Category: Dünya

  • Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək

    “Martın 16-da 3I/ATLAS adlı ulduzlararası kometası Yupiterə ən yaxın nöqtədən keçəcək”.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, hesablamalara əsasən, obyektin Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 au (astronomik vahiddir və 1 au = 150 milyon km), yəni təxminən 53 milyon kilometr olacaq. Bu, kosmik miqyasda yaxın keçid sayılsa da, obyekt üçün heç bir toqquşma riski yaratmır.

    3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometadır. O, 2025-ci il iyulun 1-də ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçərək yenidən ulduzlararası fəzaya qayıdacaq. Bu obyekt Günəş sistemindən keçdiyi təsdiqlənmiş üçüncü ulduzlararası obyektdir.

    Alimlər üçün bu yaxınlaşmanın əsas əhəmiyyəti Yupiterin güclü cazibə sahəsinin obyektin trayektoriyasına necə təsir etdiyini izləməkdir. Mövcud hesablamalara görə, Yupiter bu kometanı öz orbitində “tuta” bilməyəcək, lakin onun hərəkətində kiçik qravitasiya dəyişiklikləri yarada bilər. Obyektin Günəşə ən yaxın keçidi isə 2025-ci il oktyabrın 29-da baş verib. Həmin vaxt o, Günəşdən təxminən 1.36 au məsafədən keçib.

    Alimlər qeyd edirlər ki, 3I/ATLAS kimi ulduzlararası obyektlərin müşahidəsi çox nadir hadisədir. Bu cür cisimlər başqa ulduz sistemlərində formalaşmış maddənin bir növ “elçisi” kimi qiymətləndirilir və onların öyrənilməsi kosmosun müxtəlif yerlərində planet sistemlərinin necə yarandığını daha yaxşı anlamağa imkan verir.

  • Ağ Ev İrandakı əməliyyatın son məqsədini açıqladı

    ABŞ-nin İranda hərbi əməliyyatının son məqsədi Tehran tərəfindən Vaşinqtona və Yaxın Şərqdəki Birləşmiş Ştatlar qoşunlarına qarşı təhlükəni aradan qaldırmaqdır.

    Median.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

    Bundan başqa, ABŞ İran İslam Respublikasının hərbi dəniz qüvvələrinin məhv edilməsinə və ballistik raket təhlükəsinin zərərsizləşdirilməsinə nail olur.

    O əlavə edib ki, Vaşinqtonun planları arasında Tehranın heç vaxt nüvə silahı düzəldə bilməyəcəyinə dair zəmanət əldə etmək də var.

  • Məsud Pezeşkian üzr istədi

    “Qonşu ölkələrdən üzr istəyirəm”.

    Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

    “Qonşu ölkələrdən üzr istəyirəm. Dünən Müvəqqəti İdarəetmə Şurası qərara gəldi ki, İrana onların ərazisindən hücum edilmədikcə, qonşu ölkələrə hücumlar və ya raket atışları həyata keçirilməyəcək”, – deyə prezident bildirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

  • İsrailə hücum: nazir oğlu da yaralandı

    Hizbullah növbəti dəfə İsrailə raket hücumu həyata keçirib.  
     
    Median.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.  
     
    Qeyd olunub ki, hücum nəticəsində 8 hərbçi yaralanıb. Yaralılar arasında İsrailin maliyyə naziri Betzalel Smotriçin oğlu da var./axar.az

  • KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib

    İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket buraxıcılarının və hava hücumundan müdafiə sistemlərinin təxminən 60%-ni itirib.

    Median.Az xəbər verir ki, bu barədə İsrailin I24 televiziya kanalı məlumat yayıb.

    Bildirilir ki, bu rəqəmlər martın 5-i İsrail Təhlükəsizlik Kabinetinin iclasında açıqlanıb. Mənbələrin sözlərinə görə, İsrail ordusu əməliyyatın gedişatından və ABŞ ilə koordinasiyadan razıdır.

    Hərbi mənbələr qeyd ediblər ki, İsrail qüvvələri ən azı daha bir həftə ərzində İrandakı hədəflərə aktiv zərbələr endirməyi, daha sonra isə hücumların intensivliyini azaltmağı planlaşdırır.

    Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da ABŞ ordusunun İranın raketlərinin 60%-ni və buraxılış qurğularının 64%-ni məhv etdiyini bildirmişdi.

  • Alen Berse: “İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir”

    Avropa Şurasının (AŞ) baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir.

    Median.Az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

    “Həftənin əvvəlində mən Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə kəskinləşən böhranı, eləcə də onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə etdim.

    Azərbaycana PUA ilə hücum gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün əsas olaraq qalmalıdır”, – deyə o bildirib.

  • İsrail SEPAH-ın keçmiş kəşfiyyat rəisini məhv etdi

    İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş kəşfiyyat rəisini öldürüb.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilir ki, Tehranda SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taibin evinə hücum edilib.

    Taib Müctəba Xameneinin müttəfiqi hesab olunurdu. İsrail uzun müddətdir ki, onu öldürmək istəyirdi.

  • Tramp daha bir ölkənin çökəcəyi proqnozunu verdi

    Kuba tezliklə çökəcək.
     
    Median.Az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib.  
     
    O bildirib ki, Kuba güclü şəkildə razılaşma əldə etmək istəyir. “Onlar razılaşma əldə etmək istəyirlər və mən Marko Rubionu oraya göndərəcəyəm və bunun necə nəticələnəcəyini görəcəyik. Hazırda buna çox diqqət yetiririk. Bizim kifayət qədər vaxtımız var, amma Kuba 50 ildən sonra hazırdır”, – deyə o əlavə edib.

  • İsrailli nazirin oğlu hərbi əməliyyatlar zamanı yaralandı

    İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu Livan sərhədində gedən döyüşlər zamanı yaralanıb.

    Bu barədə “Ynet” saytı məlumat verib.

    Bildirilib ki, Bezalel Smotriçin oğlu Livan sərhədində keçirilən hərbi əməliyyat zamanı yüngül xəsarət alıb.

    Xatırladaq ki, martın 2-də İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanda hərbi əməliyyatların başladığını elan edib.

    Son məlumatlara görə, İsrailin Livana endirdiyi zərbələr nəticəsində 102 nəfər ölüb, 638 nəfər yaralanıb.

  • Qətərdən İrana sərt bəyanat

    İran Bəhreyndə Qətər hərbi qulluqçularının yerləşdiyi binalara hücum edib.

    Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Qətər qardaş Bəhreyn Krallığının müxtəlif ərazilərində yerləşən və Körfəz Əməkdaşlıq Şurası Birgə Dəniz Əməliyyatları Mərkəzinin bir hissəsi olan Qətər donanmasının bölmələrinin yerləşdiyi binalara İranın hücumunu qətiyyətlə pisləyir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.