə zərbə endirib. Mədəniyyət mərkəzinin direktoru Əsəd Deyya sağ və salamatdır”, – deyə o açıqlayıb.

    Primakov əlavə edib ki, Beyrutdakı “Rus Evi” livanlı həmkarları ilə əlaqə saxlayır.
    //unikal.az

  • İrandan Türkiyəyə atılan raket məhv edildi

    “İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib”.

    Bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb:

    “Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə xəbərdarlıqlarının nəzərə alınmasının hər kəsin maraqlarına uyğun olduğunu xatırladırıq”.

  • İsrail və Qazaxıstan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    İsrailin xarici işlər naziri Gideon Saar qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı aparıb, nazirlər Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

    “Mən onu (Koşerbayevi – red.) İrana qarşı müharibəmizdə hadisələrin inkişafı və Tehranın qonşu dövlətlərə hücumları barədə məlumatlandırdım. Həmçinin Qazaxıstanla ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bildirdim”, – G.Saar deyib.

  • Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya qoşunları Qolubovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

  • Suriya hava məkanında uçuş məhdudiyyətlərini uzatdı

    Suriya hava məkanında tətbiq etdiyi uçuş məhdudiyyətlərini 10 mart tarixinə qədər uzadıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən hava hərəkətinə cavabdeh olan “Dəməşq” uçuş məlumat bölgəsinin (DFIR) aviadispetçer xidmətindəki mənbə məlumat verib.

    “Məhdudiyyətlər 10 mart çərşənbə axşamı Qrinviç vaxtı ilə saat 21:00-a (11 mart çərşənbə günü Bakı vaxtı ilə saat 01:00 – red.) qədər uzadılıb”, – deyə mənbə bildirib.

    Onun sözlərinə görə, o vaxta qədər sərnişin reysləri yalnız Hələb Beynəlxalq Hava Limanından təşkil ediləcək. Onların uçuşu üçün üç dəhliz ayrılıb ki, bunlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizi istiqamətinə, Nikosiya dispetçerlərinin nəzarətində olan əraziyə aparır. Eyni zamanda Dəməşq Beynəlxalq Hava Limanı, təyyarələrin üçüncü ölkələrə tranziti üçün Suriya hava məkanı kimi, bağlı qalır.

    Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başladıqdan sonra Suriyanın hava məkanı bağlanıb. Bir neçə gün ölkə üzərindən ümumiyyətlə uçuşlara icazə verilməyib, bundan sonra Hələb Hava Limanı sərnişin reysləri üçün açılıb.

    Fevralın 28-dən bu günə qədər İran və İraqın, eləcə də Bəhreyn və Küveytin hava məkanı bağlı olaraq qalır. Qətər hava məkanını sərnişin uçuşları üçün qismən yenidən açmağa başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanı da qismən yenidən açılıb. İsrailə uçuşlar vaxtaşırı dayandırılır və bərpa olunur.